Məhkəmə qərarları › İş №2-2(106)-109/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-109/2025

09.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-109/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli e-2-2(121)-446/2025 saylı qətnaməsindən (hakim N.Misirzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 22D/2022 saylı alqı-satqı müqaviləsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə 11985.36 manat pul vəsaiti əldən çıxmış fayda kimi və 126 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 481/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinə əsasən (hakim: Elşən Abdullayev) Cavabdeh 84900 manat məbləğində əsas borc, 425 manat məbləğində cərimə və 400 manat mediasiya xərci, ümumilikdə 85725 manat məbləğində pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Belə ki, cavabdehlə iddiaçı arasında xx.xx.2020-cı il tarixdə 22D/2022 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli üzləşmə aktına əsasən cavabdehin iddiaçıya olan borcu 102490 manat olmuşdur. Borcundan xx.xx.2021-ci il tarixinədək 17590 manat ödəsə də, yerdə qalan 84900 manatı ödəməkdən müxtəlif vədlər verməklə, bəhanələr gətirməklə yayınmışdır. Yuxarıda qeyd olunan məhkəmə qətnaməsindən sonra borcundan xx.xx.2023-cü il tarixində 1100 manat, xx.xx.2023-cü il tarixdə 9900 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, cəmi 14500 manat ödəmişdir. Hazırda cavabdehin iddiaçıya olan borcu 70400 manat təşkil edir. Amma dövlətin adından qət olunmuş qətnaməni bilərəkdən, məqsədli şəkildə yerinə yetirmir. Nəzərə almaq lazımdır ki, iddiaçı 1997-ci ildən vergi ödəyicisidir, istehsal fəaliyyəti ilə məşğul olur, 300 nəfərdən artıq işçi heyəti vardır. Müəyyən işlərin həyata keçirilməsi ilə bağlı müxtəlif vaxtlarda respublikada fəaliyyət göstərən kommersiya banklarından Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi faizlərə uyğun olaraq kreditlər alır. Cavabdeh müəssisəyə maddi zərər vurmaqla bərabər bu günə kimi işgüzar nüfuzuna da xələl gətirmişdir. Cavabdeh dəfələrlə açıq şəkildə bildirmişdir ki, bütün vasitələrdən istifadə etməklə mümkün qədər iddiaçıya olan borcunu ödəməkdən boyun qaçıracaqdır. Məhkəmənin nəzərinə xüsusi olaraq çatdırılır ki, cavabdehin borcunu ödəməsi üçün kifayət qədər maddi imkanları, daşınar və daşınmaz əmlakları vardır. Lakin belə insanlar etdikləri hərəkətlərin və tutduqları işlərin gələcək nəticələrini bildikləri üçün əvvəlcədən öz işlərini ehtiyatlı tutaraq, başqalarının pulları hesabına əldə etdikləri daşınar və daşınmaz əmlaklarını öz adlarına deyil, öz yaxınlarının adlarına rəsmiləşdirirlər. Cavabdehin xx.xx.2021-ci il tarixinə olan borcu 84900 manat təşkil edirsə, xx.xx.2023-cü il tarixə kimi, 2 il 6 gün üçün ( 84900 manat x 5% /12 ay = 353.75 x 2 il 6 gün (bir gün 11.79 manat) = 8560.74 manat; xx.xx.2023-cü il tarixdə 1100 manat ödəniş etməklə həmin tarixə qalan borcu 83800 manat üçün, bir gün üçün (83800 manat x 5%/360 gün=11.64 manat) 11.64 manat; xx.xx.2023-cü il tarixdə 9900 manat ödəniş etməklə həmin tarixə qalan borcu 73900 manat üçün xx.xx.2023 tarixdən xx.xx.2024-cü il tarixə kimi, 5 ay 1 gün üçün (73900 manat x 5%/12 ay=307.92 manat bir ay üçün (bir gün 10.26 manat)) 1549.86 manat; xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş etməklə həmin tarixə qalan borcu 73400 manat üçün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 1 ay 20 gün üçün (73400 manat x 5%/12 ay=305.83 manat bir ay üçün (bir gün 10.19 manat)) 509.63 manat; xx.xx.2024-cü il tarixdə 2000 manat ödəniş etməklə həmin tarixə qalan borcu 71400 manat üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 29 gün üçün (71400 manat x 5%/360 gün = 9.92 manat bir gün) 287.68 manat; xx.xx.2024-cü il tarixdə 1000 manat ödəniş etməklə həmin tarixə qalan borcu 70400 manat üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi 3 ay 19 gün üçün (70400 manat x 5%/12 ay = 293.33 manat bir ay (bir gün 9.78 manat)) 1065.81 manat olmaqla, gecikdirilmiş vaxt üçün faiz cəmi 11985.36 manat (8560.74 + 11.64 + 1549.86 + 509.63 + 287.68 + 1065.81) təşkil edir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddianın əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Cavabdeh etirazını belə əsaslandırır ki, iddiaçı MMC ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış, uzun müddət müqaviləyə uyğun olaraq onlardan mal götürüb pullarını vermişdir. MMC-yə borcu ilk öncə 102490 manat olmuş, borcundan ödəyərək 84900 manat qalmışdır. MMC müqaviləni pozaraq onu məhkəməyə vermiş və nəticədə Şirvan Kommersiya Məhkəməsinin qətnaməsi ilə ondan 84900 manat pulun alınıb iddiaçı təşkilata verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra MMC-yə 15000 manata yaxın ödənişlər etmişdir. Həmçinin mülkiyyətində olan torpaq sahələrinə icra məmuru Habil İsmayılov tərəfindən həbs qoyulmuş, qiymətləndirilərək hərraca çıxarılmışdır. İlkin qiymət olaraq 50000 manata yaxın qiymət qoyulmuşdur. Torpaqların hərracda satılmasına etiraz etməmişdir. Yəni bütün vasitələrdən istifadə edərək borcun tez bir zamanda bağlanmasına çalışılmışdır. Cavabdeh MMC-yə olan borcu əmlaklar qarşılığında ödəmək istəyir. Borclu olaraq əmlakın satış qiyməti ilə razı olmuş və əmlakların iddiaçı təşkilatın mülkiyyətinə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Heç bir əsas olmadan əmlakların hərracda satılması dayandırılmışdır. Bir neçə dəfə icra məmurundan bu barədə soruşduqda tez bir zamanda satışa çıxarılacağını bildirmişdir. Qeyd olunanları nəzərdən keçirəndə belə bir nəticəyə gəlmək olur ki, borcun tam şəkildə bağlanmasına onun tərəfindən heç bir süni maneələr yaradılmamışdır. Əmlakların icra məmuru tərəfindən hərracda satılaraq MMC-yə olan borcun bağlanmasına tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Sadəcə olaraq icra məmuru və MMC əmlakların orta bazar qiymətinə satılmasına süni maneələr yaradırlar. Onlar istəyirlər ki, əmlakların qiymətini yarı faizindən də ucuz qiymətə satsınlar. MMC tərəfindən 6 səhifəlik iddia ərizəsi yazılmış, bir cümlə olsun belə əsaslandıra bilməmişlər ki, axı hansı səbəbə görə cavabdehdən 11985.36 manat əldən çıxmış fayda istəyir. Əmlaklar hərracda satılsın, MMC-yə borc ödənilsin. 3 ilə yaxındır MMC-nin hüquqşünaslarının səriştəsizliyi nəticəsində borcu ödəyə bilmir. Hazırda maddi vəziyyəti olduqca aşağı səviyyədədir, ödəniş gücü yoxdur, MMC-yə olan borcu indi yox, 2 il bundan əvvələ əmlakın satılaraq bağlanmasına razılıq vermişdir. İddia ərizəsi əsassızdır, qanunsuzdur və heç bir maddi hüquq normasına istinad edilmədiyindən rədd edilməlidir İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli e-2-2(121)-446/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1, 449.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarına istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv edilməklə, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il, e-2-2-(121)-446/2025 saylı qətnaməsi ləğv olunmalı və idddia tələbini təmin edilməlisi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 447 və 445.7-ci maddələrinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, qətnamədə qeyd edilmişdir iddiaçı olaraq cavabdehin əmlaklarının qiymətləndirilərək hərracda satışına mane olurlar. Əvvəla şirkət olaraq hərracın keçirilməsinə və ya əmlakların satılmasına necə müdaxilə edə bilərlər. Sadəcə olaraq ərizə ilə müraciət edərək hərracda iştirak etməkdən imtina etmişlər. O, əsasla ki, hərraca çıxarılan torpaq sahələri istifadəyə yararsızdır. O, torpaqlar istifadəyə yararlı olsaydı cavabdeh digər əmlakları kimi onlarıda başqalarının adına rəsmiləşdirərdi. Digər tərəfdən respublikada hərracların şəffaf keçiriməsi ilə baglı elektron sistemə keçiridiyi üçün hərracların keçirilməsi son zamanlara kimi dayandırılmışdır. Əgər belə olsaydı borclunun digər borlcuyla baglı icra sənədi vardır ki, onlar hərracda iştirak edə bilərdilər. Bütün bunları cox yaxşı bilən Cavabdeh (xx.xx.2022-ci il) 30 ay və ya 2 il 6 ay keçməsinə baxmayaraq, bu müddətdə cəmi 16000 manat borc ödəyib. Bütün bunlar məhkəmədə nəzərə alınmamışdır. Azərbaycan Respublikasmın Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilir ki, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Demək olar ki, hüquqlarının illərlə borclu tərəfindən pozulmasını nəzərə almamaqla məhkəmə ona haqq qazandırmışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadan əsaslandırılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdehlə qətnamə ilə müəyyən olunan borcun ödənilməsi ilə bağlı dəfələrlə söhbətləri olmuş, cavabdeh dəfələrlə yalançı vədlər verərək, öhdəliyinin icrasından məqsədyönlü şəkildə yayınmışdır. Məhkəmədə cavabdeh apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib iddiaya qarşı təqdim etmiş olduğu yazılı etirazın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən yaranan borcun ödənilməsi” tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 6 iyun 2022-ci il tarixli e-2-2(121)-481/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı cavabdehlə aralarında xx.xx.2020-ci ildə bağlanmış 22D/2020 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 84900 manat əsas borcun, gecikdirilmiş borca görə hesablanmış 8490 manat faizlərin, 400 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia qismən təmin olunaraq Cavabdeh 84900 manat əsas borc, 425 manat cərimə və 400 manat mediasiya xərci olmaqla ümumilikdə 85725 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək 10 mart 2023-cü ildə icraya yönəldilmişdir; İddiaçı cavabdehə gecikdirilmiş vaxt üçün hesablanmış faizə görə əldən çıxmış fayda barədə xx.xx.2024-cü il tarixli pretenziya məktubları göndərmişdir; Birinci instansiya məhkəməsinin sorğusuna Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilir ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-481/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh cəmi 85725 manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icranın dərhal təmin olunması üçün bildirişlə birlikdə borclu X4 göndərilmişdir. İcra sənədi üzrə borclu Cavabdeh icra sənədində göstərilən tələbi təmin etmədiyindən əmlak və gəlir vəziyyəti yoxlanılmış və borclunun adına daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli, ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli, ********** saylı qeydiyyat nömrəli ********** reyest nömrəli torpaq sahələri müəyyən edilmişdir. Şirvan Kommersiya Məhkəməsi tərəfindən verilmiş e-2-2(121)-481/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Cavabdeh məxsus Masallı rayonu Ərkivan kəndində yerləşən 0.7222 saylı ha torpaq sahəsi üzərinə Masallı Rayon Məhkəməsin 8(050)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuş və həmin torpaq sahəsinin qiymətləndirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Qiymətləndirici təşkilat olan "xxxx" MMC-nin 0365/2023 nömrəli məktubuna əsasən həmin torpaq sahəsinin bazar qiyməti 21600 manat müəyyən edilmişdir. Torpaq sahəsi qiymətləndirilikdən sonra satılmasından ötrü hərrac təşkilatı olan “X1 Mərkəzi”nə göndərilmişdir. Qiymətləndirilmiş torpaq sahəsi tələbkar "xxxx" MMC-yə təklif olunsa da, "xxxx" MMC Şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda həmin əmlakı qəbul etməkdən imtina etmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Masallı Rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 8(050)-425/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Cavabdeh tərəfindən müxtəlif vaxlarda cəmi 15000 manat məbləğində pulun tələbkara ödənilməsi təmin edilmişdir. İcra sənədinin icrası istiqamətində icra hərəkətləri davam etdirilir; Məktuba əlavə edilmiş “X1 Mərkəzi” MMC-nin tərəflərə göndərdiyi xx.xx.2024-cü il tarixli “açıq hərracın keçirilməsi barədə” bildirişdən görünür ki, 14/02 LOT üzrə Masallı rayonu, Ərkivan kəndində yerləşən 0.7223 ha torpaq sahəsinin ilkin satış qiyməti 21600 manat müəyyən edilməklə xx.xx.2024-cü il tarixdə hərracı keçiriləcək; “Elektron məhkəmə” informasiya sistemindən edilən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmışdır, iki məhkəmə mübahisəsi üzrə (e-2-2(121)-481/2022 və e-2-2(121)-2064/2022 saylı işlər) cavabdeh qismində cəlb olunmuş və iddialar qismən təmin edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 82.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır, 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır, 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 449cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi ilə müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasını gecikdirməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli qərarında formalaşan hüquqi mövqeyə görə hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 aprel 2025-ci il tarixli qərarında isə borc müqaviləsinin predmetini təşkil edən pulun inflyasiyaya məruz qalmasının zərər anlayışı ilə əhatə olunub-olunmamasını müəyyənləşdirmək üçün zərər və inflyasiya anlayışlarının mahiyyəti aşağıdakı kimi açılmışdır: Əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. Mülki Məcəllənin 135.1 və 135.2-ci maddələrinə əsasən, əşya olaraq pul da əmlak anlayışının tərkibinə daxildir. Qeyd edilməlidir ki, pulun məbləği və pulun dəyəri fərqli anlayışlar olmaqla birinci valyuta məzənnəsinin üzərində öz əksini tapan rəqəm (pul nişanı) ilə müəyyənləşdirildiyi halda, pulun dəyəri valyutanın bir vahidinə alına bilən malların (xidmətlərin) kəmiyyətini ifadə edir və pulun alıcılıq qabiliyyətinə əsasən təyin edilir. İnflyasiya (latın dilindən tərcümədə - şişmə) məhz mal və xidmətlərin qiymətinin artması ilə müşayiət olunan pulun dəyərsizləşməsi, pulun alıcılıq qabiliyyətinin azalması prosesini ifadə edir. Beləliklə, pul vahidinin mal və xidmətlərin əldə edilməsi üçün əvvəlki satınalma gücünün azalması pulun dəyərinin azalmasıdır ki, əmlak xarakterli öhdəliklərin, o cümlədən borc öhdəliyinin icra edilməməsi halında pulun məbləğinin dəyərinin düşməsi kreditorun (mülkiyyətçinin) əmlak aktivinin faktiki azalmasına səbəb olmaqla onun mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Kreditor öhdəliyin icrasının gecikdirilməsi halında həmin müddət üçün əmlakından məhrum olur, bu da əmlakdan istifadə etmək, yararlanmaq imkanının aradan qalxması ilə nəticələnir. Halbuki, öhdəliyin vaxtında icra edildiyi təqdirdə borcverən (kreditor) həmin pul məbləğindən məhz həmin ana uyğun alıcılıq qabiliyyəti üzrə istifadə etmək imkanına malik olardı. Mülki Məcəllənin 21.2-ci maddəsinin əmlakından məhrum olması və ya əmlakının zədələnməsi müddəası digər real zərərlərdə olduğu kimi gecikdirmə müddəti ərzində pulun dəyərinin azalması şəklində ifadə olunan zərər anlayışını da özündə ehtiva edir. Kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşan hüquqi mövqedən çıxış edərək belə nəticəyə gəlir ki, iddiaçının alqı-satqı müqaviləsindən irəli gələn və 24 sentyabr 2021-ci il tarixinə mövcud 84900 manat əsas borca sonradan edilmiş qismən ödənişlər nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi ilə hesablanan əldən çıxmış faydanın tutulması formada tələbi qanuni və əsaslı olmuşdur. Belə ki, öhdəliyin lazımınca icra edilməməsi və bunun nəticəsində iddiaçının zərərə məruz qalması işin hallarından aşkar görünür. İddiada sadə riyazi hesablama yolu ilə edilən ödənişlər əsas borcdan çıxılmaqla dövriliklə əsas borca 5%-lə hesablanan məbləğlər düzgün hesablandığından və bunun üçün xüsusi bilik tələb olunmadığından, kollegiya prosessual qənaət baxımından iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə lüzum görməmişdir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 6 iyun 2022-ci il tarixli e-2-2(121)-481/2022 saylı qətnaməsinə əsasən iddiaçı cavabdehlə aralarında xx.xx.2020-ci ildə bağlanmış 22D/2020 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 84900 manat əsas borcun, gecikdirilmiş borca görə hesablanmış 8490 manat faizlərin, 400 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq xeyrinə ödənilməsi tələbini irəli sürsə də, məhkəmə tərəfindən 8490 manat hesablanan faizlərin tutulması hissədə tələbin cərimə olduğu müəyyən edilərək, iddiaya MM-in 467-ci maddəsi qaydasında hüquqi qiymət verilmişdir (işin 100-cü vərəqi). Odur ki, hazırki iddia, iddiaçı tərəfindən əsas borca hesablanmış faizlərin yenidən tələb olunması kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Beləliklə aparılan məhkəmə araşdırmasının nəticəsi olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və əsaslandırıcı hissədə sərgilənən hüquqi mövqeyə uyğun iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından iş üzrə iddia qaldırılarkən və apellyasiya şikayəti verilərkən iddiaçı tərəfindən ödənilmiş (126+63=189) 189 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 12 mart 2025-ci il tarixli e-2-2(121)-446/2025 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Gecikdirilmiş vaxt üçün hesablanan 11985.36 (on bir min doqquz yüz səksən beş manat 36 qəpik) manat faiz borcu və 189 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar