Məhkəmə qərarları › İş №2-2(105)-4/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-4/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-4/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər X13 və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Abşeron rayonu Güzdək Bələdiyyəsinin sədri X4 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı “Abşeron rayonu Güzdək bələdiyyəsi ilə onun arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinin uzadılmış hesab edilməsi, Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli İcarə müqavilələrinin etibarsız hesab edilməsi, “xxxx” MMC-nin həmin icarə müqaviləsində göstərilmiş ərazidən çıxarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2 (085)253/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər “xxxx” MMC və Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı iddia qaldıraraq Abşeron rayonu Güzdək bələdiyyəsi ilə onun arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinin uzadılmış hesab edilməsi, Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” MMC-nin həmin icarə müqaviləsində göstərilmiş ərazidən çıxarılması” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə cavabdeh Abşeron rayonu Güzdək Bələdiyyəsi ilə xx xxx 2017-ci il tarixdə Abşeron rayonu Güzdək qəsəbəsi ərazisində 2 ha torpaq sahəsinin uzunmüddətli icarəsi barədə İcarə müqaviləsi bağlamışdır. Tərəfindən həmin müqavilə ilə müəyyən edilmiş icarə haqqı vaxtında və tam olaraq ödənilmişdir və müqavilə şərtlərinə həmişə əməl edilmişdir. Həmin müqaviləyə tərəflərin hər hansı birinin təşəbbüsü ilə və ya məhkəmə qaydasında xitam verilmədiyindən, eləcə də Güzdək bələdiyyəsinin müqaviləyə xitam verilməsi barədə bildirişi olmadığından, hazırda qüvvədədir. Bundan əlavə, həmin müqavilənin 2.12-ci bəndinin 3-cü abzasına müvafiq olaraq icarəçinin icarə müqaviləsinin uzadılması üçün İcarəyə verənə təklif vermək hüququ vardır. Ona görə də o sözügedən müqavilənin müddətinin bitdiyi gün, yəni xx.xx.2018-ci il tarixində Güzdək Bələdiyyəsinə müqavilənin müddətinin başa çatdığı üçün yenidən uzadılması barədə məktubla müraciət etmişdir. Eyni zamanda, iddiaçıya məlum olmuşdur ki, “xxxx” MMC tərəfindən Xırdalan ETSİ-nə olunmuş xx xxx 2018-ci il tarixli ərizədə yuxarıda qeyd olunmuş iddiaçının icarəsində olan torpaq sahəsi barəsində Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsi bağlanılıb. Bundan sonra, “xxxx” MMC işçiləri və əməkdaşları qeyri-qanuni olaraq həmin torpaq sahəsinə daxil olaraq ona məxsus maşın, avadanlıq və texnikanı zəbt etmişlər və həmin ərazidə həmin texnikadan istifadə etməklə mişar daşının istehsalı ilə məşğuldurlar. İddiaçıya icarəyə verilmiş həmin torpaq sahəsinin hələ icarə müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış, həmin müqavilənin xitamı barəsində əvvəlcədən hər hansı bir rəsmi xəbərdarlıq və ya məhkəmə qərarı olmadan, həmin müqavilə qüvvədə ola- ola “xxxx” MMC ilə Güzdək bələdiyyəsi arasında həmin torpaq sahəsi barəsində xx xxxxx 2018-ci il tarixli İcarə müqaviləsinin bağlanılması Güzdək bələdiyyəsi tərəfindən yol verilmiş qanun pozuntusudur. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, “Abşeron rayonu Güzdək bələdiyyəsi ilə onun arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinin uzadılmış hesab edilməsi, Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli İcarə müqaviləsinin etibarsız hesab edilməsi, “xxxx” MMC-nin həmin icarə müqaviləsində göstərilmiş ərazidən çıxarılması”nı məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(085)-253/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.(hakim İ.Quliyev) Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Güzdək Bələdiyyəsi arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsi nə bələdiyyə, nə iddiaçı, nə də üçüncü fiziki və ya hüquqi şəxs tərəfindən mübahisələndirilmədiyi, eləcə də sözügedən mübahisənin predmetini təşkil etmədiyi halda məhkəmə iddia predmetindən kənara çıxaraq iddiaçını sözügedən mübahisə üzrə subyektiv hüquqdan məhrum etmişdir. Məhkəmə bunu Abşeron rayonu Güzdək bələdiyyəsi ilə iddiaçı arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsinin müddəti bitdiyi və həmin müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığı ilə əsaslandırmışdır. Məhkəmənin icarə müqaviləsinin müddəti bitdiyi əsasına münasibətdə bildirmişdir ki, icarə müqaviləsinin müddəti bitdikdə iddiaçı tərəfindən Güzdək bələdiyyəsinə həmin müqavilənin müddətinin daha bir il müddətinə uzadılması barədə yazılı müraciəti olmuşdur. Belə ki, həmin müqavilənin 2.12ci bəndinin 3-cü abzasında qeyd olunan “icarəçinin icarə müqaviləsinin uzadılması üçün İcarəyə verənə təklif vermək hüququ vardır" şərtinə əsaslanaraq iddiaçı sözügedən müqavilənin müddətinin bitdiyi gün, yəni xx.xx.2018-ci il tarixində Güzdək Bələdiyyəsinə müqavilənin müddətinin başa çatdığı üçün yenidən uzadılması barədə məktubla müraciət etmişdir. Cavabdeh Güzdək Bələdiyyəsi həmin məktuba cavab verməmiş, eləcə də iddiaçı ilə icarə müqaviləsinin ləğv edilməsi barədə iddiaçıya hər hansı bir bildiriş təqdim etməmişdir. Buna görə də, iddiaçı 2018-ci ilin iyun ayınadək, yəni cavabdeh “xxxx” MMC tərəfindən torpaq sahəsi qeyri-qanuni olaraq zəbt olunanadək həmin sahədən icarə müqaviləsinin şərtlərinə əsasən istifadə etməkdə davam etmiş, cavabdeh Güzdək Bələdiyyəsi isə buna etiraz etməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abşeron rayonu Güzdək Bələdiyyəsinin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, X6 xx.xx.2004-cü il tarixli, 9 saylı qərarı ilə təsisçiləri X5 və X14 olan "Ruzi-K" firmasına mişar daşı istehsal etmək məqsədi ilə 2 ha torpaq sahəsi 5 (beş) il müddətinə icarəyə verilmişdir. İcarəyə verilən torpaq sahəsinin bir hektarının illik icarə haqqı 1600 (bir min altı yüz) manat məbləğində olmaqla 2 hektar torpaq sahəsinə görə 3200 (üç min iki yüz) manat məbləğində icarə haqqı müəyyən edilmişdir."Ruzi-K" firması 2008-2016-cı illər üçün ümumilikdə 28 800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində icarə haqqı ödəməli olduğu halda həmin icarə haqqından cüzi bir məbləğ ödəmişdir. İcarə haqqının ödənilmədiyinə görə dəfələrlə X3 xəbərdarlıq məktubları göndərilmişdir. Hətta bununla bağlı Abşeron rayon İcra Hakimiyyətinə 39 saylı, xx.xx.2018-ci il tarixli məlumat xarakterli arayış da təqdim etmişdir.Bundan sonra nəhayət 2017-ci ilin may ayının 1-də X5 ərizə ilə Bələdiyyəyə müraciət edərək 2 ha torpaq sahəsini təhvil vermişdir. Ə.B.Məmmədsalahov torpağı təhvil verən zaman özü ilə İddiaçı adlı bir şəxsi gətirmiş, guya özünün qohumu olduğunubildirmiş, təhvil verdiyi torpaq sahəsi ilə bağlı İddiaçı arasında icarə müqaviləsinin bağlanmasını xahiş etmiş və bildirmişdir ki, "Ruzi-K" firmasının Bələdiyyəyə olan icarə haqqı borcunu İddiaçıtam ödəyəcəkdir. Buna əsaslanaraq, icarə haqqı borcunun ödənilməsinin təmin edilməsi xatirinə İddiaçı ilə xx.xx.2017-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin Ə.B.Məmmədsalahov şəriki X8 da İddiaçı ilə icarə müqaviləsi bağlanmasına guya razı olduğunu bildirmişdir. Bundan sonra X2 Amanşah Ayətşah oğlu ilə X10 arasında icarə müqaviləsi bağlandığından xəbəri olmuşdur. R.R.Babayev bir çox dövlət orqanlarına şikayət xarakterli müraciətlər etmiş və o cümlədən də X7 çoxsaylı müraciətlər etmişdir. R.R.Babayevinçoxsaylı şikayətlərinə, Ə.B.MəmmədsalahovunBələdiyyəni aldatdığına əsaslanaraq və İddiaçı icarə haqqını borcunu ödəməyərək müqavilə şərtlərini pozduğuna görə xx.xx.2017-ci il tarixdə Bələdiyyə ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş və onun 10 iş günü ərzində icarəyə götürdüyü torpaq sahəsini təhvil verməklə oradan çıxması barədə xx.xx.2018-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə də hesab edir ki, İddiaçı iddia tələbi tam əsassızdır və rədd edilməlidir. Odur ki, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh “xxxx” MMC heç bir üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdeh “xxxx” MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, Abşeron rayonu Güzdək Bələdiyyəsinin xx xxx 2017-ci il tarixli qərarı ilə 2 ha torpaq sahəsi İddiaçı 1 il müddətinə icarəyə verilmiş və bununla bağlı tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia edir ki, o, məlum müqavilə üzrə icarə haqqını vaxtlı-vaxtında ödəmiş, icarə münasibətlərini davam etdirmək niyyətindədir. Bunun üçün o, müqavilə müddəti bitdiyi tarixə cavabdeh bələdiyyəyə müraciət etmişdir. Lakin bələdiyyə ona cavab verməmiş, onunla bağlanmış müqavilənin müddətini uzatmamış, əksinə, həmin torpaq sahəsini digər bir şəxsə-“xxxx” MMC-yə icarəyə vermişdir. İddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsi ilkin olaraq ona icarəyə verildiyinə və torpaq sahəsinin icarə müqaviləsinin ləğvi ilə bağlı tərəflərdən heç birinin təşəbbüsü olmadığına görə onunla bələdiyyə arasında bağlanmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsi uzadılmış hesab edilməli, həmin torpaq sahəsinə dair Güzdək bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanılmış xx xxxxx 2018-ci il tarixli və xx xxx 2018-ci il tarixli İcarə müqavilələri isə etibarsız hesab edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsində deyilir ki, torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. -12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. -13-cü maddəsinə əsasən torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. -14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, «Bələdiyyə əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir". Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, "Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İstinad olunan normalardan göründüyü kimi torpaq sahəsi üzərində icarə hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə biləcək hüquq olub, torpaq sahəsindən həm müddətli, həm də əvəzli istifadədir. Belə ki, müqavilə azadlığı prinsipinə əsasən icarənin müddəti tərəflərin razılığı ilə müəyyən olunaraq, icarəyəverən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil verməli, icarəçi isə torpaq sahəsindən istifadəyə görə icarə haqqını vaxtında ödəməklə icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmalıdır. Bu zaman hüquqların təminatı baxımından torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunan şərtlərə əməl edilməklə torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müdafiəsinə və toxunulmazlığına dövlət təminatı verilir. Hazırki halda isə ilk öncə qeyd edilməlidir ki, işin hallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının icarəsinə hərrac keçirilmədən bilavasitə verilmiş, həmçinin, iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış, eləcə də iddiaçının torpaq sahəsindən istifadəyə dair icarə haqqının ödənilməsi ilə bağlı hər hansı ödəniş etməsi müəyyən olunmur. İddiaçı torpaq sahəsi ilə bağlı icarə haqqlarını vaxtlı-vaxtında ödədiyini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübutu-qəbzi məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının müqavilə şərtlərini pozması və icarə haqlarını ödəməməsi cavabdeh bələdiyyənin məhkəmə kollegiyasına ünvanladığı xx.xx.2020-ci il tarixli, 57 nömrəli məktubda da öz əksini tapmışdır. Həmin məktubdan görünür ki, X6 xx.xx.2004-cü il tarixli, 9 saylı qərarı ilə təsisçiləri X5 və X14 olan “Ruzi-K” firmasına mişar daşı istehsal etmək məqsədilə ilə 2 ha torpaq sahəsi 5 il müddətinə icarəyə verilmişdir. “Ruzi-K” firması 2008-2016-cı illər üçün ümumilikdə 28 800 manat məbləğində icarə haqqı ödəməli olduğu halda həmin icarə haqqından cüzi məbləğ ödəmişdir. Bununla bağlı X3 xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra 2017-ci ilin may ayının 1-də sonuncu ərizə ilə bələdiyyəyə müraciət edərək 2 ha torpaq sahəsini təhvil vermişdir. Ə.Məmmədsalahov torpağı təhvil verən zaman özü ilə İddiaçı adlı bir şəxsi gətirmiş, təhvil verdiyi torpaq sahəsi ilə bağlı İddiaçı arasında icarə müqaviləsinin bağlanmasını xahiş etmiş və bildirmişdir ki, “Ruzi-K” firmasının bələdiyyəyə olan icarə haqqı borcunu İddiaçı tam ödəyəcəkdir. Buna əsaslanar İddiaçıla bələdiyyə arasına torpaq sahəsinin icarə müqaviləsi bağlanmışdır. Lakin sonuncu icarə haqqını ödəməyərək müqavilə şərtlərini pozduğuna görə onunla bağlanmış icarə müqaviləsi bələdiyyə tərəfindən etibarsız sayılaraq onun 10 iş günü ərzində icarəyə götürdüyü torpaq sahəsini təhvil verməklə oradan çıxması barədə xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məktubda məzmununa istinad edilən Güzdək Bələdiyyə sədrinin X3 və İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, (...) xx.xx.2017-ci il tarixdə İddiaçı adına bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş, 10 iş günü ərzində yığılmış icarə borclarının tam ödənilərək qanunsuz istismar edilən bələdiyyə torpağının tərk edilməsi tələb edilmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçı mübahisəli torpaq sahəsi üzərində icarə hüquqlarının pozulduğunu iddia edərək, onunla Güzdək Bələdiyyəsi arasında bağlanmış icarə müqavilənin müddətinin uzadılmış hesab edilməsini xahiş etsə də, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən də cavabdeh bələdiyyə iddiaçı ilə müqavilə müddətini uzatmaq istəməmiş və bununla bağlı iddiaçıya səbəbini göstərməklə məlumat vermişdir. “İcarə haqqında” Azərbayacan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndində deyilir ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Göründüyü kimi qanunverici müqavilənin müddətini o zaman uzadılmış hesab edir ki, müqavilə müddəti bitdikdən sonra tərəflərin ona xitam vermək və ya dəyişdirmək kimi təşəbbüsü olmuş olmasın. Hazırki halda isə cavabdeh bələdiyyə nəinki müqavilə müddəti bitdikdən (xx.xx.2018ci il) sonra, hələ müqavilənin müddəti bitməmiş (xx.xx.2018-ci il) müqavilə münasibətlərini davam etdirmək istəmədiyini bildirmişdir. Belə olduqda isə iddiaçı ilə Abşeron rayonu Güzdək bələdiyyəsi ilə arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsini uzadılmış hesab etmək sonuncunu iddiaçı ilə yenidən müqavilə münasibətlərinə girməyə məcbur etmək kimi çıxış edər və bu, müqavilə azadlığı prinsipinə zidd olmuş olar. Belə ki, mülki hüququn mühüm prinsiplərindən olan, MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri və müqavilə müddətini müəyyən etmək azadlığını qeyd etmək olar. Bu səbəbdən də iddiaçının iddiasının bu hissəsi qanunsuz və əsassız olduğundan təmin oluna bilməz və bu hissədə iddianı təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının iddiasının birinci hissəsi təmin olunmadığından, yəni iddiaçının Abşeron rayonu Güzdək bələdiyyəsi ilə arasında bağlanılmış xx xxx 2017-ci il tarixli icarə müqaviləsi uzadılmış hesab edilmədiyindən və bununla da müqavilə müddəti bitdikdən sonra iddiaçının həmin torpaq sahəsi ilə bağlı hər hansı hüququ qalmadığından, iddiaçının həmin torpaq sahəsi ilə bağlı sonradan bağlanmış hər hansı müqaviləni mübahisələndirmək, həmin ərazinin boşaldılmasını tələb etmək kimi də bir hüququ qalmır. Yəni həmin ərazinin sonradan başqasının icarəsinə verilməsi, bununla əlaqədar bağlanmış icarə müqavilələrinin qanuni və ya qanunsuz olmasını mübahisələndirməsi üçün hazırda iddiaçının həmin torpaq sahəsinə münasibətdə hər hansı subyektiv hüququ müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin faktiki hallarına Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən yanaşdıqda aydın olur ki, başqa şəxslərdən tələb etmək və müdafiə hüququnun reallaşması üçün ilk öncə öz hərəkətlərinə hüquqi ixtiyarın olması vacibdir. Hazırki halda isə iddiaçının belə bir hüquqi ixtiyara malik olmaması onun digər şəxslərdən tələb və müdafiə hüququnu da aradan qaldırmış olur. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bütövlükdə onun iddiasını rədd etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası, iddiaçını tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyini və apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2-2 (085)253/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:imza Hakimlər:imzalar Əsli ilə düzdür: Hakim: Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar