Məhkəmə qərarları › İş №2-2(105)-89/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-89/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-89/2022 29.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2- 2(119)-1038/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 30 iyun 2022-ci il tarixli e-2-2(119)- 1038/2022 nömrəli qərardadı ilə həmin iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.6-cı maddələrinin tələblərinə əsasən iddiaçıya geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda göstərilmişdir ki, iddia ərizəsində cavabdehin qeydiyyat ünvanı dəqiq göstərilməmişdir. Qeyd olunmalıdır ki, həmin ünvan, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Milli X1 üzrə məlumat şöbəsi (MAPS) tərəfindən verilmiş arayışda verilmiş məlumatları əks etdirir. Bu səbəblə, həmin məlumatların dəqiq olmaması qənaətinə gəlinməsi düzgün deyildir. Bununla yanaşı, İddiaçı QSC tərəfindən MPM-nin 150-ci maddəsinin tələblərinə riayət edilmiş, iddia ərizəsi ilə birlikdə göndərilməli olan sənədlər Elektron Məhkəmə Sisteminə əlavə edilmişdir. Buna baxmayaraq, qərardadda göstərilmişdir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədlər əlavə edilməmişdir. Halbuki, Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli, №446 saylı pretenziya məktubu və xx.xx.2022- ci il tarixli, №524 saylı iddia ərizəsi elektron formada onlayn kargüzarlıq vasitəsilə cavabdehə göndərilmişdir. Həmçinin, həmin sənədlərin göndərilməsini təsdiq edən çatdırılma qəbzləri elektron sistemə əlavə edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinə görə, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materiallarından görünür ki, hazırki iddia ərizəsində cavabdehin “Faktiki” ünvanı sadəcə “Qubadlı” kimi göstərilərək (həmin ərazi uzun illər işğal altında olduğuna görə cavabdehin həmin ünvanda yaşamaması məlum haldır) və rəsmi qeydiyyat ünvanı isə ümumiyyətlə göstərilməyərək, cavabdehin ünvan məlumatları “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilmiş iddia ərizəsinin Giriş hissəsində (“Tərəflər” bölməsində) natamam qeyd olunmuşdur. Kollegiyaq qeyd edir ki, bu hal iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət olunmaması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələblərinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən kommersiya mübahisələri üzrə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılması birmənalı olaraq həmin Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulan qaydada yerinə yetirilməlidir. Həmin Məcəllənin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Məhkəmə kollegiyası pretenziyaya riayət olunması barədə şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, “pretenziya” məktubunun cavabdehə həqiqətən də 150.2-ci maddədə nəzərdə tutulan qaydada göndərilməsini (cavabdehin almasını) təsdiq edən sənədin, yəni “Onlayn Kargüzarlıq” vasitəsi ilə əldə edilən müvafiq “çıxarış”ların (“ekran görüntüsünün”) iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunması müəyyən olunmur. Belə ki, iddia ərizəsinin göndərilməsini təsdiq edən “ekran görüntüsü” iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim edilsə də, “pretenziya” məktubunun göndərilməsini təsdiq edən “ekran görüntüsü” iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsində müəyyən edilmiş qayda qanunun tələbi olmaqla yanaşı, eyni zamanda kommersiya mübahisəsinin tərəflərinin bir-birinə müvafiq sənədləri (pretenziya məktubu, iddia ərizəsinin surəti və s.) daha operativ şəkildə çatdırılmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır. Odur ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1038/2022 saylı, 30 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.1, 400-üi maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1038/2022 saylı, 30 iyun 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar