Məhkəmə qərarları › İş №2-2(105)-68/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-68/2020

24.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-68/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı Şamaxı rayonu X3 Cavabdeh MMC-yə qarşı xx xxx 2007-ci il tarixli ”Torpaqların alqı-satqısına dair” aktın ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Şamaxı rayon Həmyəli Bələdiyyəsinin xx xxxx 2007ci il tarixli 04 saylı qərarı ilə əlaqədar tərtib edilmiş xx xxx 2007-ci il tarixli “Torpaqların alqısatqısına dair” aktın ləğv edilməsi qət edilmişdir. (hakim Zaur Məmmədov) Qətnamədən Cavabdeh MMCapelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-92/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (sədrlik edən Nazim Nəsibov) Qətnamədən Cavabdeh MMCkassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 61/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(105)-92/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (sədrlik edən Rahib Nəbizadə) İŞİN HALLARİ: İddiaçı Şamaxı rayonu İkinci Cabanı bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Həmyəli bələdiyyəsi ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2017ci il tarixli alqı-satqı aktının ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Həmyəli Bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 4 saylı qərarı ilə Həmyəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsi cavabdehə satılmışdır. Həmyəli bələdiyyəsi 2014-cü ildə ləğv olunaraq X4 birləşdirilmişdir. İkinci Cabanı bələdiyyəsi xx.xx.2016-cı il tarixli qərarı ilə Həmyəli bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli, 4 nömrəli qərarını ləğv etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh MMCbirinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə işin hallarına düzgün qiymət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı Şamaxı rayonu X4, Cavabdeh MMC-yə, üçüncü şəxslər “xxxx” MMC-yə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X7 məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayonu, Həmyəli Bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli, 04 saylı qərarının surətindən görünür ki, Həmyəli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 20 ha torpaq sahəsi Cavabdeh MMC-yə satılmışdır. İş materiallarında olan xx xxx 2017-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, 20 ha torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. İş materiallarında olan MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 20 ha torpaq sahəsi üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 20 ha torpaq sahəsini “xxxx LTD” MMC-yə satmışdır. İş materiallarında olan MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 20 ha torpaq sahəsi üzərində “xxxx LTD” MMC-nin mülkiyyət hüququ qeydə alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayon Həmyəli Bələdiyyəsinin xx xxxx 2017-ci il tarixli 04 saylı qərarı qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən, həmçinin həmin qərar İddiaçı xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ləğv edildiyindən, Şamaxı rayon Həmyəli bələdiyyəsinin xx xxxx 2007-ci il tarixli 04 saylı qərarı ilə əlaqədar tərtib edilmiş xx xxx 2007-ci il tarixli “Torpaqların alqı-satqısına dair” akt ləğv edilməlidir. İşin hallarından görünür ki, Şamaxı rayonu, keçmiş Həmyəli Bələdiyyə başçısının xx xxxx 2007-ci il tarixli, 04 saylı qərarı ilə 20 ha torpaq sahəsi cavabdehə satılmış, bələdiyyə ilə cavabdeh arasında x xxx 2007-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra cavabdehin 20 ha torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, cavabdeh 20 ha torpaq sahəsini xx xxxx 2009-cu il tarixdə “xxxx LTD” MMC-yə satmış, MMC xx xxxx 2009-cu il tarixdə torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə bələdiyyənin xx xxxx 2007-ci il tarixli qərarı ləğv edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: (...) 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz (7.2-ci maddə). Məhkəmə araşdırması zamanı DƏDRX-nin 14 saylı X6 xx.xx.2020-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, Şamaxı rayonu Həmyəli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 saylı qərarında həmin torpaq sahəsi kənd təsrrüfatına az yararlı yararsız torpaq sahəsi kimi qeyd olunmuş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş elektron baza xəritəsində qeyd olunan torpaq sahəsi kollu örüş kimi işarələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir... İşə yenidən baxılarkən tədqiq edilmiş sübutlarla həmçinin müəyyən edildi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1601/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Şamaxı rayonu, keçmiş Həmyəli bələdiyyəsi ilə Cavabdeh arasında xx xxx 2007-ci il tarixində bağlanmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən Cavabdehnə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində MH seriyalı ******* nömrəli çıxarışın, xx xxxx 2007-ci il tarixli A nömrəli 006930 seriyalı torpaq sahəsinin planı və ölçüsü sənədinin, Cavabdeh MMC ilə “xxxx LTD” MMC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli AN-İ nömrəli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən “xxxx LTD” məhdud məsuliyyətli cəmiyyətinə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi və mübahisəli 20 hektar torpaq sahəsinin iddiaçının mülkiyyətinə qaytarılması qət edilmişdir. (səh. 24-30) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-2(105)-02/2018 saylı, xx xxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh “xxxx LTD” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1601/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-1601/2016 saylı xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı). Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X6 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Şamaxı rayonu X3 ərazisində yerləşən 115.0 ha və 25.0 ha torpaq sahələrinin üzərində Cavabdeh MMC-nin mülkiyyət hüquqları Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-2(85)-1600/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqəsi əsasında ləğv edilmişdir. Şamaxı rayonunun X4 aid olan Həmyəli kəndi ərazisində yerləşən 20.0 ha torpaq sahəsinin üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququ Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-2(85)-1601/2016 saylı, xx xxxxxxx 2018-ci il tarixli icra vərəqəsi əsasında ləğv edilmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2-2(85)- 1601/2016 saylı, xx xxxxxxx 2018-ci il tarixli və Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2- 2(85)-1600/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli icra vərəqələri əsasında Cavabdeh MMC-nin adına olan reyestrdən çıxarışlar ləğv edilmişdir. Göründüyü kimi Şamaxı rayonu, Həmyəli kəndində yerləşən 20 ha torpaq sahəsinin Cavabdeh MMC-yə satılması barədə xx xxx 2017-ci il tarixli torpaqların alqı-satqısına dair akt etibarsız hesab edilmişdir. Eləcə də, həmin akt əsasında qeydə alınmış sənədlər ləğv edilmişdir. Hazırda baxılan mövcud iş üzrə iddia tələbi isə həmin aktın ləğvi barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən xx xxx 2017-ci il tarixli torpaqların alqı-satqısına dair yuxarıda adı çəkilən akt məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyindən, etibarsız əqd isə bağlandığı andan etibarsız olduğundan, xx xxx 2017-ci il tarixli torpaqların alqı-satqısına dair həmin aktın məhkəmə qaydasında yenidən ləğv edilməsinə, yəni mövcud iddianın təmin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Şamaxı rayonu X3 Cavabdeh MMC-yə qarşı Şamaxı rayonu Həmyəli bələdiyyəsi ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2007-ci il tarixli alqı-satqı aktının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-79/2017 saylı xx xxxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şamaxı rayonu X3 Cavabdeh MMC-yə qarşı Şamaxı rayonu Həmyəli bələdiyyəsi ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2007-ci il tarixli alqı-satqı aktının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Fərmayıl Zeynallı Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar