Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-59/2022 24.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Əhmədov Elman Məmməd oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-63/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı müqavilənin ləğvi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli idarəetmə müqaviləsinin ləğv edilməsini, 20000 manat komissiya haqqının, 10000 manat maddi ziyanın və 40000 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli idarəetmə müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahələri sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün cavabdehə 10 il müddətinə idarəetməyə verilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən aylıq idarə komissiyası 2000 manat təşkil edir. Lakin, keçən müddət ərzində cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş, aylıq idarə komissiyasını ödəməmiş, qeyri-yaşayış sahəsinə əlavə adamlar cəlb etməklə qanunsuz olaraq istehsalla məşğul olmaqla Cəmiyyət üçün əlavə kommunal, sosial və vergi öhdəlikləri yaradaraq borclandırmışdır. Bununla əlaqədar polisə müraciət edilsə də heç bir hüquqi tədbir görülməmişdir. Cavabdehlə aylardır aparılan danışıqlar heç bir nəticə verməmişdir. Komissiya haqqının ödənilməsinə dair yazılı müraciətlər edilsə də bu günədək cavadeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticəsiz qalmışdır. Cavabdeh nəinki komissiya haqqını ödəmək öhdəliyini, müqavilə üzrə digər öhdəlikləri pozmuşdur,həmçinin xx.xx.2018-ci il tarixli idarəetmə müqaviləsinin 7.2.4-cü maddəyə əsasən istifadə məsrəfləri vaxtında ödənilməmiş, 7.2.6-cı bəndinə əsasən obyektin brendinqi və marketinqi təşkil edilməmiş, 7.2.7-ci maddəyə əsasən proqram planlaşdırma və əmlakın saxlamasının zəruri qaydaları, o cümlədən idarəetmə üsullarının inkişafının təşkili üsulları və həyata keçirilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bundan başqa cavabdeh müqavilə üzrə razılaşma almadan ona verilən müəssisəni üçüncü şəxslərin isifadəsinə vermişdir və hazırda iddiaçı müəssisəni cavabdeh və üçüncü şəxslərin qanunsuz sahibliyindən ala bilmir. Eyni zamanda cavabdeh üçüncü şəxslərlə əlbir olaraq müəssisədə istehsalatla məğul olaraq “Çuxuryurd” adlı suyun qablaşdırılaraq satışı ilə məşğul olmalarına baxmayaraq bu günədək komissiyanı ödəməyərək maddi ziyan vurmuş, eyni zamanda müəssisəni qaytarmayaraq gəlirdən məhrum etmişdir. Bunlardan başqa müəssisəyə məxsus əmlak qanunsuz olaraq istifadə olunmaqla maddi ziyan vurulmuşdur. Bundan başqa cavabdeh direktor olduğu müddətdə müəssisəni qanunsuz fəaliyyəti ilə borclandırmış, vergi və sosial öhdəlikər yaratmışdır. İddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.1, 685.2, 700.1, 700.2, 700.3-cü maddələri rəhbər tutulmaqla əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli e-2-2(119)-63/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə Samir Hüseynov arasında bağlanılmış 2018-ci il 4 oktyabr tarixli idarəetmə müqaviləsi ləğv edilmiş, Samir Hüseynovdan 20.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə iddia ərizəsinın məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatının İddiaçı MMC-yə aid edilməsi, 10 manatının isə Samir Hüseynovdan tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir (hakim – Zahid Məmmədov). Cavabdeh Samir Hüseynov apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və iddia tələbinin tam olaraq rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 avqust tarixli 2-2(105)-100/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 31 mart tarixli 2-2(119)-63/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır (sədrlik edən – Fuad Məmmədov, hakimlər – Rəşadət Ağayev və Səyyad Qafari). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 140/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 avqust tarixli 2-2(105)-100/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim X10, hakimlər X11 və Dadaşov İlqar Ağababaş oğlu). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə cavabdeh - idarəedici X12 arasında bağlanmış xx.xx.2018-ci il tarixli idarəetmə müqaviləsindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində olan mineral süfrə suyu istehsalı müəssisəsi idarəedici X7 idarə edilməsi üçün verilmişdir. Bundan sonra, İddiaçı MMC-nin təsisçisi və qanuni təmsilçisi kimi nizamnamə kapitalında 100% paya malik olan X8 mütəmadi olaraq hər ay müqaviləyə əsasən ödəniş edilmişdir. Buna baxmayaraq o, cavabdehin istehsalat fəaliyyətinə müdaxilə etmiş, müəssisənin ərazisinə daxil olaraq hazır məhsulu özbaşına götürərək aparmış, sərxoş vəziyyətdə dəfələrlə gələrək istehsalı pozmuşdur. Eyni zamanda onunla bacısı arasında məhkəmə mübahisəsi başlamış və mübahisə predmeti İddiaçı MMC olmuşdur. Bu mübahisə nəticəsində MMC-nin fəaliyyəti iflic olmuş, istehsal dayanmışdır. Qeyd edilənlərlə yanaşı X13 İddiaçı MMC-nin üzərində həbs olmasına baxmayaraq MMC-ni arvadı Nümayəndə adına rəsmiləşdirmiş və sonuncuya yanlış məlumat verərək Samir Hüseynovun MMC-yə borcu olmasını bildirmişdir. Ə.İsgəndərovun ödənişlərinin tam edilməsi və cavabdehin MMC-yə borcu olmaması şahidlər, cəmiyyətin əməkdaşları, o cümlədən, ambardar tərəfindən tam təsdiq edilə bilər. Həmçinin, Ə.İsgəndərovun cavabdehə külli miqdarda zərər vurması, icarə haqqının tam olaraq ona ödənilməsi, dəfələrlə əsassız olaraq polis orqanlarına şikayət etməsi Şamaxı Rayon Polis şöbəsi tərəfindən 19 yanvar 2021-ci il tarixdə qəbul olunmuş qərardadla tam sübuta yetirilir. Sonradan, Əbil tərəfindən qeyd olunan su sexindən hazır məhsulların oğurlamasını aşkar edərək cavabdeh polis şöbəsinə şikayət etmiş və şöbənin 13 mart 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə cinayət işi başlanmış, hazırda ibtidai istintaqda araşdırma aparılır. Cavabdehin iddiaçıya borcu yoxdur, əksinə iddiaçının cavabdehə külli miqdarda borcu vardır. Şamaxı Rayon Məhkəməsinin icraatında olan 2(074)-38/2021 nömrəli mülki iş üzrə iddiaçı X2 cavabdeh X8, maraqlı tərəflər X22 Xidmət Mərkəzinin notariat ofisinə və DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Sabirabad rayonunun “ASAN xidmət” mərkəzinin notariat ofisində 15 avqust 2020-ci il tarixli 3M-249 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi və sair” tələblərinə dair məhkəmə icraatı olmasını nəzərə alaraq həmin iş üzrə yekun məhkəmə aktı qəbul olunana qədər kommersiya məhkəməsində icraatın dayandırılması barədə xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında vəsatət təqdim olunmuş, lakin məhkəmə vəsatəti qəbul etməkdən əsassız olaraq imtina etmişdir. Göründüyü kimi məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək müqavilənin ləğv edilməsinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki,apellyasiya şikayəti təmin edilməli,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddianın təmin olunmamasına dair yeni qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunduğu kimi cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə məhkəmə kollegiyası ilk növbədə iddia tələbi üzrə xx.xx.2018-ci il tarixli idarəetmə müqaviləsinin ləğv edilməsinə dair iddia tələbinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilib-verilməməsini araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421.2-ci maddəsinə əsasən “ Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur” . Həmin Məcəllənin müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası adlanan 423.2-ci maddəsinə əsasən “Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər”. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndinə əsasən, müqaviləyə idarəyəverən tərəfindən xitam verilərkən 6 (altı) ay əvvəlcədən idarəedicini rəsmi qaydada xəbərdar etməlidir. Birinci instansiya məhkəməsi isə müqavilənin ləğvini tələb edən iddiaçı tərəfindən müqavilənin həmin bəndinin tələbinin yerinə yetirilib-yetirilməməsinə qiymət verməmiş,yalnız iddiaçı tərəfin 29 iyun 2020-ci il tarixli xəbərdarlıqla S.Hüseynovdan 9 ay icarə haqqını ödəmədiyi üçün 5 gün müddətində Su istehsalat sexinin boşaldılmasını tələb etdiyini göstərməklə kifayətlənmişdir.Bununla əlaqədar işə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən işin 30-cu vərəqində olan xəbərdarlıq məktubunun rəsmi qaydada S.Hüseynova göndərilməsini təsdiq edən poçt qəbzinin məhkəmə kollegiyasına təqdim olunması iddiaçının nümayəndəsinə təklif olunmuş,iddiaçının nümayəndəsi isə növbəti məhkəmə iclasında xx.xx.2020-ci il tarixində cavabdehə çatdırılmasına dair poçt qəbzini məhkəmə kollegiyasına təqdim etmişdir.Bu isə 29 iyun 2020-ci il tarixli xəbərdarlığın xx.xx.2020-ci il tarixdə ,yəni 2 ay 5 gün sonra cavabdehə çatdırlması məntiqə uyğun olmayıb,ağlabatan deyildir. Bundan əlavə qeyd olunan xx.xx.2020-ci il tarixli məktubda 6 aylıq xəbərdarlıq müddətini gözləmədən 9 ay ərzində icarə haqqının ödənilməməsi göstərilməklə yalnız 5 gün müddətində Su istehsalat sexinin cavabdeh tərəfindən boşaldılması tələb edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Mülki Məcəllənin müqavilənin ləğv edilmə qaydasını təsbit edən 423-cü maddəsinin tələbinə zidd olaraq müqavilənin ləğv edilməsinə dair hissədə iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi 10 aylıq müddət üçün su istehsalat sexindən istifadəyə görə cavabdehdən 20.000 manat pulun tutulması hissəsində də düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki,apellyasiya instansiyası məhkəməsində 27 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid kimi dindirilmiş X9 öz ifadəsində Əbillə yaxın qohum olduqlarını, İddiaçı MMC-də anbardar işlədiyini, Əbilin icarə haqqı üzrə pul lazım olduğunu bildirdiyi vaxt mütəmadi olaraq Samirin pulu ona ödədiyini bildirmişdir. Həmçinin məhkəmə kollegiyasını xx.xx.2022-ci tarixli iclasında iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə tutulmuş pul məbləğini istəmədiklərini,yalnız müqavilənin ləğv olunmasını xahiş etdiyini bildirdi. İş materiallarına əsasən həmçinin müəyyən olunur ki,Şamaxı Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(074)-266/2020 nömrəli qərardadı ilə iddiaçı X3 cavabdeh X13,maraqlı tərəflər X22 Xidmət Mərkəzinin Notariat Ofisi,ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi,imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair” iddia ərizəsi üzrə iddianın təmini tədbiri olaraq ərizə təmin olunaraq həmin iddia ərizəsinə mahiyyəti üzrə baxılıb qurtarana kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və Çuxuryurd bələdiyyəsi ilə X4 arasında bağlanmış 03 mart 2001-ci il tarixli 03 nömrəli “Torpaqların alqısatqısına” dair AKT-a əsasən X4 tərəfindən satın alınmış 0.5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi, sənədləşdirilmə işlərinin (alqı-satqı,qeydiyyata alınma,vərəsəlik və s.) və həmin torpaq sahəsi ilə bağlı hər hansı tikinti,söküntü işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilmişdir.Həmin qərardada əsasən həmçinin müəyyən olunur ki,qərardadda qeyd olunan 0.5 ha torpaq sahəsi “Su sexi”nin ərazisinə aiddir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə müqavilədə nəzərdə tutulan aylıq haqların ödənilməsi ilə əlaqədar olmayıb,yaxın qohumlar arasında mineral süfrə suyu istehsal edən müəssisədəki paylar üzrə məhkəmə mübahisəsinin olması və bunun nəticəsi olaraq həmin istehsalat fəaliyyətinə mülki hüquq müstəvisindən kənar özbaşına müdaxilələr olmuşdur.Belə ki, Şamaxı rayon polis şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı Ş.Şirinovun 19 yanvar 2021-ci il tarixli qərarı ilə Çuxuryurd kəndində yerləşən su sexindən avadanlıqların Samir adlı şəxs tərəfindən oğurlanmasına dair X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.Məhz həmin qərarda X13 öz izahatında 2020-ci ilin avqust ayında sexin fəaliyyətini dayandırdığını göstərmişdir.Bundan əlavə həmin qərarda 03 dekabr 2020-ci il tarixdə X1 olan bütün avadanlıqları siyahıya almaqla video görüntülərdən istifadə etməklə sexi təhvil verdiyi qeyd olunmuşdur.Həmin video görüntülər işin 66-cı vərəqində olan “fləş kart”la təsdiq olunur.Həmçinin Şamaxı rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi M.Daşdəmirli tərəfindən çıxarılmış 13 mart 2021-ci il tarixli qərara əsasən X6 müraciəti ilə bağlı sexdən kapron butulkaların Əbil İsgəndərov tərəfindən özbaşına çıxarılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin bu nəticəyə gəlir ki,iddiaçı tərəflər arasında bağlanmış 04 oktyabr 2018-ci il tarixli “İdarəetmə müqaviləsinin” şərtlərinə uyğun iddia tələbinin əsas hissəsi üzrə müqavilənin ləğvi tələbini irəli sürməkdə haqlı olmamış,buna görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X6 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-63/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddiası təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-59/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-59/2022
24.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver