Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-109/2023 16.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı "Resant Group” MMC-nin cavabdeh "X7 Tourism” MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-468/2023 saylı, 03 iyul 2023-cü il tarixli (hakim E.Abdullayev) qətnaməsindən cavabdeh "X7 Tourism” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Resant Group” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "X7 Tourism” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "C- Group” MMC ilə "X7 Tourism” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış, cavabdeh tərəfindən ödənilməmiş 93.304,89 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən mediasiyada iştirak edilməsi ilə bağlı ödənilmiş 400 manat mediasiya xərci olmaqla ümumilikdə, 93.704,89 manat məbləğində pul vəsaitinin cavabdeh "X7 TOURİSM” MMCdən "RESANT GROUP” MMC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə "C-Group” MMC ("İcraçı”) ilə "X7 TOURİSM” MMC ("Sifarişçi”) arasında "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə (bundan sonra - "Müqavilə”) bağlanılmışdır. Məlumat üçün bildirilir ki, "C-Group” MMC xx.xx.2019-cu il tarixdən "RESANT GROUP” MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqavilənin 1.1-ci bəndinə əsasən, "Sifarişçi” müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının (bundan sonra "Müştərilər”-in) "C-Group” MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri (bundan sonra "Xidmətlər”) göstərilməsi barədə sifariş verir, "İcraçı” isə "Sifarişçi”-nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin "Müştəri” və ya "Sifarişçi” tərəfindən ödənilməsi sifarişdən öncə "Sifarişçi” və "İcraçı” arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, "Müştəri” çıxdıqdan sonra "İcraçı” "Sifarişçi”-yə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq "İcraçı” "Sifarişçi”-yə onun sifarişlərinə uyğun olaraq mehmanxana xidmətlərini tam şəkildə təhvil vermişdir. Lakin, "Sifarişçi” göstərilmiş mehmanxana xidmətlərinin dəyərini tam ödəməmiş və "İcraçı” qarşısında icra edilməmiş 93 304. 89 manat məbləğində öhdəliyi yaranmışdır. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, "İcraçı”-nın təqdim etdiyi hesabın ödənişi Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq "Müştəri” və ya "Sifarişçi” tərəfindən onu aldığı gündən 15 (on beş) bank günü ərzində manatla həyata keçirilir. "Sifarişçi” tərəfindən göstərilmiş mehmanxana xidmətlərini tam qəbul etmiş "İcraçı” müqavilənin 3.8-ci bəndinin tələblərini pozmuş və bununlada müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. "Sifarişçi”-nin "İcraçı” qarşısında icra edilməmiş hər hansı bir öhdəliyi yoxdur. "Sifarişçi” tərəfindən Müqavilə üzrə bütün müəyyən edilmiş şərtlər və öhdəliklər yerinə yetirilmişdir. Cavabdehlə iddiaçı arasında 29 sentyabr 2021-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmış və cavabdeh iddiaçı qarşısında yaranmış və icra edilməmiş 93.304,89 manat məbləğində öhdəliyini təsdiq etmişdir. Həmçinin, 29 sentyabr 2021-ci il tarixli öhdəlik müqaviləsi ilə cavabdeh iddiaçı qarşısında yaranmış 93.304,89 manat məbləğində öhdəliyini 2021-ci ilin oktyabr ayının 10- dan başlayaraq, ilk 2 ay ərzində minumum 1000 (bir min) AZN, 10 dekabr 2021-ci ildə 10 000 (on min) AzN, 3 aydan sonra 3000 (üç min) AZN, turizm bazarındakı vəziyyət sabitləşəndən sonra ayda 10 000 (on min) AZN olmaqla ödəməyi yazılı vəd etsə də bu günə kimi öhdəliyini icra etməmişdir. Həmin müqavilənin 6.2-ci bəndinə görə, müqavilədən irəli gələn və ya onunla bağlı olan bütün mübahisələri və ziddiyətləri tərəflər danışıq yolu ilə həll edəcəklər. Tərəflər arasında yarana biləcək mübahisələr və ziddiyyətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq iqtisad məhkəməsində həll edəcəklər. Bu səbəbdən, "RESANT GROUP” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sistemi və Poçt vasitəsilə cavabdeh "X7 TOURİSM” MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq göstərilmiş mehmanxana xidmətlərinin ödənilməmiş hissəsini 3 (üç) gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Lakin bu günədək "İcraçı” tərəfindən göstərilmiş mehmanxana xidmətlərinin dəyərindən 93.304,89 manat məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh "X7 Tourism” MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, cavabdehə qarşı qaldırılmış iddiada qeyd olunan 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə üzləşmə aktında göstərilən məbləğlər həmin tarixdən sonra fəqli tarixlərdə və fərqli məbləğlərdə olmaqla cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Bununla bağlı olan qəbzlər hazırkı etiraza əlavə olunaraq iddiada qeyd olunan məbləğin tamamilə ödənilməsi səbəbilə iddianın əsassız olması məhkəmənin diqqətinə çatdırılaraq iddianın təmin edilməməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-468/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "X7 Tourism” Məhdud Məsuliyyətli Cəmiyyətindən 92.359,89 manat məbləğində əsas borc və 400 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 92.759,89 (doxsan iki min yeddi yüz əlli doqquz manat, səksən doqquz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "Resant Group” MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, podrat müqaviləsi üzrə tərəflərindən öhdəliklərin tam şəkildə icra edilməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız şəkildə iddianın təmin edilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə tərəfindən bitərəflik prinsipi pozularaq işə obyektiv baxılmamış, tərəflərindən iddiaya qarşı irəli sürülmüş dəlillər araşdırılmamış və nəticədə iddianın təmin edilməsi barədə əsassız bir qətnamə qəbul edilmişdir. Halbuki, tərəflərindən iddiada tələb olunan məbləğin ödənilməsinə dair qəbzlər məhkəməyə təqdim edilərək tələb olunan məbləğin əsassız olaraq təkrar şəkildə onlardan tələb edilməsini məhkəmənin nəzərinə çatdırsalar da, məhkəmə iş materiallarında olan bir neçə qəbzin məhz tərəflər arasında olan sonraki münasibətlərə aid olması və iddiaçının öz istifadəsində olan kompüterdən çıxarış edilmiş folio adlanan müştərilər siyahısını mötəbər sübut qismində qəbul edərək bu qeyd edilənlərlə guya iddianın əsaslı olması nəticəsinə gəlmişdir. Məhkəmə o reallığı göz ardı etmişdir ki, folio iddiaçının kompüterindən çıxarışdır və həmin siyahıya istənilən dəyişiklik edib manipulyasiya etməklə onu məhkəməyə təqdim etmək olar. Bu məlumatların həqiqiliyini yalnız iddiaçı iddia edir. Cavabdeh olaraq onlar həmin məlumatların həqiqi olmasını qəbul etmirlər. Həmin məlumatlar o zaman həqiqi ola bilərdi ki, foliolarda qeyd olunan qonaqlar üçün onlar tərəfindən otaqların sifariş edilməsinə dair aralarında rəsmi mail yazışmaları mövcud olsun (aralarında olan müqavilənin tələblərinə əsasən tərəflər arasında rəsmi yazışma yalnız mail vasitəsi ilə aparılmalıdır). İddiaçı tərəfindən sübut kimi təqdim edilmiş sonuncu mail yazışmalarına münasibətdə isə onu deyə bilərlər ki, bu onlar arasında olub təsdiqlənmiş yazışmalar deyil. O yazışmalara diqqət yetirdikdə onlara müraciət edən qonaqların olması haqqında məlumatlara nəzər yetirdikdə onlara müraciət edən qonaqların olması haqqında məlumatların iddiaçı ilə paylaşılması yazılarıdır. Yəni ilk olaraq onlar, onlara müraciət edən qonaqların məlumatlarını yəni adını, neçə nəfər olmalarını və neçə günlük qalmaq istəmələri barədə məlumatları iddiaçı ilə paylaşırlar ondan sonra əgər iddiaçının otellərində əgər yer varsa o zaman iddiaçı confirmation (təsdiqləmə) cavab mailini yazıb qonalardan neçə nəfərini hansı tarixlərdə qəbul edə biləcəyi haqqında məlumat verir. Təqdimedilmiş mail yazışmalarına baxınca isə görürük ki, maillərdə confirmation (təsdiqləmə) cavab məktubu yoxdur. Yalnız bizim information sharing (məlumat paylaşımı) haqqında yazışmalarımızdır. Buradan da görünür ki, həmin qonaqların sifarişlərinin təsdiq edilməsi, onların otelə yerləşdirilməsi və oteldə müəyyən xidmətlərdən istifadə edilməsi haqqında foliolardan heç biri həqiqəti əks etdirmir. Yalnız bundan əvvəlki mail yazışmalarının bir hissəsində olan qonaqların (confirmation – təsdiqləmə) bəziləri öz təsdiqini tapmış və təsdiqini tapan (mail ilə) qonaqlara görə tərəflərindən ödənişlərin edilməsinə dair qəbzlər məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərin əksəriyyəti isə cancel (imtina) edilmiş, bəziləri isə təkrarlanan yazışmalar olduğu üçün həmin xidmətlərin göstərilməsi haqqında əlavə qəbzlər tərəfimizdən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etdiyi kimi sonraki münasibtəlrimizə aid olan təqdim etdiyimiz qəbzlərdən başqa iddiada tələb edilən məbləğin tam ödənilməsini sübut edən qəbzlərinin də guya sonraki münasibətlərə aid edərək həmin pulun ödənilmədiyi qənaətinə gəlmişdir. Halbuki, burada çox adi bir qayda ilə məsləni həll etmək olardı. İddiada tələb edilən məbləğ maillərlə təsdiq edilən və göstərilmiş xidmətlərə dair məbləğ nəticə (tələb edilən yekun məbləğ); Cavabdeh tərəfindən təqdim edilən qəbzlərdə göstərilən yekun məbləğ- maillərlə təsdiq edilən və göstərilmiş xidmətlərə dair məbləğ – iddiada tələb edilən məbləğ = nəticə 0-dırsa deməli cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə çox təəssüf ki, sadə olan bu hesablama qaydasını kənara qoyub mülahizələrə əsaslanaraq həmin borcun ödənilmədiyi nəticəsinə gəlmişdir. Bundan başqa məhkəmə qarşısında qaldırılmış iddia iddiaçı tərəfindən iş materiallarında olan üzləşmə aktı ilə əsaslandırılır. O üzləşmə aktı ki, həmin üzləşmə aktını şirkətin adından müqavilə bağlamaq, şirkətin adından çıxış edərək müəyyən hərəkətlər etmək hüququ olmayan təsisçi imzalamışdır. Yəni iddiaçının yeganə dəlili olan üzləşmə aktı ona səlahiyyəti olmayan şəxs tərəfindən imza edildiyinə görə etibarsızdır. Bundan başqa iddiaçı şirkət həmin borc məbləğinin ödənilməsi üçün cavabdeh şirkətə hər hansı formada elektron qaimə göndərməmiş və pulu qanuni şəkildə tələb etməmişdir. Hətta iddiaçı ödənilmiş məbləğlərin üzləşmə aktından sonra davam etdiyini iddia etdiyi münasibətlərə aid olduğunu iddia edirsə belə iddiaçının həmin sonrakı münasibətlərdən yaranan borclara görə cavabdehə ünvanlanan elektron qaimələri də olmalı idi ki, onlar da yoxdur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, məhkəmədə apellyasiya şikayətinin dəlilləri üzrə izahat vermiş, həmçinin əlavə olaraq göstərmişdir ki, iddiaçının iddiasının əsasını iş üzrə tərəflər arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli “Üzləşmə Aktı” təşkil edir. Qeyd etmişdir ki, “Üzləşmə Aktı” ilə müəyyən edilən 93 304,89 manat pul vəsaiti təmsil etdiyi şirkət tərəfindən tam ödənilmişdir. Bununla bağlı ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdir. Göstərmişdir ki, 2020-2021-ci illərdə onlarla iddiaçı təşkilat arasında xidmətlərin göstərilməsi ilə əlaqədar hər hansı işgüzar münasibət olmamışdır. Lakin birinci instansiya məhkəməsi təqdim etdikləri qəbzləri “Üzləşmə Aktı” üzrə ödənilmiş qəbzlər kimi qiymətləndirməmiş, həmin ödənişləri başqa illər üzrə xidmətlərə görə ödənilmiş qəbzlər kimi qiymət vermişdir. Belə ki, iddiaçı onlar tərəfindən təqdim edilən hər bir ödəniş qəbzlərini güya təqdim etdikləri folio ilə əsaslandırmağa çalışmışdır. Lakin iddiaçının təqdim etdiyi bu folio ciddi hesabat sənədi deyildir. Bu foliolar iddiaçının kompüterindən edilmiş çıxarışdır ki, həmin siyahıya istənilən dəyişiklik edib manipulyasiya etməklə onu məhkəməyə təqdim etmək olar. Bu məlumatların həqiqiliyini yalnız iddiaçı iddia edir. Cavabdeh olaraq onlar həmin məlumatların həqiqi olmasını qəbul etmirlər. Məhkəmə qeyd etdikləri kimi sonraki münasibətlrinə aid olan təqdim etdikləri qəbzlərdən başqa iddiada tələb edilən məbləğin tam ödənilməsini sübut edən qəbzlərinin də guya sonraki münasibətlərə aid edərək həmin pulun ödənilmədiyi qənaətinə gəlmişdir. Halbuki, burada çox adi bir qayda ilə məsləni həll etmək olardı. İddiada tələb edilən məbləğ maillərlə təsdiq edilən və göstərilmiş xidmətlərə dair məbləğ nəticə (tələb edilən yekun məbləğ); cavabdeh tərəfindən təqdim edilən qəbzlərdə göstərilən yekun məbləğ maillərlə təsdiq edilən və göstərilmiş xidmətlərə dair məbləğ – iddiada tələb edilən məbləğ = nəticə 0-dırsa deməli cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Məhkəmə çox təəssüf ki, sadə olan bu hesablama qaydasını kənara qoyub mülahizələrə əsaslanaraq həmin borcun ödənilmədiyi nəticəsinə gəlmişdir. Göstərmişdir ki, təqdim edilmiş qəbzlərin hamısı iddiaçı tərəfindən təsdiq edilmişdir. Lakin iddiaçı həmin ödəniş qəbzlərinin üzərində ödənişlərin hansı müqavilə və ya xidmət qarşılığında ödənilməsi ilə bağlı hər hansı qeyd aparmamışdır. Belə olan halda hesab etmişdir ki, bu ödənişlərin “Üzləşmə Aktı” üzrə deyil, başqa müqavilə üzrə ödənilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Həmçinin apellyasiya şikayətlərində “Üzləşmə Aktı”-nın etibarlılığını mübahisələndirsələr də hazirda hazırda bu aktı qəbul edirlər və bununla bağlı hər hansı mübahisələri yoxdur. İddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, əlavə izahat verərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə "C-Group” MMC (iddiaçıiçraçı) ilə "X7 Tourism MMC (cavabdeh-sifarişçi) arasında "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə (bundan sonra - "Müqavilə”) bağlanılmışdır. Bildirmişdir ki, "C-Group” MMC xx.xx.2019-cu il tarixdən "RESANT GROUP” MMC olaraq fəaliyyətini davam etdirməkdədir. Müqaviləyə "Sifarişçi” müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "C-Group” MMC-nin mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, "İcraçı” isə "Sifarişçi”-nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin "Müştəri” və ya "Sifarişçi” tərəfindən ödənilməsi sifarişdən öncə "Sifarişçi” və "İcraçı” arasında razılaşdırılır. Həmin müqavilənin 3.7-ci bəndinə görə, "Müştəri” çıxdıqdan sonra "İcraçı” "Sifarişçi”-yə ödəniş üçün son hesabı verir və buna əsasən tərəflər arasında sonrakı qarşılıqlı hesablaşma aparılır. Müqavilənin tələblərinə uyğun olaraq "İcraçı” "Sifarişçi”-yə onun sifarişlərinə uyğun olaraq mehmanxana xidmətlərini tam şəkildə təhvil vermişdir. Lakin, "Sifarişçi” göstərilmiş mehmanxana xidmətlərinin dəyərini tam ödəməmiş və "İcraçı” qarşısında icra edilməmiş 93 304. 89 manat məbləğində öhdəliyi yaranmışdır. Belə ki, cavabdehlə iddiaçı arasında 29 sentyabr 2021-ci il tarixdə qarşılıqlı üzləşmə aktı imzalanmış və cavabdeh iddiaçı qarşısında yaranmış və icra edilməmiş 93.304,89 manat məbləğində öhdəliyini təsdiq etmişdir. Həmçinin, 29 sentyabr 2021-ci il tarixli öhdəlik müqaviləsi ilə cavabdeh iddiaçı qarşısında yaranmış 93.304,89 manat məbləğində öhdəliyini 2021-ci ilin oktyabr ayının 10- dan başlayaraq, ilk 2 ay ərzində minumum 1000 (bir min) AZN, 10 dekabr 2021-ci ildə 10 000 (on min) AZN, 3 aydan sonra 3000 (üç min) AZN, turizm bazarındakı vəziyyət sabitləşəndən sonra ayda 10 000 (on min) AZN olmaqla ödəməyi yazılı vəd etsə də bu günə kimi öhdəliyini icra etməmişdir. Bildirmişdir ki, birinci istansiya məhkəməsi zamanı cavabdeh tərəfindən qəbzlər təqdim edilərək güya həmin qəbzlərin “Üzləşmə akt”da olan məbləğlər üzrə ödənişlər olmasını bildirmişdir. Bildirmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri “Üzləşmə aktı” üzrə olan ödənişlər deyil, 2020-2021-ci illər üzrə olan ödəniş qəbzləri olmuşdur. Belə ki, 2020-2021-ci illərdə də cavabdehlə etibarlı əməkdaşlıqları olmuş və cavabdeh tərəfindən təqdim edilən ödənişlər də məhz qeyd edilən illər üzrə edilmiş ödənişlər olmuşdur. Lakin həmin illəri əhatə edən xidmət müqavilələrini məhkəməyə təqdim edə bilməmişlər və hazırda da təqdim edə bilmirlər. Ona görə ki, həmin müqavilələr tərtib edilərək cavabdehə verilmiş, cavabdeh isə həmin xidmət müqavilələrini məhkəməyə təqdim etməmişdir. Çünki, əvvəlcədən mübahisəni məhkəmə müstəvisində həll etməyi düşünmüşlər. Qeyd etmişdir ki, təqdim etdikləri “Üzləşmə aktı” onlar arasında olan xx.xx.2019 xx.xx.2019-cu illəri əhatə edən borc məbləği barədədir. Həmin “Üzləşmə aktı” xx.xx.2021ci il tarixində tərtib edilsə də həmin üzləşmə aktında 2020 və 2021-ci illər üzrə cavabdehin borc məbləğləri öz əksini tapmamışdır. Məlum olmuşdur ki, həmin dövrdə "RESANT GROUP” MMC-nin maliyyə direktoru olmuş Yasin Şükürov cavabdeh tərəflə razılaşmaya gedərək cavabdehin 2020-2021-ci illərdəki borcunu gizlətmişdir. Buna görə də Yasin Şükürov işdən xaric edilmişdir. Göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan xidmətlərin dəyəri 2019-cu ildə 314920 manat, 2020-ci ildə 83 386 manat, 2021-ci ildə 126 485 manat və 2022-ci ildə 256 759 manat olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-nin 763.2-ci maddəsinə görə əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. MM-nin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. MM-nin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. MM-nin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarında göstərilir ki, "...Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 01 yanvar 2019-cu il tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən görünür ki, "C Qrup” MMC ("İcraçı”) və "X7 TOURİSM” MMC ("Sifarişçi”) arasında xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, "Sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının "C-Group” mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxanalara xidmətləri göstərilməsi barədə sifariş verməyi, "İcraçı” isə "Sifarişçi”nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxanalara xidmətləri göstərməyi öhdəsinə götürür. Xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişdən öncə sifarişçi və icraçı arasında razılaşdırılır. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və 29 dekabr 2019-cu il tarixədək qüvvədədir. İşdə olan xx.xx.2019-cu il tarixli hüquqi şəxslərin dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin adı dəyişdirilərək "Resant Group” MMC adlandırılmışdır. İş materiallarında olan "Resant Group” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli “01 yanvar 2019-cu il tarixli Xidmət Müqaviləsi üzrə” üzləşmə aktından görünür ki, 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə sifarişçinin ("X7 Tourism” MMC-nin) icraçıya ("Resant Group” MMC-yə) xx.xx.2021-ci il tarixinə 93.304,89 borcu vardır. Həmin akt "Resant Group” MMC-nin və "X7 Tourism” MMC-nin nümayəndələri tərəfindən imzalanaraq, həmin MMC-lərin möhürləri ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC (“Birinci Şirkət”) ilə Cavabdeh MMC (“İkinci Şirkət”) arasında bağlanmış 29 sentyabr 2021-ci il tarixli Öhdəlik müqaviləsindən görünür ki, “İkinci Şirkət” xx.xx.2019-cu il tarixli “Mehmana xidmətlərinin göstərilməsinə dair” İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən yaranmış 93.304,89 AZN (doxsan üç min üç yüz dörd manat səksən doqquz qəpik) öhdəlik borcunu oktyabr ayının 10-dan başlayaraq, ilk 2 ay ərzində minimum 1.000 (bir min) AZN, 10 dekabr 2021ci ildə 10.000 (on min) AZN, 3 aydan sonra 3.000 (üç min) AZN, turizm bzarındakı vəziyyətət stabilləşəndən sonra ayda 10 000(on min) AZN "Birinci Şirkət”-ə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədlərindən görünür ki, "Resant Group” MMC-yə xx.xx.2021-ci il tarixdə 950 manat, xx.xx.2021-ci il tarixdə 4.800 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2022-ci il tarixdə 11.000 ABŞ dolları (18 700 manat), xx.xx.2022-ci il tarixdə 5.000 ABŞ dolları (8500 manat), xx.xx.2022-ci il tarixdə 15.000 manat, xx.xx.2022-ci il tarixdə 22.000 manat, xx.xx.2022-ci il tarixdə 5.800 ABŞ dolları və 140 manat (10 000 manat), xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə isə 5.000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan "Resant Group” MMC tərəfindən "X7 Tourism” MMC-yə 2021ci il və 2022-ci il tarixlərində göstərilmiş xidmətlərə dair hesab açıqlamalarından görünür ki, "Resant Group” MMC tərəfindən 2021-ci il və 2022-ci il tarixlərində "X7 Tourism” MMCyə mehmanxana xidmətləri göstərilmiş və həmin dövrlərdə göstərilmiş xidmətlərə uyğun olaraq "X7 Tourism” MMC tərəfindən 950 manat, 4.800 manat, 5.000 manat, 7.000 manat, 11.000 ABŞ dolları, 5.000 ABŞ dolları, 5.000 manat, 5.800 ABŞ dolları, 140 manat, 10.000 manat, 22.000 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş 260 nömrəli, 261 nömrəli, 280 nömrəli, 281 nömrəli, 404 nömrəli, 405 nömrəli, 575 nömrəli və 576 nömrəli ödəniş tapşırıqlarından görünür ki, "X7 Tourism” MMC tərəfindən ******* nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə "Resant Group” MMC-yə xx.xx.2022-ci il tarixində 3.000 manat, xx.xx.2022-ci il tarixdə 3.0 manat, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 6.000,01 manat məbləğində ödənişlər edilmişdir. İş materiallarında olan "Resant Group” MMC ilə "X7 Tourism” MMC arasında həyata keçirilmiş elektron poçt ünvanından çıxarılmış yazışmalardan görünür ki, "X7 Tourism” MMC tərəfindən elektron poçt vasitəsilə "Resant Group” MMC- yə məxsus olan mehmanxanalara (Rich Hotel, Ramada Hotel, Sheki Palace, Shah Palace) öz müştərilərinin yerləşdirilməsi üçün 2021-2022-ci il tarixlərində sifarişlər verilmişdir. İşdə olan "X7 Tourism” MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 2020-ci və 2021-ci il tarixli müqavilələr mövcud olmadığından onların məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. İş materiallarında olan "Resant Group” MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "Resant Group” MMC tərəfindən göstərilən mehmanxana xidmətlərinə görə "X7 Tourism” MMC-nin 2019-cu il üzrə 104.064,89 manat, 2020-ci il üzrə 93.304,89 manat, 2021-ci il üzrə 92.359,89 manat, 2022-ci il üzrə 129.481,03 manat məbləğində qalıq borcu müəyyən edilmişdir. Yekun olaraq "X7 Tourism” MMC şirkətinin "Resant Group” MMC şirkətinə ödənilməmiş 129.481,03 manat qalıq borc məbləği vardır. İş materiallarında olan "İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-cü il tarixli, MŞS/MT-028/2023/0019K nömrəli arayışdan görünür ki, "Resant Group” MMC tərəfindən 400 manat məbləğində mediasiya dair xərc ödənilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri qətnamənin ləğvi üçün əsasdır. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01 yanvar 2019-cu il tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının iddiaçının mehmanxanalarında yerləşdirilməsi və onlara mehmanxana xidmətlərinin göstərilməsi barədə sifariş verməyi, iddiaçı isə cavabdehin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətlərini göstərməyi öhdələrinə götürmüşlər. Daha sonra tərəflər arasında bağlanmış "01 yanvar 2019-cu il tarixli Xidmət Müqaviləsi üzrə” 29 sentyabr 2021-ci il tarixində üzləşmə aktı imzalanmışdır. Həmin akta əsasən cavabdehin xx.xx.2021-ci il tarixinə 93.304,89 manat məbləğində borcunun olduğu müəyyən edilmiş və akt tərəflərin imzaları və möhürləri ilə təsdiq edilmişdir. Eyni tarixdə tərəflər arasında öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh qeyd olunan müqaviləyə əsasən yaranmış 93.304,89 manat öhdəlik borcunu 2021-ci ilin oktyabr ayının 10-dan başlayaraq, ilk 2 ay ərzində minimum 1.000 manat, 10 dekabr 2021-ci ildə 10.000 manat, 3 aydan sonra 3.000 manat, turizm bazarındakı vəziyyət stabilləşəndən sonra ayda 10.000 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli maliyyə arayışına əsasən "Resant Group” MMC tərəfindən göstərilən mehmanxana xidmətlərinə görə cavabdehin 01 yanvar 2019-cu il tarixli xidmət müqaviləsi üzrə 92.359,89 manat borcu vardır. Məhkəmə kollegiyası birinci instansiyanın qətnaməsində göstərdiyi və şərh etdiyi hallarla razılaşmır və gəlmiş olduğu nəticəni aşağıdakı kimi əsaslandırmışdır. Birincisi, işdən görünür ki, tərəflər arasında “Mehmanxana xidmətlərinin göstərilməsinə dair” xx.xx.2019-cu il tarixdə müqavilə imzalansa da iddiaçının tələbinin əsasını xx.xx.2021-ci il tarixində onlar arasında tərtib edilmiş “Üzləşmə aktı” və elə həmin tarixdə də tərəflər arasında öhdəlik müqaviləsi bağlanmışdır. Həmin akt əsasında müəyyən edilən borc məbləği 93 304, 89 manatdır. İddiaçı “Üzləşmə aktı”nda nəzərdə tutulmuş məbləğin cavabdeh tərəfindən ödənilmədiyini bildirir. İddiaçının nümayəndəsi göstərmişdir ki, cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzləri “Üzləşmə aktı” üzrə olan ödənişlər deyil, 2020-2021-ci illərdə göstərilmiş əlavə xidmətlər üzrə olan ödəniş qəbzləri olmuşdur. Qeyd etmişdir ki, cavabdehlə işgüzar münasibətləri sonrakı illərdə də davam etmiş və üzləşmə aktı 2019-cu ildə göstərilən dəyəri ödənilməyən xidmətlər barədədir. Əksinə cavabdeh məhkəməyə xx.xx.2021-ci il tarixdə 950 manat, xx.xx.2021-ci il tarixdə 4.800 manat, xx.xx.2021-ci il tarixdə 5.000 manat, xx.xx.2021-ci il tarixdə 7.000 manat, xx.xx.2022- ci il tarixdə 11.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 5.000 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 10.000 manat, xx.xx.2022-ci il tarixdə 5.800 ABŞ dollar+140 manat (cəmi 10000 manat), 12 noyabr 2021-ci il tarixdə 1490 manat, 5000 manat, xx.xx.2022-ci il tarixdə 22.000 manat, və 140 manat məbləğlərini əks etdirən ödəniş qəbzlərini təqdim edərək həmin qəbzlərin “Üzləşmə aktı” üzrə edilmiş qəbzlər olduğunu qeyd etmişdir. Göstərmişdir ki, təqdim edilmiş qəbzlərin hamısı iddiaçı tərəfindən təsdiq edilmişdir. Lakin iddiaçı həmin ödəniş qəbzlərinin üzərində ödənişlərin hansı müqavilə və ya xidmət qarşılığında ödənilməsi ilə bağlı hər hansı qeyd aparmamışdır. Belə olan halda hesab etmişdir ki, bu ödənişlərin “Üzləşmə Aktı” üzrə deyil, əlavə xidmətlər üzrə ödənilməsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Kollegiya qeyd edilənlərə münasibət bildirərək göstərir ki, təqdim edilən qəbzlərin tarixindən də göründüyü kimi həmin ödəniş qəbzləri “Üzləşmə aktının” tərtib edildiyi xx.xx.2021-ci il tarixindən sonrakı dövrü əhatə etməklə həmin tarixli “Öhdəlik müqaviləsi”nin məzmununa uyğundur. Yəni, iddiaçı “Üzləşmə aktı”-nı təqdim edərək aktdakı məbləğin cavabdeh tərəfindən ödənilmədiyini bildirir. Cavabdeh isə iddiaçı tərəfindən təsdiq edilmiş ödəniş qəbzləri təqdim edərək həmin qəbzlərin “Üzləşmə aktı” üzrə olan ödəniş qəbzləri olmasını bildirir. İşdə olan bu tipli digər ödəniş qəbzlərinə nəzər saldıqda da müəyyən olunur ki, həmin qəbzlər iddiaçı tərəfindən təsdiqlənsə də həmin ödənişlərin hansı xidmət müqaviləsi üzrə təyinatlı ödəniş edilməsi müəyyən edilmir.ə Belə olan halda MPM-nin 77-ci maddəsinə əsasən həmin ödənişlərin “Üzləşmə aktı” üzrə deyil, digər xidmətlər üzrə ödənişlər olmasına dair sübutlar təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Halbuki, işdə olan ödəniş qəbzlərinin heç birində ödənişin təyinatı göstərilməmişdir. İddiaçı həmin ödənişlərin əlavə xidmətlər üzrə olamsına dair məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyi kimi, həmin ödənişlərin “Üzləşmə aktı” üzrə edilmiş ödənişlər olmamasını da deməsi şübhəlidir. Bu baxımdan kollegiya cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərinin “Üzləşmə aktı” üzrə edilmiş ödənişlər hesab edir. İkincisi, iddiaçı kollegiyanın iclasında bildirmişdir ki, 2020-2021-ci illərdə də cavabdehlə onlar arasında etibarlı əməkdaşlıqları olmuş və cavabdeh tərəfindən təqdim edilən ödənişlər də məhz qeyd edilən illər üzrə edilmiş ödənişlər olmuşdur. Lakin həmin illəri əhatə edən xidmət müqavilələrini məhkəməyə təqdim edə bilməmişlər və hazırda da təqdim edə bilmirlər. İddiaçı bunun səbəbini belə izah etmişdir ki, həmin müqavilələr tərtib edilərək cavabdehə verilmiş, cavabdeh isə həmin xidmət müqavilələrini təsdiq etməmiş, məhkəməyə təqdim etməmişdir. Çünki, əvvəlcədən mübahisəni məhkəmə müstəvisində həll etməyi düşünmüşdür. Cavabdehin nümayəndəsi isə bunu inkar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əgər tərəflər arasında sonrakı dövrləri əhatə edən xidməti müqavilə olmuş olsaydı xx.xx.2019-cu il tarixli xidməti müqavilə kimi iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilərdi. Bundan başqa mülki qanunvericiliyə əsasən tərəflər arasında bağlanmış müqavilə ən azından 2 nüsxədə tərtib edilir və hər iki tərəfdə saxlanılır. Buna görə də kollegiya 2020-2021-ci illəri əhatə edən müqavilələrin iddiaçının özündə olmamasını da qəbul etmir və bunu ağlabatan hesab etmir. Həmçinin yuxarıda da şərh edildiyi kimi iddiaçının cavabdeh tərəfindən təqdim edilən ödəniş qəbzlərinin məhz 2020-2021-ci illərdəki xidmətlərə görə ödənilməsi barədə iddialarını əsaslı hesab etmir. Üçüncüsü, araşdırma zamanı iddiaçı qeyd etmişdir ki, təqdim etdikləri “Üzləşmə aktı” onlar arasında olan xx.xx.2019 - xx.xx.2019-cu illəri əhatə edən borc məbləği barədədir. Həmin “Üzləşmə aktı” xx.xx.2021-ci il tarixində tərtib edilsə də həmin üzləşmə aktında 2020 və 2021-ci illər üzrə cavabdehin borc məbləğləri öz əksini tapmamışdır. Çünki məlum olmuşdur ki, həmin dövrdə "RESANT GROUP” MMC-nin maliyyə direktoru olmuş Yasin Şükürov cavabdeh tərəflə razılaşmaya gedərək cavabdehin 2020-2021-ci illərdəki borcunu gizlətmişdir. Buna görə də Yasin Şükürov işdən xaric edilmişdir. Öz növbəsində cavabdehin nümayəndəsi qeyd edilən arqumentləri qəbul etməmiş, iddiaçıya bununla bağlı sual ünvanlayaraq "RESANT GROUP” MMC-nin maliyyə direktoru olmuş Yasin Şükürov barəsində CM-nin 178-ci maddəsi üzrə hüquq mühafizə orqanlarına müraciət etmisinizmi sualına iddiaçının nümayəndəsi cavab verə bilməmiş, 1 ildir ki, qeyd edilən şirkətdə işlədiyini bildirmişdir. Ümumiyyətlə kollegiya xx.xx.2021-ci il tarixli “Üzləşmə aktı”-nın yalnız 2019-cu ildə göstərilmiş xidmətlər üzrə tərtib olunmasına dair iddiaçının arqumentləri ilə razılaşmır. Əvvəla ona görə ki, üzləşmə aktının özündə razılaşdırılmış borc məbləğinin hansı tarixləri əhatə edən dövr üçün tərtib edildiyi qeyd olunmayıb. Bundan başqa xx.xx.2021-ci ildə aparılan üzləşmə aktında cavabdehin 2020-2021-ci illər ərzində göstərilən xidmətlərə görə yaranan borcunun əks etdirilməməsi inandırıcı, həmçinin müqavilə şərtlərinə uyğun deyildir. Kollegiya hesab edir ki, üzləşmə aktı bütövlükdə cavabdehlə iddiaçı arasında xx.xx.2021-ci il tarixinə olan borcunu əks etdirən sənəddir. Göründüyü kimi əgər tərəflər arasında 2020-2021-ci illərdə də işgüzar münasibət olsa idi, həmin illər üzrə də borc məbləğləri “Üzləşmə aktın” da öz əksini tapardı. Bütün bunlar yenə onu deməyə əsas verir ki, cavabdeh təşkilat “Üzləşmə aktı” üzrə borc məbləğini tam ödəmişdir. Bundan da başqa üzləşmə aktı tərtib olunan xx.xx.2021-ci il tarixindən sonra tərəflər arasında xx.xx.2022-ci il tarixində yeni xidmət müqaviləsi bağlanmış və həmin müqavilə üzrə göstərilən xidmətlərə görə ödənişlər artıq bank köçürməsi yolu ilə həyata keçirilmişdir. Üzləşmə aktı tərtib olunan xx.xx.2021-ci il tarixindən yeni müqavilə bağlanan xx.xx.2022-ci il tarixləri aralığında əlavə xidmətlərin göstərilməsini təsdiq edən aktlar iş materiallarında yoxdur. Ümumiyyətlə qeyd edilən müddət aralığında əlavə xidmətlərin göstərilməsinə, göstərilibsə bu xidmətlərinə məbləğinə dair iş materiallarında mötəbər sübut mövcud deyildir. İddiaçının təqdim etdiyi hesabdan çıxarışları, sifariş mail-lərini - xidmətlərin göstərilməsinə dair aktlar olmadan kollegiya bunları mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq "Resant Group” MMC-dən 222.50 manat məbləğində pul vəsaiti tutularaq "X7 Tourism” MMC-yə ödənilməlidir. Bütün şərh edilənlərə əsasən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-468/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "Resant Group” MMC-nin cavabdeh "X7 Tourism” MMC-yə qarşı "C-Group” MMC ilə "X7 Tourism” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış, cavabdeh tərəfindən ödənilməmiş 93.304,89 manat məbləğində pul və 400 manat mediasiya xərci tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh "X7 Tourism” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-468/2023 saylı, 03 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Resant Group” MMC-nin cavabdeh "X7 Tourism” MMC-yə qarşı "C-Group” MMC ilə "X7 Tourism” MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli "Mehmanxana xidmətlərinin göstərilməsinə dair” müqavilədən yaranmış, cavabdeh tərəfindən ödənilməmiş 93.304,89 manat məbləğində pul və 400 manat mediasiya xərci tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq "Resant Group” MMC-dən 222.50 manat məbləğində pul vəsaiti tutularaq "X7 Tourism” MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-109/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-109/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver