Məhkəmə qərarları › İş №2-2(106)-198/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-198/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-198/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı xxxxn Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2-2(121)- 338/2024 saylı qətnaməsindən (hakim Zaur Abbasov) cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı qarşısında mövcud olan 43000 (qırx üç min) manat məbləğində icarə haqqı üzrə borcun və nüqavilənin ləğv edildiyi 01 iyul 2023- cü il tarixinə qədər hesablanmış 2250 (iki min iki yüz əlli) manat məbləğində penya borcunun, ümumilikdə 45250 (qırx beş min iki yüz əlli) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 225,75 (iki yüz iyirmi beş manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı ASC "Xalq” Bankı (bundan sonra "Bank” və ya "İcarəyə verən”adlandırılacaq) ilə Cavabdeh (bundan sonra "İcarəçi” və ya "Cavabdeh” adlandırılacaq) arasında "Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” Müqavilə (bundan sonra - "İcarə müqaviləsi” və ya "Müqavilə” adlandırılacaq) bağlanmış və AR ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışa əsasən Bankın mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsinin 180 kv.m hissəsi (bundan sonra - "Qeyri-yaşayış sahəsi” adlandırılacaq) İddiaçı tərəfindən Cavabdehə mağaza kimi istifadə (qadın geyimlərinin satışı) üçün icarəyə verilmişdir. Qeyri yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. İcarə müqavilənin 3.1-ci bəndinə əsasən qeyri-yaşayış sahəsinin ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil olmaqla 7500 (yeddi min beş yüz) manat, sonrakı aylar üçün isə ƏDV daxil olmaqla aylıq 10 000 (on min) manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Müqavilənin 1.1- ci bəndinə əsasən İcarəçi qeyri-yaşayış sahəsini qəbul etməyi və İcarəyə verənə icarə haqqını ödəməyi, 3.2-ci bəndinə əsasən isə o, may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını xx.xx.2022-ci il tarixinədək, növbəti ayların aylıq icarə haqqını isə hər ayın 15-dək İcarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü icarə haqqının ödənilməsinə dair öhdəlikləri tam şəkildə yerinə yetirməyərək müqavilə şərtlərini pozmuş və bununla da onun icarə haqqı üzrə borcu yaranmışdır. Cavabdeh tərəfindən Banka ünvanlanmış xx.xx.2023- cü il tarixli ərizədən də göründüyü kimi Cavabdeh tərəflər arasında bağlanmış İcarə müqaviləsinin xx.xx.2023-cü il tarixində ləğv edilməsini xahiş etmiş və həmin tarixə qədər icarə haqqı üzrə gecikdirilmiş məbləğin ödənilməsi barədə öhdəliyi üzərinə götürmüşdür. Cavabdehin müqavilənin ləğv edildiyi 01 iyul 2023-cü il tarixinə qədər, həmin ilin fevral, mart,aprel, may və iyun ayları üçün icarə haqqı üzrə ödənilməmiş borcu qalmışdır ki, bu da ümumilikdə cəmi 43000 (qırx üç min) manat təşkil edir. Bundan başqa, Müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1 (sıfır tam onda bir) %-i miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5 (beş)%- dən artıq olmayan miqdarda penyanı (cərimə sanksiyası) Bankın xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 01 iyul 2023-cü il tarixindən xitam verildiyi nəzərə alındığında cavabdehin icarə haqqının gecikdirilməsinə görə müqavilə üzrə 01 iyul 2023-cü il tarixinə qədər hesablanmış 2250 (iki min iki yüz əlli) manat məbləğində penya (cərimə) borcu mövcuddur. Müqavilənin 7.2-ci bəndinə əsasən tərəflər arasında müqavilə ilə bağlı və ya ondan irəli gələn mübahisələr, fikir ayrılıqları və ya tələblər tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Tərəflər arasında danışıqların aparılması nəticəsində razılıq əldə edilmədiyi halda yaranan mübahisələr məhkəmə qaydasında həll edilir. Lakin, İcarə müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2023-cü il tarixli B0-X0xx.xx.2023-008 №-li xəbərdarlığın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Odur ki, göstərilənlərə əsasən hesab edirik ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən qeyri-yaşayış sahəsinin icarəsinə dair müqavilənin ləğv edilməsi ilə əlaqədar olaraq icarə haqqı üzrə yaranmış borcun tutulması barədə iddiası tamamilə əsaslıdır. Həmçinin "Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı mediasiya prosesi keçirilmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə "ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazında, iddia tələbini əsassız hesab etdiyini, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsinin 180 kv.m hissəsinin xx.xx.2022-ci il tarixdə ona təhvil verilmədiyini, həmin sahənin istifadəçisinin xx.xx.2022-ci il tarixə kimi X1 olduğunu, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə təhvil verildiyini, həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edildiyini, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya ümumilikdə 86999,84 manat məbləğində pul ödədiyini bildirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankın nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlə əlaqədar olaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2-2(121)-338/2024 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 43000 manat məbləğində əsas borc, 200 manat məbləğində cərimə borcu, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat və 225,75 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 43625,75 manat məbləğində pulun tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Cavabdeh kimi, xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı yazılı etirazımda, iddia tələbini əsassız hesab etdiyini, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyriyaşayış sahəsinin 180 kv.m hissəsinin xx.xx.2022-ci il tarixdə ona təhvil verilmədiyini, həmin sahənin istifadəçisinin xx.xx.2022-ci il tarixə kimi X1 olduğunu, mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən ona xx.xx.2022-ci il tarixdə təhvil verildiyini, həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edildiyini, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya ümumilikdə 86999,84 manat məbləğində pul ödədiyimi bildirərək iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahuiş etmişdir. Tərəflər arasındakı müqavilənin şərtindən göründüyü kimi, ilk 4 ay-yəni xx.xx.2022xx.xx.2022-ci il üçün hər ayı üçün ) ƏDV daxil olmaqla 7500 (yeddi min beş yüz) manat, sonrakı aylar üçün isə ƏDV daxil olmaqla aylıq 10 000 (on min) manat məbləğində icarə haqqı müəyyən edilmişdir. 4x7500=31.000 manat,sonrakı aylar 8x10000=80000 manat edir. İddiaçının qeyri-yaayış sahəsini müqavilədə qeyd oluna müddətdə təhvil vermədiyini nəzərə almadan 101.000 manat puldan ümumilikdə 97.000 manat pul rəsmi olaraq iddiaçının hesabına ödəmişdir və rəsmi ödəniş tapşırıqlarını məhkəməyə təqdim etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, cavabdeh apellyasiya şikayətində qeyd edilən 180 kv/m qeyri-yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə ona təhvil verildiyini bildirsə də buna dair müvafiq sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin həmin qeyri-yaşayış sahəsi İcarə müqaviləsinin 1.4-cü bəndinə əsasən məhz müqavilə imzanan günü, yəni xx.xx.2022-ci il tarixdə cavabdehə təhvil verilmişdir. Buna görə də apellyasiya şikayətini əsassız hesab edirlər. Cavabdeh apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə1 xx.xx.2024-cü il tarixdə elektron kabinetə ərizə ünvanlayaraq bildirmişdir ki, iş üzrə məhkəmə xx.xx.2024 saat 11:00-a təyin olunmuşdur. Sağlamlığında yaranmış problemələ əlaqədar olaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdır. Həmçinin göstərmişdir ki, məhkəmə Kollegiyasının onların təqdim etdiyi ödəniş qəbzlərinə hər hansı şübhəsi olarsa məhkəmə xətşunaslıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, "Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan “fiziki şəxsin sahibkarlıq oçotu haqqında Şəhadətnamə”nin surətindən və “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə Açıq Səhmdar Cəmiyyəti "Xalq” Bankına məxsusdur. İş materiallarında olan iddiaçı (İcarəyə verən) ASC "Xalq” Bankı ilə cavabdeh (İcarəçi) Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli "Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilənin: 1.1-ci bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada İcarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 21 ünvanında yerləşən ümumi sahəsi 594.7 kv.m olan əmlak kompleksinin 180 kv.m sahəsini icarəyə verməyi və İcarəçi isə qeyri-yaşayış sahəsini qəbul etməyi və İcarəyə verənə icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 1.4-cü bəndinə əsasən, bu müqavilənin 1.1-ci bəndində göstərilən qeyri-yaşayış sahəsinin icarə məqsədləri üçün İcarəçiyə təhvil verilməsi 2 nüsxədə tərtib edilən və hər iki tərəfdən imzalanan təhvil-təslim aktı üzrə həyata keçirilir və bu müqavilə üzrə icarə haqqının hesablanması həmin sahənin İcarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacaqdır. Qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. 3.1-ci bəndinə əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə İcarəçi İcarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10000 manat məbləğində aylıq icarə haqqı ödəyir. 3.2-ci bəndinə əsasən, İcarəçi İcarəyə verənə may, iyun, iyul ayları üzrə aylıq icarə haqqını xx.xx.2022-ci il tarixinədək, növbəti ayların aylıq icarə haqqını isə hər ayın 15-dək İcarəyə verənin bank hesabına köçürülməsi yolu ilə ödəyir. 4.2-ci bəndinə əsasən, icarə haqqının ödənilməsi üzrə öz öhdəliklərinin icrasının gecikdirilməsinə görə İcarəçi gecikdirmənin hər günü üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında, lakin aylıq icarə haqqı məbləğinin 5%-dən artıq olmayan miqdarda İcarəyə verənin xeyrinə ödənilməli olan cərimə sanksiyaları şəklində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə icarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixə qədər olan 12 aylıq dövrü əhatə edir. İş materiallarında olan "Ödəniş tapşırıqları”nın surətlərindən görünür ki, Cavabdeh tərəfindən iddiaçı ASC "Xalq” Bankının hesabına xx.xx.2022-ci il tarixdə 33898,3 və 6101,7 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2022-ci il tarixdə 8474,58 və 1525,42 manat,xx.xx.2023-cü iil tarixdə 8474,58 və 1525,42 manat, xx.xx.2023-cü il tarixdə 14406,78 və 2593,22 manat olmaqla, ümumilikdə cəmi 97000 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan "maliyyə arayışı”nın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli icraə müqaviləsi üzrə Cavabdeh 2023-cü il üzrə gecikdirilmiş icarə haqqı məbləği cəmi 43000 manat, hesablanmış cərimə məbləği isə cəmi 2250 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən ASC "Xalq” X6 sədri Kamran Məcidova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ASC "Xalq” Bankı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəsi haqqında müqavilənin xx.xx.2023cü il tarixindən etibarən xitam olunmasına dair göstəriş verilməsini xahiş etmiş, həmin tarixədək icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəməklə bağlı öhdəlik götürmüşdür. İş materiallarında olan ASC "Xalq” Bankı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci tarixli icarə müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 43000 manat məbləğində 245 gün gecikdirilmiş icarə haqqı borcunun və icarə haqqının gecikdirilməsinə görə 2500 manat məbləğində cərimə borcunun 3 iş günü ərzində ödənilməsi Cavabdeh tələb olunmuşdur. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı ASC "Xalq” Bankının ərizəsinə əsasən xx.xx.2023- cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı ASC "Xalq” Bankı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 X2 hesabına 200 manat vəsait ödəmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin faktiki halları belədir ki, iddiaçı tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün cavabdehin icarəsinə verilməsinə, cavabdehin isə icarəyə götürdüyü sahədən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2022-ci il tarixli “Qeyri-yaşayış sahəsinin icarəsi haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. Sonradan tərəflərin qarşılıqlı razılaşması ilə icarə müqaviləsinə xx.xx.2023-cü il tarixdən etibarən xitam verilmişdir. İddiaçı qeyd edilən müqavilə üzrə müqavilənin qüvvədə olduğu dövrdə üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə təhvil verdiyini, lakin cavabdehin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqını tam ödəmədiyini iddia edir. Cavabdeh isə icarə haqqı borcunun olmadığını iddia edir və bunun onunla əsaslandırır ki, icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsi ona müqavilə bağlandığı tarixdə deyil, xx.xx.2022-ci tarixdə təhvil verilmişdir və həmin tarixdən sonra müqavilə öhdəliklərinə tərəfindən tam olaraq riayət edilmişdir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında qeyri- yaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə müqavilənin qüvvədə olduğu müddətdə cavabdeh tərəfindən ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil aylıq 10000 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, cavabdeh tərəfindən icarə müqaviləsi qüvvədə olduğu dövrdə iddiaçıya ümumilikdə 97000 manat məbləğində icarə haqqı məbləği ödənildiyi, icarə müqaviləsinə tərəflərin razılaşmasında əsasən xx.xx.2023-cü il tarixdən etibarən xitam verildiyi işin mübahisəsiz hallarını təşkil edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəli halları belədir ki, iddiaçı, icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsinin cavabdehin istifadəsinə icarə müqaviləsinin bağlandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən təhvil verildiyini və icarə haqqının da həmin tarixdən etibarən hesablandığını bildirir, cavabdeh isə icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsinin onun istifadəsinə xx.xx.2022-ci il tarixdə təhvil verildiyini, həmin tarixdən sonra icarə haqqlarını tam şəkildə ödədiyini iddia edir. İddiaçı öz tələbinin faktiki əsası kimi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ərizəyə, ödəniş tapşırıqlarına, icarə haqqı üzrə borcun ödənilməsi ilə bağlı cavabdehə qarşı məhkəməyə qədər həm pretenziya qaydasında, həm də mediasiya prosesində tələblə çıxış etməsinə istinad edir. Cavabdeh isə öz etirazının faktiki əsası kimi iddiaçı tərəfindən icarə obyektinin iddia edildiyi kimi müqavilə bağlandığı xx.xx.2022-ci il tarixdən ona təhvil verilməsinə dair sübutun olmamasına, vergi orqanı tərəfindən verilmiş arayışlarda olan məlumatlara, ödəniş tapşırıqlarına istinad edir. Məhkəmə, işin mübahisəli halları ilə bağlı tərəflərin gətirdikləri dəlillərə qiymət verərək hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mötəbər sübut dəlillərlə sübut edə bilmiş, cavabdeh isə etirazının əsasını təşkil edən halları sübut edə bilməmişdir. Məhkəmə, ilk növbədə baxılan işin başlıca və mübahisənin qanuni və ədadlətli həlli baxımından həlledici əhəmiyyət daşıyan əsas mübahisəli halını təşkil edən icarə müqaviləsinin obyekti olan qeyri-yaşayış sahəsinin nə vaxt cavabdehin istifadəsinə verilməsinin müəyyən edilməsini vacib sayaraq qeyd edir ki, tərəflər arasında münasibətlər onların bağladıqları yazılı müqaviləyə əsasən yarandığına görə, həmin münasibətlərdən irəli gələn mübahisələr də ilk növbədə həmin müqavilə şərtləri çərçivəsində qiymətləndirilməlidir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, əgər tərəflər arasında bağlanmış müqavilə varsa və müqavilə şərtləri onun iştirakçıları tərəfindən mübahisələndirilməmişdirsə, həmin müqavilənin şərtlərinə əsasən mübahisənin həlli qanuni və buna görə də ədalətli hesab edilməlidir. İş üzrə tərəflər arasında bağlanmış müqavilənin 1.4-cü bəndi ilə icarə obyekti olan qeyriyaşayış sahəsinin İcarəçiyə təhvil verilməsi təhvil-təslim aktı üzrə həyata keçirilməsi və müqavilə üzrə icarə haqqının da həmin sahənin İcarəçiyə faktiki təhvil verildiyi tarixdən etibarən hesablanacağı şərtləşdirilmişdir. Cavabdeh məhz müqavilənin bu qeyd olunan bəndinə istinad edərək iddiaçı ilə aralarında icarə obyektinin təhvil verilməsinə dair müvafiq aktın tərtib edilmədiyinə görə, icarə obyektinin ona müqavilə bağlandığı tarixdə təhvil verilməsinə dair sübutun olmadığını bildirir. Məhkəmə, cavabdehin bu arqumentinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən bəndinin son cümləsindən göründüyü kimi, tərəflər öz imzaları ilə təsdiq etmişlər ki, qeyri-yaşayış sahəsi İcarəyə verən tərəfindən İcarəçiyə xx.xx.2022-ci il tarixindən təhvil verilmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilədə icarə obyektinin müqavilə bağlandığı tarixdən təhvil verildiyi təsbit edildiyinə görə, bu faktın təsdiqi üçün ayrıca təhvil-təslim sənədinin tərtib edilməsinə zərurət qalmamışdır. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, işin mübahisəli halını təşkil edən göstərilən xüsusat iş üzrə müəyyən edilmiş digər hallarla da öz təsdiqini tapmışdır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli, OD3 və OD1EDV nömrəli ödəniş tapşırıqlarından görünür ki, cavabdeh tərəfindən iddiaçının hesabına xx.xx.2022-ci il tarixli müqavilənin icrası ilə əlaqədar cəmi 40000 manat pul vəsaiti ödənilmişdir. Bu məbləğ isə tərəflərin arasında bağlanmış müqavilə üzrə icarə haqqlarının ödənilməsi barədə razılaşmaya tam uyğun gəlir. Belə ki, müqavilə şərtlərinə (3.1-ci bənd) əsasən, qeyri-yaşayış sahəsindən istifadəyə görə İcarəçi İcarəyə verənə ilk 4 ay üçün (aprel, may, iyun və iyul ayları) ƏDV daxil 7500 manat, sonrakı aylar üçün isə ƏDV daxil 10000 manat məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə müqaviləsinin bağlandığı tarixdən sonrakı ilk aylar üzrə ödəmələrin cəmi 30000 manat təşkil edir (4 ay X 7500 manat). 2022ci ilin avqust ayı üçün icarə haqqının 10000 manat təşkil etdiyini nəzərə aldıqda, buradan belə nəticə hasil olur ki, cavabdeh xx.xx.2022-ci il tarixdə məhz əvvəlki 5 ay (2022-ci ilin aprel, may, iyun, iyul və avqust ayları) üçün istifadəsində olan icarə obyektinin icarə haqqının cəmini təşkil edən 40000 manat məbləğində ödənişi həyata keçirmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin iştirak etdiyi məhkəmə iclasında xx.xx.2023-cü il tarixindəki ödənişləri icarə obyektinin əldən çıxmaması üçün həyata keçirmələri barədə dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, həmin arqument işdə olan sənədlərlə təkzib olunur. Belə ki, işdə olan Cavabdeh tərəfindən ASC "xxxx" X6 sədri Kamran Məcidova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan aydın olur ki, Cavabdeh ASC "xxxx" Bankı ilə aralarında bağlanmış icarə müqaviləsinin 0İ.07.2023-cü il tarixindən etibarən xitam verilməsini xahiş etməklə yanaşı, həmin tarixədək icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd vermişdir. Halbuki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etdiyini bildirir və işdə olan ödəniş tapşırıqlarından göründüyü kimi cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixdə həyata keçirilmişdir. Belə olan halda son ödəniş tarixindən 1 ay sonra cavabdehin iddiaçıya ünvanladığı ərizəsində icarə haqqı üzrə gecikmiş bütün ödənişləri ödəyəcəyi ilə bağlı vəd verməsi təsdiq edir ki, cavabdehin icarə müqaviləsinə xitam verilərkən ödənilməmiş icarə haqqı borcu mövcud olmuşdur. Məhkəmə, həmçinin cavabdehin icarə obyekti olan qeyri-yaşayış sahəsinin 2022-ci ilin oktyabr ayına kimi digər şəxsin istifadəsində olması barədə dəlilinin sübutu kimi istinad etdiyi vergi orqanının arayışına hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, həmin arayışlara əsasən sözügedən icarə obyektinin icarə müqaviləsinin bağlandığı tarixdə cavabdehin istifadəsinə verilibverilməməsi faktının müəyyən edilməsi mümkün deyildir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları belədir ki, iddiaçı müqavilə üzrə öhdəliyini icra edərək icarə obyekti olan qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir, lakin cavabdeh sahəni təhvil alaraq istifadəsində saxlasa da icarə haqqını tam şəkildə ödəməmişdir. Buna görə də, iddiaçının ödənilməmiş icarə haqqının cavabdehdən tutulması tələbinə dair iddiası qanuni və əsaslı olmuşdur. Kollegiya tərəfindən müəyyən edilir ki, icarə müqaviləsi xx.xx.2022-ci ildə bağlanmış və həmin müqaviləyə xx.xx.2023-cü ilədək qüvvədə olmuşdur. Deməli qeyri-yaşayış obyekti 1 il 3 ay, yəni 15 ay cavabdehin istifadəsində olmuşdur. İcarə müqaviləsinə əsasən ilk 4 ay üçün icarə haqqı 7500 manat olmuş, qalan aylar üçün isə cavabdeh 10000 manat icarə haqqı ödəməli olmuşdur. Belə olduqda cavabdeh ilk 4 ay üçün icarə haqqı (4-7500=30000) 30000 manat, yerdə qalan (15- 4=11 ay) 11 ay üçün isə icarə haqqı 110 000 manat, cəmi 140 000 manat icarə haqqı ödəməli idi. Cavabdeh apellyasiya şikayətində bir halda icarə haqqı kimi 86999.84 manat (səh 84), bir halda isə 97000 manat (səh 85) icarə haqqı ödənildiyini bildirir. Belə olduğu halda cavabdehin ödəməli olduğu 140 000 manat icarə haqqından daha çox ödəniş etdiyi 97 000 manatı pu vəsaaitini çıxdıqda (140000-97000 = 43 000 manat) 43 000 manat edir ki, bu da iddia tələbi ilə eyniyyət təşkil etməklə iddianın nə qədər əsaslı olmasına dəlalət edir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 10000 manatdan çoxdur, buna görə də, hazırkı qətnamədən qanunvericilikdə şikayət verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdehin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, e-2-2(121)-338/2024 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar