Məhkəmə qərarları › İş №2-2(106)-68/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-68/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-68/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin olunmaması barədə Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli e-2-2(121)-2124/2024 saylı qərardadından (hakim N.Misirzadə) cavabdeh "xxxx" Şirkətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Şirkətinə və Cavabdeh2 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 23760 manat məbləğində pulun və 161.28 manat məbləğində ödənilmiş dövlət rüsumununun cavabdehlərdən müştərək qaydada alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq 23760 manat məbləğində pulun və 161.28 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" Şirkətindən alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil 14 dekabr 2024cü il tarixdə apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qərardadı ilə cavabdeh apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil 24 dekabr 2024cü il tarixdə şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qərardadı ilə şikayət təmin edilməyərək, iş materialları şikayətə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 yanvar 2025-ci il tarixli 2-2(106)-40/2025 saylı qərardadı ilə cavabdeh şikayət təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Qətnamədən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil 31 yanvar 2025ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş və şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə (vəsatət) ilə məhkəməyə müraciət etmişdir. Ərizə (vəsatət) onunla əsaslandırılmışdır ki, qeyd edilən mülki işdə əvvəldən sona kimi cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili kimi yalnız Vəkil iştirak etmişdir. “Elektron məhkəmə” informasiya sistemində cavabdehin nümayəndəsi və vəkili kimi qeydiyyata alınmadığına görə 887 qaynar xətt vasitəsi ilə xx.xx.2024-cü ildə saat 11:13-də Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Müraciətdən dərhal sonra “Elektron məhkəmə” informasiya sistemində cavabdehin nümayəndəsi və vəkili kimi qeydiyyata alınmış və məhkəmənin qətnaməsi də həmin vaxt onun elektron kabinetinə yerləşdirilmişdir. Buna görə də o, xx.xx.2024-cü ildə də şəxsi kabineti vasitəsi ilə apelyasiya şikayəti vermişdir. Məlumat üçün, "xxxx" Şirkətinin direktoru Cavabdeh2 xx.xx.2024-cü ildə Azərbaycanın dövlət sərhəddini xaricə keçmiş, xx.xx.2024-cü ildə ölkəyə qayıtmışdır. Həmin müddətdə də Cavabdeh2 şəxsi kabinetində qətnamənin yerləşdirilməsindən məlumatı olmamışdır. Məhkəmələr apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması qənaətinə gəlmişlər. Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli e-2-2(121)-2124/20024 saylı qərardadına əsasən cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil Şirvan Kommersiya Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli e-2-2(121)-2124/2024 saylı qətnaməsindən şikayət verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi (vəsatəti) rədd edilərək, qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət prosessual müddətin buraxılmasının bərpasına dair vəsatətlə oxşar məzmunda əsaslandırılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2-2(121)-2124/20024 saylı qərardadı ilə cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi və vəkili Vəkil verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə nəzərdən keçirib hesab edir ki, şikayət əsassızdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə buraxılmış prosessual müddətin bərpası üçün üzürlü səbəblərin olmadığını əsas gətirərək ərizəni təmin etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 10-1.3-cü maddəsinə əssən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.8-ci maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.2-ci maddəsinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir; 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Yuxarıda sadalanan prosessual normaların məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Hazırki halda cavabdehinə münasibətdə qətnamə 6 noyabr 2024-cü il tarixində onun elektron kabinetinə yerləşdirildiyi andan rəsmi qaydada verilmiş hesab edildiyindən, şikayət vermə müddətinin axımı da həmin gündən hesablanır və 6 dekabr 2024-cü il tarixində bitmiş olur. Birinci dəfə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən elektron məhkəmə informasiya sistemi üzərindən 14 dekabr 2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən olunan müddət ərzində verilməməsi əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qərardadı cavabdeh tərəfindən mübahisələndirilmiş, qərardad apellyasiya instansiyasında dəyişdirilmədən saxlanmışdır. Hazırda cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən qətnamədən yenidən apellyasiya şikayəti verilmiş, həmçinin buraxılmış prosessual müddətin bərpa olunması xahiş edilmişdir. Vəsatət "xxxx" Şirkətinin direktoru Cavabdeh2 xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə ölkə hüdudlarında olmaması və həmin müddətdə şəxsi kabinetinə qətnamənin yerləşdirilməsindən məlumatlı olmaması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayaraq şikayəti təmin etməmək səlahiyyəti vardır. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün gətirilən arqumentlər üzürlü səbəb kimi qəbul oluna, buraxılmış prosessual müddətin bərpasının əsasını təşkil edə bilməz. Əvvəla ona görə ki, şirkət rəhbəri ölkə hüdudlarından kənarda olduğu müddətdə də, şəxsi elektron kabinetini izləmək imkanında olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş elektron qaimələrə əsasən qətnamə şirkət rəhbərinin şəxsi elektron kabinetindən savayı, şirkətin özünə məxsus və şirkətin vəkili, eyni zamanda nümayəndəsi Vəkil da elektron kabinetlərinə xx.xx.2024 tarixində saat 10:06-da yerləşdirilmişdir. Birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh "xxxx" Şirkətinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 12 fevral 2025-ci il tarixli e-2-2(121)-2124/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar