Məhkəmə qərarları › İş №2-2(106)-43/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-43/2024

30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-43/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair kommersiya işi üzrə iddia ərizəsinin geri qaytarılması barədə Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-2(121)-2767/2023 saylı (hakim Elşən Abdullayev) qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı "qaz kəmərinin mühafizə zonasının pozulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-2(121)-2767/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan iddiaçı tərəf şikayət vermiş, şikayətdə qərardadın ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsində göstərilmişdir ki, bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Sözügedən Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Lakin bildirirlər ki, hazırkı iş üzrə “Qaz İxrac” İdarəsi tərəfindən iddia ərizəsi ilə 2020-ci il tarixində Lənkəran Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəməyə müraciət edilən zaman “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirakın tələb edilməsi ilə bağlı müddəaları qüvvəyə minməmişdir. Bu səbəbdən hazırda Şirvan Kommersiya Məhkəməsi iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənədi iddia ərizəsinə əlavə etmədiyinə görə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarmaqla “Mediasiya haqqında” Qanunun 39-cu maddəsini düzgün tətbiq etməmişdir. Birinci instansiya tərəfindən iddia ərizəsi geri qaytarılarkən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.10-cu maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarılır. 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şirvan Kommersiya Məhkəməsi hazırkı iddia ərizəsini birbaşa kommersiya məhkəməsinə müraciət edilən iddialar kimi qiymətləndirmiş, bununla da prosessual qanunvericiliyin pozuntusuna yol vermişdir. Halbuki hazırkı iş üzrə iddia ərizəsi ilə birbaşa Şirvan Kommersiya Məhkəməsinə müraciət edilməmiş, mülki iş kimi Lənkəran Rayon Məhkəməsinə müraciət edilmişdir. 3 ildən sonra, yəni xx.xx.2023-cü il tarixində Lənkəran Rayon Məhkəməsi tərəfindən mübahisənin xarakterinin mülki xarakterli olmadığı qeyd edilərək və mübahisə kommersiya mübahisəsi kimi qiymətləndirilərək Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, Şirvan Kommersiya Məhkəməsi tərəfindən sözügedən maddənin tələbləri pozulmuş, “Qaz İxrac” İdarəsi tərəfindən iddia ərizəsinin Lənkəran Rayon Məhkəməsinə verilməsi halı nəzərə alınmamışdır. AR MPM-nin 152-ci maddəsində iddia ərizəsinin qaytarılması əsaslarından olan elektron qaydada iddia ərizəsinin verilməsi və işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübutun təqdim edilməsi tələbi yalnız kommersiya mübahisələrinə aid edildiyindən “Qaz İxrac” İdarəsi iddia ərizəsini kağız daşıyıcıda ümumi məhkəməyə (Lənkəran Rayon Məhkəməsinə) təqdim etməklə heç bir pozuntuya yol verməmişdir. Şikayətə baxılmış, Şirvan Kommersiya Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılması və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin şikayəti qismən təmin edilməli və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işi Şirvan Kommersiya Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsi Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-87/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı "qaz kəmərinin mühafizə zonasının pozulması” tələbinə dair işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-2(121)-2767/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasının pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən ona əsaslanmışdır ki, iddia ərizəsi “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmiş, iddia ərizəsinə mediasiya prosesində iştirak tələbinə riayət edilməsinə dair müvafiq təsdiqedici sənəd və iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçı tərəf qərardaddan şikayət vermiş, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfin şikayətinin dəlili ondan ibarətdir ki, iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edilən zaman “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdi. Buna görə də, kommersiya mübahisələri üzrə mediasiyaya müraciət edilməsi məcburi deyildi. Eyni zamanda iddia ərizəsi Lənkəran Rayon Məhkəməsinin qərardadına əsasən Kommersiya Məhkəməsinə göndərilmişdir. Belə olan halda da, ümumi məhkəməyə iddianın elektron qaydada verilməsi həmin dövrdə tələb edilmirdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini qəbul edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən doğru qənaətə gəlməmişdir. Məhkəmə Kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, 25 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 39-ci maddəsinə əsasən bu Qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. İşin hallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə 13 yanvar 2020-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda da ona münasibətdə 2021-ci ilin iyulun 1-dən qüvvəyə minən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsi tətbiq edilə bilməzdi. Eyni zamanda iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı pretenziya qaydasına əməl edərək, 26 dekabr 2019-cu il tarixdə (iş səh 5.) və 28 oktyabr 2019-cu il (iş səh 6.) tarixdə cavabdehə xəbərdarlıq məktubları göndərmişdir. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 10-1.3-cü maddəyə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilən 135.8-ci maddəyə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların "Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədrinin 03 sentyabr 2020-ci il tarixli, 2-492/20 saylı məktubundan müəyyən edilir ki, "Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmadığı məhkəmələrdə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəmələrinə göndərilən işləri elektron qeydiyyata almaq və kağız daşıyıcıda iş materiallarını elektron sənədə çevirməklə elektron məhkəmə informasiya sisteminə yerləşdirmək imkanları mövcud deyildir. Bu baxımdan, həmin məhkəmələrdən kommersiya məhkəmələrinə kağız daşıyıcıda daxil olmuş işlərin elektron qeydiyyatı və iş materiallarının elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi müvafiq kommersiya məhkəmələri tərəfindən təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, belə olan halda da, Şirvan Kommersiya Məhkəməsi hazırkı işin elektron qeydiyyatı və iş materiallarının elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsini təmin etməli idi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadda qeyd edilən hallara əsasən iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardadlardan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Qaz İxrac” İdarəsinin şikayəti qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2-2(121)-2767/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün kommersiya işi Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar