Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-184/2025 16.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası – Sədrlik edən və məruzəçi hakim xxxxxxxxxxxx xxxxxxxx oğlundan ibarət tərkibdə, Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksində yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Birinci instansiya məhkəməsi üzrə icraat:
1. İddiaçı MMC Cavabdeh MMC-ə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 311.700 (üç yüz on bir min yeddi yüz) manat məbləğində borc və 31.170 (otuz bir min yüz yetmiş) manat məbləğində cərimə olmaqla, cəmi 342.870 (üç yüz qırx iki min səkkiz yüz yetmiş) manat məbləğində pul vəsaitinin və çəkilmiş məhkəmə xərclərinin əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı 22 avqust 2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Kommersiya Məhkəməsinin 26 avqust 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilmədiyinə görə geri qaytarılmışdır.
5. İddiaçı 29 oktyabr 2025-ci il tarixdə yenidən Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin sonu 19 avqust 2025-ci il tarixə təsadüf etmiş, lakin apellyasiya şikayəti verildikdən sonra vəkilin müraciəti əsasında işə sonradan əlavə olunmuşdur. Qətnamənin elektron sistemə yüklənməsi və tərəflərə verildiyi tarixlər barədə məlumat olmadığı üçün apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət üzrlü olaraq ötürülmüşdür.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadı ilə iddiaçının vəkilinin Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Fərman Həmidli).
8. Həmin qərardaddan iddiaçının vəkili şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qərardadının ləğv edilərək, qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadından verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 10-1.3, 130.1, 133.1, 135.6, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
11. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətini ilkin olaraq 22 avqust 2025-ci il tarixdə, yəni qanuni müddət ərzində təqdim etmişdir. Bu faktın özü göstərir ki, iddiaçı hüquqi müdafiə vasitələrindən yararlanmağa cəhd etmişdir. Məhkəmə tərəfindən apellyasiya şikayətinin geri qaytarılması isə yalnız texniki və prosessual uyğunsuzluqla bağlı olmuşdur. Həmin 26 avqust 2025-ci il tarixli qərardadın iddiaçının elektron kabinetində uzun müddət görünməməsi, sonradan gec yüklənməsi və ya sistem tərəfindən bildiriş göndərilməməsi isə tam şəkildə nümayəndənin və ya iddiaçının nəzarətindən kənarda qalan hallardır. Məhz buna görə də, müddətin buraxılması iddiaçının iradəsindən asılı olmayan maneələrin nəticəsidir. “Elektron məhkəmə” informasiya sistemində sənədlərin gec yüklənməsi, bildirişlərin gec və ya ümumiyyətlə göndərilməməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsində nəzərdə tutulmuş “rəsmi təqdim etmə” anlayışının tərkib hissəsidir. Əgər sənəd elektron kabinetdə görünmürsə, rəqəmsal bildiriş daxil olmursa, həmin sənədin rəsmi qaydada təqdim olunduğundan söhbət gedə bilməz. Bu isə iddiaçının apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddəti real olaraq izləməsini qeyri-mümkün etmişdir.
b) Şikayəti qarşı etirazın dəlilləri
12. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri. 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133. Prosessual müddətlərin bərpası. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya baxışının hədləri
15. Şikayətdən görünür ki, şikayətçi Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
16. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
18. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
19. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
20. Məhkəmə kollegiyası qeyd edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
21. “Elektron məhkəmə” informasiya sistemindən müəyyən olunur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı MMC, elektron kabinet iştirakçısı kimi xx.xx.2022-ci il tarixdə, MMC-in qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişlər.
22. İş materialları ilə həmçinin müəyyən olunur ki, İddiaçı MMC aktiv elektron kabinet iştirakçısı olaraq məhkəməyə ünvanladığı xx.xx.2025, xx.xx.2025, xx.xx.2025-ci il tarixli müraciətləri elektron imza vasitəsindən istifadə etməklə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirmişdir.
23. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli e-2-2(119)-814/2025 nömrəli qətnaməsinin əsas mətni iddiaçının elektron kabinetinə 24 iyul 2025-ci il tarixdə yerləşdirilmiş və iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində, daha dəqiq desək 22 avqust 2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti MPM-in tələblərinə riayət edilməklə tərtib olunmadığına görə həmin məhkəmənin 26 avqust 2025-ci il tarixli e- 2-2(119)-814/2025 nömrəli qərardadı ilə geri qaytarılmış, həmin qərardadın əsas mətni isə iddiaçının elektron kabinetinə 30 avqust 2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin iddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qətnaməsindən növbəti apellyasiya şikayəti 29 oktyabr 2025-ci il tarixdə elektorn kabinet vasitəsi ilə verilmişdir.
24. İddiaçı həmin mövqe ilə razılaşmayaraq hesab etmişdir ki, 26 avqust 2025-ci il tarixli qərardadın iddiaçının elektron kabinetində uzun müddət görünməməsi, sonradan gec yüklənməsi və ya sistem tərəfindən bildiriş göndərilməməsi iddiaçının məhkəmə aktından şikayəti verməsi hüququnu məhdudlaşdırmamalı, prosessual müddət üzrlü hesab edilərək bərpa edilməlidir.
25. Məhkəmə kollegiyası iddiaçının şikayətində göstərdiyi dəlil ilə razılaşmayaraq hesab edir ki, “Elektron məhkəmə” informasiya sistemində hər hansı nasazlığın və ya texniki problemin şikayətin veriləcəyi müddətləri əhatə edən halın təsdiqini sübut edən mövcud məlumatlar şikayətə əlavə edilməmişdir.
26. O da qeyd olunmaldır ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə iddiaçı tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
27. MPM-in tələblərinə uyğun tərtib olunmadan verilmiş apellyasiya şikayəti məhkəmənin 26 avqust 2025-ci il tarixli qərardadı ilə geri qaytarıldıqdan və iddiaçının elektron kabinetinə həmin qərardad xx.xx.2025-ci il tarixdə yerləşdirildiyi andan 2 (iki) aya yaxın müddətdən sonra 29 oktyabr 2025-ci il tarixdə yenidən apellyasiya şikayətinin verilməsi və bu müddətlərin məhz texniki nasazlıq ilə əlaqələndirilməsi reallığı əks etdirmir. Bundan əlavə isə iddiaçı ötürülmüş bütün müddətin (iki ayın) üzrlü olmasını da sübuta yetirə bilməmişdir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt, hətta onun qüvvəyə minməsindən aylar və yaxud illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə təmin edilməyən və yaxud kifayət qədər təmin edilməyən hüququnun növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafizəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-nin 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın.
29. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-nin məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, icra olunmuş məhkəmə aktına aylarla (hətta illərlə) hesablanan müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)-814/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2-2(119)- 814/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.