Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-3/2024 02.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması, müqavilə öhdəliyi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Elman Məmməd oğlu Əhmədovan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “borcun tutulması” barədə kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-506/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh MənzilTikinti Kooperativinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31000 (otuz bir min) manat əsas vəsait və hazırkı məhkəmə icraatının başlanması üçün çəkilmiş xərc kimi 200 (iki yüz) manat olmaqla, ümumilikdə 31200 (otuz bir min iki yüz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ********** VÖEN ilə 31 may 2012-ci ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi ********** VÖEN ilə 10 fevral 2006-cı ildə qeydiyyata alınmaqla, Nizamnaməsi ilə müəyyən edilmiş fəaliyyətlə məşğul olur və onun əsas fəaliyyəti üzvlərinin və payçılarının mənzil təminatının yaxşılaşdırılmasından ibarətdir. "xxxx" MTK ilə "xxxx" MTK-nın rəhbərliyi (təsisçilər də daxil olmaqla) belə razılığa gəlmişlər ki, hər iki MTK tərəfindən Xırdalan şəhərinin H.Əliyev prospektində inşa edilmiş yaşayış binasının elektrik təchizatını təmin etmək məqsədilə tikiləcək yarımstansiyasını birlikdə inşa etməklə, birgə maliyyələşdirsinlər. İlkin şifahi razılıq əsasında verilmiş texniki şərtə uyğun olaraq iddiaçı "xxxx" MTK tərəfindən və onun vəsaiti hesabına hər iki hüquqi şəxs tərəfindən inşa edilmiş yaşayış binasını elektrik enerjisi ilə təmin edəcək yarımstansiya inşa edilmişdir. Tərəflər arasında baş tutumuş şifahi razılaşma daha sonra rəsmiləşdirilmiş və müvafiq olaraq 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Sazişə görə "xxxx" MTK 1 (bir) sot torpaq sahəsində inşa etdiyi ümumi smeta dəyəri 126000 (yüz iyirmi altı min) manat olan yarımstansiyadan cavabdehlə ortaq istifadə üçün razılıq verir və bunun əvəzində "xxxx" MTK smeta dəyərinin yarısını, yəni 63000 manat pulu ödəyir. Razılaşmanın şərtlərinə uyğun olaraq "xxxx" MTK tərəfindən həmin məbləğin müvafiq olaraq 16 noyabr 2019-cu il tarixdə 12000 manatı, 14 oktyabr 2019-cu il tarixdə 20000 manatı ödənilmiş, yerdə qalan məbləğ isə (63000 – 32000 (12000+20000) = 31000) ödənilməmişdir. "xxxx" MTK rəhbərliyi onun vəsaiti hesabına iki yaşayış binası üçün inşa edilmiş yarımstansiyaya çəkilmiş xərcin tərəflər arasında olan Razılaşmaya uyğun qarşı tərəfə aid hissəsinin tam ödənilməsini tələb etsə də, qarşı tərəf müxtəlif bəhanələr gətirməklə Razılaşmanın şərtlərini icra etməmişdir. Tərəflər arasında başlanmış mediasiya prosesinin də heç bir nəticəsi olmamış və cavabdeh tərəf prosesdə iştirakdan imtina etmişdir. Bunu nəzərə alaraq iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edir. İddiaçı hesab edir ki, tərəflər arasında imzalanmış Razılaşma şərtlərinə "xxxx" MTK tərəfindən əməl edildiyi, lakin cavabdeh tərəfindən tam əməl edilmədiyi nəzərə alınaraq, Razılaşma üzrə ödənilməli qalıq məbləğ cavabdehdən tutulmalıdır. Bu məbləğin ödənilməməsi iddiaçının hüququnun pozulmasına səbəb olur. Cavabdehlə ilkin danışıqlar və uzun müddət davam edən müzakirələr pozuntunu aradan qaldırmamışdır. Buna görə həmin pul məbləği məhkəmə qətnaməsi ilə cavabdehdən tutulmalıdır. "xxxx" MTK və Cavabdeh MTK-nın inşa etdiyi yaşayış binaları Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşməklə, yaxın məsafədə inşa olunmuşdur. "xxxx" MTK tərəfindən 01 may 2018-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət olunaraq, binanın elektrik enerjisi ilə təchiz olunması üçün texniki şərtin verilməsi xahiş edilmişdir. Texniki şərtin verilməsini təmin edən idarənin rəhbəri Qədir müəllim MTK rəhbərliyini qəbul edərkən qonşuluqda yerləşən və Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binası ilə birlikdə istismar edilməsi üçün transformator məntəqəsinin (TM) qurulmasını və hər iki binanın həmin TM-dən elektrik enerjisini qəbul etməsini tövsiyyə etmişdir. MTK rəhbərliyi ilkin olaraq bundan imtina etsə də, daha sonra xərclərin bölünməsi şərtilə layihə razılaşdırılmışdır. Bu razışlamaya bütün xərclər daxil edilmiş və ümumi xərc 126600 manat təşkil etmişdir. İddiaçı MTK tərəfindən 500 metr məsafədən TM-ə qədər olan hissədə asfaltın qazılması və torpaq işləri yerinə yetirilmiş, hər iki MTK-nı təmin edəcək elektrik xətti üçün 8 ədəd olmaqla 2000 metr boru xətti çəkilmiş, qazıntı işləri bitdikdən sonra TMdən çəkilmiş yeraltı xətt üzrə hər 100 metrdən bir çıxış (“lyuk”) qoyulmuş, TM-nin inşa edilməsi üçün fiziki şəxsə məxsus torpaq sahəsi alınmış, TM-nin quraşdırılması üçün qoruyucu məntəqə inşa edilmiş və digər bütün zəruri işlər görülmüşdür. Daha sonra "xxxx" MTK inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə təmin etmişdir. Ancaq Cavabdeh MTK TM-in hazır olmasına baxmayaraq, öz xətti üçün kabellərin çəkilməsini və TM-yə qoşulmanı təmin etməmişdir. Bununla bağlı dəfələrlə MTK-nın rəhbərliyinə, təsisçiləri Elxan Dadaşov, Elşad, Ərəstun və digərlərinə məlumat verilmiş, lakin buna əhəmiyyət verilməmişdir. Xeyli müddət sonra dövlət layihəsi olaraq yollarda təmir işlərinin aparılması nəticəsində xətlərdən çıxışlar (“lyuk”lar) bağlanmışdır. "xxxx" MTK-nın bunda heç bir təqsiri yoxdur və buna görə o, məsuliyyət daşımır. Yəni, rəhbərliyinin səhlənkarlığı nəticəsində Cavabdeh MTK-nın binasının TM-ə qoşula bilmədiyinə, yaxud qoşulmaq istəmədiyinə görə iddiaçı "xxxx" MTK məsuliyyət daşımır və bu hal qarşı tərəfin Razılaşma Sazişi üzrə məsuliyyətini aradan qaldırmır. Üstəlik, cavabdeh tərəfindən yalnız 20000 manat pul ödənilmiş, yerdə qalan 12000 manat pul isə təsisçi Şahid2la Cavabdeh MTK-nın təsisçi arasında olan sövdələşməyə əsasən əvəzləşdirilmişdir. Beləliklə, cavabdeh Razılaşma üzrə öhdəliyini icra etmədiyinə görə hazırkı halda maddi məsuliyyət daşıyır və ödənilməmiş pul məbləğini ödəməlidir. Bu, Razılaşmadan və Mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Başqa cür yanaşma iddiaçının hüquqları və qanunla qorunan mənafelərinə zidd olardı.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
4. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş İddiaçı MTK-nın təsisçiləri Şahid2 və Şahid1 məhkəmə iclasında iddia ərizəsində yazılanlara uyğun ifadə verərək bildirmişlər ki, İddiaçı MTK və Cavabdeh MTKnın təsisçiləri arasında olan şifahi razılığa əsasən hər iki MTK-nın Xırdalan şəhərində qonşuluqda yerləşən binaları üçün bir texniki şərt alınıb, 2018-ci ildə iddiaçı "xxxx" MTK tərəfindən hər iki hüquqi şəxsə məxsus yaşayış binalarını təmin edəcək yeraltı elektrik xətti üçün borular çəkilmiş və hər iki bina üçün nəzərdə tutulan yarımstansiya binası tikilmişdir. Bu işlərin görülməsi üçün "xxxx" MTK torpaq sahəsi alaraq, ümumilikdə bu işlərin görülməsinə cəmi 126600 manat məbləğində pul xərcləmişdir. Tərəflər arasında olan bu şifahi razılaşma sonradan rəsmiləşdirilmiş və bununla bağlı 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi imzalanmışdır. Həmin Razılaşmaya görə iddiaçı "xxxx" MTK həmin yarımstansiya və yeraltı inşa olunmuş elektrik xətti vasitəsi ilə öz binasını elektriklə təchiz etmiş olsa da, Cavabdeh MTK vaxtında bu işi görməmiş və sonradan yeraltı elektrik xəttinin çəkilmiş olduğu yol təmir edilərək asfaltlanmışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh MTK yeni texniki şərt alaraq, öz binasına başqa yerdən hava yolu ilə elektrik xətti çəkmişdir. Lakin, Cavabdeh MTK Razılaşmada nəzərdə tutulan 63300 manat məbləğində pulun 32000 manatını ödəmiş olsa da, həmin Razılaşma üzrə nəzərdə tutulan pulun qalan hissəsini ödəməkdən boyun qaçırmışdır. Halbuki, iddiaçı "xxxx" MTK Cavabdeh MTK ilə razılaşmaya görə əlavə vəsait xərcləyərək, hər iki bina üçün nəzərdə tutulan yeraltı elektrik xətti və transformator məntəqəsi inşa etmişdir. Ona görə də, həmin yeraltı elektrik xəttinin və transformator məntəqəsinin tikintisi ilə əlaqədar Cavabdeh MTKya görə əlavə xərclənmiş cəmi 63300 manat məbləğində pul vəsaiti də onun tərəfindən iddiaçı "xxxx" MTK-ya tam olaraq ödənilməlidir.
5. “Birinci tərəf” İddiaçı (VÖEN **********) ilə “ikinci tərəf” Cavabdeh Mənzil- Tikinti Kooperativi (VÖEN **********) arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinin 2.1-ci bəndinə əsasən, "Birinci tərəf” Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 73 ünvanında ümumi smeta dəyəri 126600 (yüz iyirmi altı min altı yüz) manat olan 1 sot torpaq sahəsində 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi "yarımstansiya"dan ortaq istitadə edilməsi üçün "İkinci tərəf”ə razılıq verməyi öhdəsinə götürür. “İkinci tərəf” isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar "Birinci tərəf”ə smeta dəyərinin 50%-ni, yəni 63300 (altmış üç min üç yüz) manat ödənilməsinə zəmanət verir.
6. X5 2.2-ci bəndinə əsasən, “Tərəflər” razılaşırlar ki, “İkinci tərəf” “Birinci tərəf”ə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı ödəyəcək, “Birinci tərəf” isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra “İkinci tərəf” “yarımstansiya”dan ortaq istifadə etmək hüququ əldə edəcəkdir.
7. X5 3.1-ci bəndinə əsasən, “Birinci tərəf” ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatı aldığı zaman “İkinci tərəf”in “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı öhdəsinə götürür.
8. X5 3.2-ci bəndinə əsasən, “İkinci tərəf” isə ümumi smeta dəyərinin yarısını, yəni 63300 (altmış üç min üç yüz) manatın bu Saziş imzalandığı vaxt “Birinci tərəf”ə ödənilməsini öhdəsinə götürür.
9. İddiaçı MTK və Cavabdeh MTK arasında imzalanaraq möhürlənmiş 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində tərəflərin həmin Saziş üzrə yaranan öhdəliklərinin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi (müddəti) göstərilməmişdir.
10. 15 oktyabr 2019-cu il tarixli Seriya NİZ № 000050 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 15 oktyabr 2019-cu ildə İddiaçı MənzilTikinti Kooperativinə 20000 (iyirmi min) manat məbləğində avans ödənilmişdir.
11. 16 noyabr 2019-cu il tarixli Seriya NİZ № 000051 saylı kassa mədaxil orderindən görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinə əsasən 16 noyabr 2019-cu ildə İddiaçınə 12000 (on iki min) manat məbləğində pul vəsaiti ödənilmişdir.
12. Cavabdeh Mənzil-Tikinti Kooperativi 23 fevral 2021-ci il tarixli 01 nömrəli Məktubla Abşeron rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Avtomobil X4 müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti 34 ünvanında yerləşən İddiaçı MTK-nın 35/6 voltluq yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MTK-nın binasının elektrik enerjisi ilə təchiz olunmasında istifadə edilməsinə köməklik göstərilməsini xahiş etmiş və həmin müraciət yeraltı kabel xəttinin “lyuk”larının (çıxış quyularının) üstünün doldurulması və üzərindən asfalt örtüyünün çəkilməsi ilə əsaslandırılmışdır.
13. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh MənzilTikinti Kooperativinə ünvanlanmış 24 iyun 2021-ci il tarixli MTŞ-21/272 nömrəli Məktubdan görünür ki, Cavabdeh Mənzil-Tikinti Kooperativinə əvvəl verilmiş 30 oktyabr 2019-cu il tarixli TMX-19/0578 nömrəli texniki şərtlər ləğv olunaraq, ona yaşayış binasının şəbəkəyə qoşulması üçün yeni texniki şərtlərin verilməsi üçün yerinə yetiriməli olan hərəkətlər barəsində müvafiq tövsiyyələr verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
14. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)- 506/2022 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının MM-in 389.1, 393, 263.1, 264, 394, 404, 385.1, 425.1, 425.2, 427.5, 447.1-ci maddələrinə, MPM-in 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən mübahisənin hüquqi əsası kimi istinad olunan Razılaşma Sazişinin qətnamədə qeyd edildiyi kimi şərh edilməsi Mülki Məcəllinin 404-cü maddəsinin tətbiqini zəruri edir. Bu zaman aşağıdakılar nəzə alınmalıdır: Əvvəla, iddia ərizəsində, izahatlarda və şahidlərin ifadələrində göstərilmişdir ki, hazırda münasibətlərin hüquqi əsası kimi Razılaşma Sazişi çıxış etsə də, tərəflər arasında faktiki razılaşma əldə olunub müəyyən işlər görüldükdən sonra razışlaşma rəsmiləşdirilmişdir. Bu faktın müəyyən edilməsi mübahisənin həlli zamanı yalnız razılaşma sazişinin nəzərə alınmasını və yalnız həmin sazişin müddəalarının tətbiq edilməsini istisna edir. İkincisi, məhkəmə sazişin müddəalarını, hətta faktiki vəziyyət nəzərə alınmadan belə, düzgün şərh etməmişdir. Sazişin onun tərəfləri üçün yaratdığı hüquq və vəzifələr dəqiq müəyyən olunmuş, sazişin şərtlərini icra etməyən tərəfin məsuliyyəti göstərilmişdir. Bu mənada sazişin müddəalarının işin faktiki halları ilə əlaqəli şəkildə şərh edilməsi ona gətirib çıxarır ki, sazişin ikinci tərəfi (ESKA MTK) onun şərtlərini qismən icra etmiş, saziş üzrə birinci tərəf isə hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Beləliklə, mübahisənin həlli zamanı MM-nin 404-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər “uzufrukt” münasibətlərə aiddir və həmin münasibətləri tənzimləyən normaların tələblərinə uyğun olaraq müqavilə notariat qaydasında təsdiq edilməli idi. Şikayətin 4.5-ci bəndində göstərilmiş işin halları tərəflər arasında uzufrukt münasibətlərinin mövcudluğunu istisna edir. İddiaçı hesab edir ki, cavabdeh özü icra etməli olduğu işlərin ilkin olaraq iddiaçının vəsaiti hesabına (daha sonra ödənilməklə) və onun tərəfindən icra edilməsini razılaşdırmış, həmin razılaşmadan irəli gələrək iddiaçı elektrik xəttinin çəkilməsi ilə əlaqədar zəruri işləri görmüş və işlərin icrası üçün lazım olan xərclər tərəflər arasında bərabər şəkildə bölünmüşdür. İşin təqdim edilən faktiki halları Mülki Məcəllənin 263-cü maddəsinin dispozitiv şərtlərini yaratmır. Məhkəmə tərəfindən tərəflərin münasibətlərinin uzufrukt münasibətləri kimi şərh edilməsi mübahisənin düzgün olmayan həllinə gətirib çıxarmışdır. Bu baxımdan iddiaçı tərəf hesab edir ki, tərəflər arasında podrat münasibətləri yaranmış, iddiaçı müqavilə öhdəliyini icra etmiş, cavabdeh isə öhdəliyi qismən icra etmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək şaziş üzrə ödənilməli olan pul məbləğinin tam ödənilməsini tələb edir. Tərəflər arasında imzalanmış sazişdən görünür ki, TM-nin inşası üçün torpaq sahəsinin alınması, TM-nin inşası, xəttin çəkilməsi və bu kimi digər işlər 2018-ci ilin birinci rübündə həyata keçirilmiş, saziş 2019-cu ilin oktyabr ayında imzalanmışdır. Məhkəmə iddianın rədd edilməsinin əsaslardan biri kimi ona istinad etmişdir ki, iddiaçı sazişin şərtlərini icra etməmiş, elektrik xəttinin üzərində yerləşən quyuların çıxış qapaqları bağlanmış, quyuları aşkar etmək mümkün olmamış, cavabdeh xəttdən istifadə edə bilməmişdir. İddiaçı məhkəmənin göstərdiyi bu dəlillə razılaşmır və bu əsaslandırma kifayət qədər subyektiv olub, cavabdehin hərəkətsizliyinə haqq qazandıran hal kimi qiymətləndirilməlidir. Hansı ki, işdən müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçı öhdəliyi icra edib xətti çəkmiş, TM-ni inşa etmiş və sair işləri görmüş, həmçinin inşa etdiyi yaşayış binasına elektrik xəttini çəkmişdir, məhz həmin xəttdən və TM-dən yaşayış binasının elektrik verilişini təmin etmişdir. Lakin iddiaçı təşkilatın rəhbərliyinin (təsisçilərinin) dəfələrlə məlumat verməsinə baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək vaxtında kabel çəkməmiş, daha sonra AAYDA tərəfindən Xırdalan dairəsindən Xırdalan şəhəri istiqamətində yolun bərpası zamanı quyuların ağzında olan qapaqlar bağlanmış, buna isə iddiaçının hər hansı müdaxilə imkanı olmamışdır. Cavabdeh bildirir ki, guya iddiaçı quyuların ağzına qapaq qoymamışdır. Lakin bunu təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Üstəlik bu mümkün deyil, digər bütün quyu çıxışlarına qapaq qoyulduğu halda məhz həmin hissəyə qapaq qoyulmaması inandırıcı olmamaqla, real deyil və texniki baxımdan mümkün görünmür. Məhkəmə isə cavabdehin bu əsassız dəlilini qəbul etmişdir. Cavabdeh hansı səbəbdən çəkmiş xəttə kabel yerləşdirməsini və üzərinə düşən tədbirləri görməsini əsaslandıra bilməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan sazişdə və şifahi razılaşmada xəttin mühafizəsi və digər şərtlər mövcud deyil. Əlavə olaraq müqavilənin icra müddəti və digər müddətlərin müəyyənləşdirilməməsi müqavilə şərtinin başqa cür təfsir edilməsinə səbəb ola bilməz. Yekun olaraq işdən müəyyən olunur ki, tərəflər arasında olan şifahi razılaşma və imzalanmış sazişə əsasən iddiaçı təşkilat vəsait xərcləyib TM-nin inşası üçün torpaq sahəsi almış, xətt çəkmiş, TMnin qutusunu inşa etmiş və sair işlər görmüşdür. Cavabdeh vaxtında elektrik xəttini çəkməmiş, bir neçə il sonra yolda dövlət səviyyəsində aparılmış təmir işləri nəticəsində quyu qapaqlarının bağlanması cavabdehi məsuliyyətdən azad edə bilməz və öhdəliyin icrasından yayınmaq üçün əsas deyildir. Dolayısı ilə məhkəmənin işin halları ilə bağlı gəldiyi nəticə əsaslı deyil və bu maddi hüquq normalarının düzgün olmayan tətbiqinə gətirib çıxarmışdır.
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zaur Məmmədov, hakimlər Fuad Məmmədov və Məhəmmədəli Rzayev) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-506/2022 nömrəli, 2022-ci il 26 iyul tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, cavabdehdən 31.000 (otuz bir min) manat əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 31.200 (otuz bir min iki yüz) manat məbləğində pul iddiaçının xeyrinə tutulması qət edilmişdir.
19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən Sazişdə qeyd olunan elektrik xətti üçün nəzərdə tutulan yeraltı tunel inşa olunarkən yol verilmiş qüsurların, yəni inşa zamanı yeraltı xəttin quyularının (“lyuk”ların) qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsinin iddiaçının təqsiri üzündən baş verməsi təsdiqini tapmamış və cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 427.2, 425.1, 442, 777.1, 777.2-ci maddələrinə, MPM-in 14.2, 385.1.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
22. Cavabdeh 2023-cü il 5 yanvar tarixində kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)- 113/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
23. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 07 mart 2023-cü il tarixli 2- 2(102)-109/2023 nömrəli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 2 noyabr tarixli, 2-2(105)-113/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
24. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş və onun vəsatəti təmin olunaraq "xxxx" ASC iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
25. Məhkəmə tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
26. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
27. İddiaçının təmsilçiləri Şahid2 və Şahid1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər.
28. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
29. Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
30. Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Xəyyam Eyvaz oğlu məhkəmə iclasında dindirilərək bildirdi ki, iş materiallarında olan sənədləri və digər sxemləri nəzərə alaraq, ekspert rəyi tərtib edilmişdir. Tədqiqat obyektinə keçirilmiş baxış zamanı xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlərə əsasən Birlik-7 MTK tərəfindən işlərin yerinə yetirildiyi müəyyən edilimşdir. Faktiki olaraq 2 quyuya baxış keçirilmiş, 6 quyu asfalt örtüyü altından qaldığından baxış keçirmək mümkün olmamış, iş materiallarında olan sxem əsasında nəzəri cəhətdən rəy verilmişdir. Həmçinin bu işlərin Birlik-7 MTK tərəfindən icra edilməsinə dair işin materiallarına əlavə edilmiş akt əsasında 6 quyunun onlar tərəfindən hazırlanmasına dair rəy verilib.
31. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiya məhkəməsinin göstərişlərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 777.1 və 777.2-ci maddələrinə istinad etmək hissədə maddi hüquq normasının tətbiqində yanlışlığa yol versə də tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MTK və Cavabdeh MTK arasında bağlanmış 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişinin şərtlərinə görə İddiaçı MTK 2018-ci ilin yanvar-mart aylarında inşa etdiyi ümumi smeta dəyəri 126600 manat olan "yarımstansiya"dan ortaq istifadə edilməsi üçün Cavabdeh MTK-ya razılıq verməyi öhdəsinə götürmüş, Cavabdeh MTK isə həmin hüquqların əldə edilməsi ilə əlaqədar İddiaçı MTK-ya smeta dəyərinin 50%-ni, yəni 63300 manat ödənilməsinə zəmanət vermiş (2.1-ci bənd) və həmin Sazişə əsasən Cavabdeh MTK İddiaçı MTK-ya ümumi smeta dəyərinin yarısını, yəni 63300 manatı ödəməli, "xxxx" MTK isə həmin məbləği tam şəkildə qəbul edəndən sonra Cavabdeh MTK “yarımstansiya”dan ortaq istifadə əldə etmək hüququ əldə etməlidir (2.2-ci bənd). Eyni zamanda, həmin Razılaşma Sazişinə əsasən İddiaçı MTK 63300 manatı aldığı zaman Cavabdeh MTK-nın “yarımstansiya”dan ortaq şəkildə istifadəsinə razılıq verərək, şərait yaratmağı (3.1-ci bənd), Cavabdeh MTK isə 63300 manatın bu Saziş imzalandığı vaxt "xxxx" MTK-ya ödəməyi (3.2-ci bənd) öhdələrinə götürmüşlər. Lakin, həmin 14 oktyabr 2019- cu il tarixli Razılaşma Sazişində tərəflər üçün müəyyən edilmiş öhdəliklərin icra edilmə müddəti və həmin Sazişin qüvvədə olma tarixi göstərilməmişdir. Bununla belə, Cavabdeh MTK 2019cu ilin oktyabr-noyabr aylarında həmin Razılaşma Sazişində nəzərdə tutulan 63300 manat məbləğində pul vəsaitinin 32000 manat hissəsini ödəmişdir (15 oktyabr 2019-cu ildə 20000 manat və 16 noyabr 2019-cu ildə 12000 manat). Ancaq, Cavabdeh MTK lazımi cəhdlər və hərəkətlər etməsinə baxmayaraq, yaşayış binasını texniki səbəblərə görə 14 oktyabr 2019cu il tarixli Razılaşma Sazişində müəyyən edilmiş qaydada İddiaçı MTK tərəfindən 2018-ci ilin yanvar-mart aylarında inşa olunmuş yeraltı elektrik xəttinə və transformator məntəqəsinə qoşa bilməmiş və məlum “yarımstansiya”dan faktiki olaraq ortaq istifadə imkanı əldə edə bilməmişdir. Buna görə də, Cavabdeh MTK qeyd olunan “yarımstansiya”ya qoşulmaq üçün bütün imkanlardan istifadə etdikdən və “yarımstansiya”ya qoşula bilmədikdən sonra binasının elektrik enerjisi ilə təchiz olunması üçün yeni texniki şərt alaraq başqa üsulla, yəni məlum Razılaşma Sazişinə aid olmayan qaydada binaya elektrik xətti çəkmiş və bununla da, cavabdehin binasının 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində nəzərdə tutulan qaydada İddiaçı MTK-nın vəsaiti hesabına inşa olunmuş yeraltı kabel xəttindən və transformator məntəqəsindən istifadə etmək zərurəti aradan qalxmışdır.
38. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)- 506/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
39. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə iddiaçı tərəfindən inşa olunmuş yeraltı elektrik xətti və transformator məntəqəsi ilə əlaqədar tərəflər arasında müəyyən edilən münasibətlər mahiyyət etibarilə MM-in “Əşyadan istifadə hüquqları”nın nəzərdə tutulduğu 11-ci fəslində təsbit olunmuş “Uzufrukt” münasibətlərinə aid olmasına baxmayaraq, həmin Razılaşma Sazişi notariat qaydasında təsdiqlənməmiş və Sazişdə qeyd olunan hüquqların uzufruktuara, yəni cavabdehə keçməsi faktiki olaraq baş tutmamış və yaxud, daşınmaz əşyalarla bağlı halda isə həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Eyni zamanda, yuxarıda qeyd olunan texniki səbəblərə (çıxış quyularının qapaqlarının olmaması və quyuların üstünün asfaltla örtülməsi və s.) görə cavabdehin elektrik enerjisi ilə təmin olunmaq üçün 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişində nəzərdə tutulan iddiaçıya məxsus qurğu və avadanlığa, yəni sonuncunun inşa etmiş olduğu yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşulması mümkün olmamışdır.
40. Beləliklə də, 2019-cu il 14 oktyabr tarixli Razılaşma Sazişi ilə nəzərdə tutulan qaydada öhdəliklərin icra olunması, yəni İddiaçı MTK-nın inşa etdiyi yeraltı elektrik xətti və transformator məntəqəsi vasitəsi ilə “yarımstansiya”ya qoşularaq, həmin Sazişlə müəyyən edilmiş şərtlər əsasında Cavabdeh MTK özünə aid yaşayış binasını elektrik enerjisi ilə təchiz edə bilməmiş və mövcud şəraitə və texniki səbəblərə görə artıq bu qoşulmaya zərurət də aradan qalxmışdır. Odur ki, Cavabdeh MTK-nın qoşula və istifadə edə bilmədiyi avadanlıqla əlaqədar 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişində ödənilməsi nəzərdə tutulan pul vəsaitinin ödənilməmiş hissəsi ilə əlaqədar verilmiş "cavabdehdən iddiaçının xeyrinə 14 oktyabr 2019-cu il tarixli Razılaşma Sazişi üzrə ödənilməmiş 31.000 manat məbləğində əsas vəsaitin tutulması” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.
41. Lakin, İddiaçı MTK birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
42. Şikayətin dəlillərindən göründüyü kimi apellyator onun tərəfindən müqavilə öhdəliyi yerinə yetirilərək vəsait xərcləyib TM-nin inşası üçün torpaq sahəsi aldığını, xətt çəkildiyini, TM-nin qutusunu inşa etdiyini və sair işlər gördüyünü, lakin cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilmədiyini, vaxtında elektrik xəttini çəkmədiyini göstərmiş və apellyatorun iddiasına görə bir neçə il sonra yolda dövlət səviyyəsində aparılmış təmir işləri nəticəsində quyu qapaqlarının bağlanması cavabdehi məsuliyyətdən azad edə bilməz və öhdəliyin icrasından yayınmaq üçün əsas deyildir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq həmin dəlilləri işin müəyyən edimiş faktiki halları ilə sübuta yetirilmədiyindən əsassız hesab edir və gəlmiş olduğu nəticəni aşağıda şərh olunanlarla əsaslandırır:
44. Göründüyü kimi araşdırılan tələb üzrə mübahisə doğuran hal tərəflərin müqavilə öhdəliyini lazımınca icra edilməsi məsələsinin müəyyən edilməsi və bu kontektsdə qiymətləndirmə ilə bağlıdır.
45. Kollegiya Ali Məhkəmənin Qərarının 42-ci bəndində qeyd olunmuş göstərişdən çıxış edərək və 43-cü bəndinin göstərişinə uyğun olaraq işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməsi və ziddiyyətli məqamların aradan qaldırılması, işin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti texniki ekspertiza təyin etmiş, aidiyyatı qurumlara sorğular göndərmişdir.
46. Sumqayıt Apellyasiya Məhkəməsinin KK-nın 22 iyun 2023-cü il tarixli, 2- 2(105)-77/2023 nömrəli qərardadı əsasın təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 20 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4969 nömrəli rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir: Qərardadın birinci sualı üzrə: İş materiallarında olan və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlərdə nəzərdə tutulmuş işlər (trassanın qazılması, plastik boruların qazılmış xəndəklərə yerləşdirilməsi, lyukların qoyulması, yuvaların quraşdırılması və sair) İddiaçı MTK tərəfindən icra edilmişdir. Qərardadın ikinci sualı üzrə: xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlər əsasında icra edilmiş işlər nəticəsində 8 ədəd quyular inşa edilmiş, həmin quyuların daxilində 6 ədəd elektrik kabeli boruları çəkilərək, üçünün daxilindən elektrik xətti keçdiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, Xırdalan elektrik yarım stansiyasından İddiaçı MTK tərəfindən inşa edilmiş bir girişli binaya qədər yeraltı çəkilmiş elektrik trassasında vaxtı ilə inşa edilmiş elektrik quyularından yalnız 2 quyu yola düşmədiyinə görə qalmış, digər quyular isə H.Əliyev prospektinin yenidən qurulması və yolun genişləndirilməsi zamanı asfaltın altında qalmışdır. Baxış keçirilməsi mümkün olmuş borular, lyuklar, yuvalar, kabel xətləri xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş TX-18/0633 nömrəli Texniki Şərtlərə uyğun quraşdırılmışdır. Qərardadın üçüncü sualı üzrə: Baxış zamanı əldə olunmuş və iş materiallarında olan məlumatlara əsasən, Xırdalan şəhəri, H.Əliyev prospekti 34-də yerləşən "Birlik-7” MTK-nın 35/6 kV yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MMC-nin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən boru, lyuklar və yuvalar quraşdırılmışdır. Qərardadın dördüncü sualı üzrə: Həmin boru, lyuklar və yuvalar istifadə edilməklə- Xırdalan şəhəri, H.Əliyev pr. 34-də yerləşən İddiaçı MTK-nın 35/6 kV yarımstansiyasından həmin ərazidə yerləşən Cavabdeh MMC-nin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən yeraltı kabel xətti çəkilmişdir.
47. Məhkəmə kollegiyası ekspert rəyini prosessual qanunvericiliyin təlbələrinə uyğun qiymətləndirərək sübut növü olaraq qismən nəzərə alır.
48. Belə ki, ekspert rəyi ilə "Birlik-7” MTK tərəfindən Cavabdeh MMC-nin yarımstansiyasına qədər məsafədə texniki şərtlərə əsasən boru, lyuklar və yuvalar quraşdırıldığı, kabel xətləri çəkildiyi göstərilsə də, rəydə olan bəzi xüsusatlara aydınlıq gətirilməsi məqsədi ilə iş üzrə ekspert məhkəmə iclasında dindirilmiş və ekspertin izahatı ilə müəyyən edilmişdir ki, elektrik quyularından yalnız 2 quyu yola düşmədiyinə görə qalmış, həmin quyulara baxış keçirilsə də, digər quyular H.Əliyev prospektinin yenidən qurulması və yolun genişləndirilməsi zamanı asfaltın altında qaldığından ekspert tərəfindən tədqiqata obyektinə baxış keçirilməsi mümkün olmamış, iş materiallarında olan sənədlər əsasında nəzəri qaydada rəy verilmişdir.
49. Məhkəməyə təqdim olunmuş Biləcəri ETSİ-nin rəisi A.Abdullayev tərəfindən "xxxx" ASC-nin Hüquq İdarəsinin rəisi A.Ləzimzadəyə ünvanlanmış xidməti məlumatdan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" ASC-nə ünvanlanmış sorğu əsasında Biləcəri ETSİ-yə ünvanlanmış müraciətə yerində baxılmış və məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 73 ünvanında İddiaçı MTK-ya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı xx.xx.2018-ci il tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin elektrik təchizatı üçün nəzərdə tutulmuş və İddiaçı MTK ilə razılaşmaya əsasən lyuklar və borular vardır, lakin hal-hazırda istifadəsi mümkün deyildir. Buna səbəb isə Xırdalan-Binəqədi yolunun genişləndirilməsi zamanı lyukların asfalt örtüyünün altında qalaraq istifadəyə yararsız vəziyyətə düşməsidir.
50. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən texniki şərtlərə uyğun olaraq İddiaçı MTK-ya məxsus 1 girişli, 16 mərtəbəli yaşayış binası üçün verilmiş TX-18/0633 saylı xx.xx.2018-ci il tarixli texniki şərtin bəndləri yerinə yetirilmişdir. Eyni zamanda Cavabdeh MMC-nin elektrik təchizatı üçün nəzərdə tutulmuş və İddiaçı MTK ilə razılaşmaya əsasən texniki şərtlərə uyğun lyuklar və yuvalar quraşdırılmışdır.
51. Kollegiya qeyd edir ki, iş üzrə toplanmış sübutlar əsasında ilkin olaraq iddiaçı tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi ilə bağlı təsərrüat yaransa da, kollegiya hesab edir ki, müqavilə öhdəliyinin iddiaçı tərəfindən lazımınca, qusursuz yerinə yetirilməsinə aydınlıq gətirilməsi mübahisənin düzgün həlli baxımından önəmlidir.
52. Kollegiya ilk əvvəl Ali Məhkəmənin Qərarının 42-ci bəndinin göstərişindən çıxış edərək qeyd edir ki, iddiaçının özünün inşa etdiyi yaşayış binasını elektrik enerjisi ilə həmin transformator məntəqəsindən təmin etməsi tərəflər arasında bağlanmış sazişin bütün şərtlərinin onun tərəfindən yerinə yetirilməsi ilə heç bir əlaqəsi yoxdur və bu hal məhz cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyinin təsdiqi kimi qəbul edilə bilməz.
53. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi cavabdeh müqavilə münasibətlərinə daxil olarkən tikdirdiyi yaşayış binasını daha sərfəli şərtlərlə və daha az maliyyə məsrəfləri ilə elektrik enerjisi ilə təmin etmək marağında olmuş, bu məqsədlə də öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək 32.000 manat məbləğində qismən ödəniş həyata keçirsə də, əldə etməyə çalışdığı məqsədə nail ola bilməmiş, bu gün isə razılaşma şərtlərinə uyğun olaraq onun məhz iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunması mümkün deyildir.
54. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “15 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, yolların təmiri və tikintisi zamanı üzdə görülən bütün kommunikasiya qapaqları tərəflərindən yenidən bərpa olunaraq layihədə nəzərdə tutulmuş hündürlük səviyyəsində qaldırılmışdır.
55. Sadalananlardan göründüyü kimi cavabdeh iradəsindən asılı olmayaraq iddiaçıya məxsus transformator məntəqəsindən elektrik enerjisi ilə təmin olunmanı həyata keçirə bilməmişdir.
56. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan işlərin görülüməsi heç də müqavilə öhdəliyinin yerinə yetirilməsi kimi qiymətləndirilmə bilməz. Belə ki, qanunvericiliyindən tələbindən göründüyü kimi öhdəlik lazımınca icra edilməlidir. Lakin, göründüyü kimi iddiaçı yuva və quyuların quraşdırılmasını, kabel xətlərinin çəkilməsini yerinə yetirsə də həmin kabel xətlərinin keçdiyi lyukların üzəri qapaqlarla örtülməmişdir, bu isə nəticədə yolların təmiri zamanı həmin quyuların asfalt örtük altında qalmasına səbəb olmuş və cavabdehin həmin quyulardan istifadəsini mümkünsüz etmiş, cavabdeh yeni texniki şərtlərlə yeni xətt çəkmək məcburiyyətində qalmış və hazırda cavabdeh tərəfindən həmin qoşulmanın həyata keçirilməsinə zərurət aradan qalxmışdır.
57. Göründüyü kimi quyuların qapaqlarla örtülməməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəmə sorğusuna olan cavabı ilə müəyyən olunur. Belə ki, arayışdan göründüyü kimi yolların təmiri və tikintisi zamanı üzdə görülən bütün kommunikasiya qapaqları tərəflərindən yenidən bərpa olunaraq layihədə nəzərdə tutulmuş hündürlük səviyyəsində qaldırılmışdır. Aydınlaşdırılmış bu xüsusat onu deməyə əsas verir ki, əgər lyuklar qapaq örtüklə örtülmüş olsaydı, quyular yeri görünmüş olardı və təmir bərpa işləri görüldükdən sonra onlar yenidən asfalt örük üzərindən götürülərək bərpa olunardı.
58. Kollegiya şərh olunanlara istinadən hesab edir ki, iddiaçı müqavilə öhdəliyini qusurlu yerinə yetirmiş, bu isə öhdəliyin lazımınca icra edilməməsi qənaətinə gəlməyə əsas verir. Belə olan halda iddiaçının müqavilə öhdəliyinin icra edilməməsi əsası ilə çıxış edərək cavabdeh qarşı mövcud iddia tələbini qanuni və əsaslı hesab etmək olmaz.
59. Qeyd olunmalıdır ki, Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
60. Kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə cavabdehin öhdəliyin icra edilməməsində təqsiri müəyyən edilməmişdir. Cavabdeh öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşıya bilər ki, pozuntu onun cavabdeh olduğu haldan irəli gəlmiş olmuş. Lakin göründüyü kimi iddiaçı tərəfindən müqavilə öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində cavabdeh iradəsindən asılı olmayaraq razılaşdırımış məqsədə çata bilməmiş və bu səbəbdən də pul ödənişinin ödənilməsi barədə öhdəliyini yerinə yetirməmişdir.
61. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
62. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
64. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, ə ks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
66. Qanunvericiliyn tələbinə görə işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmiş, cavabdehə münasibətdə müqavilə öhdəliyinin onun tərəfindən lazımınca icra edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edə bilməişdir.
67. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, həmin dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
68. Ekspertiza təhqiqatının dəyərinin əvəzi olaraq 100 (yüz) manat İddiaçı MTKdan alınaraq SAP (XİİS) hesabı X2 hesabına köçürülməlidir.
69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, e-2-2(119)-506/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 100 (bir yüz) manat cavabdeh İddiaçındən alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.