Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-92/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-185/2017 saylı, 14 iyul 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli icarə müqaviləsinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Başçısının 11 dekabr 2007-ci il tarixli, 1022 saylı sərəncamı ilə Cavabdeh 99 illik icarə qaydasında keçmiş Zirə Tərəvəzçilik-südçülük sovxozu ərazisindən 10 hektar torpaq sahəsi ayrılması barədə icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahəsi cavabdehə ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqları ödənilmir. Cavabdeh icarəyə götürdüyü torpaq sahəsindən istifadə edib-etməməsi barədə nə iddiaçıya, nə də Statistika İdarəsinə məlumat verməmişdir. Bu barədə xəbərdarlıq da edilmişdir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün cavabdehə edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti meydana gəlmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 2-2(85)-185/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. (hakim Zaur Pirverdiyev). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qətnamə bircə abzasla belə əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi hasara alınmamış və istifadə olunmur, ərazidə heç bir şumlama və əkin izinə rast gəlinmir, bu xüsusatlar torpaq sahəsinin müayinəsi zamanı çəkilmiş fotoşəkillərdən də görünür. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı 99 il müddətinə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Halbuki, iş materiallarına iddiaçının müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə cavabdehə təklif göndərilməsini, təklifin həqiqətən də cavabdehə çatdırılmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, tərəfin müqavilənin ləğvini tələb etmək hüququ yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsi ilə nəzərdə tutulmuşdur. Qanunverici Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində tərəfin müqavilənin ləğvini tələb etmək hüququnun yarandığı halları sadalamaqla yanaşı, növbəti maddədə, 423-cü maddədə həmin hüququn həyata keçirilməsi üçün digər tərəfə təklif göndərilməli olmasını müəyyən etmişdir. Məhkəmə yalnızca mübahisəli torpaq sahəsinin hasara alınmamasını, ərazidə heç bir şumlama və əkin izinə rast gəlinmədiyini əsas götürərək yanlış olaraq mübahisəli torpaq sahəsinin istifadə olunmadığı qənaətinə gəlmişdir. Məhkəmə bircə cümlədən ibarət bu əsaslandırma ilə də iddianın təmin olunması barədə qətnamə qəbul etmiş, bununla da cavabdehin hüquqlarını kobud surətdə pozmuşdur. Halbuki, yuxarıda da göstərildiyi kimi, mübahisəli torpaq sahəsinin cavabdehə verilməsinə dair hüquqi sənədlər tərtib edilərkən DTXK Abşeron rayon şöbəsinin rəyi alınmış, həmin rəydə Komitə, Abşeron rayonunun X4 Fonduna aid olmaqla Zirə Tərəvəzçilik-südçülük sovxozunun ərazisində yerləşən həmin torpaq sahəsinin uqodiyasına görə örüş kimi uçota alındığını, habelə onun (torpağın) Cavabdeh icarə yolu ilə verilməsinə etiraz etmədiklərini bildirmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla uqodiyasına görə örüş və otlaqlara aiddir. Torpaq Məcəlləsinə ümumi şəkildə nəzər yetirdikdə görünür ki, yay və qış otlaqlarında əsaslı tikinti işlərinin həyata keçirilməsi qadağandır (TM.maddə. 16/7). Bu o deməkdir ki, cavabdeh onsuz da həmin torpaq sahəsini hasara aldıra bilməzdi. Bu mənada məhkəmənin həmin torpaq sahəsinin hasara alınmadığını əsas göstərərək onun istifadə olunmadığı qənaətinə gəlməsi açıqca səhv olmuşdur. Məhkəmənin “ərazidə heç bir şumlama və əkin izinə rast gəlinməməsini” əsas götürərək onun istifadə olunmadığı qənaətinə gəlməsi də düzgün olmamışdır. Çünki həmin torpaq uqodiyasına görə əkin torpaqlarına aid olmayıb, örüş və otlaqlara aid olmuşdur. Başqa sözlə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilən torpaq sahəsi olmamışdır. Digər tərəfdən Torpaq Məcəlləsinin tələblərinə görə, örüş və otlaqlara aid torpaq sahələrinin əkilməsinə yol verilmir. Əksinə, istifadə edilən həmin sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər ki, bu vəzifə kimi deyil, hüquq kimi nəzərdə tutulmuşdur (TM. maddə. 16/6). Mülki işdə cavabdehin iştirakı təmin edilməmişdir. Cavabdeh ümumiyyətlə məhkəmə bildirişlərini almamış, məhkəmə prosesləri barədə lazımı qaydada xəbərdar edilməmişdir. Nəticədə hazırkı apellyasiya şikayəti ilə mübahisələndirilən qətnamə çıxarılmış və cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi və bildirdi ki, iddia tam əsassızdır, torpaq sahəsi üzrə icarə haqqı hazırki vaxta kimi ödənilir. Sənədlərdən görünür ki, ora örüş sahəsidir. Örüş sahəsinin isə çəpərlənməsi qanunvericiliklə qadağandır. İcarə müqaviləsinin bağlanması üçün əsas olmuş sənədlər də qaydasındadır. İcarə haqqı üzrə ödənişlər olaola torpaq sahəsi başqasına verilmişdir. Həmin torpaq sahəsi üzrə mütəmadi sorğular verilmiş, məlum olmuşdur ki, torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırılmış və icarə müqaviləsi ləğv olunmuşdur. Cavabdeh özü ölkə xaricində yaşayır. Məhkəmə ümumiyyətlə icarə haqları ödənilib-ödənilməməsi ilə bağlı heç bir araşdırma aparmamış, yalnız torpaq sahəsinin örüş sahəsi olmasına istinad etmişdir. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirildiyi halda, müqavilə ləğv edilə bilməzdi. Hal-hazırda cavabdehin başqa bir MMC-yə məxsus mal-qarası orada otarılır. İddiaçı iddia edir ki, ödənişlər həyata keçirilməmişdir. Halbuki, ödənişlər indiyə kimi həyata keçirilir. Qətnamədə yalnız ona istinad olunmuşdur ki, torpaq sahəsi təyinatı üzrə işlədilmir, tikinit işləri aparılmamışdır. Halbuki məhkəmə yalnız iş materiallarına əlavə edilmiş bir neçə fotoşəkilə əsasən həmin nəticəyə gəlmişdir. Bağlanmış müqavilənin surətini iş materiallarından götürmüşdür. Müqavilənin ləğvindən cavabdeh tərəfin xəbəri olmamış və torpaq sahəsi 2017-ci ildən sonra da örüş sahəsi kimi istifadə olunmuş, bu günə kimi də istifadə olunur. Dövlətin marağı torpağa zərər vurulmaması və icarə haqlarının ödənilməsidir ki, bunlara cavabdeh tərəfindən riayət olunmuşdur. İddiaçının pretenziya məktubu və iddia ərizəsinin məzmunu üst-üstə düşmür. Belə ki, məktubda qanunsuz çəpərləmə işləri, iddia ərizəsində isə torpaq sahəsindən istifadə olunmamasına istinad olunmuşdur. İşə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində çox tez bir zamanda baxılmış, məhkəmə işə heç bir maps arayışı da əlavə etməmişdir. Qətnamə qəbul olunan zaman zəruri sorğular verilməmiş, prosessual pozuntulara yol verilmişdir. Vəkil iddiaçının nümayəndəsinin müqavilənin əslinin təqdim olunması ilə bağlı müraciətinə bildirdi ki, həmin müqaviləni təqdim etmək kimi vəzifəsi yoxdur. Cavabdeh həmin müqaviləni imzalamasa da, hər iki tərəf müqaviləni bəyənmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, apellyasiya şikayəti rədd olunmalıdır. Torpaq sahəsi 2007-ci ildən istifadə olunmamışdır. İcra Hakimiyyətinin müvafiq komissiyası orada daim fəaliyyət göstərir, monitorinq aparır. İlk öncə cavabdehin vəkilinin bildirdiyi kimi, torpaq sahəsi İcra Hakimiyyətindən icarəyə və istifadəyə götürülürsə, İcra Hakimiyyətinə başqa heyvanların həmin əraziyə gətirilməsi barədə məlumat verilməlidir. Bundan başqa, əgər torpaq sahəsi örüş məqsədilə icarəyə götürülürsə, orada davarların otarılması qadağandır. Ümumiyyətlə Nazirlər Kabinetinin 42 saylı qərarında göstərilmişdir ki, örüş sahələri 15 ildən artıq icarəyə verilə bilməz. Sərəncam və müqavilə özü-özlüyündə qanunvericiliyin tələblərinə ziddir. Həmin qərarda qeyd olunmuşdur ki, torpaq sahəsi örüş sahəsi üçün verilirsə, həmin torpaq sahəsində dam və çoban evləri tikilə bilər. Əgər aralı bir yerdə belə bir yer var idisə, İcra Hakimiyyətinə bildirilməli idi ki, torpaq sahəsi sırf otarmaq üçün icarəyə götürülür. Bundan başqa, icarə hüququ ilə torpaq sahəsindən istifadə edənlər Rayon Statistika İdarəsinə hər il torpağın cari vəziyyəti ilə bağlı arayış təqdim edirlər. Cavabdeh tərəfindən heç vaxt belə bir arayış təqdim olunmamışdır. Sərəncamın ləğv olunma səbəbi torpaqdan ümumiyyətlə istifadə olunmaması olmuşdur. İddia məhz bu səbəbdən qaldırılmışdır. Ödənişlə bağlı isə heç bir məlumat yoxdur. Qarşı tərəf torpaq sahəsindən istifadə olunması ilə bağlı əsaslı sübutlar təqdim etməlidir. Müvafiq müqavilələr 4 nüsxədə tərtib olunur, 1 nüsxəsi də DTXK-da qalır. 5 il sonra isə arxivə təhvil verilir. Müvafiq müqavilə və sərəncam qəbul olunan andan etibarsızdır. Belə ki, müqavilələrdə cavabdehin imzası olmamışdır. O ərazidə mütəmadi monitorinqlər olmuş, torpaq sahəsindən istifadə olunmaması, heç bir əkin, biçin olmaması müəyyən olunmuş, bundan sonra cavabdehə müvafiq bildirişlər göndərilmişdir. Abşeron Rayon Dövlət Arxivi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsindən təqdim olunmuş 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli icarə müqaviləsinin surətlərindən görünür ki, həmin müqavilələr ümumiyyətlə cavabdeh tərəfindən imzalanmamışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı Başçısının 11 dekabr 2007-ci il tarixli sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonunun X4 Fondunda saxlanılmış torpaqlardan X2 sovxozunun ərazisindən sahibkarlıq məqsədilə 10 hektar 99 il müddətinə icarə qaydasında Cavabdeh torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Hüquqi şəxsə tapşırılmışdır ki, torpaq üzərində hüququn qeydə alınmasını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsilə təmin etsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh sahibkarlıq məqsədilə icarə qaydasında 10 hektar torpaq sahəsi ayrılması haqqında ərizəsinə baxılmışdır. Komissiya vasitəsilə baxış keçirilərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonuna təhkim edilmiş X4 Fonduna aid olmaqla X2 sovxozunun ərazisində yerləşir, uqodiyasma görə örüş kimi uçota alınmışdır. Həmin ərazidən Cavabdeh 99 il müddətinə 10 hektar icarə müqaviləsi yolu ilə torpaq sahəsi verilməsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etməmişdir. İcarə qaydasında sahibkarlıq məqsədilə 99 il müddətinə torpaq sahəsi seçilməsi haqqında aktın təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 99 il müddətinə sahibkarlıq məqsədilə torpaq sahəsi ayrılmasına komissiya aşağıdakı şərtlərlə etiraz etməmişdir. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, sahibkarlıq məqsədilə cavabdehə 10 hektar torpaq sahəsi 99 il müddətinə icarəyə verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 01 feval 2017-ci il tarixli, 138/1-S nömrəli və 18 aprel 2017-ci il tarixli, 540-S nömrəli məktublardan görünür ki, İddiaçı idarəçiliyində olan X5 aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mövcud icarəçilər tərəfindən istifadə vəziyyəti RİH-də yaradılmış komissiya tərəfindən mütəmadi yoxlanılır. Komissiya tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı başçısının sərəncamı ilə Cavabdeh icarəsinə verilmiş ümumilikdə 10 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi təyinatına uyğun istifadə olunmur, torpaq sahəsinə görə icarə haqqlarının ödənişi həyata keçirilmir. Qeyd olunanlara əsasən göstərilən nöqsanların aradan qaldırılması istiqamətində tərəflərindən təxirəsalınmaz tədbirlərin görülməsi və nəticəsi barədə rayon İcra Hakimiyyətinə məlumat verilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan Bakı şəhəri Zirə kəndində olan mübahisəli torpaq sahəsinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, torpaq sahəsi hasara alınmamış və istifadə olunmur. Ərazidə heç bir şumlanma və əkin izinə rast gəlinməmişdir. Qeyd olunan xüsusatlar torpaq sahəsinin müayinəsi zamanı çəkilmiş fotoşəkillərlə təsdiqlənmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Həmin Məcəllənin 710.3-cü maddəsinə əsasən icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Abşeron rayonunun X4 Fondunda saxlanılmış torpaqlardan kənd təsərrüfatı məqsədilə cavabdehə 10 hektar torpaq sahəsi 99 il müddətinə icarəyə verilməklə tərəflər arasında “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilə İddiaçı başçısının 11 dekabr 2007-ci il tarixli, 1022 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. Cavabdeh icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş və icarə haqları ödəməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, İddiaçı Başçısının 11 dekabr 2007-ci il tarixli sərəncamından görünür ki, həmin torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” qaydalarına uyğun olaraq və sərəncamda göstərilən şərtlər nəzərə alınaraq cavabdehə icarəyə verilmişdir. Həmin qərarın 13-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. İcarənin şərtləri tərəflərin razılığı ilə müəyyən edilir və icarə müqaviləsində təsbit olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16.4-cü bəndinə əsasən yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göründüyü kimi, hazırki icarə müqaviləsi ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, yay və qış otlaq sahələri hüquqi və fiziki şəxslərin icarəsinə 10 ildən 15 ilədək verilə bilər. Torpaq Məcəlləsinin 44-cü bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 45-ci bəndinə əsasən torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Bundan başqa, Abşeron Rayon İcra Hakmiyyəti tərəfindən Dövlət Statistika Komitəsi Abşeron Rayon Statistika İdarəsinə xx.xx.2022-ci il tarixli məktubla müraciət olunaraq İddiaçı Başçısının 11 dekabr 2007-ci il tarixli sərəncamı və icarə müqaviləsi ilə fiziki şəxs Cavabdeh ayrılmış Abşeron rayonunun X2 sovxozunun ərazisində yerləşən 10.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bu günə kimi istifadə edilibedilməməsi və həmin ərazidə bu illər ərzində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı Rayon Statistika İdarəsinə torpaq icarəçisi tərəfindən məlumat verilib-verilməməsi barədə məlumatların təqdim olunması xahiş olunmuş, Abşeron Rayon Statistika İdarəsinin İddiaçınə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 126 saylı məktubunda fiziki şəxs Cavabdeh tərəfindən idarəyə hesabat təqdim edilmədiyi bildirilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və ya məhkəmə qarşısında iddia qaldırır. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. İş materiallarından görünür ki, torpaq sahəsinin təyinatı üzrə istifadə olunmaması və icarə haqlarının ödənilməməsi əsası ilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli pretenziya məktubları göndərilmişdir. Məhkəmə kollegiyası cavabdehin icarə haqqı ödənişləri ilə bağlı isə qeyd edir ki, bununla bağlı iş materiallarında heç bir mötəbər sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-2(85)-185/2017 nömrəli, 14 iyul 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-92/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-92/2022
21.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver