Məhkəmə qərarları › İş №2-2(105)-46/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-46/2023

08.05.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-46/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X17 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə4, cavabdehlər Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə5, Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı daşınmaz əmlakların alğı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-11/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bir tərəfdən "xxxx" - İddiaçı, digər tərəfdən “icraçı”lar - Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli Əməkdaşlıq müqaviləsində mülkiyyətçinin Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1.825 kv.m. qeyri-yaşayış sahəsində ona məxsus ½ hissəsinin, həmçinin satın aldığı, Qusarda olan 8 ha torpaq sahəsini tam müasir növlü alma bağı saldıqdan sonra “icraçı” tərəfə dövr etmək, həmçinin “icraçı” tərəfin təklif etdiyi Qusar rayon ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazımi xərcləri çəkmək, bunun müqabilində “İcraçı” tərəf "xxxx" MMC-nin 33%, "xxxx" firmasının (Our Orchards MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100.000 manat gəlirin "xxxx"yə dövr edilməsinin təşkili ilə bağlı öhdəliklərin icrasının qarşılıqlı həyata keçirilməsi müqavilədə nəzərdə tutulmuşdur.

2. Cavabdeh3 MMC 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********).

3. Satıcı İddiaçı və alıcı Cavabdeh3 MMC-nin adından Cavabdeh1 arasında bağlanan 2017-ci il 18 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-153 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34.900 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə- 173 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8.500 manata, 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-174 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10.500 manata və 2017-ci il 19 yanvar tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-176 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7.500 manata, 2017-ci il 7 iyun tarixli, AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2141 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77.000 manata və 2017-ci il 7 iyun tarixli, AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (reyestrdə 4Ə-2142 nömrəli), Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71.400 manata İddiaçı tərəfindən Cavabdeh3 MMC-yə satılmışdır.

4. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə ünvanlanan pretenziya xarakterli məktubdan görünür ki, bağın salınması üçün sərf edilən 200.000 manat, əldən çıxmış fayda kimi 90.000 manat pulun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra – “iddiaçı”) 2020-ci il 21 oktyabr tarixində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi 2022-ci il 12 aprel tarixində isə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 şəxsən faktiki və Cavabdeh1 iştirakı ilə iddiaçı və digər Cavabdeh3 MMC arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılması və Cavabdeh3 MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində mübahisələndirilən alqısatqı müqavilələrinin predmeti olmuş Qusar rayonu Çağar kəndi ərazisində ayrıayrılıqda yerləşən ümumilikdə 7,196344 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuşdur. Cavabdeh1 və Cavabdeh2 iddiaçının onlara olan etibarından istifadə edərək, iddiaçıya məxsus qeyd olunan əmlakı özlərinə uyğun özgəninkiləşdirilərək belə rəsmiləşdirilməyə nail olmuş, lakin əmlaka görə razılaşdırılan dəyərin əvəzində vədlərinə əməl etməmişlər. Nəticədə iddiaçı qanuni əsaslarla əldə etdiyi əmlakdan məhrum olmuşdur və əmlak onlarda qaldıqca cavabdehlər əsassız varlanmaqda davam edirlər. Cavabdeh1 və Cavabdeh2 bir-neçə il bundan əvvəl alma biznesində yaxşı gəlir olduğunu, iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsində yüksək məhsuldarlığı olan “fransa” növlü alma bağı salaraq, Xaçmaz - Quba - Qusar rayonları ərazilərində bu işi həyata keçirmək üçün yaradılmış Cavabdeh3 MMC-yə dövr etməklə və həmin firmaya məxsus daha 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınmasının xərclərinin ödəyəcəyi təqdirdə, iddiaçını həmin şirkətin 35% payına sahib edəcəklərini, 2 ildən sonra hər il ən azı 100.000 manat gəlir götürəcəyinə iddiaçını inandırmışlar. İddiaçı 73.225 avro köçürüb, Fransadan alma çilinglərini gətirərək, 8 ha torpaq sahəsində müasir alma bağı salmışdır. Qeyd olunan torpaq sahələri və başqa əmlaklarla bağlı cavabdehlər arasında 2015-ci il 8 may tarixində Əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hazırda mübahisələndirilən alqı-satqı müqavilələrinin aid olduğu torpaq sahələri və bağ massivinin salınması ilə bağlı qarşılıqlı razılaşmalar həmin müqavilədə əksini tapmışdır. Müqavilə üçüncü şəxs "xxxx" MMC tərəfindən iddiaçının iştirakı ilə və razılaşdırılan müqaviləni MMC-ni təmsil edən Cavabdeh1 iştirakı ilə iddiaçı və Cavabdeh3 MMC arasında Daşınmaz Əmlakın alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqının rəsmiləşdirilməsi üçün ödənişlə bağlı tələb olunan simvolik məbləğ və pulun dövriyyəsi göstərilmiş, lakin pul alınmamışdır. Çünki razılaşmaya əsasən, əmlakın əvəzində həmin firmanın 35%-i iddiaçının adına rəsmiləşdirilməli idi. Bundan sonra iddiaçı yerdə qalan 12 ha torpaq sahəsində yeni alma növlü bağ sahəsinin salınması üçün tələb olunan 200.000 manat məbləğində pulu nağd şəkildə Cavabdeh2 vermiş və sonuncu da həmin məbləği tam şəkildə alma bağının salınmasına sərf etmişdir. Müasir, yüksək məhsuldar bağ salınmış və oraya çəkilən xərclərin bir qismi məhz iddiaçı tərəfindən verilmiş 200.000 manat məbləğin hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha bağ sahəsi də cavabdehlərə dövr edilmişdi. Lakin razılaşma müddəti başa çatmasına baxmayaraq, iddiaçının firmada payının rəsmiləşdirilməsi təmin olunmamışdır. Bununla iddiaçı cavabdehlər tərəfindən aldadılmaqla, əvəzi ödənilmədən, əmlakı əlindən çıxmışdır. Ona görə həmin alqı-satqı müqavilələri ləğv olunmalıdır. Bundan başqa, tərəflər arasında mövcud Əməkdaşlıq müqaviləsi əsasında cavabdehə məxsus torpaq sahəsində yeni alma bağlarının salınması üçün iddiaçı tərəfindən sərf edilmiş 200.000 manat məbləğində pul da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, müqavilənin şərtinə əsasən, bağ sahələrinin salınması üçün iddiaçının çəkdiyi həmin məbləğin əvəzində iddiaçıya vəd edilmiş hər il gəlirdən ən azı 100.000 manat ödənilməli məbləğdən hər hansı pul ödənilməmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə isə onunla əsaslandırılmışdır ki, ilkin iddia veriləndən sonra cavabdehlərlə bağlı mövcud münasibətlərdə vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq iddia həcmini azaltmaqla, iddia tələbinin dəqiqləşdirilməsi vacibliyi ortaya çıxmışdır. Belə ki, hazırkı iş üzrə ləğvi tələb olunan Cavabdeh1 və Cavabdeh2 ilə iddiaçı arasında 2015-cı il 8 may tarixində bağlanmış Əməkdaşlıq müqaviləsi ilə bağlı müddət ötdükcə, həmin müqavilə üzrə cavabdehlərə aid edilən öhdəliyin həcmində və icra qaydasında da dəyişikliklər baş vermişdir. Ona görə də həmin müqavilənin ləğvi və onda razılaşdırılmış şərtlərdən irəli gələn öhdəliklərin icrası ilə bağlı cavadehlərə qarşı yeni tələblər irəli sürülmüşdür.

7. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 337.1, 404.2-ci maddələrinə istinad olunmuşdur.

8. 2020-ci il 19 noyabr tarixində Cavabdeh1 vəkili iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaya cavab verməli olmayan şəxsdir. Belə ki, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrinin bağlanılmasında Cavabdeh1 fəaliyyəti Cavabdeh3 MMC-ni təmsil etmək olmuşdur. Etiraza əlavə edilmiş internet vergi idarəsindən çıxarışa əsasən, hazırda Cavabdeh3 MMC-nin qanuni təmsilçisi başqa şəxsdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia ona cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Ona görə də, mülki işə Cavabdeh1 hissəsində xitam verilməlidir. Digər tərəfdən, iddiada ifadə edilmiş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb iddia müddəti ötürülməklə verilmişdir. İddiada ifadə olunmuş “müqavilənin etibarsız hesab edilməsi barədə” tələb sübutla təsdiq olunmayan və prosessual müddət ötürülməklə verildiyindən əsassız olmuşdur.

10. 2021-ci il 29 yanvar tarixində yenidən Cavabdeh1 tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək, iddianın pul tələbinin ona aid olan hissədə rədd olunmasını xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada etibarsızlığı tələb olunan müqavilələrin bağlanması və müqavilələrin aid olduğu əmlakla bağlı danışıqlarda, razılaşmalarda onun iştirakı olsa da, əməkdaşlıq müqaviləsindən başqa, həmin müqavilələr onunla deyil, faktiki olaraq Cavabdeh2 tərəfindən firma ilə bağlanmışdır. Ona görə rəsmi baxımdan, həmin müqavilələrlə bağlı tələblər də ona deyil, Cavabdeh2 qarşı yönəlməlidir. Firmanın adına keçirilmiş torpaq sahələrinin dəyərinin və iddiaçının xərclərin ödənilməsi üçün verdiyi pulların sonradan ona qaytarmasının təmin edilməməsi ilə ziyan dəyməsinə gəldikdə, əmlakın dəyərinin və iddiaçının alma bağlarının salınması, həmçinin başqa layihələrdə cavabdehlərə inanmaqla, iddiaçının qoyduğu vəsaitin əvəzində vədə əməl olunmaması birbaşa onun günahı olmamış, Cavabdeh2 əli ilə şirkət tərəfindən hamının aldadılmasından irəli gəlmişdir. Adı keçən əməkdaşlıq müqaviləsinin bağlanması, eləcə də, sonradan iddiaçıya məxsus torpaq sahələrinə alqı-satqısı müqavilələrin bağlanması, alma bağlarının salınması üçün iddiaçıdan pulun götürülməsi, eləcə də onu şərikliyə cəlb edilməsinin müəllifi Cavabdeh2 olmuşdur. Bundan başqa firma üçün alınan daha 12 ha torpaq sahəsində yeni alma bağının salınması ilə bağlı Cavabdeh2 təklifini qəbul edərək, iddiaçı bunun üçün bankdan 250.000 manat məbləğində kredit götürmüş, ondan 200.000 manat pulu cavabdehin yanında Cavabdeh2 vermiş, sonuncu da həmin məbləği adı çəkilən sahədə alma bağlarının salınmasına sərf etmişdir. Alma bağlarının salınması ilə bağlı bütün xərclərin uçotu Cavabdeh2 ilə cavabdeh tərəfindən aparılmış və bununla bağlı iddiaçıya məlumat verilmişdir. İddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə 12 ha torpaq sahəsində yeni növlü alma bağı salınması üçün xaricdən gətirilən alma çilinglərinə 286.000 evro xərclənmişdir. Bundan 200.000 manat iddiaçıdan götürülmüş, 70.000 ABŞ dolları onun şəxsi vəsaiti hesabına ödənilmişdir. İddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı-satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğlərin hamısı həmin bağın salınmasına sərf edilmişdir. İddiaçıya məxsus qeyd olunan torpaq sahəsi və ödənilən pul vəsaitlərlə bağlı tələbində haqlı olmuşdur. Lakin iddiaçıya cavabdehlər tərəfindən vədin gecikdirilməsi onun iradəsindən asılı olmamışdır. Bütün vədlər və iddiada qeyd olunan mübahisə ilə bağlı məsələlərin təşkilini o deyil, Cavabdeh2 etmişdir. Alma bağının salınmasına qoyulan 70.000 dolları hələ də alına bilməmişdir. Ona görə hazırkı iddia ilə bağlı tələbə Cavabdeh2 özü və onun tərəfindən təsis edilərək, sonradan başqasının adına keçirilən Cavabdeh3 MMC cavabdehlik daşımalıdır. Bu baxımdan həmin müqavilələrin etibarsızlığı ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Lakin Cavabdeh1 iddianın pul tələbinin müştərək olaraq ona da yönəldilməsini qəbul etməmişdir.

12. Cavabdeh2 iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edildiyi kimi iddia predmetinin aid olduğu torpaq sahəsi və pul vəsaitləri ilə bağlı iddiaçı ilə razılaşmalar olmuşdur. Firmaların açılması, xarici tərəflə görüşlər, işlərə başlamağa digər hazırlıqlar təqribən 1 il müddət çəkmişdir. Bütün bu müddətlər ərzində hər bir tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirirdi. Sonradan aldanma nəticəsində düşdüyü çətin vəziyyətə görə müqavilə tərəfi olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaranmışdır. İlkin olaraq razılaşdırıldığı kimi iddiaçı onun qardaşı Asəflə bərabər payda olan Xaçmaz rayon Yergüc kəndində yerləşən cəmi 0,56 ha ona məxsus 0,28 ha torpaq sahəsində istehsalat sahəsini qeyri-yaşayış obyekti tam təmir etmiş, artıq təsis etdiyi "xxxx" MMC-nin istifadəsinə verilməsi üçün razılaşma üzrə iddiaçı həmin obyektin təmirtikintisinin başa çatdırılması üçün "xxxx" ASC bankdan 150.000 manat kredit götürmüş və həmin kredit hesabına əmlakı təmir edib, hazır vəziyyətə gətirmişdir. Razılaşmanın alma bağları hissəsi üzrə iddiaçı özünə məxsus torpaq sahəsində yeni növlü alma bağı salmaq üçün, 2016-cı il 19 avqust tarixində 73.225 avronu köçürmüş, qeyd olunan məbləğdə alma çilingləri Fransadan gətirilmiş, bağ salınmışdır. Həmin sahədə alma bağının salınması təklifini razılaşmalarda cavabdeh də iştirak etsə də, danışıqlar əsasən, “Alma bağları” (Cavabdeh3 MMC) firmasının icraçı direktoru Cavabdeh1 tərəfindən aparılmışdır. Həmin bağ sahəsi "xxxx" firmasına dövr edilməli, əvəzində iddiaçıya “Alma bağları” firmasının 35% payı verilməli idi. Həmin razılaşma əsasında da iddiaçı tərəfindən özünə məxsus 8 ha torpaq sahəsi, 73225 avro məbləğində yeni növlü alma çilingi ilə təmin olunmuş, hazır şəkildə hissə-hissə “Alma bağları” firmasının adına rəsmiləşdirilmiş və sonuncuya dövr edilmişdir. Lakin razılaşmaya uyğun olaraq, iddiaçıya pul ödənilmədən, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqıya ödənildiyi qeyd edilən məbləğlərin hamısı firmaya məxsus sahədə alma bağların salınması üçün sərf olunmuşdur. İddiaçı ilə birgə fəaliyyətin davamı olaraq, ona firma üçün alınan cəmi 20 ha torpaq sahəsində, ona məxsus olan 8 ha-dan başqa 12 ha hissəsində yeni alma bağının salınması təklif edilmiş və alma bağı ərsəyə gələndə tezliklə borcun qaytarılmasının mümkünlüyündən təklifi qəbul etmiş və bunun üçün də bankdan 250.000 manat məbləğində kredit götürülmüşdür. İddiaçının götürdüyü 250.000 manat kreditdən 200.000 manat hissəsi alma bağlarının salınmasına sərf edilmiş, bunlar ortaq olan digər Cavabdeh1 razılığı və iştirakı ilə olmuşdur. Həmçinin o, icraçı direktor olduğundan alqı-satqı sənədləri onun tərəfindən imzalanmışdır. Nəticədə iddiaçıdan götürülən 8 ha bağ sahəsindən əlavə firma üçün alınan 12 ha torpaq sahəsinin hazırlanmasından başqa, yalnız xaricdən alma çilinglərinin alınmasına 286.000 evro xərclənmişdir. Bunun 200.000 manatı iddiaçı, 70.000 ABŞ dolları Cavabdeh1, yerdə qalan məbləğ isə iddiaçıya məxsus 8 ha torpaq sahəsinin alqı satqısının rəsmiləşdirilməsi üçün qeyd edilən məbləğ də daxil olmaqla, firmadan götürülmüşdür. Razılaşmaya əsasən, müqavilənin müddəti hələ bitməmişdir. Ona görə hazırki iddia tələbində iddiaçı haqsız olmuşdur. Firmalarda paylar və əmlaklarla bağlı vədin gecikdirilməsi cavabdehin iradəsindən asılı olmamışdır. Digər tərəfdən o, mövcud müqavilənin şərtlərinə əməl edilməsinə hər vasitə ilə çalışmışdır. Məhkəmə torpaq sahələrinin (alma bağları) alqı-satqı müqavilələrini ləğv edərsə, iddiaçı əmlakı geri götürəcəkdir. Bu da firmanın fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnəcəkdir. İddiaçı müqavilələrin pozulması və verdiyi əmlakını geri qaytarılmasını deyil, əvəzində cavabdehdən pul tələb edə bilərdi. Bu səbəbdən iddia rədd olunmalıdır.

14. Cavabdeh3 MMC iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbləri "xxxx" MMC-yə aid hissədə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. İddiaçı tələblərini nə qədər aldandığı, aralarında bağlanmış əməkdaşlıq müqaviləsinin olması ilə əsaslandırmağa çalışsa da, qanunverici əqdlərin mübahisələndirilməsi üçün ömürlük müddət müəyyən etməmiş və müddətin keçməsi ilə tərəfin belə bir hüququna xitam verilməsini nəzərdə tutmuşdur. İddiaçının özü də qeyd etmişdir ki, aldadıldığını 2019-cu ilin iyul ayında bilmiş və 1 illik müddəti ötürərək 2020-ci ilin oktyabr ayında məhkəməyə müraciət etmişdir. Cavabdeh3 MMC 2016-cı il 12 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfində qeydiyyata alınmış və bu barədə VÖEN ********** nömrəli kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən çıxarış verilmişdir. Cəmiyyət iki şəxs tərəfindən təsis olunmuş və qeydiyyata alınmışdır. Nizamnamə kapitalında 65% payı olan “X5 Şirkəti” QSC və 35% paya malik Cavabdeh2 olmuşdur. Digər Cavabdeh1 isə cəmiyyətin direktoru olaraq 2016cı il 23 dekabr tarixində fəaliyyətə başlamışdır. İddiaçının istinad etdiyi əməkdaşlıq müqaviləsi isə 2015-ci il 8 may tarixində bağlanmışdır. Həmin müqavilə cəmiyyətin üzərinə öhdəlik qoya bilməzdi. Belə ki, həmin vaxt iddiaçı ilə müqavilə bağlayan şəxslərin heç biri mövcud olmayan cəmiyyətin adından hər hansı öhdəliyi üzərinə götürə bilməzdi. Nəticə olaraq yuxarıda gətirilən dəlillərdən də görünür ki, iddiaçı işə aidiyyəti olmayan müqaviləni əlavə edib tələblərini əsaslandırmağa çalışsa da, əqdin etibarsızlığı ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tələb hüququnun vaxtını ötürmüşdür.

16. "xxxx" MMC tərəfindən 2021-ci il 1 fevral tarixində vəsatətlə Qusar Rayon Məhkəməsinə müraciət edilərək, işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

17. Qusar Rayon Məhkəməsinin 2021-ci il 12 fevral tarixli, 2(029)-129/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin vəsatəti təmin edilmiş, 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim – R.Kazımov).

18. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 20 aprel tarixli, 2-2(119)- 508/2021 saylı protokol-qərardadı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X6 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti işə cəlb edilmişdir.

19. Sumqayıt Kommersiya Məhkəməsinin 2022-ci il 15 aprel tarixli, 2-2(119)-11/2022 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMCyə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri iddiaçının özünə aid olunmuşdur (hakim – Z.Sadiqov).

20. Məhkəmə qeyd etmişdir ki, iş üzrə məhkəmə araşdırması zamanı mübahisə predmeti olan torpaq sahələrinin müvafiq qaydada bağlanaraq, rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında iddiaçı tərəfindən Cavabdeh3 MMC-yə satılması təsdiq olunsa da, iddia tələbində qeyd olunan həmin müqavilələrin ləğv olunmasına əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahələrinin iddiaçıya geri qaytarılması, Cavabdeh3 MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia tələbinin əsaslılığı da məhkəmə araşdırması zamanı mötəbər sübutlar əsasında təsdiq olunmamışdır. MPM-in tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan – hazırkı mübahisə üzrə də iddia tələbini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmalı, iddia ərizəsində iddia tələbi iddiaçı tərəfin malik olduğu və məhkəməyə təqdim etdiyi sübutlar əsasında müvafiq qaydada əsaslandırılmalı və eləcə də, iş üzrə aparılan məhkəmə araşdırmasında da iddiaçı tərəfindən iddia tələbi sübut edilməli idi. Lakin, hazırkı iddia tələbində qeyd olunan 8 ha torpaq sahəsinin satılması ilə əlaqədar alqı-satqı müqavilələri iddiaçı və Cavabdeh3 MMC arasında müvafiq qaydada notarial qaydada tərtib-təsdiq edilməklə bağlanmış, həmin müqavilələrin ləğvi üçün əsas ola biləcək halların mövcudluğunu və eyni zamanda, “Cavabdeh1 və Cavabdeh2 təhvil verilmiş Qusar rayonu Çağar kəndində yerləşən iddiaçıya məxsus faktiki 8 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı və Cavabdeh3 MMC-yə məxsus 12 ha torpaq sahəsində alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı” olmasının əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. İddiaçının cavabdehlərə qarşı “daşınmaz əmlakların alqı-satqı müqavilələrinin ləğvi, torpaq sahəsinin qaytarılması və pul tələbi” barədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı sübut olunmamış və öz təsdiqini tapmamışdır.

21. Məhkəmə gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 76, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

22. İddiaçı həmin qətnamədən 2022-ci il 21 may tarixində apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsindəki icraat

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə iddianın təmin edilməməsinin hüquqi əsası kimi istinad edilən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci və 646.1-ci maddələrinin nəticə tələbinə görə “...müqavilə tələb olunan normalara uyğun gəlməli, daşınmaz əmlakla bağlı müqavilə notariat qaydasında təsdiqlənməlidir”. Tərəflər arasında torpaq sahələri ilə bağlı bağlanmış qeyd olunan alqısatqı müqaviləsinin notariat qaydasında təsdiqləndiyi, Əməkdaşlıq müqaviləsinin isə notariat qaydasında təsdiqlənmədiyi işin mübahisəsiz halıdır. Lakin bu təsdiqlənmənin olub-olmaması hazırkı mübahisə üçün heç bir önəm daşımır. Ona görə ki, mübahisənin əsası kimi müqavilələrin bağlanması deyil, bağlanmış müqavlələrə görə edilmiş vədin yerinə yetirilməməsidir. Məhz bu baxımdan iddiaçı iddia tələbini “müqavilələrin etibarsızlığından”, “müqavilələrin ləğvinə” dəyişdirməklə, iddianı dəqiqləşdirmişdir. Adı keçən Əməkdaşlıq müqaviləsinin tərtibi ilə bağlı mübahisə yoxdur. Əksinə tərəflər həmin müqaviləni gələcək biznes münasibətlərini tənzimləmək məqsədi ilə bağladıqları və iradə ifadələrinə uyğun tərtib edildiyini bildirirlər. Əməkdaşlıq müqaviləsi, tərəflərin gələcək hüquq və öhdəliklərin müəyyən edilməsi olmaqla, ilkin müqavilə qismində çıxış etmiş və sadə formada tərtib edilmişdir. Nəticə etibarı ilə adı keçən əməkdaşlıq müqaviləsinin tərtibində, qanunazidd olan hal mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış adı keçən 6 ədəd alqısatqı müqaviləsində hər satılmış sahəyə görə məbləğ müəyyən edilmiş və həmin məbləğ satan tərəf olan iddiaçıya verildiyi kimi rəsmiləşdirilmişdir. Lakin məhkəmədə müəyyən edilmiş işin həqiqi hallarına görə satana pul verilmədiyi təsdiqlənmiş və bunun tərəflər aralarında mövcud olan Əməkdaşlıq müqaviləsindən irəli gəldiyinə istinad edilir. Belə olan halda əməkdaşlıq müqaviləsində qeyd edilən pay və gəlirdən pul verilməsi də təmin edilməlidir. Əks təqdirdə yəni ilkin müqavilə qismində çıxış edən əməkdaşlıq müqaviləsinin tələblərinə uyğun olması təmin edilmədiyindən, alqı-satqı müqaviləsinin ləğvi üçün əsasdır. `Məhkəmə iş üzrə tərəflər arasında baş vermiş qeyd olunan halları müəyyən etmiş, lakin müəyyən etdiyi hallara nisbətdə adı çəkilən maddələri düzgün tətbiq etməmişdir. Nəticədə faktlar nöqteyi nəzərindən düzgün olmayan qətnamə qəbul edilmişdir. Tərəflərin öz aralarında müqavilə müstəvisinə gətirdikləri razılaşmani əks edən Əməkdaşlıq müqaviləsində müəyyən edilmiş və cavabdeh tərəflərin yerinə yetirməli olmalarına yönələn tələblərdən yaranan təsis olunacaq müəssisədən payların verilməsi, əldə edilən gəlirdən hər il üçün 100.000 manatdan az olmayan məbləğin ödəniləcəyi kimi üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. İddiaçı isə əmlakını əvəzsiz verəcəyi, bağ salınması üçün pul verməsi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. Bu baxımdan da məhkəmə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı maddi normanı tətbiq etməli idi. Lakin məhkəmə qeyd olunan halları iş üzrə müəyyən etmiş, öhdəliklərin icrası ilə bağlı maddi normanı isə tətbiq etməmişdir. İş üzrə müəyyən edilmiş dəlllərə görə iddiaçının əmlakın verilməsi və bununla bağlı alqı-satqı müqaviləsinin bağlanması, eləcə də 200.000 manat sərmayə edilməsi tərəflərin ilkin olaraq aralarında bağladıqları Əməkdaşlıq müqaviləsinin şərtlərindən irəli gəlmişdir. Lakin həmin icra olunmuş öhdəliklərin əvəzində tərəflər arasında razılaşdırılmış qarşılıqlı icra olunmalı öhdəlikləri cavabdehlər yerinə yetirmədiyindən, münasibətlər ilkin vəziyyətə gətirilməlidir. Bu da işdə adı keçən 6 ədəd alqı-satqı müqaviləsi ləğv edilməklə mümkündür.

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim-Z.Məmmədov, hakimlər-R.Ağayev və İ.Dəmirov).

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin materialları ilə müəyyən olunanlara əsasən, iddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il tarixli 8 may tarixli Əməkdaşlıq müqaviləsi bağlanmış, həmçinin həmin müqavilə notarial qaydada təsdiq olunmamışdır.

26. Birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərini əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2022-ci il 22 fevral tarixli, 2(102)-620/2022 saylı qərarından görünür ki, iddiaçılar İddiaçı və X3 məhkəmədə Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, birgə mülkiyyətlərində olan Xaçmaz rayonu, Yergüc kəndində yerləşən 0,56 ha torpaq sahəsinin və orada inşa edilmiş 1825 kv.m. sahəsi olan əmlak kompleksinin 1/2 hissəsinə dair Cavabdeh2 ilə Abdullayev Ağasəf arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli bağışlama müqaviləsinin, habelə sözügedən torpaq sahəsinin və əmlak kompleksinin 1/2 hissəsinə dair İddiaçıla Cavabdeh2 arasında notarial qaydada bağlanmış 2016-cı il 16 iyun tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilələrin yaratdığı sonrakı hüquqi nəticələrin etibarsız hesab edilməsi və əldən çıxmış faydaya görə cavabdehlərdən müştərək qaydada 40.000 manat pulun tutulub onlara ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

27. Həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “iddiaçıların istinad etdiyi 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən, sözügedən müqavilə 2015-ci il 8 may tarixində bağlandığı halda, "xxxx" MMC 2016-cı il 26 iyul tarixində təsis edilib. Belə olan halda 2015-ci il 8 may tarixdə bağlanılmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə, həmin müqavilənin etibarlılığını şübhə altına alır.”

28. Həmin əməkdaşlıq müqaviləsi bağlanandan sonra eynilə hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 MMC 2016-cı il 21 dekabr tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin etibarlılığı şübhə altına alınaraq həmin müqaviləyə artıq hüquqi qiymət verilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 390.2, 394, 646.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

30. İddiaçı həmin qətnamədən 2022-ci il 25 sentyabr tarixində kassasiya şikayəti (Vəkil3 tərəfindən tərtib olunmuş) vermiş onun tam ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

31. İddiaçı həmin qətnamədən 2022-ci il 29 sentyabr tarixində kassasiya şikayəti (vəkil X14 tərəfindən tərtib olunmuş) verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını, cavabdehlər barəsində törətmiş olduqları cinayət xarakterli hərəkətlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılması üçün xüsusi qərardad qəbul olunmaqla prokurora xəbər verilməsini xahiş edilmişdir.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-745/2022 nömrəli 30 dekabr 2022-ci il tarixli qərarı ilə (X11 (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X7) İddiaçı Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)- 75/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

33. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən torpaq sahəsinin və vəsaitlərin verilməsi işin cavabdehlər tərəfindən mübahisələndirilməyən halı olmuşdur. İşin mübahisələndirilən halı isə iddiaçıya müəssisədən payın verilməsi və hər il gəlir əldə etməsi ilə bağlı olmuşdur.

34. Belə ki, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz və mülahizədə İddiaçı alma bağlarının salınması ilə əlaqədar qoyduğu vəsaitin qarşılığında verilmiş vədlərə əməl olunmamış, ona pul ödənilməmişdir. Etirazda iddia tələbinin qismən əsaslı olduğu, iddia tələbinə görə Cavabdeh2 və MMC-nin cavabdehlik daşımalı olduğu göstərilmişdir (İ cild, iş.v 234).

35. Bundan başqa, işə apellyasiya instansiyasında baxılarkən 2022-ci il 29 iyul tarixli məhkəmə iclasında Cavabdeh2 izahatında iddianı müəyyən qədər qəbul etməsi, iddiaçı tərəfindən 200.000 manat vəsaitin verilməsi, alqı-satqı müqavilələrin qarşılığında iddiaçı ilə ortaqlıq yaradılması faktları öz əksini tapmışdır. Həmçinin, həmin iclasda Cavabdeh2 məhkəmədən iddiaçının apellyasiya şikayətinin təmin, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmasını xahiş etmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyində və cavabdeh MMC-nin kassasiya şikayətinə qarşı təqdim etdiyi etirazda göstərilmiş, alqı-satqı müqavilələri üzrə alınan əmlakın dəyərinin notariusun depozit hesabına ödənilməsi səbəbindən torpaq sahələrinin iddiaçıdan dəyəri ödənilməklə alınmış olmasına dair mövqeyə münasibətdə vurğulamağı zəruri hesab edir ki, daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlanan zaman vəsaitin notariusun depozit hesabına ödənilmədən alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi qanunvericiliyin tələbləri baxımından və faktiki olaraq qeyri-mümkündür. Bu səbəbdən, həmin vəsaitlərin notariusun depozit hesabına ödənilməsi istisna olunmur. Lakin, göstərilən vəsaitlərin notairusun depozit hesabından həqiqətən iddiaçı tərəfindən, və yaxud cavabdehlər və ya cavabdeh müəssisəsinin kassiri tərəfindən götürülməsi mübahisəli və iş üzrə tam, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət daşıyan haldır. Belə ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, üçüncü şəxsin nümayəndəsi sədrlik edən hakimin sualına cavab olaraq pulun Cavabdeh3 MMC-nin kassiri tərəfindən notariata gətirildiyini, pul depozitə qoyulduqdan sonra yenidən götürüb getdiklərini bildirmişdir. Eyni məzmunlu ifadələr həmçinin iddiaçının da məhkəmə iclaslarında verdiyi izahatlarında və məhkəmə aktlarından verdiyi şikayətin dəlillərində öz əksini tapmış, apellyasiya instansiyası məhkəməsi isə göstərilən izahatlara hüquqi qiymət verməmiş, göstərilən məsələ ilə bağlı lazımi qaydada araşdırma aparmamışdır. Halbuki, iş materiallarında olan, tərəflər arasında bağlanmış 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi”nin 2.2-ci bəndində də torpaq sahələrinin alqı-satqısı deyil, dövr edilməsi ifadələri işlənmişdir.

37. Hazırkı halda isə, birinci instansiya məhkəməsi yuxarıda göstərilən şübhəli hallarla bağlı əlavə araşdırma aparmamış, sübutların və məhkəmə iclaslarında əldə olunmuş izahatların əlaqəli şəkildə qiymətləndirilməsində səhvlərə yol vermiş, tam səlahiyyətli məhkəmə olaraq apellyasiya instansiyası məhkəməsi isə göstərilən nöqsanlara lazımi hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

38. “X6 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 etirazı onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.2, 646.1 və 394-cü maddələrinə münasibətdə iddiaçı şikayətində göstərir ki, “Əməkdaşlıq müqaviləsinin tərtibi ilə bağlı mübahisə yoxdur. Əksinə tərəflər həmin müqaviləni gələcək biznes münasibətlərini tənzimləmək məqsədi ilə bağladıqları və iradə ifadələrinə uyğun tərtib edildiyini bildirirlər.” Halbuki, Cavabdeh3 MMC-nin nümayəndəsi 1-ci instansiya məhkəməsinə verdiyi yazılı etirazda Əməkdaşlıq müqaviləsinin xx.xx.2015-ci il tarixdə deyil, hazırki mübahisə yaranandan sonra tərtib edildiyini əsaslandırmışdır. Belə ki, Əməkdaşlıq müqaviləsinin 1-ci bəndinə əsasən iddiaçı Qusarda yerləşən 8 ha torpaq sahəsini digər tərəflərə dövr etməyi öhdəsinə götürmüşdür. Amma hazırki tarixə qədər iddiaçı xx.xx.2015-ci il tarixdən əvvəl 8 ha torpaq sahəsinin həqiqətən onun mülkiyyətində olduğunu təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdeh3 MMC 2016-cı ilin dekabr ayında təsis edilmişdir, amma onun təsis edilməsindən 1 il 7 ay əvvəl iddiaçı və müqaviləni imzalayan digər tərəflərə şirkətin təsis ediləcəyi, Cavabdeh2 şirkətdə məhz 35 faiz paya sahib olacağı guya məlum olmuşdur. Digər tərəfdən maraqlıdır ki, iş üzrə Cavabdeh3 MMC və üçüncü şəxs “X6 Şirkəti” MMC hazırki mübahisə yaranandan sonra onlara belə bir müqavilənin mövcud olması bildirilmişdir, lakin daha əvvəl onlarda bu barədə məlumat olmamışdır. Məhz bu səbəblərdən tərəflər arasında mövcud olan digər bir mübahisəyə dair baxılan iş üzrə Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-620/2022 saylı qərarının 4-cü səhifəsinin son 2 abzasında müəyyən edilmişdir ki, xx.xx.2015-cı il tarixli əməkdaşlıq müqaviləsi notarial qaydada təsdiq edilməyib. Digər tərəfdən sözügedən müqavilə xx.xx.2015-ci il tarixdə bağlandığı halda, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə təsis edilib. Belə olan halda xx.xx.2015-ci il tarixdə bağlanmış müqavilə ilə tərəflərin təxminən 1 il, 2 aydan sonra təsis ediləcək olan "xxxx" MMC nizamnamə kapitalındakı payların nə qədər olacağı barəsində məlumatlı olmaları və bununla bağlı əvvəldən bağlanmış müqavilə ilə öhdəlik götürmələri ağlabatan hesab edilməməklə həmin müqavilənin etibarlılığını şübhə altına alır. Qeyd edək ki, Cavabdeh3 MMC xx.xx.2016-cı il tarixdə, yəni əməkdaşlıq müqaviləsi bağlanandan 1 il, 7 ay sonra təsis edilmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi Əməkdaşlıq müqaviləsi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə mötəbər sübut hesab edilməmişdir. Hazırki iş üzrə də iddiaçının mövqeyi həmin Əməkdaşlıq müqaviləsi üzərində qurulduğuna görə iddia tələbi tamamilə əsassızdır. Mülki Məcəllənin 337.1 və 404.2-ci maddələrinə münasibətdə Şikayətdə göstərilir ki, “Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Tərəflər arasında bağlanmış adı keçən 6 ədəd alğı-satqı müqaviləsində hər satılmış sahəyə görə məbləğ müəyyən edilmiş və həmin məbləğin satan tərəf olan iddiaçıya verildiyi kimi rəsmiləşdirilmişdir. Lakin məhkəmədə müəyyən edilmiş işin həqiqi hallarına görə satana pul verilmədiyi təsdiqlənmiş və bunu tərəflər aralarında mövcud olan əməkdaşlıq müqaviləsindən irəli gəldiyinə istinad edilir.” Halbuki, sözügedən alğı-satqı müqaviləsi üzrə alıcı olan Cavabdeh3 MMC tərəfindən 8 ha torpaq sahəsinin əvəzində razılaşdırılan pul vəsaitinin müvafiq notariusun depozit hesabına qoyulması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir. Bu bənd Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 231 saylı qərarı ilə təlimata əlavə edilmişdir. Səbəb isə alğı-satqı müqavilələrinin təsdiqi zamanı alıcı tərəfindən pul vəsaitlərinin satıcı tərəfə verilməsinin sübutunu asanlaşdırmaq idi. Təsadüfi deyil ki, qeyd olunan qərarın tətbiqi, nəinki pul məbləği üzrə yarana biləcək mübahisələrin qarşısını almaqda böyük rol oynadı, həmçinin bağlanılan müqavilələrin hüquqi baxımdan düzgünlüyünü də şərtləndirən amillərdən biri oldu. Belə ki, istənilən əqdin hüquqiliyi üçün həqiqi iradə ifadəsinin həqiqiliyi və düzgünlüyü, yəni həmin əqdin tərəflərin iradə ifadəsinə, həqiqi niyyətlərinə uyğun olması müqavilənin mühüm şərtidir. Bu baxımdan vəsaitin depozit vasitəsilə ödənilməsi, təbii olaraq tərəflərin həqiqi niyyətini və onların razılaşmasını, müqavilənin formal xarakterli deyil, həqiqi xarakterli olmasını əks etdirir. Fərziyyə olaraq hesab etsək ki, satıcı tərəf depozitə qoyulan pul vəsaitini məxaric etməyib, bu təqdirdə də alğı-satqı müqaviləsinin ləğvi mümkün deyildir. Belə ki, şikayətdə pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilməsi müddəası alğı-satqı müqaviləsinə düzgün tətbiq edilməmişdir. İddiaçı hazırki mübahisəyə sanki borc münasibətlərindən yaranan mübahisə kimi yanaşmaqla borc müqaviləsi üzrə pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilmə qaydasını tətbiq etmişdir. Belə ki, borc müqaviləsinin notarial qaydada təsdiqlənməsi üçün borc verən tərəfindən borc məbləğinin notariusun depozit hesabına qoyulmasının sübut edilməsi kifayət edir, amma borc verən tərəfindən borc məbləğinin borc alandan geri tələb edilməsi üçün depozit hesaba qoyulan məbləğin borc alan tərəfindən məxaric edilməsi, yəni fiziki olaraq əldə edilməsi mütləqdir. Əks təqdirdə notarial qaydada təsdiqlənsə belə, borc alan müqaviləni ləğv edə bilər, çünki borc verən müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Amma alğı-satqı müqaviləsində alıcının əldə etdiyi torpaq sahələrinin əvəzində pul vəsaitini notariusun depozit hesabına qoyması həm müqavilənin notarius tərəfindən təsdiq edilməsi, həm də onun öz öhdəliyini icra etməsi üçün yetərlidir. Bu səbəbdən satıcı alıcının notariusun depozit hesabına qoyduğu pul vəsaitini məxaric etməməsi halında alğı-satqı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, sözügedən təlimatda satıcı tərəfindən notariusun depozit hesabına qoyulmuş vəsaitin məxaric edilməməsinin nəticələri təsbit edilmişdir. Təlimatın 158-ci maddəsinə əsasən depozit məbləğlərinin notariusun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır: fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır; mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat cəmiyyətlərinə, qeyrikommersiya hüquqi şəxslərə və büdcə təşkilatlarına verilməli olan depozit məbləğləri bir il saxlanılır; bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya sənədli qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göndərildiyi gündən hesablanır; büdcə təşkilatlarına verilməli depozit məbləğlərinin bu məbləğləri verildiyi ilin dekabr ayının 31dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır. Tələb olunmayan depozit məbləğləri həmin müddət keçdikdən sonra dövlət büdcəsi mədaxilinə keçirilir. Mülki qanunvericilik də hər 2 müqavilə üzrə pul vəsaitinin verilməsinə münasibətdə fərqli anlayışlardan istifadə etmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, borc münasibətlərində pula mülkiyyət hüququ digər tərəfə keçirilməlidir, bu da fiziki olaraq pul vəsaitinin digər tərəfdə olması deməkdir ki, məhz bu baş verdikdən sonra borclunun həmin vəsaiti geri qaytarmaq öhdəliyi yaranır. Lakin alğısatqı münasibətlərində alıcı pul məbləğini ödəməyi öhdəsinə götürür. Bu öhdəliyin realizəsi də pul məbləğinin notariusun depozit hesabına qoyulması ilə yekunlaşır. Həmin məbləğin notariusun depozit hesabından məxaric edilməməsi alğı-satqı müqaviləsinin ləğvi üçün əsas deyil. Əksi alğı-satqı münasibətlərinin ruhuna uyğun deyil. Göründüyü kimi, depozit hesabına qoyulan pul vəsaitlərinin həmin hesabdan həqiqətən iddiaçı tərəfindən, və yaxud cavabdehlər və ya cavabdeh müəssisəsinin kassiri tərəfindən götürülməsinin mübahisəli olması və iş üzrə tam, obyektiv və ədalətli nəticəyə gəlinməsi üçün mühüm əhəmiyyət daşıyan hal hesab edilməsi dair mövqe qanunvericiliyə və hüquqa uyğun deyil. Mülki Məcəllənin 425-ci maddəsi İddiaçı şikayətində Mülki Məcəllənin 425-ci maddəsinin tələblərinin tətbiqi baxımından pozuntu olduğunu vurğulasa da, bunun konkret olaraq nədə ifadə olunmasını göstərməmişdir. Ümumi olaraq Əməkdaşlıq müqaviləsinə istinad etmişdir. Əməkdaşlıq müqaviləsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı dəlilləri yuxarıda sadalamışlar. Hesab edirlər ki, Əməkdaşlıq müqaviləsinə istinadla iddiaçının şikayətində göstərdiyi hər bir maddi hüquq normasının pozuntusuna dair mövqe öz-özlüyündə əsassızdır. Mülki Prosessual Məcəllənin 217.2 və 217.3-cü maddələri İddiaçı şikayətində MPM-in 217.2 və 217.3-cü maddələrinə istinad etsə də, ümumiyyətlə prosessual pozuntudan bəhs etməmişdir, Əməkdaşlıq müqaviləsinin tətbiqi ilə bağlı maddi hüquq normasının pozuntusunu əsaslandırmağa çalışmışdır. İddiaçı maddi hüquq normadı olan Mülki Məcəllənin 425-ci maddəsinin tətbiqində pozuntuya yol verilməsi ilə bağlı əsaslandırmasının mətnini prosessual norma olan MPM-in 217.2 və 217.3-cü maddələrinin tətbiqində pozuntuya yol verilməsi ilə bağlı müvafiq xanaya köçürməklə kifayətlənmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə4 iddia tələbinin təmin edilməsi, iddiaçıya qarşı edilmiş hərəkətlərdə dələduzluq cinayəti tərkibinin əlamətlərinin olması səbəbindən qətnamə ilə yanaşı edilmiş hərəkətlərə hüquqi qiymət verilməsi üçün xüsusi qərardadın da çıxarılmasını xahiş etdi.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında həmçinin bildirdi ki, pul iddiaçının özü tərəfindən bankdan çıxarılmışdır. Qeyd edilən hərəkətlərdə hər hansı cinayətin əlamətləri mövcud deyildir və iddiaçı bununla bağlı bugünədək hüquq mühafizə orqanına müraciət etməmişdir. Bu cavadehlərə təsir mexanizmi kimi qiymətləndirilməlidir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, cəmiyyətə qarşı iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır.

42. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2, üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “X6 Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə və Sumqayıt Asan Xidmət Mərkəzinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. (...)

Maddə 52. Hüquqi şəxsin məsuliyyəti 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. (...)

Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

Maddə 373. İddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Maddə 390. Müqavilə azadlığı (...) 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Maddə 646. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsi 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019- cu il 18 mart tarixli Qərarı: “... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-745/2022 nömrəli 30 dekabr 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 29 iyul tarixli, 2-2(105)-75/2022 saylı qətnaməsi tam ləğv edildiyindən, hazırda birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - 200.000 (iki yüz min) manatın Cavabdeh2 İddiaçı xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməli, Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. İş materialları ilə müəyyən olunur ki, bir tərəfdən sonradan "xxxx" adlanacaq - İddiaçı, digər tərəfdən sonradan ümumilikdə “İcraçı”, ayrı-ayrılıqda “İcraçı-1” adlanacaq Cavabdeh2 və “İcraçı-2” adlanacaq Cavabdeh1 arasında yazılı formada tərtib edilərək imzalanmış 08 may 2015-ci il tarixli Əməkdaşlıq Müqaviləsində "xxxx"nin Xaçmaz rayon Yergüc kəndində yerşələn 0,56 ha torpaq sahəsi və onun üzərində mövcud 1825 kv.m qeyri-yaşayış sahəsində (obyekt) özünə məxsus ½ hissəsinin, həmçinin özünə məxsus satın aldığı, Qusarda olan 8 ha torpaq sahəsini tam şəkildə müasir növlü alma bağı saldıqdan sonra “İcraçı” tərəfə dövr etmək, həmçinin “İcraçı” tərəfin təklif etdiyi Qusar rayon ərazisində yerləşən 20 ha torpaq sahəsində, yeni növlü alma bağ sahəsinin salınması üçün lazimı xərcləri çəkmək, bunun müqabilində “İcraçı” tərəf "xxxx" MMC-nin 33%, "xxxx" firmasının (Our Orchards MMC) 35% payının və 2 ildən sonra hər il üçün sezon başa çatanda 100.000 manat gəlirin "xxxx"yə dövr edilməsinin təşkili ilə bağlı öhdəliklərin icrasının qarşılıqlı həyata keçirilməsi nəzərdə tutulmuşdur.

49. İş materiallarından görünür ki, Cavabdeh3 21 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********). Cavabdeh3 hüquqi şəxs olaraq qeydiyyata alınarkən təsisçiləri nizamnamə kapitalında 65% payı olan “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və 35% paya malik Cavabdeh2 olmuşlar və nizamnamə kapitalının miqdarı ******* (bir milyon yeddi yüz min) manat həcmində olmuşdur.

50. İş materialları ilə müəyyən olunur ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh3 MMC-nin adından Cavabdeh1 arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 18 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-153 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 3,5174 ha olan torpaq sahəsi 34900 (otuz dörd min doqquz yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-173 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,84 ha olan torpaq sahəsi 8500 (səkkiz min beş yüz) manata, 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-174 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 1,057 ha olan torpaq sahəsi 10500 (on min beş yüz) manata və 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-176 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,7211 ha olan torpaq sahəsi 7500 (yeddi min beş yüz) manata, 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2141 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,5519 ha olan torpaq sahəsi 77000 (yetmiş yeddi min) manata və 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsinə əsasən (Reyestrdə 4Ə-2142 № ilə qeyd olunub) Qusar rayonu Çağar kəndində yerləşən ümumi sahəsi 0,508944 ha olan torpaq sahəsi 71400 (yetmiş bir min dörd yüz) manata satıcı İddiaçı tərəfindən alıcı Cavabdeh3nə satılmışdır.

51. Məhkəmə kollegiyasının 04 aprel 2023-cü il tarixli qərardadı ilə satıcı İddiaçı ilə alıcı Cavabdeh3 MMC-nin adından Cavabdeh1 arasında bağlanaraq, notariat qaydasında tərtib və təsdiq edilmiş 18 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqısatqı” müqaviləsi (reyestrdə 4Ə-153 № ilə qeyd olunub), 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi (reyestrdə 4Ə-173 № ilə qeyd olunub), 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi (reyestrdə 4Ə-174 № ilə qeyd olunub) və 19 yanvar 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi (Reyestrdə 4Ə-176 № ilə qeyd olunub), 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi (reyestrdə 4Ə-2141 № ilə qeyd olunub) və 07 iyun 2017-ci il tarixli AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi (reyestrdə 4Ə-2142 № ilə qeyd olunub) üzrə notariusun depozit hesabına alıcı tərəfindən mədaxil edilmiş pul vəsaitinin kim tərəfindən məxaric edilməsi barədə məlumatlar "xxxx" ASC-dən tələb edilmişdir.

52. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 368 nömrəli məktubu ilə Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X4 tərəfindən "xxxx" ASC-nin 1 saylı Sumqayıt şöbəsinə ünvanlanmış 07 iyun 2017-ci il tarixli 3920, 3919 nömrəli, Sumqayıt “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X12 tərəfindən "xxxx" ASC-nin 1 saylı Sumqayıt şöbəsinə ünvanlanmış 18 yanvar 2017-ci il tarixli, 346, 343, 342, 344, 345 nömrəli məktublar və kassa məxaric sənədləri məhkəməyə təqdim edilmişdir.

53. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisəli torpaq sahələrinin öz iradəsinə uyğun olaraq Cavabdeh3 MMC-yə satması, Cavabdeh3 MMC tərəfindən həmin torpaq sahələrinin müvafiq müqavilələrlə müəyyənləşdirilmiş dəyərinin notariusun depozit hesabına keçirməsi, həmin pul vəsaitlərinin məxaric edilməsi, iddiaçının alma növlü bağ sahəsinin salınması üçün 200.000 manat məbləğində pulu Cavabdeh2 verməsi, iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında 2015-ci il 8 may tarixli “Əməkdaşlıq müqaviləsi” bağlanması, həmin müqavilə üzrə iddiaçı qarşısında öhdəliyin icra edilmədiyi işin mübahisəsiz hallarıdır. Bu hallar eyni zamanda iş materiallarında olan sübutlarla da öz təsdiqini tapır.

54. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf bildirmişdir ki, alğı-satqı müqavilələri üzrə alıcı Cavabdeh3 MMC tərəfindən ödənilmiş pul vəsaitlərinin məxaric edilməsi barədə sənədləri iddiaçı imzalamış, lakin pul vəsaitini almadan çıxıb getmişdir.

55. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 160-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.

57. Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və ödəniş tapşırığına əsasən depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir.

58. Göründüyü kimi iddiaçı ilə Cavabdeh3 MMC arasında mübahisəli torpaq sahələrinə dair 2017-ci ildə bağlanmış alğı-satqı müqavilələrinin təsdiq edilməsində qanunvericiliyin tələbləri gözlənilmişdir və həmin müqavilələr üzrə tərəflər müqavilədən irəli gələn öhdəliklərini icra etmişdirlər. Cavabdeh3 MMC müqavilələri pozmamış, iddiaçıya zərər vurmamışdır. MMC isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir, öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

59. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

60. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh3 MMC ilə arasında Sumqayıt “ASAN xidmət” Mərkəzində bağlanan 2017-ci il 18 yanvar tarixində reyestrdə 4Ə-153 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 19 yanvar tarixində reyestrdə 4Ə-173 nömrə ilə qeydə alınmış ANİN ******* saylı, 4Ə174 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 4Ə-176 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı, 2017-ci il 7 iyun tarixində reyestrdə 4Ə-2141 nömrə ilə qeydə alınmış A.NİN ******* saylı və 4Ə-2141 nömrə ilə qeydə alınmış AN-İN ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin iddiaçıya geri qaytarılması barədə tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

61. Alma bağlarının salınmasına sərf edilmiş iddiaçıya məxsus 200.000 manat əsas məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə iddia tələbinin bütünlükdə rədd edilməsinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 200.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində iddia təmin edilməlidir.

62. Belə ki, iş materiallarında olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1 arasında tərtib edilərək imzalanmış 02 may 2015-ci il tarixli Təsis Müqaviləsindən (İİ cild, iş.v 16) görünür ki, iştirakçılar yaradılacaq iki müəssisədə Cavabdeh2 çatacaq nizamnamə paylarının gələcəkdə öz aralarında bölüşdürülməsi ilə bağlı aşağıdakı razılaşmanı əldə etmişlər: 1.Cavabdeh2 təsdiq edir ki, onun təşəbbüsü ilə xarici investiyalı şirkətlə qarşılıqlı razılaşma əsasında nizamnamə payının ən azı 50%-nin ona məxsus olmaqla, biri plastik meyvə taraların istehsalı, digəri isə meyvə işləri ilə məşğul olan iki şirkət yaradılacaqdır. 2.Təsis ediləcək müəssisələrdən plastik meyvə taraların istehsalı ilə məşğul olan – "xxxx" MMC, meyvə işi ilə məşğul olanı isə "xxxx" ("xxxx" firması) olacaqdır. 3.Cavabdeh2 həmin müəssisələrdə adına qeydiyyata alınacaq nizamnamədəki paylarını digər təsisçilər (ortaqlar) arasında bu şəkildə böləcəyini öhdəsinə götürür: "xxxx" MMC-dən 33%-ni və "xxxx" MMC-dən isə 35% payını X1 (daha sonra "xxxx" MMC-dən qeyd olunan 35% paydan 17,5%-i Cavabdeh2, 8,75 %-i Cavabdeh1) adına rəsmiləşdiriləcəkdir. 4.Payların əvəzinin ödənilməsi, əldə edilməsinin, həmçinin gəlirlərinin bölünməsi ilə bağlı şərtlər və qaydası tərəflərin arasında ayrıca müqavilə ilə müəyyən ediləcəkdir. 5.Təsis ediləcək müəssisələrə dair təsis sənədləri Cavabdeh2 tərəfindən hazırlanacaq və onun tərəfindən qediyyata alınacaqdır.

63. İş materiallarında olan həmin tərəflər arasında (İddiaçı (mülkiyyətçi), Cavabdeh2 (icraçı-1) və Cavabdeh1 (icraçı-2)) tərtib edilərək imzalanmış 08 may 2015-ci il tarixli Əməkdaşlıq Müqaviləsinin (İ cild, iş.v 11) “İcraçı” tərəfin öhdəliyi və hüquqları adlanan 3-cü bölməsində aşağıdakılar göstərilir:

64. Öhdəlyi, vəzifəsi: 3.1. "xxxx" tərəfindən ona dövr ediləcək Xaçmaz rayon, Yergüc kəndində yerləşən 0,56 ha. torpaq sahəsi və onun üzərində mövcud 1825 kv.m. qeyriyaşayış sahəsində (obyekt) özünə məxsus ½ hissəsi olan əmlakı "xxxx" MMC-nin istehsal fəaliyyətinin təmin edilməsi üçün istifadə ediləcək və bunun əvəzində "xxxx"yə həmin MMC-nin 33% paynın veriləcəyini və bununla bağlı hüququnu reyestrdə qeydə aldıracağını təmin edəcəkdir. 3.2."xxxx" tərəfindən "xxxx" MMC-yə, əvəzsiz dövr edilən özünə məxsus Qusar rayonunda yerləşən 8 ha. yeni növlü alma bağı həmin MMC-nin fəaliyyətində istifadə ediləcək və əvəzində "xxxx"yə həmin MMC-nin 35% payının verilməsi və bununla bağlı hüququnun reyestrdə qeydə aldıracağı təmin ediləcəkdir. 3.3.Yeni alma bağlarının salınması üçün razılaşdırılmış "xxxx" tərəfindən ödənilən 200.000 manat şərtləşdirilmiş qaydada "xxxx" MMC-yə məxsus Qusar rayonu ərazisində yerləşən 20 ha. torpaq sahəsində yeni növlü alma bağının salınmasına sərf edilməsi təmin ediləcəkdir. 3.4.İki ildən sonra hər il üçün illik gəlir hesabına "xxxx"yə 100.000 manat nağd şəkildə ödəniləcəkdir. 3.5.Bu müqavilənin 3.1 və 3.3 bəndlərinin icrasını “İcraçı-1”, 3.3 və 3.4-cü bəndlərinin icrasının təmin edilməsini isə “İcraçı-1” və “İcraçı-2” birgə öhdəsinə götürür.

65. Lakin iş materialları ilə müəyyən olunur ki, Cavabdeh3 MMC xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış, həmin vaxt təsisçiləri Nizamnamə kapitalında 65% payı olan “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və 35% payı olan Cavabdeh2 olmuşlar.

66. Həmin tarixdə də Abdullayev X2 Nazim Rəhim oğlunu baş menecer kimi işə götürmüşdür (İİ cild, iş.v 83 əmək müqaviləsi). İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən Çıxarışdan (İ cild, iş.v 26) görünür ki, daha sonra həmin MMC-də Cavabdeh1 da 17,5 % payı olmuşdur.

67. İş materiallarından həmçinin görünür ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış, həmin vaxt təsisçiləri Nizamnamə kapitalında 53,065% payı olan “X5 Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti və 49,935% payı olan Cavabdeh2 olmuşdurlar (İİ cild, iş.v 88- 90).

68. Göründüyü kimi təsis və əməkdaşlıq müqavilələrində göstərilən MMC-lər yaradılsa da, Cavabdeh2 həmin MMC-lərdə müvafiq pay hüququna malik olsa da, iddiaçının verdiyi pul vəsaitinin müqabilində onun qarşısındakı öhdəliyini icra etməmiş, nəticədə iddiaçı heç bir mənfəət əldə etməmişdir.

69. Bundan başqa, birinci apellyasiya icraatı zamanı işə baxılarkən 2022-ci il 29 iyul tarixli məhkəmə iclasında Cavabdeh2 izahatında iddiaçı tərəfindən 200.000 manat vəsaitin verilməsi, alqı-satqı müqavilələrin qarşılığında iddiaçı ilə ortaqlıq yaradılması faktları öz əksini tapmışdır.

70. Həmçinin, iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş etiraz və mülahizədə İddiaçı alma bağlarının salınması ilə əlaqədar qoyduğu vəsaitin qarşılığında verilmiş vədlərə əməl olunmamış, ona pul ödənilməmişdir. Etirazda iddia tələbinin qismən əsaslı olduğu, iddia tələbinə görə Cavabdeh2 və MMC-nin cavabdehlik daşımalı olduğu göstərilmişdir (İ cild, iş.v 234).

71. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

72. Beləliklə, məhkəmə kollegiyası iş üzrə məhkəmə iclasında tədqiq olunmuş sübutları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddiaçının 200.000 manat pul vəsaitini məhz Cavabdeh2 verməsi və bunun qarşılığında razilaşmalarına uyğun olaraq iddiaçının heç bir mənfəət və ya əmlak hüququ əldə etməməsi sübuta yetirildiyindən, onun mövcud iddiası Cavabdeh2 200.000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin edilməli olduğundan, birinci instansiya məhkəməsi isə bu hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmədiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi qismən - 200.000 manatın Cavabdeh2 İddiaçı xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh2 200.000 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(119)-11/2022 nömrəli qətnaməsi qismən - 200.000 (iki yüz min) manatın Cavabdeh2 İddiaçı xeyrinə tutulmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. Cavabdeh2 200.000 (iki yüz min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar