Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-8/2020 17.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və X2 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı cavabdehdən 250000 manat tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)-274/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehdən 250000 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhərində görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalamışdır. Heykəlin hazırlanması heykəltəraş A.Qazıyevə tapşırılmış, o, iki metrlik modeli hazırlamış, sonrakı mərhələ 10 metrəlik modelin hazırlanması prosesidir ki, onuda iddiaçı öz pulu ilə başa çatdırmışdır. Heykəlin maliyyələşdirilməsi ilk gündən SOCAR-a tapşırılmışdır. Onun nümayəndəsi işi başlamaq üçün bir qədər vəsait ayırmışdır. Lakin iddiaçının üzərinə qoyulmuş işə başlamaq zamanı vəsaitin ardı kəsilmişdir. İş prossesini saxlamamaq üçün, iddiaçı işin maliyəşdirməsini öz üzərinə götürmüş, 50000 manatdan çox xərcləyərək, 10 metrlik modeli gipsdən hazırlamışdır. Bundan sonraki mərhələyə keçmək üçün, SOCAR-ın nümayəndəsinə müraciət etmişdir ki, görülən işinin zəhmət haqqı və material pulu ödənilsin. 4 il uzadandan sonra, cavabdeh tərəfindən iddiaçının bank hesabına 20000 manat pul köçürülmüş, ümumilikdə 25000 manat ödənilmişdir. İddiaçı narazılığını bildirəndə ki, bu məbləğ görülən işinin heç 10%-i eləmir, Arif Qaziyev, cavabdehin nümayəndəsi Cəlilin adından, iddiaçıya hədə qorxu gəlmişdir ki, elədiyi işi də, aldığı pulu da əlindən alıb, işi özü davam edəcəkdir. İddiaçının gördüyü işin xərclədiyi 50000 manat, istifadə olunan metal, taxta, gips və s. materialları ilə, 250000 manat qiyməti var və gördüyü işi heç kəsə bağışlamaq fikiri yoxdur və buna görə də pulunu tələb edir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 274/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Bakı şəhərində Azərbaycanın görkəmli sərkərdəsi Babəkin heykəlinin ucaldılması ilə bağlı dövlət başçısı tərəfindən 2011-ci ildə sərəncam imzalanmış və bunun üçün Dövlət Neft Şirkətinə pul ayrılmışdır, icraçı kimi isə heykəltaraş X7 cəlb edilmişdir, ilkin mərhələ olaraq onun tərəfindən həmin heykəlin 2 metr hündürlükdə modeli hazırlanmışdır. Daha sonra isə ümumi 10 metr hündürlükdə at üzərində Babəkin heykəlinin hazırlanması üçün iddiaçıya müraciət olunmuş və inşaat materialları veriləcəyi, iş bitdikdən sonra isə 60000 USD zəhmət haqqı ödəniləcəyi bildirilmişdir, ilkin olaraq cavabdeh ona 5000 AZN inşaat materialı almaq üçün pul vermişdir. O də öz növbəsində Salam Adil küçəsi 5-də yerləşən Rəssamlar İttifaqına aid sexdə 10 nəfər əlavə işçi heyəti cəlb edərək işə başlamışdır. Lakin cavabdeh söz verdiyi kimi inşaat materialı ilə onu tam təmin etməyib. O da məcbur qalıb həm materialın alınması, həm də işçilərin zəhmət haqlarını öz vəsaiti hesabına təmin etmişdir. Bu iş üçün 50000 AZN xərc çəkib. Cavabdeh isə sonda bütün məbləği ödəyəcəyini bildirmişdir. 2015-ci ilin may ayında 10 metr hündürlükdə heykəli hazırlamışdır. Sonra isə Arif Qazıyev və Dövlət Neft Şirkətinin nümayəndəsi əl işinə baxaraq bəyənmişlər. O da cavabdehə gördüyü işlərin və çəkdiyi xərcin əvəzini verməyi tələb etmişdir. Həmin vaxtdan 2018-ci ilin sonunadək işin icraatı dayanmışdır. 2019-cu ilin yanvar ayında hesabına 10000 AZN köçürülüb. İddiaçı bu məbləğin az olduğunu bildirib. 2019-cu ilin fevral ayında yenidən hesabına 10000 AZN köçürülüb. Yenə də bu məbləğə etirazını bildirib. Buna baxmayaraq cavabdeh pulunu verməkdən yayınır. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2018-ci ildə podrat müqaviləsi bağlanmış, 2014cü ilin dekabr ayında iş balayıb, 2015-ci il dekabrda bitib. Pulu Cəlil müəllim Arifə, o isə müəyyən qədərini ona verib. Həmin vaxtlar Sovetskidə olan evini söküb, ona pul veriblər. O də həmin puldan işə qoymuşdur. Yarım il gözləmiş, pul gəlməmişdir. 2018-ci ilin dekabrında Arif müəllim ona deyib ki, Cəlil müəllim deyir ki, işə başlayın və pulun hissəhissə köçürülməsi üçün bankda hesab açın. Onlar da Arif müəllim və oğlu ilə banka getmiş və hesab açmışlar. 1 ay sonra xx.xx.2019-cu ildə ona 10.000 ödəmişlər. Arif müəllim demişdir ki, birdəfəlik köçürə bilmədilər, gələn ay 50.000 köçürəcəklər. xx.xx.2019-da təzdən 10 000 köçürtmüşlər. Axırıncı 10 000-i alanda, ART PROJE-dən demişlər ki, 20.000 onun özünə, 50 000 Arif müəllimə yazıblar. Arifdən soruşanda ki, bu nə söhbətdi, o da demişdir ki, başqa adamla danışıblar, işi başqası görəcək. Onda o da demişşdir ki, pulunu versinlər, çıxsın layihədən. Onlar yox deyəndən sonra Arifi məhkəməyə verib. X6 müraciət etmiş, o isə arayışında yazmışdır ki, iş 4 il fasilə ilə qaldığına görə, çürüntülər baş vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini qəbul etməyərək bildirdi ki, işin əvvəlindən iddiaçının xəbəri yoxdur. Prezidentin 2011-ci il tarixli sərəncamı var. Apelyasiya şikayətində SOCAR-ın adı çəkilir. Halbuki işin SOCAR-a heç bir aidiyyatı yoxdur. Layihənin başlanması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə, baş memar ilə yer axtarmışlar. Yer tapandan sonra ölçülər müəyyənləşmiş, onlara pul köçürülmüşdür. Model və maket hazır olmuş və bəyənilmişdir. Sonra olimpiadalarla əlaqədar layihə dayandırılmışdır. Özü memardır. Müəlliflərdən biri o, biri isə Arif müəllimdir. Arif müəllim dedi ki, Rəşid adlı bir heykəltəraş var. Onun özünün iddiaçı ilə heç bir kontaktı olmayıb. Onlar iksi işə başlamışlar. Arif müəllimlə olan razılaşmaya əsasən, Arif müəllim dedi ki, özü deyəcək hesablaşmanı-iddiaçıya necə ödənilsin. İddiaçıya 10 ton gips, 8 kv.m taxta, 20 tona qədər də metal vermişlər. Əslində Arif müəllim işi özü işləməli idi. O da özünə köməkçi kimi Rəşidi götürmüşdür. Bir müddət sonra Arif ona zəng edib demişdir ki, Rəşid işləmir, işi buraxıb. Gedib işə baxmışlar, kombinatın direktoru demişdir ki, iş təzdən işlənməlidir. İşin hüquqi tərəfi ilə bağlı bildirir ki, Rəssamlar İttifaqının heykəltəraşlıq Komissiyası var. Arif müəllim onlara müraciət etmiş və komissiyanın rəyi vardır ki, heykəl düzgün aparılmadığı üçün sökülsün. Arif müəllim iddiaçıya 15.000 verib və onlar da 20.000 köçürmüşlər. Cəmi iddiaçıya 35.000 manat ödənilib. Müqavilə bir illik müddətə bağlanmşdı. Müqavilənin 4.1-ci bəndi pozulduğuna görə, 5 martda müqaviləyə xitam verildi. Müqavilənin icrasına Bakı şəhəri Tikinti Memarlıq Komitəsi nəzarət edirdi. Sonradan məlum oldu ki, iş düzgün aparılmayıb. Hissə-hissə ödənilmə məsələsi ilə bağlı- işin görülmə həcminə uyğun olaraq pul köçürülürdü. Onlar Arifə, Arif də Rəşidə verirdi. İddia əsassız iddia olduğuna görə rədd olunmalıdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: xx xxxxxx 2018-ci il tarixli 02 saylı Podrat müqaviləsinin surətindən görünür ki, iddiaçı, cavabdehin Bakı şəhəri, Babək prospektində görkəmli Azərbaycan sərkərdəsi Babəkin bürüncdən abidəsinin gil və gipsdən hazırlanması işlərini görməyi, cavabdeh isə yerinə yetirilmiş işlərə görə ödənişi köçürmə yolu ilə həyata keçirməyi öhdələrinə götürmüşlər. xx xxxx 2019-cu il tarixli işin təhvil-təslim aktının surətindən görünür ki, 2019-cu il tarixdə Sokarın Cavabdeh MMC ilə bağlamış müqaviləsinə əsasən, Babək heykəlinin modelinin böyüdülməsi nəzərdə tutulmuş, Babək heykəlinin böyüdülməsinin həyata keçirilməsi Nümayəndə həvalə edilmişdir. Lakin işin böyüdülmə icraçısı Nümayəndə modeli keyfiyyətsiz yerinə yetirdiyindən, yəni 2 m-dən 10 m-ə qədər böyüdülmüş model şaquli vəziyyətində aşağı hissədən 7 sm, yuxarı hissədən isə 35 sm olduğundan, nəticədə işin vizual görünüşü əsas modeldən fərq yaradır. Modelin üstünə gips əlavəsinin əvəzinə gipsə salınmış kağızdan istifadə edərək lazımı nöqtəli xətlər qoyulmayıb və nəticədə işin davamını mümkünsüz edib. Dövlət tərəfindən sifariş edilmiş işi Nümayəndə keyfiyyətsiz, yararsız işlədiyi üçün, iş sökülüb və yenidən böyüdülməlidir. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli 08 saylı əmrinin surətindən görünür ki, Azərbaycanın xalq rəssamı Arif Qazıyevin müəllifi olduğu Babəkin heykəlinin böyüdülməsində iştirak edən Nümayəndə işin öhdəsindən gələ bilmədiyindən müəllif tərəfindən kənarlaşdırılmış və xx xxxx 2019-cu il tarixdən Cavabdeh MMC-də bağlanmış 02 saylı xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. xx xxxxx 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, iddiaçının X8 barəsində şikayətinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzi xx xxxx 2019-cu il tarixli 18465 saylı “Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məlumatdan görünür ki, iş materiallarında olan fotoşəkillərə əsasən tədqiqat obyekti olan heykəlin dəyərini müəyyən etmək mümkün olmaması səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və ona əsaslanmışdır ki, iddiaçı izahatında gördüyü işin, xərclədiyi 50000 manat, istifadə olunan metal, taxta, gips və s. materialları ilə, 250000 manat qiymətinin olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, iddiaçı gördüyü işi tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehə təhvil verilməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli 02 saylı Podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı, cavabdehin Bakı şəhəri, Babək prospektində görkəmli Azərbaycan sərkərdəsi Babəkin bürüncdən abidəsinin gil və gipsdən hazırlanması işlərini görməyi, cavabdeh isə yerinə yetirilmiş işlərə görə ödənişi köçürmə yolu ilə həyata keçirməyi öhdələrinə götürmüşlər. İddiaçı, X8 barəsində Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə şikayət etmiş, xx xxxxx 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarla həmin şikayətə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Kollegiya qeyd edir ki, iddiaçı izahatında gördüyü işin, xərclədiyi 50000 manat, istifadə olunan metal, taxta, gips və s. materialları ilə, 250000 manat qiymətinin olmasını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, iddiaçı cavabdehin ona borclu olduğunu bildirsə də, iş materiallarına əlavə olunmuş Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin xx xxxxx 2019-cu il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının məzmunundan müəyyən olunur ki, iddiaçı gördüyü işin müqabilində ödənilməyən pula görə Qaziyev Arif adlı şəxs barəsində şikayət etmiş, verdiyi izahatında sifarişi X3 verdiyini, ona ödənilmiş cəmi 25000 manat məbləğində pulun X8 tərəfindən ödənildiyini bildirmiş, eyni zamanda mübahisənin cavabdehlə olması, o cümlədən borcun cavabdeh tərəfindən ödənilməli olması barədə hər hansı məlumat verməmişdir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, e-2-2(085)- 274/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(105)-8/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-8/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver