Məhkəmə qərarları › İş №2-2(105)-28/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-28/2022

07.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-28/2022 07.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə və qeyrilərinə qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı poçt xidməti vasitəsi ilə kağız daşıyıcıda cavabdehlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinə, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə, Sumqayıt şəhər Bələdiyyə Şurasına, Cavabdeh4, Cavabdeh5 və X2 qarşı “sahiblik və istifadə hüquqlarını tanımaqla tikintilər üzərinə həbs qoyulması və dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə həmin iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır. İddiaçı adından Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2- 2(119)-415/2021 nömrəli qərardadından şikayət verilərək, həmin qərardadın ləğv olunması xahiş edilmiş və şikayətə “şikayətin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadı ilə İddiaçı Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 2-2(119)-415/2021 nömrəli qərardadından şikayət verməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qərardadı 03 mart 2021-ci il tarixdə saxlanıldığı Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən ona təqdim edilmişdir. Bakı İstintaq Təcridxanasında elektron sənədləşmə aparılmadığı üçün cavabdehlərə qarşı qaldırılan iddia ərizəsini poçt vasitəsilə göndərmək məcburiyyətində qalmışdır. İddia ərizəsinin surətlərini tərəflərə göndərmək və dövlət rüsumunun ödənilməsini təmin etmək tərəfindən mümkün olmamışdır. Cavabdehlərə qarşı qaldırılan iddialar isə bir-biri ilə əlaqəli olduğu üçün tələblər cavabdehlərə qarşı bir iddia ərizəsində birləşdirilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli 2-2(119)-139/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir.(hakim Z.Sadiqov) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı adından verilmiş iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda poçt vasitəsi ilə göndərilmişdir (iddia ərizəsi 12 fevral 2021-ci ildə məhkəmənin dəftərxanasına daxil olmuşdur). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinin surətinin cavabdehlər tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənədi iddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etməmiş və iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə heç bir sənəd əlavə etməmişdir. Halbuki, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Mülki-Prosessual Məcəllənin 150.0.2-ci maddəsinin tələblərinə görə dövlət rüsumunun ödənilməsi haqqında sənəd və həmin Məcəllənin 150.0.4-cü maddəsinin tələblərinə görə isə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd - iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, iddia ərizəsində ayrı-ayrı cavabdehlərə qarşı bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-415/2021 saylı 19 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar