Məhkəmə qərarları › İş №2-2(106)-188/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-188/2024

20.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-188/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2(121)-680/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-87/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı "qaz kəmərinin mühafizə zonasının pozulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-2(121)-2767/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı şikayət vermiş, qərardadın ləğv edilərək iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-43/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-2(121)-2767/2023 saylı qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işinin Şirvan Kommersiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2-2(121)-680/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac İdarəsi” X5 Kəmərləri Sahəsinin istismarında olan 1020/1220 mm diametrli “Astara Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 18 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş ferma tikilisinin bir hissəsi və “Astara-Qazıməmməd” yüksək təzyiqli magistral qaz kəmərinin orta oxundan 19 metr məsafədə yerləşən Lənkəran rayonu Separadi kəndi ərazisində Cavabdeh tərəfindən inşa edilmiş yaşayış evi cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülməklə mühafizə zonası əvvəlki vəziyyətinə gətirilməsi, dövlət rüsumunun əvəzi olaraq 20,40 manat və mütəxəssis rəyinin təqdim edilməsi üçün ödənilmiş 95 manat olmaqla, ümumilikdə 115,40 manat məbləğində pulun cavabdehdən tutularaq Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-680/2024 nömrəli qətnaməsindən elektron qaydada apellyasiya şikayəti vermiş və eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-680/2024 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-680/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsi təmin edilməmişdir. Cavabdeh elektron qaydada şikayətlə məhkəməyə müraciət edərək Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-680/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri onunla əsaslandırılmışdır ki, onun hüquqi savadının olmamasıyla yanaşı, elektron sistemdən istifadə imkan və qabiliyyəti də yoxdur. Müvafiq platforma üzrə hər hansı məlumata və anlayışa malik deyil, habelə elektron sistemlə işləməyi bacarmır. Bu müddət ərzində qətnamənin ona ancaq ənənəvi qaydada – poçt göndərişi vasitəsilə göndəriləcəyini düşünmüşdür. Müddət isə aşağıdakı üzrlü səbəblərdən - qətnamənin qəbul edilməsindən məlumatının olmaması - hüquqi savadının yoxluğu - elektron məhkəmə informasiya sisteminə çıxışının məhdudluğu, həmin elektron platforma ürə anlayışının ümumiyyətlə olmaması - qətnamə barədə ancaq Lənkəran rayon İcra Şöbəsində məlumat əldə etməyi kimi səbəblərdən buraxılmışdır. Hər bir halda hesab edir ki, bu səbəblər Şirvan Kommersiya Məhkəməsi tərəfindən üzrlü hesab edilməli idi. Belə ki, o qətnamənin qəbul olunmasından yalnız Lənkəran rayon İcra və Probasiya Şöbəsində xəbərdar olmuşdur. Bu zaman Lənkəran rayon İcra Şöbəsindən ona zəng edərək icra şöbəsinə dəvət etmişlər, yalnız həmin zaman ona məlum olmuşdur ki, məhkəmə tərəfindən qətnamə çıxarılmışdır. Həmin qətnamənin qəbul edilməsindən isə onun məlumatı olmamışdır. Bu həmçinin tərəfindən buraxılmış müddətin bərpası ilə bağlı məhkəməyə təqdim olunmuş vəsatətdə qeyd edilmişdir. Buna baxmayaraq, məhkəmə əsassız şəkildə səbəbi üzrlü hesab etməmişdir. Bu mənada Şirvan Kommersiya Məhkəməsinin 2(121)-680/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ona rəsmi qaydada təqdim olunmamışdır. Bununla bağlı ona hər hansı bildiriş, yaxud məlumat da verilməmişdir. Qətnamə poçt vatisəsilə də qeyd olunan ünvana çatdırılmamışdır. Ərizə ilə xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək qətnaməni həmin tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Lakin qətnaməni əldə edən zaman ona qeyd edilən qətnamənin elektron kabinetə yerləşdirildiyini bildirmişlər. Odur ki, qətnamənin təkrar verdiklərini və dövlət rüsumu ödəməli olduğu bildirilmiş, rüsüm ödənildikdən sonra qətnamə ona təqdim edilmişdir. Bildirirəm ki, qətnamə ilə onun mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Onun hüquqi savadı olmadığından, habelə elektron sistemlə bağlı hər hansı məlumatı olmadığı üçün qətnaməni vaxtında əldə edə bilməmişdir. Lənkəran İcra Şöbəsindən ona məlumat verildikdən və qətnamə ona ilk dəfə təqdim edildikdən sonra bir aylıq prosessual müddət gözlənilməklə tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavadbehin nümayəndəsi Vəkil məhkəmə iclasında bildirmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi barədə cavabdehin məlumatı olmamışdır. Təmsil etdiyi şəxs aidiyyəti üzrə icra və probasiya şöbəsindən icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı prosedur başladıqdan sonra xəbəri olmuşdur. Əgər hüquqlarını müdafiə etdiyi şəxs qətnamədən məlumatlı olsaydı, apellyasiya şikayəti vermək üçün 1 ay 20 gün müddəti gözləməzdi. Ona görə ki, hüquqları pozulmuş şəxs qismində cavabdeh çıxış etmiş, qətnamə ilə məhz onun maraqlarına toxunulmuşdur. Həmin torpaq sahəsi hüquqlarını təmsil etdiyi şəxsin xüsusi mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlıdır. Elektron sistem barədə cavabdeh məlumatsız olmuş, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün onun elektron kabinetindən özü deyil, ancaq işçiləri istifadə etmişdir. Apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin səbəbləri üzrlü hesab edilərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, elektron kabinetini özü istifadə etməyi bacarmır. Onun yerinə müəyyən hüquqi hərəkətləri işçiləri həyata keçirir. O, müddətin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında buraxılmış müddətin bərpa edilməməsini xahiş etmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verərək (İ hissə), məhkəmə orqanları da daxil olmaqla dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) şikayət verilməsinin mümkünlüyünü bu hüququn əsas elementi kimi nəzərdə tutur (İİ hissə). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsində Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu olduğu göstərilmişdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlilləri ilə əlaqədar iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı deyildir. Belə ki, iş materiallarına nəzər saldıqda birinci instansiyası məhkəməsində aparılmış icraatın bütün mərhələsində məhkəmə sənədləri cavabdehə yalnız poçt vasitəsilə göndərilmiş, lakin yekun məhkəmə aktı elektron məhkəmə informasiya sistemində cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bu hal isə cavabdehin məhkəmə sənədlərindən həqiqətən də yalnız poçt vasitəsilə məlumatlandırılacağına ümid etdiyini göstərir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 6-cı maddəsinin 1-ci maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin maddəyə əsasən hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmalıdır. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququnun realizəsi qaydalarını müəyyən edən Mülki Prosesual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Həmin qərara əsasən eyni zamanda nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir. Kollegiya yekun məhkəmə aktının elektron məhkəmə informasiya sistemində olan və cavabdehə məxsus elektron kabinetə yerləşdirildikdən sonra buraxılmış cəmi 1 ay 20 müddətini də hazırkı iş üzrə müddətin uzadılması kimi qiymətləndirmir və belə yanaşma cavabdehin hazırkı mübahisə üzrə fundamental və toxunulmaz hüquqlarının daha effektiv müdafiəsinin mütləq təmin edilməsinin üstünlüyünün zəruriliyinə kölgə salmış olar. Bu zaman kollegiya qeyd edir ki, hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Belə ki, fundamental hüquq olaraq mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlətə xas olan ən ali dəyərlərdən biri kimi qiymətləndirilir. Bu baxımdan nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə” 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlilləri ilə mülki işin materiallarını qarşılıqlı şəkildə və müqayisəli təhlil edərək şikayətin əsaslı olduğu qənaətindədir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2-2(121)-680/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsaslı hesab edilməli, qərardad ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməli, Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2- 2(121)-680/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara və MPM-in 263, 264, 366.3, 395-398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli 2-2(121)-680/2024 saylı qərardadı ləğv edilsin. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli e-2-2(121)- 680/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilsin və müddət bərpa edilsin. Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2-2(121)-680/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması ilə əlaqədar sonrakı prosessual hərəkətlər yerinə yetirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar