Məhkəmə qərarları › İş №2-2(105)-54/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-54/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-54/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 69/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 007 nömrəli Xidmət Müqaviləsinin şərtlərinə uyğun olaraq “Sifarişçi” bu Müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi "İcraçı"ya sifariş verir və bu Müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi öhdəsinə götürür. «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdəsinə götürür (1-ci bənd).

2. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, işlərin dəyəri, işlərin dəyəri, işlərin təhviltəslimi haqqında aktda göstərilən işlərin həcminə uyğun günəmuzd olaraq 160 manat hesablanaraq ödənilir. Müqavilənin dəyəri 10000 (on min) manat nəzərdə tutulur. Lazım olduğu təqdirdə artırıla bilər. İş saatı 9.00-da başlayır və 18.00-da qurtarır.

3. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, «İcraçı» görülmüş işlərin müqabilində «Sifarişçi» tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə «Sıfarışçı»yə e-Qaimə təqdim edir. e-Qaimədə faktiki görülmüş işlərin qiymətləri qeyd edilməlidir

4. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, «Sifarişçi» faktiki görülmüş işlərə dair eQaimənin təqdim edildiyi tarixdən etibarən 5 (beş) gün ərzində e-Qaiməni təhlil edir və təsdiqlədiyi təqdirdə, e-Qaimədə nəzərdə tutulan məbləği «İcraçı»ya köçürmə yolu ilə ödəyir.

5. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, aşağıdakı hallarda «Sifarişçi» e- Qaiməni təsdiqləməkdən imtina edə bilər: a) e-Qaimədə qeyd edilmiş iş Müqavilə şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə və ya ümumiyyətlə yerinə yetirilmədikdə; b) e-Qaimədə qeyd edilmiş işin qiyməti ilə həmin işə dair razılaşdırılmış qiymət arasında ziddiyyət olduqda.

6. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən, sifarişçi işləri Təhvil-Təslim Aktına əsasən o şərtlə qəbul edəcək ki, işlər bu Müqavilənin şərtlərinə uyğun tam, qənaətbəxş səviyyədə və qüsursuz icra olunmuş və ya hər hansı qüsur aşkar olunduqda onların aradan qaldırılması Qüsur Aktına müəyyən olunmuş müddətdə aradan qaldırılmış olsun.

7. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və 31 dekabr 2022-cı il tarixədək qüvvədədir.

8. Sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi (VÖEN **********) ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan icraçı İddiaçı (VÖEN **********) arasında bağlanmış 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqaviləsinin şərtlərinə uyğun olaraq “Sifarişçi” bu Müqavilə ilə müəyyən edilmiş yükdaşıma xidmətlərini göstərməyi "İcraçı"ya sifariş verir və bu Müqavilə ilə müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəməyi öhdəsinə götürür. «İcraçı» isə «Sifarişçi»nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri, imkanları, qüvvəsi, resursları hesabına görməyi öhdəsinə götürür (1-ci bənd).

9. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, işlərin dəyəri, işlərin təhvil-təslimi haqqında aktda göstərilən işlərin həcminə uyğun günəmuzd olaraq 200 manat hesablanaraq ödənilir. Müqavilənin illik dəyəri 18000 (on səkkiz min) manat nəzərdə tutulur. Lazım olduğu təqdirdə artırıla bilər, iş saatı 09.00-da başlayır və 18.00-da qurtarır.

10. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, «İcraçı» görülmüş işlərin müqabilində «Sifarişçi» tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə «Sifarişçi»yə e-Qaimə təqdim edir. e-Qaimədə faktiki görülmüş işlərin qiymətləri qeyd edilməlidir.

11. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən, «Sifarişçi» faktiki görülmüş işlərə dair eQaimənin təqdim edildiyi tarixdən etibarən 5 (beş) gün ərzində e-Qaiməni təhlil edir və təsdiqlədiyi təqdirdə, e-Qaimədə nəzərdə tutulan məbləği «İcraçi»ya köçürmə yolu ilə ödəyir.

12. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən, aşağıdakı hallarda «Sifarişçi» e- Qaiməni təsdiqləməkdən imtina edə bilər, a) e-Qaimədə qeyd edilmiş iş Müqavilə şərtlərinə uyğun olmayan şəkildə yerinə yetirildikdə və ya ümumiyyətlə yerinə yetirilmədikdə; b) e-Qaimədə qeyd edilmiş işin qiyməti ilə həmin işə dair razılaşdırılmış qiymət arasında ziddiyyət olduqda.

13. Həmin Müqavilənin 4.5-ci bəndinə əsasən, sifarişçi İşləri Təhvil-Təslim Aktına əsasən o şərtlə qəbul edəcək ki, işlər bu Müqavilənin şərtlərinə uyğun tam, qənaətbəxş səviyyədə və Qüsursuz icra olunmuş və ya hər hansı qüsur aşkar olunduqda onların aradan qaldırılması Qüsur Aktına müəyyən olunmuş müddətdə aradan qaldırılmış olsun.

14. Həmin Müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və 31 dekabr 2022-cı il tarixədək qüvvədədir.

15. İcraçı İddiaçı ilə sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş Aktlarla müəyyən olunur ki, icraçı İddiaçı 30 iyun 2022-ci il tarixli akt üzrə 5400 (beş min dörd yüz) manat dəyərində, 31 iyul 2022-ci il tarixli akt üzrə 6600 (altı min altı yüz) manat dəyərində, 31 avqust 2022-ci il tarixli akt üzrə 6600 (altı min altı yüz) manat dəyərində və 30 sentyabr 2022-ci il tarixli akt üzrə 6400 (altı min dörd yüz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində məişət tullantılarını daşıyaraq zərərsizləşdirməyə təhvil verilməsi xidmətlərini yerinə yetirmişdir.

16. Elektron Qaimələrlə müəyyən olunur ki, 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri əsasında məişət tullantılarının daşınması ilə əlaqədar icraçı İddiaçı tərəfindən sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinə 24 iyun 2022-ci il tarixli EBBY 885652 nömrəli Elektron Qaimə üzrə 5400 (beş min dörd yüz) manat dəyərində, 29 iyul 2022-ci il tarixli EBCA 984838 nömrəli Elektron Qaimə üzrə 6600 (altı min altı yüz) manat dəyərində, 29 avqust 2022-ci il tarixli EBCC 744017 nömrəli Elektron Qaimə üzrə 6600 (altı min altı yüz) manat dəyərində və 27 sentyabr 2022-ci il tarixli EBCE 693302 nömrəli Elektron Qaimə üzrə 6400 (altı min dörd yüz) manat dəyərində olmaqla, ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində xidmətlərin göstərilməsi barədə elektron qaimələr təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş həmin elektron qaimələrə etiraz edilməsi və yaxud, həmin elektron qaimələrin qəbulundan imtina edilməsi halları müəyyən edilməmişdir.

17. İcraçı İddiaçı ilə sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən tərtib edilərək, imzalanıb-möhürlənmiş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktından görünür ki, 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələrin icrası ilə əlaqədar hesablanmış ümumilikdə cəmi 25000 (iyirmi beş min) manat məbləğində borcun 17300 (on yeddi min üç yüz) manat hissəsi ödənilmiş və sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinin 12 aprel 2023-cü il tarixinə icraçı İddiaçı cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində qalıq borcu qalmışdır. X14 “sifarişçi” olaraq Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri və baş mühasibi tərəfindən imzalanmış və Bələdiyyənin möhürü ilə möhürlənmişdir.

18. Cavabdeh tərəfindən təqdim edilmiş Abşeron rayon Masazır Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli iclasın 20 saylı protokolunun 05 saylı Qərarından Çıxarışdan görünür ki, həmin iclasda 01 iyul 2022-ci il tarixli 017 saylı xidməti müqaviləsinə əsasən məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi işlərinin görülməsi ilə bağlı Masazir Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında imzalanmış 12 aprel 2023-cü il tarixli üzləşmə aktının ləğv edilməsi qərara alınmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT

19. İddiaçı 25 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən (VÖEN **********) müqavilə öhdəlikləri üzrə 7700 (yeddi min yeddi yüz) manat məbləğində borcun və 97 (doxsan yeddi) manat məbləğində mediasiya xərcinin tutulub İddiaçı (VÖEN **********) ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. İddia tələbi onunla əsaslandırılmışdır ki, icraçı İddiaçı və sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi arasında 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 0017 nömrəli xidmət müqavilələri bağlanmışdır. Həmin Müqavilələrin predmetlərini “Sifarişçi”nin yükdaşıma xidmətlərinin göstərilməsini “İcraçı”ya sifariş vermək, müəyyən edilmiş qiymətə və görülmüş işlərin həcminə uyğun haqqı ödəmək, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada həmin işləri öz nəqliyyat vasitələri və işçi qüvvəsi hesabına görməyi öhdəsinə götürmək təşkil edir. Qeyd olunan müqavilələrin şərtlərinə uyğun olaraq işlər görülərək, xidmətlər göstərilmiş və bununla bağlı 12 aprel 2023-cü il tarixdə tərəflər arasında “Üzləşmə Akt”ı tərtib edilərək, tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. X10 müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməyərək, 12 aprel 2023-cü il tarixdə tərəflər arasında təsdiq edilmiş “Üzləşmə Akt”ında göstərilmiş 7700 manat pul məbləğini ödəməmişdir. Müqavilələrin “ödəniş qaydası” bölməsinin 2.2-ci bəndinə əsasən, “İcraçı” görülmüş işlərin müqabilində “Sifarişçi” tərəfindən ödənilməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə “Sifarişçi”yə e-Qaimə təqdim edir. Müqavilələrin “tərəflərin hüquq və vəzifələri” bölməsinin 3.1.1-ci bəndinə əsasən “İcraçı” bu müqavilələrin şərtlərinə və dövlət standartlarına uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri bu yekun təhvil-təslim aktına uyğun olaraq qəbul etmək və bu müqavilə ilə müəyyən edilmiş qaydada işlərin dəyərini ödəmək vəzifəsi daşıyır. Müqavilələrin 3.1.3-cü bəndinə əsasən, “İcraçı”nın bu Müqavilələrin icra müddətinə və qiymətinə dair qeydləri, pretenziyası olduqda 10 gün ərzində baxmaq və qərarını ona bildirmək vəzifəsi daşıyır. Borcun ödənilməsi üçün cavabdehə pretenziya məktubu və mediasiya təklifi də göndərilmişdir. Ancaq tərəflər arasında yaranmış pul öhdəliklərinin icrası təmin olunmamışdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədənkənar və yaxud, mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Ona görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

21. Cavabdeh tərəfindən 07 dekabr 2023-cü ildə məhkəməyə “iddia tələbinə qarşı yazılı Etiraz” təqdim edilərək, iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və “Etiraz” onunla əsaslandırılmışdır ki, Masazır Bələdiyyəsi ilə İddiaçı arasında Masazır inzibati ərazi vahidində ekoloji təmizliyin qorunması məqsədilə yükdaşıma xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. 01 iyun 2022-ci il tarixli Müqavilədə həmin xidmətlərin göstərilməsi üçün ilkin məbləğ olaraq 10000 manat nəzərdə tutulmuşdur ki, bu da 01 iyul 2022-ci il tarixli müqavilə ilə artırılaraq 18000 manata çatdırılmışdır. Belə ki, bu məbləğin xidməti müqaviləyə əsasən günəmuzd 200 manat olaraq hesablanması nəzərdə tutulmuşdur. Sonradan iddiaçı fiziki şəxslə Bələdiyyə arasında 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı tərtib edilmişdir. Üzləşmə aktına əsasən Masazır Bələdiyyəsi fiziki şəxsə iyun ayından noyabr ayına kimi xidməti müqavilədə nəzərdə tutulan 18000 manatdan 17300 manat xidmət haqqı ödənilmişdir. 7700 manat isə fiziki şəxsə borclu qalmışdır. Lakin, Üzləşmə aktı hazırlanarkən fiziki şəxs tərəfindən hər gün işə çıxması ilə bağlı hər hansı sənəd Bələdiyyəyə təqdim edilməmişdir. Bu baxımdan fiziki şəxsin hansı vaxtda işə çıxması məlum deyil. Eyni zamanda müqaviləyə əsasən həmin fiziki şəxs hər gün üçün 200 manat hesablamışsa, bu zaman Üzləşmə aktında hesablamalar düzgün aparılmamışdır. Digər məsələ: hər ay 30 və ya 31 gündan ibarət olduğundan (30 x 200=6000) Aktda hesablanma qrafasında bu rəqəm 6000 deyil, bəzi qrafada 6400, 6600 və 5400 kimi göstərilmişdir. Ödənilmiş qrafada isə 17300 manat qeyd edilmiş və iddiaçı fiziki şəxsə iyun-oktyabr ayları üçün 4800, 1500, 3000, 6000 və 2000 manat ödənildiyi qeyd edilmişdr. Belə ki, Üzləşmə aktında xidmətin göstərilməsi ilə bağlı 25000 manat hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilə isə 18000 manatdır. Bu da qərarda və müqavilədə göstərilən maliyyə vəsaitindən kənara çıxmaq deməkdir. Sonuncu olaraq ’’Bələdiyyə üzvlərinin statusu” haqqında AR Qanunundan və X1 çıxış edərək, qeyd olunur ki, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı Bələdiyyənin ümumi iclasında baxılaraq qərar qəbul edilməli və imzalanması üçün Bələdiyyə sədrinə həvalə olunmalı idi. Lakin, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı Bələdiyyənin ümumi iclasında müzakirə edilmədən sədr tərəfindən birbaşa imzalanmışdır. Bu da Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsində göstərilən halın pozulması deməkdir. Həmin maddənin 4 və 5-ci bəndində göstərilib: Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 4) yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 5) yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi. İcraçının müqavilədə qeyd olunan xidmətlərin göstərilməsini və gündəlik görülmüş işin icrasını təsdiq edən rəsmi sənədi yoxdur. Bu səbəbdən aylar üzrə nəzərdə tutulan yekun məbləğin dəqiq hesablanması mümkün deyil. Qanunsuz olaraq tərəflər arasında imzalanmış 12 aprel 2023-cü il tarixli Üzləşmə aktında qeyd olunan məbləğlər özündə həqiqəti əks etdirmədiyindən və qanun pozuntusu ilə imzalandığından, Bələdiyyənin ümumi iclasının 16 noyabr 2023-cü il tarixli 20/05 saylı qərarı ilə həmin Akt ləğv edilmişdir. Yəni, Qərarda 01 iyul 2022-ci il tarixli 017 saylı xidməti müqaviləsinə əsasən məişət tullantılarının “daşınması və zərərsizləşdirilməsi” işlərinin görülməsi ilə bağlı Masazir Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında imzalanmış 12 aprel 2023-cü il tarixli Üzləşmə aktı ləğv edilmiş, 12 aprel 2023-cü il tarixli Üzləşmə aktının ləğv edilməsi ilə bağlı fiziki şəxs İddiaçı müraciət olunması və Masazır Bələdiyyəsi ilə fiziki şəxs İddiaçı arasında bağlanmış 01 iyul 2022-ci il tarixli 017 saylı Xidməti Müqavilə üzrə öhdəliyin icrası ilə bağlı yaranmış problemin həlli məqsədilə fiziki şəxs İddiaçı Masazır Bələdiyyəsinə dəvət olunması qərara alınmışdır. İddiaçı Səmədov X11 Bələdiyyəsinə gəlmiş və rəhbərlik tərəfindən ona Üzləşmə aktının qanunsuz olduğu bildirilmişdir. Bu baxımdan iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi 12 aprel 2023cü il tarixli Üzləşmə aktı qüvvədə olan qanunvericiliyə zidd tərtib edildiyindən, Masazır Bələdiyyəsi tərəfindən ləğv edilmişdir. Beləliklə də, İddiaçı iddia tələbi əsassızdır və təmin oluna bilməz.

22. İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, Abşeron rayonu Masazır Bələdiyyəsinə aid inzibati ərazidən öz nəqliyyat vasitəsi, işçi qüvvəsi və vəsaiti hesabına məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi xidmətinin göstərilməsi üçün “icraçı” olaraq onunla sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi arasında 10000 manat dəyərində 01 iyun 2022-ci il tarixli 007 nömrəli və bir ay sonra isə 18000 manat dəyərində 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri bağlanmışdır. Hər iki Müqavilələr üzrə “İcraçı” olaraq onun tərəfindən 2022-ci ilin iyun– sentyabr aylarında öz hesabına X6nin inzibati ərazisindən məişət tullantıları Sumqayıt Məişət Tullantıları Poliqonuna daşınmış və ümumlikdə cəmi 25000 manat dəyərində xidmət göstərilərək, müvafiq qaydada lazımi sənədlər tərtib edilməklə Sifarişçiyə elektron qaimələr təqdim olunmuşdur. X6 isə bu xidmətlərin müqabilində ona cəmi 17300 manat məbləğində pul vəsaiti ödəsə də, məlum xidmətlərə görə hesablanmış vəsaitin 7700 manat hissəsini ödəməmişdir. Bu ödənişin edilməməsi, əvvəlcə Bələdiyyənin maliyyə imkansızlığı ilə əlaqələndirilsə də, Bələdiyyəni hazırkı rəhbərliyi ümumiyyətlə məlum xidmətlərin göstərilməsi üzrə tərtib edilmiş sənədləri və borcun Üzləşmə aktını qəbul etməyərək, 7700 manat borcu ödəməkdən yayınmışdır.

23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının cəmi 25000 manat dəyərində xidmətlərin göstərilməsi mötəbər sübutlarla təsdiq edilmir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı isə Masazır Bələdiyyəsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə ləğv olunmuşdur.

24. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-69/2024 nömrəli, 26 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın təmin edilməsi, cavabdeh Abşeron rayonu Masazır Bələdiyyəsindən 7700 (yeddi min yeddi yüz) manat məbləğində əsas borc və mediasiya ilə əlaqədar ödənilmiş 97 (doxsan yeddi) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 7797 (yeddi min yeddi yüz doxsan yeddi) manat məbləğində pul vəsaitinin İddiaçı (VÖEN **********) xeyrinə tutulması qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri, eləcə də həmin müqavilələrdə nəzərdə tutulan xidmətlərin göstərilməsinin təsdiqi olaraq tərtib edilmiş 30 iyun 2022-ci il tarixli, 31 iyul 2022-ci il tarixli, 31 avqust 2022-ci il tarixli və 30 sentyabr 2022-ci il tarixli aktlar Abşeron rayonu Masazır Bələdiyyəsinin sədri X7 tərəfindən imzalanaraq, Bələdiyyənin möhürü ilə möhürlənmişdir. Bundan əlavə, həmin Aktlar əsasında 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri üzrə məişət tullantılarının daşınması ilə əlaqədar icraçı İddiaçı tərəfindən sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsinə təqdim olunan 5400 manat məbləğində 24 iyun 2022-ci il tarixli EBBY 885652 nömrəli, 6600 manat məbləğində 29 iyul 2022-ci il tarixli EBCA 984838 nömrəli, 6600 manat məbləğində 29 avqust 2022-ci il tarixli EBCC 744017 nömrəli və 6400 manat məbləğində 27 sentyabr 2022-ci il tarixli EBCE 693302 nömrəli Elektron Qaimələrin heç birinə Qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada etiraz edilməmiş və onların qəbulundan imtina olunmamışdır. Yəni, həmin Qaimələr təsdiq olunmuş və məlum Qaimələrdə nəzərdə tutulan cəmi 25000 manat məbləğində pulun 17700 manat hissəsi ödənilsə də, 7700 manat hissəsi ödənməmişdir. Həmçinin, məlum Xidmət Müqavilələri üzrə ödənilmiş və ödənilməmiş pulun hesabatı, ödəniş və qalıq borcun üzləşdirilməsi ilə əlaqədar sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi ilə icraçı İddiaçı tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı isə həmin vaxt Bələdiyyənin yeni sədri olan X13 və Bələdiyyənin baş mühasibi X4 tərəfindən imzalanaraq möhürlənmişdir. Lakin, hazırkı mübahisə üzrə məhkəmə araşdırması başlandıqdan sonra Abşeron rayon Masazır Bələdiyyəsinin 16 noyabr 2023cü ildə keçirilən iclasında 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktının birtərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul olunsa da, belə bir qərar həmin Aktla təsdiq edilən faktların mövcudluğunu ləğv etmir. Halbuki, məlum Üzləşmə Aktının baş mühasib tərəfindən də imzalanması, həmin sənəddə qeyd olunan maliyyə hesabatlarının dəqiqliyini və mötəbərliliyini daha da artırır. Həmçinin, bununla əlaqədar məhkəmə qeyd etməyi lazım bilir ki, cavabdeh Abşeron rayon Masazır Bələdiyyəsinin nümayəndəsi tərəflər arasında bağlanaraq, Bələdiyyənin sədri tərəfindən imzalanıb-möhürlənmiş məlum Xidmət Müqavilələrinin qanuniliyini mübahisələndirməsə də, həmin Bələdiyyənin sədri və baş mühasibi tərəfindən imzalanıb-möhürlənmiş Üzləşmə Aktının qanuniliyini mübahisələndirməsi-hazırkı iddia tələbinin əsaslılığını şübhə altına salmır. Çünki, məlum Müqavilələr üzrə xidmətlərin göstərilməsi və göstərilmiş xidmətin pulunun 7700 manat hissəsinin ödənilməməsi mübahisələndirilən Üzləşmə Aktından əlavə, işin konkret halları, yuxarıda qeyd olunan elektron qaimələr və digər mötəbər sübutlarla da təsdiq olunur.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 752.1,753.1, 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 443.1, 445.1, 448, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.

27. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri: İcraçı İddiaçı və sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi arasında ilkin müqavilə illik dəyəri 10.000 (on min) manat olaraq 01 iyun 2022-ci il tarixdə bağlanmışdır. Bu müqavilə ilə işlərin görülməsinə görə günəmuzd 150 (yüz əlli) manat nəzərdə tutulmuşdur. Sonradan 1 iyul 2022-ci il tarixli yeni müqavilə ilə müqavilənin illik dəyəri 10.000 (on min) manatdan 18.000 (on səkkiz min) manata artırılmış, işlərin görülməsinə görə isə günəmuzd hesablanacaq məbləğ günəmuzd 200 (iki yüz) manat nəzərdə tutulmuşdur. Bu müqavilə əvvəlki müqavilənin əlavəsi deyil, işgüzar münasibətlərin növbəti aylarda davam etməsi məqsədilə büdcəsi artırılmış yeni müqavilə idi. Həmçinin hər iki müqavilədə işlərin təhvil-təslim haqqında aktda göstərilən işlərin həcminə uyğun Günəmuzd olaraq hesablanıb ödənilməsi nəzərdə tutulur. Deməli müqavilə üzrə xidmətlər və işlər ay üzrə neçə gün görülmüşdürsə, ay sonunda hesablamalar o cədvələ uyğun hesablanmalı ödənməli idi. Belə ki, işguzar münasibətlər çərçivəsində 01 iyun 2022-ci il tarixli müqavilədə günəmuzd 150 manat olaraq hesablansa da, 01 iyul 2022-ci il tarixli müqavilə ilə günəmuzd hesablanacaq bu məbləğ də 200 manata çatdırılmışdır. İşlərin görülməsinə dair müqavilənin illik dəyəri isə 10.000 (on min) manatdan 18.000 (on səkkiz min) manata çatdırılmışdır. Belə ki, hər iki müqavilədə “İcraçı”nın bütün hüquq və vəzifələri ətraflı şəkildə təsvir olunub və hüquqi vəziyyətini ağırlaşdıran heç bir bənd yoxdur. Əksinə işgüzar münasibətlərin gələcəkdə də davam etdirilməsi üçün xx.xx.2022-ci il tarixli müqavilə ilə nəzərdə tutulan məbləğlərin artırılması “İcraçı”nın həmin dövr üçün proqnozlaşdırılan işlərin görülməsinin təminatı da verilmiş olmuşdur. Belə ki, icraçı isə öz növbəsində görülmüş gündəlik işlərin məbləğinin müqavilə üzrə hesablanması üçün bələdiyyəyə müqavilənin tələblərindən irəli gələrək ödənməli olan məbləği təfsilatlı şəkildə göstərməklə və bu məbləği təsdiq edən sənədlər ilə birlikdə “Sifarişçi”yə EQaimə təqdim etməlidir. E-Qaimədə faktiki görülmüş işlər qeyd edilməlidir. Bununla yanaşı, müqavilə üzrə təfsilatlı şəkil dedikdə işin gündəlik icrası barədə məlumat aylıq ödənişin dəqiq hesablanması üçün tələb olunur. Lakin təqdim edilməli olan sənədlərin natamam olmağına baxmayaraq icraçıya aylar üzrə qeyri-dəqiq ödənişlər olunmuşdur. Bu ödənişlər, “İcraçı” iddia etdiyi kimi hər gün gündəlik iş görülmüşdürsə də, ona ödəniləcək 30 gün üçün hər günə ilkin müqavilə üzrə 150 (yüz əlli) manatdan hesablanmalı olan 4500 (dörd min beş yüz) manat, 4800 (dörd min səkkiz yüz) olaraq ödənmişdir. Lakin “İcraçı” bələdiyyəyə təqdim etdiyi EQaimədə bu məbləği 5400 (beş min dörd yüz) olaraq qeyd etmişdir. Məhz bu qeyri-dəqiq hesablamaları 4 ay işin icrası dövründə hər ay üçün qeyd etmək olar. Belə ki, xx.xx.2022-ci il tarixli müqavilə bağlandığı vaxtdan xx.xx.2022-ci il tarixdə 1900, xx.xx.2022-ci il tarixdə 2900 (iki min doqquz yüz) manat ödənilmişdir. Yeddinci ay üzrə xx.xx.2022-ci il tarixdə 1500 (min beş yüz) manat ödənilmişdir. Səkkizinci ay üzrə xx.xx.2022-ci il tarixdə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə 1000 (min) manat ödənilmişdir. Doqquzuncu ay üçün xx.xx.2022-ci il tarixdə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə 3000 (üç min) manat ödənmişdir. Onuncu ayda isə xx.xx.2022-ci il tarixdə bələdiyyə tərəfindən 2000 (iki min) manat sonuncu ödəniş olunmuşdur. Ümumilikdə bələdiyyə tərəfindən İddiaçı rəsmi bank hesabına 17.700 (on yeddi min yeddi yüz) manat pul ödənmişdir. Bu müddətdən sonra “İcraçı”nın bələdiyyəyə qarşı olan borcu barədə heç bir yazılı müraciəti olmamışdır. Belə ki, İddiaçı müqavilənin büdcəsinin artırılması ilə bağlı da bələdiyyəyə heç bir rəsmi müraciəti olmamışdır. Belə ki, müqavilə üzrə nəzərdə tutulmuş xidmətlərin görülməsi üçün müəyyən olunmuş büdcədən kənaraçıxma faktı olduğunu bilirdisə, bu barədə də bələdiyyəyə bildirməli və müqavilə smetasının artırılması barədə tələb irəli sürməli idi. “İcraçı” xx.xx.2022-ci il tarixli müqavilənin 3.1.3. bəndinə əsasən “İcraçı”nın bu müqavilənin icra müddətinə və qiymətinə dair qeydləri, pretenziyası olduqda 10 (on) gün ərzində baxmaq və qərarını ona bildirmək hüququ vardı. 12 aprel 2023-cü il tarixdə bələdiyyənin keçmiş sədri ilə İddiaçı arasında üzləşmə aktı imzalanmışdır. Bələdiyyənin baş mühasibi tərəfindən tərtib olunan və bələdiyyənin o dövrdəki sədri Azər Quliyev tərəfindən imzalanan üzləşmə aktı, tərtibi prosesində kobud pozuntulara yol verildiyindən 16 noyabr 2023-cü il tarixli bələdiyyə iclasında müzakirəyə çıxarılmış və ləğv edimişdir. Belə ki, bələdiyyə kollegial orqandır və bütün məsələlər bələdiyyənin iclaslarında müzakirə olunduqdan sonra yekun qərar çıxarılır və bundan sonra bələdiyyənin sədri tərəfindən imzalanaraq möhürlənir. Lakin 12 aprel 2023-cü il tarixli üzləşmə aktı tərtib edilərkən bu normalara riayət olunmamışdır. Bələdiyyə sədrinin və mühasibin şəxsi təşəbbüsü ilə üzləşmə aktı tərtib edib imzalamaq hüququ olmadığından bu akt etibarsız hesab edilərək bələdiyyə iclasında müzakirəyə qoyulduqdan sonra ləğv edilmişdir. Həmçinin xx.xx.2022-ci tarixli müqaviləyə uyğun olaraq, işlərin və xidmətlərin göstərilməsi barədə tam məlumat olmadığından iddiaçı tərəfin tələb etdiyi məbləğ tamamilə şişirdilmişdir. Bələdiyyənin mühasibatlığında həmin işlərin gündəlik görülməsinə dair heç bir mötəbər sənəd və sübut yoxdur. Bu barədə birinci instansiya məhkəməsi qarşısında tələb qoyulsa da, iddiaçı bu tələbi icra etməmişdir. Və bu məlumatlar olmadan həmin dövr üçün “İcraçı”nın bələdiyyəyə təqdim etdiyi E-Qaimə, müqavilədə qeyd edildiyi kimi gündəlik deyil, həmçinin bir təqvim ayının günlərindən belə çox şişirdilmiş məbləğlər təqdim edilmişdir. Buna baxmayaraq, Masazır bələdiyyəsinin həmin dövrdəki sədri Rüfət Fətullayev təqdim edilmiş natamam mühasibatlıq sənədlərini araşdırmadan sübut kimi məhkəməyə təqdim olunan aktları imzalamışdır. Müqavilədə və qaimə-fakturada qeyd edilən xidmətlər isə tam görülməmişdir, onlar yalnız “İcraçı” tərəfindən qeyri-dəqiq formada ümumi məbləğ şəklində kağız üzərində olub. Sözügedən xidmətlərin bələdiyyə üçün görülməsini təsdiq edən heç bir mötəbər sənəd və sübut yoxdur. Bələdiyyənin həmin dövrdəki rəhbərliyi ilə İddiaçı bələdiyyə tərəfindən ayrılmış pul vəsaitlərini öz mənafeləri üçün silmək məqsədilə rəsmiləşdirmə aparmışlar. Həmçinin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktın rəsmiliyi belə şübhəlidir. Belə ki, möhür və imza tələb olunan yerdə deyil. Çox güman ki, bu əvvəlcədən möhürlü və imzalı boş kağızda tərtib olunmuş bir aktdır. Və məhkəmənin də iddiaçının bu dəlilini mötəbər dəlil olaraq qəbul etməsi əsaslı və qanuni deyildir. Həmçinin müqavilənin büdcəsi nəzərə alınsa, o dövr bələdiyyə ilə iddiaçı arasında bağlanılan təhvil-təslim aktları belə müqavilənin büdcəsindən kənaraçıxma faktını təsdiqləsə də, “İcraçı” tərəfin bir dəfə artırılan müqavilə büdcəsi barədə bələdiyyədən təkrar artırılması barədə heç bir tələbi olmamışdır. Belə ki bu müddəa da hər iki müqavilədə əks olunmuşdur (xx.xx.2022-ci il tarixli müqavilənin 2.1. bəndində Lazım olduğu təqdirdə artırıla bilər). Bu kimi səbəblər əsas göstərilərək bələdiyyənin İddiaçı ödənilən 17.700 (on yeddi min yeddi yüz) manatın hansı əsaslarla hesablanması şübhəlidir. Belə ki, bələdiyyənin mühasibatlığı tərəfindən heç bir hesablama aparılmadan, yalnız “İcraçı”nın bələdiyyəyə göndərdiyi EQaimədə göstərilən şişirdilmiş ümumi məbləğlər üzrə ödənişlər nəzərə alınaraq ödənmişdir. Belə ki, bu qaimələrdən də aydın olur ki, burada “İcraçı” istənilən məbləği göstərə bilər. Bu da birbaşa müqavilə üzrə qeyd edilən müddəaların pozulması deməkdir (xx.xx.2022-ci il tarixli müqavilənin 2.2-ci bəndi). Belə olan halda tərəflər arasında bağlanan podrat müqaviləsi münasibətləri tənzimləyən və iddiaçının istinad etdiyi həm 01 iyun 2022-ci il tarixli, həm də 01 iyul 2022-ci il tarixli müqaviləyə birgə yox yalnız büdcəsi sonradan artırılan yeni müqaviləyə istinad edilməlidir. İddiaçı tərəfin məhkəməyə təqdim olunan qaiməfakturaların, üzləşmə aktının, həmçinin təhvil-təslim aktlarının formal xarakter daşıması və qaimə-fakturalarda göstərilən xidmətlərin bələdiyyəyə bir təqvim ayı üzrə neçə gün göstərilməsi məlum deyil. Bu da bələdiyyənin İddiaçı ödənilən 17.700 (on yeddi min yeddi yüz) manat məbləğində pul vəsaitinin heç bir hesablama olmadan ödənilməsi faktını müəyyən edir. Məhkəmə baxışı dövründə də iddiaçı tərəf bələdiyyə üçün xidmətlərin görülməsi barədə gündəlik məlumatları arayış formasında təqdim edə bilməmişdir. Belə ki, iddiaçının iddia tələbi üzrə bələdiyyənin borcunun olub-olmamasını müəyyən etmək üçün işlərin icraatı dövründə, hər bir təqvim ayı üzrə işlərin gündəlik icraatı barədə məhkəməyə sənədləri təqdim edə bilməməsi bələdiyyənin müqavilə öhdəliyini pozması kimi qiymətləndirilməsi və məhkəmənin də iddiaçının formal tərtib olunmuş aktlarını və üzləşmə aktını qəbul etməsi əsaslı və qanuni deyildir. Lakin bu hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

31. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

32. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onunla bağlıdır ki, üzləşmə aktı qanunsuz olduğundan ləğv edilmişdir, həmin akta istinad olunaraq cavabdehə borc məbləği hesablana bilməz. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız hesab edir.

34. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq yalnız məhkəməyə müraciət edilməsi ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.

35. Mülki Prosessual Məcəllənin mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).

36. İşin kollegiya tərəfindən araşdırılan hallarına əsasən müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 iyun 2022-ci il tarixli 007 nömrəli və 01 iyul 2022-ci il tarixli 017 nömrəli Xidmət Müqavilələri əsasında Abşeron rayonu Masazır Bələdiyyəsinə aid inzibati ərazidən öz nəqliyyat vasitəsi, işçi qüvvəsi və vəsaiti hesabına “məişət tullantılarının daşınması və zərərsizləşdirməyə təhvil verilməsi” xidmətlərinin göstərilməsi ilə əlaqədar icraçı (iddiaçı) İddiaçı (VÖEN **********) tərəfindən cəmi 25000 manat məbləğində təqdim olunmuş Elektron Qaimələr üzrə sifarişçi (cavabdeh) Abşeron rayonu Masazır Bələdiyyəsi tərəfindən 17300 manat məbləğində pul vəsaiti ödənilmiş, ümumilikdə cəmi 7700 (yeddi min yeddi yüz) manat məbləğində pul vəsaiti ödənilməmişdir.

37. Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. (T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 dekabr 2020-ci il tarixli qərarı)

38. İşin hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdeh tərəfindən göstərilən xidmətlərə görə ödənişlər edilmiş, sonradan həmin ödənişlərin edilməməsi hazırki mübahisənin yaranmasına səbəb olmuşdur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Xidmət Müqavilələri üzrə ödənilmiş və ödənilməmiş pulun hesabatı, ödəniş və qalıq borcun üzləşdirilməsi ilə əlaqədar sifarişçi Abşeron rayonu Masazır Bələdiyyəsi ilə icraçı İddiaçı tərəfindən tərtib edilmiş 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktı həmin vaxt Bələdiyyənin yeni sədri olan X13 və Bələdiyyənin baş mühasibi X4 tərəfindən imzalanaraq möhürlənmişdir. Lakin, hazırkı mübahisə üzrə məhkəmə araşdırması başlandıqdan sonra Abşeron rayon Masazır Bələdiyyəsinin 16 noyabr 2023cü ildə keçirilən iclasında 12 aprel 2023-cü il tarixli Üzləşmə Aktının birtərəfli qaydada ləğv edilməsi barədə qərar qəbul olunsa da, belə bir qərar həmin Aktla təsdiq edilən faktların mövcudluğunu ləğv etmir. Çünki, müqavilələr üzrə xidmətlərin göstərilməsi və göstərilmiş xidmətin pulunun 7700 manat hissəsinin ödənilməməsi mübahisələndirilən Üzləşmə Aktından əlavə, işin konkret halları, yuxarıda qeyd olunan elektron qaimələr və digər mötəbər sübutlarla da təsdiq olunur.

39. Məhkəmə kollegiyası şikayətlə əlaqədar, həmçinin öhdəliklərin icrası ilə bağlı normaları nəzərdən keçirərərək bir daha qeyd etməyi vacib bilir ki, mülki dövriyyənin səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir.

40. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (Mülki Məcəllənin 425-ci maddəsi).

41. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan suiistifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

42. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. İşin istinad olunan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri olmuş, iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin isə müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin araşdırılan halları ilə cavabdehin dəlilləri öz təsdiqini tapmamışdır.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-69/2024 nömrəli, 26 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar