Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-247/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: icarə müqaviləsinin ləğvi, maddi və mənəvi zərər tələbi. Şirvan şəhəri, 23 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-1824/2025 saylı qətnaməsindən (hakim Zaur Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh "xxxx" MMC-dən 1500 manat əsas və təmir xərclərinin görülməsi üçün 3020 manat, 870 manat maddi ziyan, 2000 manat mənəvi ziyan olaraq, ümumilikdə 7390 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC 06 yanvar 2025-ci il tarixdə aralarında müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən icarəçi İddiaçı icarə haqqını tam şəkildə vaxtında ödəməyi öhdəsinə götürür. İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən maşın yuma sexi məqsədi ilə istifadə olunmaq üçün icarəyə götürülür. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı yanvar ayının birindən etibarən 500 manat (ƏDV ilə birlikdə) manat təşkil edir. İcarə haqqı “İcarəçi” tərəfindən “İcarəyə verənə” hər ayın 10-dək köçürmə və ya nağd ödənilir. İcarə müqaviləsi imzalandığı andan qüvvəyə minir və müqaviləyə əsasən 06 ay müddətinə bağlanır və 30 iyun 2025-ci il tarixdə bitir. İcarəyə verən "xxxx" MMC-yə təhvil verildiyi zaman icarə predmetinin bütün çatışmamazlıqları barədə “İcarəçini” xəbərdar edir. İcarə verənin öhdəlikləri müqavilə ilə müəyyən edilmiş icarə haqqının “İcarəçi” tərəfindən vaxtında və tam ödənilməsini tələb etmək və icarə predmetindən təyinatı üzrə və texnikitəhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarına riayət etməklə istifadə olunmasını “İcarəçı”dən tələb etməkdən ibarətdir. Cavabdeh "xxxx" MMC müqavilə öhdəliklərinin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdehlə müqavilə bağlanmış və yuxarıda qeyd edilən Bakı şəhəri Nəsimi rayonu, X5 küçəsi 2A ünvanında yerləşən 80 kv. metr olan qeyri yaşayış sahəsini icarəyə verilmişdir, həmin qeyri yaşayış sahəsində maşın yuma məntəqəsi fəaliyyət göstərmişdir. Maşın yuma sexi tam boş şəkildə iddiaçıya icarəyə verilmişdir və həmin avto-yuma iddiaçının tərəfindən təmir edilərək su sayğacları, turbalarla təchiz edilmiş, elektrik işləri görülmüş, maşın yuma üçün aparat quraşdırılmış və məntəqə fəaliyyətə başlamışdır. Bundan sonra qanunla müəyyən edilmiş qaydada müqavilə şərtinə uyğun olaraq vaxtında ödənişlər edilsə də, bir neçə ay sonra cavabdeh iddiaçıdan icarə obyektindən təcili çıxmasını tələb etmişdir. Bundan sonra cavabdeh maşın yuma sexinə gələn maşınları mühafizəçi tərəfindən tapşırıq verərək içəri buraxmadı və bir neçə gün bildirildi ki, avto-yuma məntəqəsinin icarə haqqı qaldırılır və həmin avtoyuma məntəqəsinin başqa şəxslərə verilməsini və həmin ərazinin başqa şəxslər tərəfindən icarəyə verilməsini bildirmişdir. Bundan sonra iddiaçı cavabdehlə danışıqlar aparılması üçün görüşmək istədiyini bildirsə də, cavabdeh görüşməkdən imtina etmişdir. Daha sonra iddiaçı həmin ünvanda işlərə nəzarət edən Musa adlı şəxslə görüşərək izah etmişdir ki, müqavilənin vaxtı bitməmişdir. Müqavilə şərtləri var və müqavilənin vaxtı bitdikdən sonra çıxacağını bildirmişdir. Cavabdeh isə qeyd etmişdir ki, könüllü çıxmasa elektrikin və suyun kəsiləcək onda məcbur çıxacaqsan. Həmin günün sabahı günü avtoyuma məntəqəsinə gələn avtomaşınlar qərəzli olaraq buraxılmadı. Onu da qeyd edir ki, maşın yuma məntəqəsinə təmir xərcləri görülmüşdür. Kafel metlaqların alınması, təmiri, usta pulu 1200 manat və elektrik işlərinin görülməsi 500 manat, su çəkilməsi və turbaların quraşdırılması 500 manat və 470 manat aparatın yük maşını ilə gətirilərək quraşdırılması, 400 manat aparatın yük maşını ilə aparılması xərcləri görülmüşdür. Ən əsası isə cavabdehə müqavilə əsasında 500 manat yazılmasına baxmayaraq hər ayda cavabdehə müqavilədən kənar 1000 manat icarə haqqı ödənilmişdir. Bu günə kimi müqavilə qüvvədə olduğu halda cavabdeh avto yuma məntəqəsinə müştəriləri bilərəkdən qərəzli olaraq buraxmamış, nəticədə həm maddi, həm də mənəvi ziyan vurmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Buna görə də onun mövqeyini müəyyən etmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-cü il tarixli e-2-2(121)-1824/2025 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Şirvan Kommersiya Məhkəməsinin qətnaməsinin ləğv edilərək, Apellyasiya sikayetinin təmin edilməsini və cavabdehdən üç aylıq qazancın 2.400 manat və 166 xidməti üçün 300 manat ümumilikdə 2.700 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq cavabdeh dəfələrlə məkəmə iclasına gəlməməsi və cavabdehin müqavilə öhdəliklərini şərtlərini kobud şəkildə pozulmasi həmçinin cavabdehə müqaviləyə əsasən hər ayda 1000 (bir min) manat vaxtı vaxtında verilməsinə baxmayaraq cavabdeh müqavilənin vaxtından əvvəl obyektdən qanunsuz olaraq onu çıxarmışdır. Buna baxmayaraq cavabdehə hər ayda müqavilədə 500 manat göstərilməsinə baxmayaraq hər ayda 1000 manat pul vəsaiti ödənilmişdir. Lakin cavabdeh müqavilənin vaxtı bitməmiş vaxtından əvvəl qanunsuz olaraq ilk həmin obyektin qapısını bağlamışlar. Avto yumaya masınların girməsini mühafizəyə tapşırılaraq qoyulmaması və onu qanunsuz olaraq avto yumadan cixarmisdır. Bundan sonra məcbur olaraq o 166 xidmətinə zəng edərək avto yuma aparatını digər avadanlıqları 166 xidməti ilə aparmış bunun üçün 166 xidmətinə 300 manatdan artıq pul vəsaiti vermisdir. Bundan başqa həmin avto Yumada təmir işləri edilmişdir. Yerə beton tökülmüş və elektrik işi görülmüşdur. Ümumilikdə avto yuma xidmətinə təmir işləri və avadanlıqların gətirilməsi quraşdırılması təkrar aparılması üçün 3890 manatdan yuxarı pul vəsaiti xərclənmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək şikayətlərinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlə icarə müqaviləsi bağlandırdan sonra icarə götürülən obyektdə təmir-bərpa və sair işləri görmüşdür. Belə ki, kafel metlaqların alınması vurulması üçün usta pulu 1200 manat, elektrik işlərinin görülməsi üçün 500 manat, su çəkilməsi və turbaların quraşdırılması üçün 500 manat, maşın yuma aparatının alınması üçün 470 manat, həmin aparatın yük maşını ilə gətirilərək quraşdırılması və aparılması üçün 400 manat və sair xərclər olmaqla cəmi 3890 manatdan çox xərc çəkmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehdən tələb etdiyi 1500 manat pul vəsaiti obyektdə işlədiyi 3 ay müddətində əlavə ödəniş etdiyi 3 ayın puludur. Belə ki, o, həmin obyekti 3 ay işlətmiş, lakin müqavilədə icarə haqqı 500 manat olaraq razılaşdırılsa da o hər ay 1000 manat icarə haqqı ödəmişdir. Bundan başqa qeyd etmişdir ki, müqavilə müddəti başa çatmadan cavabdeh onunla icarə müqaviləsini birtərəfli qaydada pozmuş, müştərilərin avtomobillərini obyektə daxil olmaması ilə bağlı göstəriş vermiş, onu əlavə fayda götürməkdən məhrum etməklə, həmçinin dəfələrlə məhkəmələrə gəlməklə əlavə xərclər çəkməklə mənəvi zərərə məruz qalmışdır. Kollegiya tərəfindən ona ünvanlanan suallara cavabında göstərmişdir ki, icarə müqaviləsində icarə haqqını hər ay 500 manat razılaşdırsalarda, cavabdehə hər ay əlavə olaraq 500 manat olmaqla 3 ay ərzində 1500 manat ödəməsi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməyib, həmçinin belə bir sübutu hazırda da yoxdur. Bundan başqa icarəyə götürdüyü obyektin ona hansı vəziyyətdə təhvil təslim edilməsi ilə bağlı, həmin obyektdə təmir-bərpa və sair işlər görməsi ilə bağlı da onda hər hansı sübut olmamış, birinci instansiya məhkəməsinə belə bir sübutlar təqdim etməmiş, hazırda da bu cürə sübutları mövcud deyildir. Həmçinin qeyd etmişdir ki, obyektdə işlətmək üçün avtomobil yuma aparatını və digər özü tərəfindən alınmış əşyalarını götürərək obyektdən çıxmışdır. Hazırda həmin əşyalar onun özündədir. Bundan başqa apellyasiya baxışında iddia tələbinə dəqiqləşmə və şahidinin dindirilməsi barədə ərizə təqdim etmişdir. Bildirmişdir ki, həmin şahidin dindirilməsi ilə bağlı birinci instanisya məhkəməsinə vəsatət verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC Kollegiyanın iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 676.0, 676.0.1, 676.0.2 və 676.0.3-cü maddələrinin birgə tələblərinə görə, kirayəyə verilən əşyanın kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması, kirayəyə verilmiş əşyanın əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olması və üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmaması və ya bu istifadəni istisna etməməsi üçün kirayəyə verən məsuliyyət daşıyır. Həmin Məcəllənin 680.1-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. Həmin Məcəllənin 680.2-ci maddəsinə əsasən, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Həmin Məcəllənin 687-ci maddəsinə əsasən, yaşayış otağını kirayəyə verənə müqavilənin ləğvi müddətini gözləmədən müqaviləni qanunda göstərilən əsaslardan savayı, başqa əsaslarla ləğv etmək hüququ verən razılaşmanın qüvvəsi yoxdur. Həmin Məcəllənin 689.1-ci maddəsinə əsasən, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin Məcəllənin 691.1-ci maddəsinə əsasən, torpaq sahələrinin, otaqların və ya rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə aşağıdakı hallarda yol verilir: 691.1.3. kirayə haqqı aylar və ya daha uzun zaman hissələri üzrə hesablanarkən müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildikdə. Həmin Məcəllənin 692.1-ci maddəsinə əsasən, kirayəyə verən bu Məcəllənin 692.4cü maddəsinin müddəalarını gözləmək şərti ilə yaşayış otağının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərini yalnız o halda ləğv edə bilər ki, bu hüquq münasibətlərinə xitam verilməsində onun əsaslı marağı olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında şərh olunan hüquqi mövqeyinə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatları və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə (VÖEN) sahibkarlıq subyekti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan iddiaçı (İcarəçi) İddiaçı ilə cavabdeh (İcarəyə verən) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin drektoru X2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli “Subicarə müqaviləsi”nin: 1-ci bəndinə əsasən, İcarəyə verən "xxxx" MMC-nin direktoru X1, icarəçi İddiaçı AA******* Vöen № ********** Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 2 A ünvanında yerləşən 80 m2 qeyri yaşayış sahəsini icarəyə verməyi, İcarəçı isə icarənı qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş icarə haqqını tam şəkildə və vaxtında ödəməyi öhtəsinə götürür. 2-ci bəndinə əsasən, İcarə predmeti “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən maşın yuma sexi məqsədi ilə istifadə olunmaq üçün icarəyə götürülür. 3-cü bəndinə əsasən, İcarə Müqaviləsi üzrə aylıq icarə haqqı yanvar ayının 1-dən etibarən 500 (beş yüz) manat (ƏDV ilə birlikdə) təşkil edir. 4-cü bəndinə əsasən, İcarə haqqı “İcarəçi” tərəfindən “İcarəyə verən”ə hər ayın 10dək nağd yolu ilə ödəniləcək. 5-ci bəndinə əsasən, İcarə müqaviləsi imzalandığı andan qüvvəyə minir, 6 (altı) ay müddətinə bağlanır və xx.xx.2025-ci il tarxdə bitir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2025-ci il tarixli “Subicarə” müqavilə” əsasında ödənilməmiş 7390 manat pul vəsaitinin 10 təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilmişdir. İşin faktiki halları belədir ki, cavabdeh tərəfindən onun icarəsində olan qeyri-yaşayış sahəsinin sahibkarlıq məqsədi ilə istifadə edilməsi üçün iddiaçının subicarəsinə verilməsinə, iddiaçının isə icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən istifadəyə görə şərtləşdirilmiş icarə haqqının cavabdehə ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar xx.xx.2024-cü il tarixli “Subicarə haqqında” müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmirinə və təyinatına uyğun istifadə edilməsi üçün müvafiq şərait yaradılmasına müəyyən vəsait xərclədiyini, bir müddət sahədən istifadə etdikdən sonra cavabdehin icarə müddəti bitmədən qanunsuz olaraq onu icarə obyektindən çıxardığını, nəticədə ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin iddiaya qarşı münasibətini bildirməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlmişdir ki, tərəflər arasında qeyri-yaşayış sahəsinin subicarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə icarə müddətinin 6 ay olaraq razılaşdırıldığı, iddiaçının icarə obyektindən cavabdeh tərəfindən 2025-ci ilin aprel ayından çıxarıldığı işin mübahisəsiz hallarıdır. İşin mübahisəli hallarını isə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi zərərə məruz qalması barədə iddiaçının tələbi təşkil edir. Birinci instansiya məhkəməsi, əmlak kirayəsi münasibətləri üzrə bəzi məsələləri tənzimləyən yuxarıda sadalanan maddi hüquq normalarının birgə təhlilini apararaq qeyd etmişdir ki, icarə müqaviləsi üzrə icarəyə verənin əsas vəzifələrinə icarə obyektinin təyinatına uyğun istifadəsinə yararlı vəziyyətdə icarəçiyə təhvil vermək və bütün icarə müddətində icarəçinin icarə obyektindən istifadəsinə mane olmamaq aiddir. İcarəyə verənin yalnız qanunda nəzərdə tutulmuş müstəsna hallarda icarə münasibətlərinə birtərəfli qaydada xitam verə bilər ki, bu halda da yenə qanunla müəyyən edilmiş qaydalara əməl edilməsi zəruridir. Əks halda müqavilə öhdəliklərinin lazımi qəydada icra edilməməsi halı baş verir ki, bu da mülki hüquq pozuntusuna və kontragentə ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququnu yaratmış olur. Həmçinin, icarəçi çəkdiyi zəruri xərclərin və kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini icarəyə verəndən tələb etmək hüququ vardır. Bu zaman icarəyə verənin adı çəkilən xərclərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Məhkəmə, təhlil edilən maddi hüquq normalarının tələblərinə əsasən baxılan işin müəyyən edilmiş faktiki hallarını qiymətləndirərək belə qənaətə gəlmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə icarəyə verənin vəzifələrini pozaraq qanunsuz şəkildə icarəçini icarə obyektindən çıxarmaqla icarə münasibətlərinə xitam vermişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh qanunda göstərilən əsaslar olmadan və yenə qanunla müəyyən edilmiş xəbərdarlıq müddətlərinə əməl etmədən birtərəfli qaydada icarə müqaviləsi üzrə hüquq münasibətlərinə xitam vermişdir. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab etmişdir ki, icarəçinin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini icarəyə verənin ödəmək vəzifəsi ilə bağlı özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəalar o halda tətbiq edilə bilər ki, icarə hüquq münasibətlərinə qanuni əsaslarla və qanunla müəyyən edilmiş qaydada xitam verildiyi müəyyən olunsun. İcarə hüquq münasibətlərinə, baxılan işdə olduğu kimi, qanunsuz və əsassız şəkildə xitam verildiyi halda isə öhdəliyin icra edilməməsi faktı baş vermiş olur ki, bu vəziyyətdə öhdəliyin icra edilməməsi nəticəsində zərərə məruz qalmış şəxsin həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Birinci instansiya məhkəməsi, iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən müqavilədən görünür ki, onun qüvvədə olduğu müddət 2025-ci ilin iyun ayında bitmişdir. Buna görə də, artıq qüvvədə olma müddəti bitmiş müqavilənin ləğvinin tələb edilməsi əsassızdır. Məhkəmə daha sonra qeyd etmişdir ki, baxılan işdə iddiaçı cavabdehin hüquqa zidd əməli nəticəsində zərərə məruz qalmasına, həmin zərərin həcminə dair halları sübut etməklə mükəlləf olmasına baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı icarə obyektinə ümumilkdə cəmi 3890 manat məbləğində xərc qoyduğunu iddia etsə də, bu xərcləri əsaslandıra bilməmişdir. Buna görə də, iddia tələbi vurulmuş maddi zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə, həmçinin iddia tələbinin “2000 manat mənəvi ziyanın ödənilməsi”nə dair hissəsinə münasibətdə əsassız olduğundan rədd etmişdir. Birinci instansiya məhkəməsi bu nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən fiziki və mənəvi sarsıntıların keçirilməsinə, cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi ilə iddiaçının iddia etdiyi mənəvi ziyan arasında səbəbli əlaqənin olmasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, həmçinin iddiaçı ona cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun “mənəvi ziyan dəyməsinə dair” tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Buna görə də, iddiaçının iddia tələbi bu hissədə rədd edilməlidir. Göründüyü kimi iddia təmin edilməmiş qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri; 1) 3 ay ərzində əlavə ödəmiş olduğu cəmi 1500 manat icarə haqqının cavabdehdən geri tələb edilməsindən; 2) İcarə götürülmüş obyektə çəkilmiş təmir-bərpa işlərinə çəkilmiş xərcin alınmasından; 3) həmçinin mənəvi zərər tələbindən ibarətdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
1. İddiaçı kollegiyanın iclası zamanı göstərmişdir ki, cavabdehlə icarə müqaviləsi bağlandırdan sonra icarə götürülən obyektdə təmir-bərpa və sair işləri görmüşdür. Belə ki, kafel metlaqların alınması vurulması üçün usta pulu 1200 manat, elektrik işlərinin görülməsi üçün 500 manat, su çəkilməsi və turbaların quraşdırılması üçün 500 manat, maşın yuma aparatının alınması üçün 470 manat, həmin aparatın yük maşını ilə gətirilərək quraşdırılması və aparılması üçün 400 manat və sair xərclər olmaqla cəmi 3890 manatdan çox xərc çəkmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdehdən tələb etdiyi 1500 manat pul vəsaiti obyektdə işlədiyi 3 ay müddətində əlavə ödəniş etdiyi 3 ayın puludur. Belə ki, o, həmin obyekti 3 ay işlətmiş, lakin müqavilədə icarə haqqı 500 manat olaraq razılaşdırılsa da o hər ay 1000 manat icarə haqqı ödəmişdir. Bundan başqa qeyd etmişdir ki, müqavilə müddəti başa çatmadan cavabdeh onunla icarə müqaviləsini birtərəfli qaydada pozmuş, müştərilərin avtomobillərini obyektə daxil olmaması ilə bağlı göstəriş vermiş, onu əlavə fayda götürməkdən məhrum etməklə, həmçinin dəfələrlə məhkəmələrə gəlməklə əlavə xərclər çəkməklə mənəvi zərərə məruz qalmışdır.
2. İddiaçı ona ünvanlanan suallara cavabında göstərmişdir ki, icarə müqaviləsində icarə haqqını hər ay 500 manat razılaşdırsalarda, cavabdehə hər ay əlavə olaraq 500 manat olmaqla 3 ay ərzində 1500 manat ödəməsi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim etməyib, həmçinin belə bir sübutu hazırda da yoxdur.
3. Bundan başqa icarəyə götürdüyü obyektin ona hansı vəziyyətdə təhvil təslim edilməsi ilə bağlı, həmin obyektdə təmir-bərpa və sair işlər görməsi ilə bağlı da onda hər hansı sübut olmamış, birinci instansiya məhkəməsinə belə bir sübutlar təqdim etməmiş, hazırda da bu cürə sübutları mövcud deyildir.
4. Həmçinin qeyd etmişdir ki, obyektdə işlətmək üçün avtomobil yuma aparatını və digər özü tərəfindən alınmış əşyalarını götürərək obyektdən çıxmışdır. Hazırda həmin əşyalar onun özündədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, e-2-2(121)-1824/2025 saylı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.