Məhkəmə qərarları › İş №2-2(105)-160/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-160/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-160/2023 19.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı kommersiya işi üzrə (Açar sözlər: aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığı) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, X5 iştirakı ilə, İddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi üzrə aidiyyətlə bağlı məhkəmələr arasında yaranmış fikir ayrılığının müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti 19 iyun 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia əraziəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilə üzrə ödənilməmiş 16150 (on altı min yüz əlli) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 16350 (on altı min üç yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində Cavabdeh direktoru X2 ilə podratçı qismində "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqaviləyə əsasən podratçı yüklərin daşınması, yükvurmayükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, sifarişçi isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür. Müqavilə üzrə xx.xx.2022-ci il tarixli, Lİ121/22 nömrəli, xx.xx.2022-ci il tarixli, Lİ100/22 nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlara müvafiq olaraq 9520 (doqquz min beş yüz iyirmi) və 6630 (altımin altı yüz otuz) manat pul vəsaiti məbləğinin hesablandığı qaimələr tərtib olunmuşdur. İddiaçı müqavilə üzrə ödənilməmiş 16150 (on altı min yüz əlli) manat məbləğində pul vəsaitinin ödənilməsini pretenziya qaydasında cavabdehdən tələb etsə də, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Belə ki, kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatlarda cavabdehin hüquqi ünvanı ünvan 1nvan olaraq Bakı şəhəri, Alı Musafayev 31A qeyd edilmişdir. Eyni zamanda müqaviləyə bir nömrəli əlavədə xidmətin adı “Qus-Xrustal, Rusiya - Bakı, Azərbaycan” qeyd edildiyinə görə müqavilənin icra yerinin Bakı şəhəri olması müəyyən edilir. Bu səbəbdən iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilir.

3. Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2-2(113)- 3651/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab olunmuş və məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Hazırlıq iclası xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixlərə təxirə salınmış və xx.xx.2023-cü il tarixli e-2-2(113)-3651/2023 nömrəli qərardadla məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə baxış iclasında tərəflər iştirak etməsə də, xx.xx.2023-cü il tarixdə iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək cavabdeh tərəfin barışıq niyyəti ilə iddiaçıya müraciət etdiyini, mübahisənin məhkəmədən kənar etmək istədiklərini bildirmiş, bununla bağlı məhkəmə iclasını bir neçə gün sonraya təxirə salınmasını xahiş etmişdir.

4. Lakin həmin baxış iclasında qəbul edilmiş 19 oktyabr 2023-cü il tarixli e-2- 2(113)- 3651/2023 nömrəli qərardadla kommersiya işinin baxılması üçün aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və qərar cavabdehin hüquqi ünvanının ünvan 4amanda qərardadda göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəməyə baxılmağa verir.

5. MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilənin 1.1-ci bəndinə əsasən podratçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti yüklərin daşınması, yükvurma-yükboşaltma işlərini və nəqliyyat-ekspedisiya xidmətləri ilə bağlı tərəflər arasında razılaşdırılmış digər əməliyyatların aparılmasını təşkil etməyi, sifarişçi Cavabdeh isə podratçının xidmətlərini ödəməyi öhdəsinə götürür.

6. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlərin şərtləri və dəyəri hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan razılaşma protokolları və ya aktlarda öz əksini tapacaqdır.

7. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə (qiymətlərin razılaşma protokoluna) əsasən müqavilə üzrə göstəriləcək xidmətin adı “Qus-Xrustal, Rusiya - Bakı, Azərbaycan” beynəlxalq daşıması qeyd edilmişdir.

Birinci instansiya məhkəmələrində icraat

Bakı Kommersiya Məhkəməsində icraat

8. Bakı Kommersiya Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli e-2-2(113)- 3651/2023 nömrəli qərardadı ilə (hakim Zeynəb Axundova) İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair e-2-2(113)-3651/2023 saylı işin ərazi aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sisteminin “vergi ödəyicilərinin məlumatları” bölməsində edilmiş sorğu ilə müəyyən olunur ki, Cavabdeh hüquqi ünvanı ünvan 5kı iş aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyindən, Sumqayıt Kommersiya Məhkəməsində baxılmağa verilməlidir.

Sumqayıt Kommersiya Məhkəməsində icraat

10. Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli e-2-2(119)- 1576/2023 nömrəli qərardadı ilə (hakim Həlimə Alıyeva) Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə baxılması üçün göndərilmiş iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair e-2-2(113)-3651/2023 nömrəli kommersiya işinin ərazi aidiyyatınin müəyyən edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərardadı ilə araşdırılan məsələyə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçının nümayəndəsi Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyatı işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatınə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

16. Göründüyü kimi Bakı Kommersiya Məhkəməsi ilə Sumqayıt Kommersiya Məhkəməsi arasında ərazi aidiyyatlə bağlı fikir ayrılığı baş vermiş, ərazi aidiyyatınin müəyyən edilməsi üçün kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Sumqayıt Kommersiya Məhkəməsi Bakı Kommersiya Məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli podrat xidmətləri haqqında müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə (qiymətlərin razılaşma protokolunda) müqavilə üzrə yüklərin Rusiya Federasiyasının Qus-Xrustal şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə daşınması nəzərdə tutulmuşdur. Hüquqi şəxsə qarşı iddia ərizəsi ərazi aidiyyəti üzrə Mülki- Prosessual Məcəllənin 35.2-ci maddəsinə əsasən cavabdehin ünvanının olduğu yerə görə verilir və ya həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən iddiaçının seçimi ilə müqavilənin icra yerinə görə də verilə bilər. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində müqavilənin icra yerinin Bakı şəhəri olmasını qeyd etmiş, bu əsasla seçim edərək hazırkı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun həmin məhkəmədə icraata qəbul edilmiş və sonradan iddiaçı ərazi aidiyyatınin dəyişdirilməsi ilə bağlı hər hansı iradə ifadəsi bildirməmişdir. Buna görə Bakı Kommersiya Məhkəməsinin 22 iyun 2023-cü il tarixli e-2-2(113)-3651/2023 nömrəli qərardadı ilə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun öz icraatına götürmüş olduğu hazırkı kommersiya işi üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində deyil, Sumqayıt Kommersiya Məhkəməsində baxılmalı olması mübahisəlidir. Çünki, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar üzrə iddaçı müqavilənin icra yerinə məhkəməyə müraciət edə bilər və bu iddiaçının seçim hüququdur.

18. Məhkəmə kollegiyası məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə bağlı məsələyə baxaraq aşağıda şərh olunanları qeyd edir:

19. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi baxılması üçün ərazi aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, sifarişçi qismində Cavabdeh ilə podratçı qismində "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2022-ci il tarixli MF2710/22 nömrəli Podrat xidmətləri haqqında müqavilə bağlanmış və müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavəyə əsasən podratçı «Qus-Xrustal, Rusiya - Bakı, Azərbaycan» marşurutu üzrə yüklərin daşıması xidməti göstərməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi müqavilənin icra yeri Bakı şəhəri müəyyən edilmişdir.

21. Kollegiya vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri).

22. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

23. İddiaçı Mülki Prosessual Məcəllənin 36.11-cı maddəsində nəzərdə tutulan seçim hüququndan istifadə edərək, mövcud iddia ərizəsi ilə müqavilənin icra yerinə görə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən iddia ərizəsi mümkün hesab edilərək icraata götürmüşdür.

24. Qeyd olunmalıdır ki, mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

25. Həmçinin qeyd etmək lazımdır ki, MPM-nin 44-cü maddəsində məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi əsasları nəzərdə tutulmuşdur.

26. Bakı Kommersiya Məhkəməsi MPM-nin 44.2.2-ci maddəsinə istinad edərək (iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa) işi baxılması üçün Sumqayıt Kommmersiya Məhkəməsinə göndərmişdir.

27. Lakin qeyd olunan nəticəyə gələrkən Bakı Kommersiya Məhkəməsi MPMnin 36.11-ci maddəsinin əsasları üzrə qiymətləndirmə aparmamış, həmin əsasların olması ilə bağlı halları araşdırmamışdır.

28. Kollegiya hesab edir ki, Bakı Kommersiya Məhkəməsi həmin işi baxılması üçün ərazi aidiyyatı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərməkdə haqlı olmamışdır.

29. Kollegiyanın qənaətincə iddiaçı seçim hüququndan istifadə edərək iddiaya baxılma olan məhkəmə qismində Bakı Kommersiya Məhkəməsini seçmişdir. İddiaçının bu seçimi prosessual qanunvericiliyin tələbinə uyğun olmuşdur. Məhkəmə, iddianın verilməsində ərazi aidiyyatı ilə bağlı prosessual hüquq normasının pozuntusu aşkar edildiyi halda həmin işi baxılması üçün digər məhkəməyə göndərməkdə haqlıdır. Lakin hazırki halda qeyd edildiyi kimi belə bir prosessual pozuntunun olduğu müəyyən edilmir.

30. Eləcə də qeyd olunmaldırı ki, iddiaçı nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, hazırkı işlə əlaqədar mövcud məhkəmə mübahisəsinə Bakı Kommersiya Məhkəməsində baxılması ilə əlaqədar qərar çıxarılmasını xahiş etmiş və iddiaçının seçiminə görə iddiaya baxılmasına dair iradə ifadəsini bir daha bildirmişdir.

31. Kollegiya vurğular ki, məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı).

32. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, hazırkı işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

33. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 39-45, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı "Login İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “pul tələbi”nə dair kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar