Məhkəmə qərarları › İş №2-2(105)-19/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-19/2021

29.01.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-19/2021 29.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı Dəvəçi (Şabran) Rayon İcra Hakimiyyətinin cavabdehlər “xxxx” ASC-yə və Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı Xaçmaz rayonu “Çarxı quşçuluq” sovxozunun Aqrar islahat komissiyasının və Xaçmaz rayon Aqrar islahat komissiyasının qərarlarının və torpaqdan istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-1773/2008 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxx” ATSC-yə və Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı Xaçmaz rayonu “Çarxı quşçuluq” sovxozunun Aqrar islahat komissiyasının və Xaçmaz rayon Aqrar islahat komissiyasının qərarlarının və torpaqdan istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası X6 Məhkəməsinin 2-(85)-1773/2008 nömrəli, xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq, Xaçmaz RİH nümayəndəsinin etirafı qəbul edilməklə, Xaçmaz rayon “Çarxı quşçuluq” sovxozunun Aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli və Xaçmaz rayon Aqrar islahat komissiyasının xx xxxx 1999-cu il tarixli qərarlarının ləğv edilməsi, Xaçmaz RİH başçısının xx xxxxxx 1999-cu il tarixli, 404 saylı sərəncamına əsasən torpaqdan müvəqqəti istifadə hüququna dair xx xxxxxx 2000-ci il tarixli, JN 0381 seriyalı, 30224018 kodlu şəhadətnamənin Dəvəçi rayonu ərazisində yerləşən 473 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi qət olunmuşdur. İş üzrə cavabdeh “xxxx” ASC həmin qətnamədən apelyasiya şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-1773/2008 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə X6 Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2-(85)-1773/2008 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair iş üzrə cavabdeh “xxxx” ASC-nin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X3 şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin surətini xx xxxxxxxx 2020-ci il tarixdə almışdır. Qətnamənin surətini aldıqdan sonra apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qərardadında göstərilir ki, iş üzrə cavabdeh "xxxx” ASC X6 Məhkəməsinin 2-(85)-1773/2008 saylı qətnaməsini xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edildikdən sonra rəsmi qaydada alsa da, işdə olan poçt xəbərnaməsinə əsasən həmin dövrdə cəmiyyətin əməkdaşları tərəfindən imza etməklə alınıb. Məhkəməyə təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, "xxxx” ASC-nin hüquqi ünvanı Xaçmaz rayon Çarxı kəndidir. Həmin ünvana heç bir sənəd, bildiriş daxil olmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X3 şikayətin dəlilləri ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Şabran Rayon İcra Hakimiyyətinə və cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən digər tərəflərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. İş materiallarından görünür ki, işə baxılarkən hazırlıq iclasına çağırış üçün “xxxx” ATSC-yə Bakı şəhəri, İnşaatçılar prospekti 583, ev 11B, mənzil 19 ünvanına göndərilmiş bildiriş işdə olan xəbərnaməyə əsasən imzalanaraq qəbul edilmiş, baxış iclaslarının bildirişlərinin xəbərnamələrində isə müvafiq imzalar vardır. İşdən görünür ki, X6 Məhkəməsinin 2-(85)-1773/2008 nömrəli, xx xxxxxx 2008-ci il tarixli tarixli qətnaməsi iş üzrə cavabdeh “xxxx” ASC-nin ünvanına rəsmi qaydada məktubla göndərilmiş və məktub poçt qəbzində “qapı bağlıdır” qeydi ilə geri qayıtmışdır. (səh 108) İş üzrə cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi etiraz məktubunda göstərilmişdir ki, X6 Məhkəməsinin 2-(85)-1773/2008 nömrəli, xx xxxxxx 2008-ci il tarixli qətnaməsi “xxxx” ASC- nin ünvanına rəsmi qaydada göndərilmişdir və cavabdehin həmin qətnamənin qəbul edilməsindən xəbərsizliyi əsassızdır. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermə müddətinin üzrlü səbəbdən buraxılmasının əsası kimi qətnamənin surətinin həmin vaxt cavabdeh “xxxx” ASC-yə təqdim edilmədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iş üzrə cavabdeh “xxxx” ASC X6 Məhkəməsinin 2-(85)-1773/2008 nömrəli, xx xxxxxx 2008-ci il tarixli qətnaməsini xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edildikdən sonra rəsmi qaydada alsa da, cəmiyyətin rəhbərliyinin sözügedən məhkəmə prosesi barədə vaxtında məlumatı olmuş, həmin iş üzrə qəbul olunmuş qətnaməni rəsmi qaydada müraciət edib almaq üçün ötən 12 il ərzində imkanı olmuş, lakin bu imkandan istifadə etməmişdir. Yəni, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzürsüz səbəbdən ötürmüşdür. Göründüyü kimi, qətnamənin çıxarılmasından 12 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində cavabdeh tərəf qətnamədən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 1 ay müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə əsaslı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olacaqdır ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-1773/2008 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-(85)-1773/2008 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar