Məhkəmə qərarları › İş №2-2(106)-38/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-38/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-38/2023 30.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Hüseynli Araz Heydər oğlunun iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsindən cavabdeh «İlkin-MM” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 109309,67 manat borcun, əldə çıxmış fayda kimi illik 5 faiz olmaqla ərizə verilən tarixə 5500 manat və ödənilmiş 400 manat mediasiya xərci, 50 manat iddia ərizəsinə görə rüsum, həmçinin müvəqqəti təminat tədbiri barədə rüsum olaraq 50 manat cəmi 115.309.67 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında xx.xx.2020-ci il tarixli 04/20 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən sifarişçi Cavabdeh MMC, icraçı İddiaçı MMC arasında obyektdə işlərin yerinə yetirilib, sifarişçiyə təhvil verilməsi, sifarişçinin isə İcraçının gördüyü işlərin müqabilində müqavilə üzrə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə bir neçə adda ümumi dəyəri 126258,82 manat olan tikinti malları göndərilmiş, bununla da, lazımi xidmət göstərilmiş, lakin cavabdeh öhdəliyini tam yerinə yetirməmiş, nəticədə ümumi borcdan ancaq 16949,15 manat məbləğ ödəniş etmişdir, qalan 109309,67 manat məbləği bu günə qədər qaytarmamış və bununla da, müqavilənin şərtlərini kobud surətdə pozmuşdur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, lakin heç bir nəticə verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 106999 manat əsas borc, illik 5 faiz olmaqla hesablanmış 5500 manat faiz borcu, 400 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, ümumilikdə 112949 (yüz on iki min doqquz yüz qırx doqquz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)- 46/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-46/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunaraq, hərtərəfli araşdırma aparılamaqla yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, məhkəmə qətnamə qəbul edərkən Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/457 nömrəli ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan borc üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır, cavabdeh tərəfindən işin məhkəmə icraatında olduğu müddət ərzində borcun daha az olmasını və ya ümumiyyətlə olmamasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə mötəbər sübut kimi ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı 109309,67 manat borcun olması ilə bağlı iddia tələbində göstərməsinə baxmayaraq, ekspertin borcun 106999 manat olması ilə bağlı rəy verməsi onu göstərir ki, görülən işlərin həcmi və dəyəri şişirdilmişdir və bu hal görülən işlərin həcmi ilə bağlı razı olmadıqlarının əsaslı olması kimi qəbul olunmalıdır. Ekspertin rəyinin mötəbər olması qəbul olunmur. Çünki ekspertin görülən işlərə baxış keçirib-keçirməməsini bilmirlər. Əgər görülən işlərə ekspert baxış keçirmişsə, onda cavabdeh olaraq MMC-nin nümayəndəsinin iştirakı olmadan görülən işlərə baxış keçirmişdir ki, bu da ekspertin verdiyi rəyin tam olaraq həqiqəti əks etdirməsinə ciddi şübhələr yaradır. İşə baxılarkən ekspert rəyinin elektron məhkəmə sisteminə yerləşdirilməməsi cavabdehin həmin rəyin mübahisələndirilməsi hüququnu məhdudlaşdırmışdır. Məhkəmə isə bu hallara qiymət verməyərək, tam həcmdə iddia tələbini təmin etməklə qeyd olunan maddələrin tələbini pozmuşdur. Bu hissədə məhkəmə gəldiyi nəticə üçün bütün əhəmiyyətli faktiki halları aydınlaşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan elə bir hal yoxdur ki, cavabdeh olaraq sübut edilməsin. İddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Apellyasiya instansiyası məhkəməsində təqdim ediləcək yeni sübut hələ ki, yoxdur. Belə bir zərurət yaranacağı təqdirdə, həmin sübutun birinci instansiya məhkəməsində təqdim etməməyimizin səbəbi izah olunacaqdır. İddiaçı nümayəndəsi Hüseynli Araz Heydər oğlu məhkəmədə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehnə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2020-ci il tarixli 04/20 saylı podrat müqaviləsindən görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında Xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən, bu müqaviləyə əsasən icraçı, qiymət protokolunda qeyd olunan obyektdə işləri yerinə yetirib sifarişçiyə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin ödəniş şərtlərinə əsasən müqavilə üzrə görüləcək işlərin qiyməti əlavə edilən razılaşma protokolu və ya icraçının təqdim etdiyi işin yerinə yetirilməsini təsdiq edən akt, elektron qaimə əsasında müəyyən edilir və bankdan köçürmə yolu ilə ödənir. İşdə olan EBAY seriyalı 588272 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimənin surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 126258,82 manat məbləğində elektron qaimə göndərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 12/0321 nömrəli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC göstəriləcək xidmətin qiymətini 126258,82 manat olaraq müəyyən etmişlər. İşdə olan xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin direktoru Rəhimov Vasif Vaqif oğlu və Cavabdeh MMC-nin direktoru Qanuni nümayəndə 126.258,82 manat məbləğində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsini təsdiq etmişdirlər. Həmin akt İddiaçı MMC-nin və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə cəmi 109307,67 manat borcu yarandığını və həmin borcun ödənilməsi bildirilmişdir. İşdə olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasında nümayəndəsi Vəkil1 vasitəsilə iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/457 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən İddiaçı MMC-nin direktoru Cavabdeh MMC-nin direktoruna 05 sentyabr 2020-ci il tarixli Təhvil-təslim aktına əsasən smetada nəzərdə tutulan işlər təhvil verildiyini nəzərə alaraq İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04/20 saylı 04 fevral 2020-ci il tarixli podrat müqaviləsi əsasında 12/0321 nömrəli 25 avqust 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən tam yerinə yetirilmiş və 12/0321 nömrəli 25 avqust 2020-ci il tarixli qiymətlərin razılaşdırılması protokolunda nəzərdə tutulmuş işlər iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin ümumi dəyəri 106999 manat məbləğində müəyyən olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bundan başqa, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra edərək cavabdehə təhvil vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri tam yerinə yetirməmişdir. Buna görə də, 106999 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Bundan əlavə, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə iddianın əldən çıxmış fayda kimi illik 5 faiz olmaqla 5500 manat məbləğində faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia həmin hissədə təmin edilməlidir Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin faktiki hallarına Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, məhkəmə mötəbər sübut kimi ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlmişdir və cavabdeh borcun daha az olması barədə etirazını bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Habelə, görülən işlərin həcminin və dəyərinin şişirdilməsi barədə cavabdehin dəlili isə ehtimal olmaqla heç bir əsasa söykənmir. Bundan əlavə, apellyasiya şikayətində ekspertin rəyinin mötəbər olmasının qəbul olunmamasının səbəblərindən biri kimi ekspertin görülən işlərə baxış keçiribkeçirməməsinin müəyyən olmadığı göstərilmişdir. Cavabdehin nümayəndəsinin iştirakı olmadan görülən işlərə baxış keçirilməsinə dair kollegiya diqqətə çatdırır ki, iş materiallarında tədqiqat obyektinə tərəflərin və ekspertin iştirakı ilə baxış keçirilməsi barədə tərəflərə, eləcə də cavabdehin rəsmi ünvanına 08 fevral 2022-ci il tarixli bildiriş göndərilmişdir (səh. 52). Daha sonra qeyd edilməlidir ki, ekspertizanıən təyin edilməsi cavabdehin nümayəndəsinin iştirakı ilə baş tutmuş və rəy alındıqdan sonra cavabdeh növbəti məhkəmə iclasının yeri vaxtı barədə məlumatlandırılsa da, hətta cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə ərizə daxil olsa da (səh. 77), rəyin göndərilmədiyi təqdirdə belə, onun əldə edilməsi üçün heç bir səy göstərilməmiş, bu haldan hazırda formal dəlil olaraq istifadə edilməkdədir. Beləliklə, kollegiya hesab edir ki, qeyd edilən hal cavabdeh tərəfindən həmin rəyin mübahisələndirilməsi hüququnun məhdudlaşdırılması hesab edilə bilməz. Bütün bunlarla yanaşı, cavabdeh apellyasiya şikayətində hər hansı yeni sübutnun olmadığını da göstərmişdir ki, bu da əlavə araşdırmanın aparılmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Cavabdeh apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir sübutla təsdiq edilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli e-2-2(121)-46/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar