Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-179/2024 24.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Açar sözlər: müqavilə borc pul tələbi X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2-2(121)-1582/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Aqropark-Yaşıl Ada” MMC tərəfindən "Toyota Bakı Mərkəzi” MMC-nin xeyrinə 9447,89 manat məbləğində əsas borc, 27018,42 manat məbləğində faiz borcu, ümumilikdə 36466,31 (otuz altı min dörd yüz altmış altı manat 31 qəpik) manat məbləğinin, 199.40 (bir yüz doxsan doqquz manat 40 qəpik) manat dövlət rüsumunun və 600 (altı yüz) manat məbləğində vəkilə çəkilən xərcin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Toyota Bakı Mərkəzi” MMC (bundna sonra "İddiaçı”) ilə "Aqropark-Yaşıl Ada” MMC (bundan sonra "Cavabdeh”) arasında 07 yanvar 2020-ci il tarixində 02 saylı "Avtomobillərə texniki xidmət göstərilməsi barədə Müqavilə” imzalanmışdır (bundan sonra "Müqavilə”). Həmin Müqavilə üzrə İddiaçı öz öhdəliklərini icra etsə də, Cavabdeh öz öhdəliklərini bu günə qədər icra etmir. Belə ki, İddiaçı tərəfindən xidmətlər göstərildikdən sonra Seriya EBDG, №380605, xx.xx.2023-cü tarixli (9,447.89 manat) elektron qaimə göndərilmişdir. Müqavilənin 5.3-ci bəndinə əsasən ödənişlər 3 (üç) gün müddətində həyata keçirilməli idi. Lakin cavabdeh bu günə qədər həmin qaimələr üzrə ödənişi həyata keçirməkdən boyun qaçırır. Ödənişin həyata keçirilməsi üçün cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, bunlara əhəmiyyət verilmir. Bununla bağlı sonuncu yazılı pretenziya 27 sentyabr 2023-cü il tarixində göndərilsə də, ödəniş olmamışdır. Hal-hazırda Cavabdeh tərəfindən ödənilməli olan cəmi əsas borc olan 9447,89 manat ödənilməmiş olaraq qalmaqdadır. Cavabdeh tərəfindən əlavə olaraq 27018,42 manat həcmində cərimə ödənilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiklərini, iddiaçıya borclarının olmadığını, iddiaçı tərəfindən görülən əvvəlki işlərə görə haqqın tərəflərindən tam ödənildiyini, hazırda tələb olunan görülən işlərə görə haqqın əsassız olduğunu, həmin işlərin görülməsini iddiaçının sübut edə bilmədiyini, görülən işlərin təhvil-təslim sənədinin olmadığını, tərəflər arasında bağlanmış müqavilədə olan imzanın "xxxx" MMC-nin direktoruna məxsus olmadığını bildirdi və iddianın təmin edilməməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2-2(121)-1582/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 9.447,89 manat məbləğində əsas, 1000 manat məbləğində cərimə borcu, hüquqi yardım üçün vəkilə ödənilmiş 600 manat məbləğində xərc və ödənilmiş 121,34 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 11.169,23 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən artıq ödənilmiş 78,06 manat məbləğində dövlət rüsumunun iddiaçıya geri qaytarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, şikayətinin təmin edilməsini xahiş edirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə İddiaçı tərəfindən təqdim olunan sübutları doğru-düzgün araşdırmamış və qərəzli mövqe nümayiş etdirərək doğru qərar verməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixində cavabdehin İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetinə online kargüzarlıq vasitəsilə 9447.89 AZN dəyərində olan elektron qaimə-faktura (bundan sonra “E-qaimə”) göndərmişdir. Həmin E-qaimə tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 2 saylımüqavilənin müddətinin bitməsindən 4 ay sonra göndərilmişdir. Müqavilənin 8.5-ci bəndinə əsasən Müqavilənin müddəti xx.xx.2023-cü il tarixində bitmiş hesab edilir. Müqavilənin müddətinin bitməsindən sonra tərəflər arasında yenidən nə şifahi, nə də yazılı müqavilə bağlanmamışdır. İddiaçının nümayəndəsi məhkəmədə cavabdehin nümayəndəsinin xidmət cavabdehə hansı tarixdə göstərilmişdir sualına cavab olaraq bildirmişdir ki, xidmət 2023-cü ilin may ayında göstərilmişdir. Buradan da belə bir sual ortaya çıxır ki, tərəflər arasında müqavilə olmadan necə xidmət göstərilə bilər? Müqavilənin müddətinin bitmədiyini fərz etsək belə göndərilən E-qaimə iddiaçı tərəfindən xidmətin cavabdehə göstərilməsini və ya təhvil verilməsini sübut etmir, çünki “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”-nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il, 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 26 saylı qərarının (bundan sonra “Qərar”) 2.5.3-cü bəndinə əsasən, “elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhviltəslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur;” Yuxarıdakı bənddən də aydın olur ki, elektron qaimə-faktura təhvil-təslim aktı əsasında doldurulur, tərəflər arasında təhvil-təslim aktı imzalanmaması xidmətin göstərilməsini və ya təhvil verilməsini təsdiq etmir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1.1.3-ci maddəsində və Qərarın 3.7, 3.7.3-cü bəndində qeyd olunmuşdur ki, “elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində;” Həmçinin Məhkəmə E-qaimənin əlavə qeydlər yazılan hissəsində Müqavilənin tarixinin və nömrəsinin fərqli tarix və nömrə olaraq yazılmasını da nəzərdən qaçırmışdır, halbuki aramızda həmin tarixdə və nömrədə müqavilə bağlanmamışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə əvvəllər görülmüş işlərin dəyərinin təhvil-təslim aktı imzalanmadan cavabdeh tərəfindən ödənilməsi və iddiaçının cavabdehin İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetinə online kargüzarlıq vasitəsilə göndərdiyi xx.xx.2023-cü il tarixli elektron qaimə-fakturanın cavabdeh tərəfindən ləğv edilməməsi 2023-cü ilin may ayında iddiaçının son olaraq göstərdiyi xidmətin də təhvil-təslim aktı imzalanmadan təhvil alındığını təsdiq edir, çünki tərəflər arasında artıq işgüzar inam formalaşdığına görə iddiaçı və cavabdeh təhvil-təslim aktının imzalanmasını ehtiyac görməmişdir. Bununla bağlı onu qeyd edir ki, əvvəllər iddiaçının cavabdehin təhvil-təslim aktı imzalanmadan da cavabdehə xidmət göstərməsi cəmi 3 dəfə olmuşdur. Təqdim olunan 3 ədəd elektron qaiməfakturalara əsasən ödəniş edilmişdir. Həmin E-qaimələrin dəyəri ayrı-ayrılıqda 250.20 AZN, 121AZN, 240,70 AZN etmiş, ümumilikdə isə 611.90 AZN etmişdir. Göründüyü kimiməbləğ az olduğu üçün təhvil-təslim aktının imzalanmasına ehtiyac görülməmişdir. Həmçinin bir avtomobilə bir gündə 9447.89 AZN məbləğində ehtiyathissələrinin əlavə edilməsi məntiqə sığmır. İddiaçının nümayəndəsi iclasda cavabdehin nümayəndəsinə iddiaçının cavabdehə hesab-faktura və 2020-2021-ci illər üzrə E-qaimələr göndərdiyini və cavabdehin də həmin E-qaimələr əsasında ödəniş etdiyini bildirsə də həmin sübutları elektron məhkəmə informasiya sistemində mövcud olan şəxsi kabineti vasitəsilə Məhkəməyə elektron qaydada təqdim etməmiş və Məhkəmə də bunu tələb etməmişdir. Həmin hesab-fakturaya nəzər yetirdikdə hesab-fakturanın "xxxx" MMC-yə deyil də məhz "xxxx" ASC adlı şirkətə göndərdildiyi görünür. Həmin hesab-fakturanı Cavabdehə İddiaçının əməkdaşı 2023-cü il tarixinin noyabrında e-mail vasitəsilə göndərmişdir. Həmçinin göndərilən hesab-fakturanın tarixinə nəzər yetirdikdə xx.xx.2022-ci il tarixində göndərildiyini görürük, halbuki iddiaçının nümayəndəsi iclasda xidmətin 2023-cü ilinmay ayında göstərildiyini bildirmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi X3 vermiş olduqları apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Kollegiya tərəfindən ona ünvanlanan suallara cavabında bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində cavabdehin İnternet Vergi İdarəsində mövcud olan şəxsi kabinetinə online kargüzarlıq vasitəsilə 9447.89 AZN dəyərində olan elektron qaiməfaktura göndərmişdir. Həmin e-qaiməni qəbul etmirlər. Belə ki, onlara məxsus “Hilux” Toyota avtomobilinə hər hansı xidmət göstərilməyib. Bununla bağlı təhvil-təslim aktı tərtib olunmayıb. Qeyd etmişdir ki, onlara məxsus 3 avtomobilə əvvəllər iddiaçı tərəfindən texniki xidmət göstərilmişdir. Həmin vaxt şirkət olaraq iddiaçının e-qaimələri əsasında ödənişlər etmişlər. Bildirmişdir ki, həmin vaxt qeyd edilən 3 avtomobilə görə iddiaçı ilə aralarında hər hansı təhvil-təslim aktı tərtib olunmamışdır. Həmçinin göstərmişdir ki, aralarında olan müqavilənin müddəti xx.xx.2022-ci ildə bitsə də onlar tərəfindən şirkət olaraq iddiaçıya həmin müqavilənin ləğv edilməsi ilə bağlı hər hansı müraciət edilməmişdir. Hesab edirlər ki, müqavilənin 8.5-ci bəndinə əsasən müqavilə müddəti yalnız bir dəfə 1 il müddətinə xx.xx.2023-cü ilədək uzadılmışdır. Müqavilənin yenidən daha 1 il müddətinə üzadılması müqavilədə nəzərdə tutulmamış və bu Müqavilənin 8.5-ci bəndinin hüquqi mənasından da irəli gəlmir. Hesab etmişdir ki, 9447.89 AZN dəyərində xidmət göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində verilmiş elektron qaimə-faktura müqavilə müddəti bitdikdən sonra yəni xx.xx.2023-cü il tarixindən təxminən 5 ay sonra verilmişdir. Halbuki, həmin dövrdə tərəflər arasında hər hansı müqavilə münasibəti olmamışdır. Müqavilə olmadığı təqdirdə də hər hansı xidmət göstərilməsindən söhbət belə gedə bilməz. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və kollegiyanın iclasında vermiş olduqları etirazın məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazında göstərmişdir ki,
1. İlk öncə qeyd edilməlidir ki, MPM-nin 361.4-ci maddəsinə əsasən - Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Cavabdeh həmin sübutları birinci instansiya məhkəməsinə təqdim edə bildiyi halda təqdim etməmişdir və hal-hazırda apellyasiya şikayətinə əlavə etsə də, hansı səbəbdən vaxtında məhkəməyə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırmamışdır. Bunun əksinə bu sübutların təqdim edilməməsinin iddiaçı təqsiri kimi qələmə verməyə çalışır. Qanunvericiliyin tələbinə əsasən məhkəmə ümumiyyətlə həmin sübutları nəzərə almamalı və işdə olan digər sübutlar ilə qiymətləndirməməlidir.
2. Bununla belə həmin sənədlərə baxdıqda iddiaçının iddiasının əsaslı olduğu və məhkəmə qətnaməsinin qanuni və ədalətli olduğu açıq aydın görünür. Belə ki, cavabdeh 2022-ci ilin oktyabr ayında nəqliyyat vasitəsinə xidmətin göstərilməsi üçün servisə gətirilmişdir. Nəqliyyat vasitəsində işlərin çox olması və ehtiyyat hissələrinin xaricdən gəlməsi səbəbi ilə xidmətlərin icrası uzun müddət çəkəcəyi müəyyən edilmiş və cavabdeh tərəfindən məbləğin 50%-nin ödənilməsi (müqavilənin 5.2. bəndinə əsasən) məqsədi ilə hesab faktura verilmişdir. Həmçinin tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən cavabdeh ödənişləri hesab faktura aldıqdan sonra həyata keçirirdi. Lakin xidmətin icrası uzun (6 ay) müddət çəkdiyindən cavabdeh ödənişi tam olaraq sonda ödəmək istəmiş və tərəflər arasında olan işgüzar münasibətlər nəzərə alınaraq buna razılıq verilmiş və xidmətlər tamamlandıqdan sonra isə 2023-cü ilin may ayında elektron qaimə də göndərilmişdir. Lakin bundan sonra da ödəniş həyata keçirilməmişidir. Bundan sonra cavabdehə sentyabr ayında pretenziya göndərililmiş və cavabdehin ödənişi həyata keçirmək üçün bir daha hesab fakturanı, elektron qaiməni və müqaviləni e-mail (elektron poçt) ilə göndərilməsini xahiş etmişlər və əlavə olunmuş e- maildən çıxarışdan göründüyü kimi həmin sənədlər göndərilmişdir və həmin xidmətin göstərilməməsinə cavabdeh ümumiyyətlə etiraz etməmişdir. Əksinə tez bir zamanda ödənişin ediləcəyi bildirilmişdir.
3. Mübahisəsiz faktır ki, tərəflər arasında formalaşmış işgüzar adətlərə əsasən tərəflər arasında heç bir zaman təhvil-təslim aktı imzalanmamışdır və ödənişlər əksər hallarda elektron qaimələr göndərilmədən hesab fakturalar əsasında həyata keçirmişdir. Məhz buna görədir ki, cavabdeh əvvəlki ödənişlərə dair tərəflər arasında imzalanmış təhvil-təslim aktlarını təqdim edə bilmir və sonuncu hesab-fakturaya da hər hansı etiraz etməmişdir.
4. Hesab fakturadakı şirkət adının "xxxx" ASC olmasına gəldikdə isə qeyd etmişlər ki, həmin hesab fakturada sadəcə olaraq texniki səhvlik getmişdir. Belə ki, iddiaçı ilə “Prior Leasing ASC arasında müqavilə əsasında əməkdaşlıq bu gün də davam edir. O da mübahisəsiz haldır ki, cavabdeh ödənişləri nə təhvil-təslim aktları, nə də elektron qaimələrin əsasında aparmamışdır, əksinə cavabdeh hər zaman İddiaçı tərəfindən təqdim edilmiş hesab faktura əsasında həyata keçirmişdir. Cavabdehə təqdim etdiyi bank ödəniş sənədlərinə, elektron qaimələrə və bu etiraza əlavə edilmiş İddiaçının özünün kompyuter sistemindən çıxarılmış hesab fakturalara və ödəniş sənədinlərinə aşağıdakı müqayisəli cədvəl üzrə nəzər yetirsək: Hesab fakturanın nömrəsi Ödənişin tarixi Ödənişin təyinatı və əsas Elektron qaimə-fakturanın tarixi Ödənilən məbləği; SİP49124 xx.xx.2020 Hesab SİP49124 xx.xx.2020 121 manat, SİP51903 xx.xx.2020 Hesab SİP51775 xx.xx.2021 240.70 manat, SİP54706 xx.xx.2020 Hesab SİP54706 xx.xx.2020 250.20 manat, SİP110674 xx.xx.2023 9,447.89 manat görəririk ki, cavabdeh ödənişləri hər zaman hər hansı təhvil-təslim aktı olmadan və hətta elektron qaimələrin göndərilməsini gözləmədən belə həyata keçirib. Əksinə xidmətlərin göstərilməsi vaxt tələb etdiyi halda hesab faktura ilə elektron qaimələr arasında vaxt intervalı tərəflər üçün heç bir zaman mübahisəyə səbəb olmamışdır. Cavabdeh bunu gizlətmək üçün 240.70 manatın ödənilməsinə dair sənədi şikayətə əlavə etməyib. Lakin həmin ödəniş sənədi bu etiraza əlavə edilir.
5. Bundan başqa qeyd edilməlidir ki, bütün hesab fakturalarda xidmət cavabdehə məxsus Toyota Hilux markalı ** PE *** nömrə nişanlı nəqliyyat vasitəsinə göstərilmişdir və sənədlərdə həmin nəqliyyat vasitəsinin məlumatları qeyd edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən hansı maddi hüquq normasının pozulmasını belə göstərə bilməmişdir. Belə ki, məhkəmə düzgün nəticəyə gəlmiş, hər hansı maddi hüquq normanın tətbiqində pozuntuya yol verməmiş, əsaslı və qanuni qətnamə çıxarmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1582/2024 saylı Qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavandehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir.
Kommersiya işinə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1 -ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2006-cı il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2017-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02 nömrəli “Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqavilənin: 1.1-ci bəndinə əsasən, Bu müqavilənin predmetini İcraçı tərəfindən Sifarişçinin sifarişləri əsasında təqdim etdiyi İddiaçı markalı minik avtomobillərinin (bundan sonra “avtomobil” adlanacaq) texniki baxışının və təmirinin həyata keçirilməsi, habelə onların yanacaq sürtkü materialları, ehtiyat hissələri ilə təmin edilməsi və digər xidmətlərin (bundan sonra “texniki xidmət” adlanacaq) göstərilməsi, Sifarişçi tərəfindən isə görülmüş işlərin haqqının İcraçıya ödənilməsi təşkil edir. 2.2.5-ci bəndinə əsasən, Xidmət haqqını və ehtiyat hissələrinin dəyərini bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada və müddətdə ödəmək Sifarişçinin vəzifəsidir. 5.1-ci bəndinə əsasən, Bu müqaviləyə uyğun olaraq hər bir avtomobil üzrə görüləcək işlərin haqqı və ehtiyat hissələrinin dəyəri, tərəflər arasında imzalanmış Sifariş-tapşırıq (hesab faktura) və ona əlavələr ilə müəyyən edilir. 5.2-ci bəndinə əsasən, Tərəflər arasmda hər bir avtomobil üzrə Sifariş-tapşınğı imzalandıqdan dərhal sonra iş başlanılana qədər Sifarişçi Sifariş-tapşırığın ümumi qiymətinin 50%-i qabaqcadan avans şəklində İcraçıya ödəməlidir. Sifariş-tapşırıq əsasında görülən işlər 1 (bir) gün müddətində icra edilərsə, ümumi qiymətin 100%-i tərəflər arasında Təhvil-təslim aktı imzalandıqdan sonra dərhal (gün ərzində) ödənilməlidir. 5.3-ci bəndinə əsasən, Sifariş-tapşırıq üzrə ümumi qiymətin qalan hissəsi tərəflər arasmda Təhvil-təslim aktı imzalandıqdan sonra 3 (üç) gün müddətində Sifarişçi tərəfindən İcraçıya ödənilməlidir. 6.2-bəndinə əsasən, Sifarişçi hər Sifariş-tapşırığı üzrə avansı və işlərin haqqını, bu müqavilə ilə şərtləndirilmiş müddətlərdə ödəmədikdə, ödənişin gecikdirildiyi hər gün üçün İcraçıya ümumi qiymətin 1% həcmində cərimə ödəyir. İş materiallarında olan, "Toyota Bakı Mərkəzı” MMC tərəfindən "Aqropark-Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş xx.xx.2023-cü il tarixli, EBDQ seriyalı 380605 nömrəli elektron qaimədən görünür ki, "Toyota Bakı Mərkəzı” MMC tərəfindən "Aqropark-Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikaya göstərilmiş servis xidməti haqqının ümumi məbləği 9.447,89 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "Toyota Bakı Mərkəzi” MMC və "Aqropark- Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 02 nömrəli "Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqaviləyə əsasən yaranmış cəmi 20.785,49 manat məbləğində borcun (9447,89 manat əsas borc, 11337,60 manat cərimə) 2 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "Toyota Bakı Mərkəzi” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə "Aqropark- Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "Ödəniş tapşırığı”nın surətindən görünür ki, "Toyota Bakı Mərkəzi” MMC tərəfindən Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına hüquqi yardım göstərilməsi məqsədi ilə 600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Hesab edir ki, şikayətdə qeyd edilənlər formal mülahizələrdir. 1.Apellyasiya şikayətinin dəlillərindən biri Toyota Hilux markalı ** PE *** nömrə nişanlı nəqliyyat vasitəsinə xidmətin göstərilməməsindən ibarətdir. Cavabdeh bildirir ki, iddiaçı tərəfindən onlara xx.xx.2023-cü il tarixində 9447.89 AZN dəyərində olan elektron qaiməfaktura göndərilsə də həmin e-qaiməni qəbul etmirlər. Belə ki, onlara məxsus “Hilux” Toyota avtomobilinə hər hansı xidmət göstərilməyib. Bununla bağlı təhvil-təslim aktı tərtib olunmayıb. Buna görə də belə bir avtomobilə xidmət göstərilməyib. Cavabdeh bildirmişdir ki, onlara məxsus 3 avtomobilə əvvəllər iddiaçı tərəfindən texniki xidmət göstərilmişdir. Həmin vaxt şirkət olaraq iddiaçının e-qaimələri əsasında ödənişlər etmişlər. Bildirmişdir ki, həmin vaxt qeyd edilən 3 avtomobilə görə iddiaçı ilə aralarında hər hansı təhvil-təslim aktı tərtib olunmamışdır. Göründüyü kimi cavabdeh əvvəllər onlara məxsus avtomobillərə iddiaçı tərəfindən texniki xidmət göstərilməsini və iddiaçının cavabdehə təqdim etdiyi e-qaimə-faktura əsasında ödənişlər edildiyini qəbul edir. Aydın olur ki, cavabdeh həmin avtomobillərə görə təhvil-təslim aktı tərtib edilmədən e-qaimə-faktura əsasında ödənişlər edib. Həmçinin cavabdeh əvvəllər texniki xidmət göstərilmiş avtomobillərə görə təhvil-təslim aktı tərtib edilmədiyi halda hazırda xidmət göstərilmiş avtomobilə görə təhvil-təslim aktının tərtib edilmədiyini bildirir. Bu onu göstərir ki, iddiaçının da dediyi kimi tərəflər arasında işgüzar adət formalaşmış və buna əsasən də cavabdeh ödənişləri hesab faktura aldıqdan sonra həyata keçirmişdir.
2. Apellyasiya şikayətinin növbəti dəlillərindən biri aralarında olan müqavilənin müddəti xx.xx.2022-ci ildə bitməsidir. İşdə olan müqavilədən görünürü ki, müqavilə xx.xx.2020-ci ildə 2 il müddətinə bağlanıb. Belə olduqda müqavilə xx.xx.2022-ci ildə bitir. Lakin müqavilənin 8.5-ci bəndinə əsasən müqavilə müddəti bitdikdən sonra 10 gün müddətində tərəflərdən heç biri bu müqavilənin ləğvi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə eyni müddətə uzadılmış hesab edilir. Cavabdeh hesab edir ki, xx.xx.2022-ci ildə müqavilənin ləğvi təşəbbüsü ilə çıxış etmədiyindən müqavilə xx.xx.2023-cü ilədək uzadılmış hesab edilir. Lakin cavabdeh 2023-cü ildə də müqavilənin ləğvi təşəbbüsü ilə çıxış etməmişdir. Belə olduğu təqdirdə də müqavilə daha 1 il müddətinə uzadılmış hesab edilir. Cavabdeh hesab etmişdir ki, 9447.89 AZN dəyərində xidmət göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixində verilmiş elektron qaimə-faktura müqavilə müddəti bitdikdən sonra yəni xx.xx.2023-cü il tarixindən təxminən 5 ay sonra verilmişdir. Halbuki, həmin dövrdə tərəflər arasında hər hansı müqavilə münasibəti olmamışdır. Müqavilə olmadığı təqdirdə də hər hansı xidmət göstərilməsindən söhbət belə gedə bilməz. Belə olan halda cavabdehin iddiaçının xx.xx.2023-cü il tarixində onlara e-qaiməfaktura verməsi ilə bağlı dəlil əsassız olacaqdır. Çünki, cavabdeh qeyd edilən müqavilənin ləğvi təşəbbüsü ilə çıxış ütmədiyindən müqavilə daha 1 il yəni, xx.xx.2024-cü ilədək uzadılmış hesab edilir.
3. Bundan başqa işdən məlum olur ki, cavabdeh bundan əvvəlki ödənişləri nə təhviltəslim aktları, nə də elektron qaimələrin əsasında aparmamışdır, əksinə cavabdeh hər zaman ödənişləri iddiaçı tərəfindən təqdim edilmiş hesab faktura əsasında həyata keçirmişdir. Cavabdehə təqdim etdiyi bank ödəniş sənədlərinə, elektron qaimələrə və iddiaçının özünün kompyuter sistemindən çıxarılmış hesab fakturalara əsasən ödəniş etmişdir. Belə ki, işdə olan SİP49124 xx.xx.2020 Hesab SİP49124 xx.xx.2020 121 manat, SİP51903 xx.xx.2020 Hesab SİP51775 xx.xx.2021 240.70 manat, SİP54706 xx.xx.2020 Hesab SİP54706 xx.xx.2020 250.20 manat ödənişlərə baxdıqda məlum olur ki, cavabdeh ödənişləri hər zaman hər hansı təhvil-təslim aktı olmadan və hətta elektron qaimələrin göndərilməsini gözləmədən belə həyata keçirib. Əksinə xidmətlərin göstərilməsi vaxt tələb etdiyi halda hesab faktura ilə elektron qaimələr arasında vaxt intervalı tərəflər üçün heç bir zaman mübahisəyə səbəb olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, bütün hesab fakturalarda xidmət cavabdehə məxsus Toyota Hilux markalı ** PE *** nömrə nişanlı nəqliyyat vasitəsinə göstərilmişdir və sənədlərdə həmin nəqliyyat vasitəsinin məlumatları qeyd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməyərək görülən işlərin haqqını iddiaçıya tam ödəmədiyini, nəticədə cavabdehin iddiaçıya 9.447,89 manat borcu qaldığını, cavabdeh isə iddiaçıya borcunun olmadığını, ümumiyyətlə həmin borcun yaranması üçün səbəb olan işlərin görülmədiyini iddia edirlər. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqaviləyə, görülən işlərin həcmini və dəyərini özündə əks etdirən cavabdehə göndərilmiş elektron qaiməyə, borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər pretenziya qaydasında tələblə çıxış etməsinə istinad edir. Cavabdeh etirazının əsası kimi müqavilədə nəzərdə tutulmasına baxmayaraq görülən işlərin təhvil verilməsinə dair tərəflər arasında təhvil-təslim aktının tərtib olunmamasını, bununla da iddiaçının öz tələbini sübut edə bilməməsini qeyd edir. Məhkəmə, iş materiallarına, tərəflərin nümayəndələrinin məhkəmə iclasında verdikləri izahatlarına, öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddiaçı öz tələbini işə aid olan mötəbər sübutlarla əsaslandıra bilmişdir, cavabdeh isə öz etirazında istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, ilk olaraq tərəflər arasında podrat müqaviləsi üzrə hüquq münasibətlərinin mövcud olması, həmin müqaviləyə əsasən əvvəllər görülmüş işlərin dəyərinin cavabdeh tərəfindən ödənilməsi tərəflərin izahatlarına əsasən öz təsdiqini tapmışdır. Bundan başqa işdə olan xx.xx.2023-cü il tarixdə elektron qaimədən görünür ki, iddiaçı "Toyota Bakı Mərkəzı” MMC tərəfindən cavabdeh "Aqropark-Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texnikalarda müvafiq təmir işləri həyata keçirilmişdir, o cümlədən yeni ehtiyat hissələri quraşdırılmışdır və görülən işlərin dəyəri barədə cavabdehə qaimə göndərilmişdir. Cavabdehə göndərilmiş adı çəkilən elektron qaimə cavabdeh tərəfindən elektron qaydada qəbul edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq qaytarılmamış və ya ləğv edilməmişdir. İddia tələbinin xx.xx.2020-ci il tarixli "Avtomobillərə texniki xidmət göstərilməsi barədə” müqaviləyə əsasən yaranmış 9447,89 manat məbləğində borcun tutulması hissəsinə qarşı cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında qeyd edilən dəlillərə məhkəmə hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, həmin dəlillər əsassızdır. Belə ki, cavabdeh tələb olunan məbləğdə işin iddiaçı tərəfindən ümumiyyətlə görülmədiyini iddia edir və bu iddiasını onunla əsaslandırmağa çalışır ki, iddiaçı "Toyota Bakı Mərkəzı” MMC tərəfindən "Aqropark-Yaşıl Ada” Məhdud Məsuliyyətli Cəmiyyətinə 9447,89 manat məbləğində olan elektron qaimə göndərilsə də, görülmüş işlərə görə müqavilədə nəzərdə tutulduğu kimi işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait tərəflərindən ödənilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh apellyasiya şikayətinin dəlilləri əsaslı deyil, formal mülahizələrdən ibarətdir. Beləliklə, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən göründüyü kimi iddiaçının qətnaməni mübahisələndirilən hissəsinin dəyəri 10000 manatdan çoxdur. Belə olan halda qətnamədən kassasiya şikayəti vermək hüququ müəyyən edilir. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu cavabdeh tərəfin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, e-2-2(121)-1582/2024 saylı qətnaməsi cavabdeh "Aqropark-Yaşıl Ada” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.