Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-8/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı1 MMC-nin cavabdeh Cavabdeh1 qarşı və digər iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı işi üzrə Açar sözlər: pul tələbi, zərərin əvəzinin ödənilməsi Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Birinci iş üzrə iddiaçının nümayəndəsi Nümayəndə və birinci iş üzrə Cavabdeh1 iştirakları ilə Birinci iş üzrə İddiaçı1 MMC-nin Cavabdeh1 qarşı “pul” tələbinə və digər iş üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(121)-64/2021 saylı qətnaməsindən birinci iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı1 MMC-nin təqdim etdiyi, “2017-ci il mövsümü üzrə xam-pambığın alğısatqısına dair” 2016-cı il 19 dekabr tarixli, ********* saylı müqavilədə qeyd olunur ki, alıcı İddiaçı1 MMC (bundan sonra – “MMC”), tədarükçü “MKT Sabirabad” ilə təsərrüfatçı Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında bağlanan müqaviləyə əsasən 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib alıcıya satmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin; 2.1.7-ci bəndinə əsasən, təsərrüfatçı səpini optimal müddətdə başa çatdırılmadığı halda alıcı müqaviləyə əsasən avansın ödənilməsini dayandıra bilər. Bu halda təsərrüfatçı aldığı avans məbləğinin 2 mislini alıcıya geri qaytarmağı öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, xam-pambığın 1 tonunun satın alma qiyməti: birinci növ üzrə-500 manat, ikinci növ üzrə-470 manat, üçüncü növ üzrə-440 manat, dördüncü növ üzrə-400 manat məbləğində təşkil edir. 2018-ci il 4 fevral tarixli aktdan görünür ki, Sabirabad rayonlararası Bioloji laboratoriyasının rəyinə görə Cavabdeh1 22.646 manat məbləğində maddi ziyan vurulmuşdur. MMC tərəfindən Cavabdeh1 ünvanlanmış 2019-cu il 29 avqust tarixli pretenziya məktubundan görünür ki, tərəflər arasında yaranmış 2.117.52 manat məbləğində əsas borc, 3.621,50 manat məbləğində cərimə borcunun 10 gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı1 MMC Cavabdeh1a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, 2.117,52 manat məbləğində əsas borcun, 3.612,50 manat məbləğində cərimə borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat - ümumilikdə 5.769,02 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı il 19 dekabr tarixli, ********* saylı müqaviləyə əsasən, Cavabdeh1 25 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner - 50 ton xam-pambıq məhsulu istehsal edilib MMC-yə satmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavavbdeh MMC-dən 8.891,22 manat məbləğində avans götürmüşdür. Müqaviləyə əsasən Cavabdeh1 götürdüyü avansın dəyərini xampambıqla ödəməli və həmin vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xampambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh1 isə cəmi 6.654,70 manat məbləğdə 13.785,51 kq xam-pambıq təhvil vermişdir. Cavabdeh götürülmüş ümumi avans dəyərinə görə yaranmış ümumi borcundan 119 manat ödəmiş və 2.117,52 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanan müqavilədə göstərilmişdir ki, öhdəliyin yerinə yetirilmədiyi zaman, birinci növ üzrə 20 faiz həcmində cərimə ödəməlidir ki, bu da 3.621,50 manat təşkil edir. Bundan başqa, qarşı tərəfə göndərilmiş pretenziyanın heç bir nəticəsi olmamışdır. Cavabdeh1 MMC-yə və “MKT-Sabirabad” filialına qarşı iddia ərizəsi (daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə) ilə məhkəməyə müraciət edərək, ona dəymiş zərərin əvəzi olaraq ümumilikdə 25.081 manat məbləğdə pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh1 iddia tələbi onunla əsaslandırılmışdır ki, pambıq əkini məqsədi ilə kənd caamatından icarə qaydasında götürdüyü torpaq sahəsinin 25 ha hissəsində MKT- Sabirabad filialı ilə bağlanmış 2016-cı il 19 dekabr tarixli, 17279541 saylı müqavilə əsasında pambıq məhsulu əkmişdir. Həmin müqavilədə tərəf olaraq onun imza və təsdiqi olmamış, müqavilə birtərəfli xarakter daşımışdır. Pambıq əkininə dair müqavilədə ona aid bütün vəzifələri yerinə yetirmiş, lakin qarşı tərəf üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən və ya lazımi qaydada olmayan, keyfiyyətsiz yerinə yetirildiyindən ona külli miqdarda ziyan dəymişdir. Belə ki, MKT-Sabirabad filialı tərəfindən ona keyfiyyətsiz toxum verildiyindən təkrar səpin və əkin aparılmış, məhsulun yetişməsi gecikmiş və məhsuldarlıq aşağı düşmüşdür. Belə olan halda müqavilə üzrə onun MMC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkünsüz olmuşdur. Qeyd olunmuş hallar Sabirabad rayon rəhbərliyinə, kənd təsərrüfatı idarəsinə, cavabdeh şəxslərə və MKT-nın Sabirabad rayon filialına məlum olmuşdur. Müraciəti əsasında Sabirabad rayon Kənd təsərrüfatı İdarəsinin təşəbbüsü ilə pambıq əkdiyi 25 ha sahəyə baxış keçirilmiş və baxışda Sabirabad rayonlararası Bioloji laboratoriyasının müdiri Elçin Əhmədov, Sabirabad rayon Qalaqayın KİƏD üzrə nümayəndəsi İsrafil Aslanov, Sabirabad rayon Qalaqayın kənd bələdiyyəsinin sədri Mirnəsiyyət Məmmədov və onun özü iştirak etmişdir. Sahəyə baxış zamanı MKTSabirabad filialının Qalaqayın kəndi üzrə nümayəndəsi Məhərrəm Əliyevlə telefon əlaqəsi saxlanılmış və nümayəndə bildirmişdir ki, onun sahəsində 2017-ci ildə 2 dəfə çiyid səpini aparılmışdır. Bu hal tərtib edilən aktla da öz təsdiqini tapmışdır. Müayinə zamanı müəyyən edilmişdir ki, həqiqətən də bir çox digər mülkiyyətçilərdə olduğu kimi onun tərəfindən MKT Sabirabad filialından götürdüyü və birinci səpin apardığı lifli toxum keyfiyyətsiz və yararsız olmuşdur. Bu səbəbdən çıxış alınmamışdır. Çıxış alınmadığından məcburiyyət qarşısında 2017-ci il may ayının ortalarında təkrar səpin aparılmışdır. Birinci səpinə və toxuma onun tərəfindən 796 manat xərclənmişdir. Vegetasiya suvarması ilə bağlı suvarma sistemlərinə 200 manat ödəsə də, əsassız olaraq adına 200 manat vəsait hesablanmışdır. Məcburiyyət qarşısında aparılan 2-ci səpindən sonra çıxışın alınması və birinci kompleks becərmə işləri may ayının sonu, iyun ayının əvvəllərinə təsadüf etdiyindən, bu zaman adətən alaq otlarının güclü inkişaf dövrü olduğundan hər hektara orta hesabla əlavə olaraq özü tərəfindən 50 manat vəsait xərclənmişdir. Bu səbəbdən, ona dəymiş ziyan 1.250 manat təşkil etmişdir. İkinci səpinin may ayının ortalarına təsadüf etməsi səbəbindən, pambıq bitkisinin bar orqanlarının yetişməsinin 2017-ci ilin dekabr ayının sonlarına qədər uzanması, havaların soyuması nəticəsində təbii olaraq pambıq qozalarının yetişməməsi, çürüməsi, məhv olması, labüd xarakter daşımışdır. Müayinə zamanı pambıq bitkisinin üzərində orta hesabla 4 ədəd yetişməmiş məhv olmuş qozalar aydın görünmüşdür. Əkdiyi 25 ha pambıq sahəsinin hər hektarından 20 sentner məhsul gözlənildiyi halda, MKTSabirabad filialının təqsiri nəticəsində məhsuldarlıq cəmi 6,4 sentner olmuşdur. Ona hər hektar üçün 13,6 sentner ziyan dəymişdir. Tərtib edilmiş rəy əsasında ona dəymiş ziyan bu qaydada hesablanmışdır: Birinci səpinə çəkilən xərc - 796 manat; Suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 ha = 340 sentner = 34 ton x 0,60 manat = 20.400 manat; 25 ha x 50 manat = 1.250 manat; cəmi - 22.646 manat. Lakin buna baxmayaraq MKT-Sabirabad filialının direktoru Y.Ə.Gözəlov ona xəbərdarlıq məktubu göndərərək hər hektar üçün ondan 20 sentner pambıq məhsulu verməyi tələb etmişdir. Əks halda mücərrəd halda olan 20 sentnerin pulunu ondan almaq üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə baxışı zamanı rəyin tərtibində iştirak edən şəxslər şahid qismində məhkəmədə ifadə vermək üçün iştirak edə bilərlər. Odur ki, dəymiş ziyanın ödənilməsi üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Verilmiş iddialar məhkəmənin 2019-cu il 24 oktyabr tarixli, 2(005)-4385/2019 saylı qərardadı bir icraatda birləşdirilmişdir. Ş.Hacıyev onunla bağlandığı iddia olunan xx.xx.2016-cı il tarixli müqaviləyə, habelə avans pulun ödənilməsi barədə qəbz və aktlarda imza etmədiyini bildirdiyinə görə Şirvan Kommersiya Məhkəməsinin 2020-ci il 17 sentyabr tarixli 2-2(121)-926/2020 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (hakim N.Misirzadə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2020-ci il 30 oktyabr tarixli, 4/842 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2016-cı il 19 dekabr tarixli, ********* saylı “2017-ci il mövsümü üzrə xam-pambığın alğı-satqısına dair” müqavilənin “Təhvil aldım” qrafasındakı imzalar və aktlarda “Hacıyev” və “Cavabdeh1” ad və soyadı önündəki imzalar Cavabdeh1 tərəfindən deyil, başqa şəxs(şəxslər) tərəfindən icra olunmuşdur. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)-64/2021 saylı qətnaməsi ilə Cavabdeh1 MMC-yə qarşı dəymiş zərərin əvəzinin, ümumilikdə 25.081 manat və 30 manat məbləğində pul vəsaitinin tutularaq ödənilməsi barədə iddiası rədd edilmiş, MMC-nin iddiası qismən təmin edilərək, 2.117,52 manat məbləğində əsas borc, 30 manat məbləğində cərimə borcu və 20 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2.147,52 manat məbləğində borcun Cavabdeh1 MMC-yə ödənilməsi qət edilmişdir (hakim – N. Misirzadə). Məhkəmə hesab etmişdir ki, MMC ilə Cavabdeh1 arasında bağlanmış 2016-cı il 19 dekabr tarixli, ********* saylı “2017-ci il mövsümü üzrə xam-pambığın alğısatqısına dair” Cavabdeh1 tərəfindən imzalanmasa da, həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən 25 hektar sahədə pambıq əkməsi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 50 ton xam-pambıq məhsulu istehsal edib MMC-yə satması üçün tədarükçü tərəfindən Cavabdeh1 çiyid, dərman və gübrə səpini, kultivasiya və digər avans xidmətlər göstərilmişdir. Bu hal, qeyd edilən müqavilənin həm iddiaçı, həm cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi, həmçinin Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatı və onun iddia ərizəsinin məzmunu ilə təsdiq edilmişdir. Tərəflər arasında müqavilə imzalanmasa da, müqavilənin şərtləri Cavabdeh1 tərəfindən qismən (müqavilədə nəzərdə tutulan miqdardan az xam-pambıq təhvil verilmişdir), cavabdeh tərəfindən isə tam (Cavabdeh1 çiyid, dərman və gübrə səpini, kultivasiya və digər avans xidmətlər göstərilmişdir) yerinə yetirildiyindən, tərəflər arasında müqavilə bağlanmış sayılmışdır. Müqavilə Cavabdeh1 tərəfindən imzalanmış olmasa belə, müqavilə Cavabdeh1 qabaqcadan razılığı əsasında bağlandığından və sonuncu tərəfindən sonradan bəyənildiyindən etibarlı sayılmışdır. Ekspert rəyi ilə aktlar və qaimələrdə olan imzaların Cavabdeh1 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən icra olunması müəyyən edilsə də, MMC tərəfindən Cavabdeh1 çiyid, dərman və gübrə səpini, kültivasiya və digər avans xidmətlər göstərildiyindən, bu hal Cavabdeh1 tərəfindən öz iddia ərizəsində də etiraf edildiyindən, həmin xidmətlərin ona göstərilməsinə dair MMC ilə arasında qeyd edilən müqavilə baş tutmuşdur. Bu cür müqavilənin bağlanması üçün ayrıca şəkildə mütləq qaydada yazılı müqavilənin bağlanmasına zərurət yoxdur. Tərəflər arasında sadə yazılı şəkildə müqavilə bağlanmamış (imzalanmamış) olsa idi belə, MMC-nin göstərilən vəsaiti Cavabdeh1 tələb edilə bilərdi. Həmçinin məhkəmə hesab etmişdir ki, MMC-nin iddia ərizəsində göstərilən cəriməsi əsassız və şişirdilmiş məbləğdir. Belə ki, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 3.621,50 manat məbləğində deyil, 30 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli saymışdır. Cavabdeh1 dəymiş maddi zərər, dəymiş maddi zərərin 25.081 manat olması barəsində tələbi üzrə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən və maddi zərərin vurulmasına dair sübut məhkəməyə təqdim etmədiyindən, habelə maddi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, maddi ziyanın ödənilməsinə dair iddia tələbi əsassız hesab edilmiş, Cavabdeh1 iddiası qeyd olunan hissədə rədd edilmişdir. Məhkəmə öz qətnaməsini Azərbaycan Respublikası MM-in 21.1, 21.2, 329.2- 329.4, 355-358, 385.1, 390.1, 390.5, 404, 405.1, 407.1, 409.4, 442, 443.1, 462.1, 467, 1091.1-1091.2, 1092.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə” dair 2002-ci il 31 may tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 2021-ci il 2 mart tarixində apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 24 iyun tarixli 2-2(106)-109/2021 saylı qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, 5.404 manat məbləğində pul vəsaitinin MMC-dən tutularaq Cavabdeh1 ödənilməsi qət edilmiş, MMCnin iddia tələbi təmin edilməmişdir (sədrlik edən hakim - İ.Əhmədov, hakimlər - T.Heydərov və T.Kərimov). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin işdə olan ekspert rəyini nəzərə almadan Cavabdeh1 imzalamadığı qaimə və aktlar əsasında ona göstərilmiş hesab edilən xidmət və avansın onun tərəfindən həqiqətən alınması, qəbul edilməsi nəticəsinə gəlməsi düzgün olmamışdır. MMC-nin Cavabdeh1lə müqavilə münasibətləri bağlanarkən, MM-in maddi normasında nəzərdə tutulan vicdanlılığın tələb etdiyi tərzdə davranmamış, ümumi məqsədin əldə edilməsinə yönəlmiş səy göstərməmiş, Cavabdeh1 tərəfindən ümid etməyə haqqı çatan məhsuldarlığın əldə edilməsi üçün MMC olaraq müqavilənin məqsədinə çatmağa yönəlmiş, özünün təyinatı ilə bağlı olan hər hansı davranış və birgə hərəkət demək olar ki, etməmiş, nəticədə hazırkı vəziyyət yaranmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən işdə olan saxta qaimə və aktlarla bağlı xüsusi qərardad qəbul edərək, araşdırılması üçün prokurorluğa göndərilmişdir. Həmçinin Cavabdeh1 iddia etdiyi 22.646 manat həcmində dəymiş zərərin MMC tərəfindən ödənilməsi bütövlükdə pambıq toxumunun keyfiyyəti ilə bağlı olduğunu sübut edə bilməmişdir. Beləliklə, MMC-nin Cavabdeh1 təhvil verdiyi 13.785,61 kq xam-pambığın qiyməti olan 6.654,70 manatdan sonuncunun aldığı çiyidin dəyəri olan 1.250 manat çıxılmaqla alınan məbləğ 5.404 manat olmaqla Cavabdeh1 ödənilməsi qət edilməlidir. Məhkəmə öz qətnaməsini MM-in 407.1, 425.1, 425.2, MPM-in 14.2, 77.1, 88, 372.1, 372.6, 372.7, 384.0.2-ci maddəsinə istinad edərək əsaslandırılmışdır. MMC həmin qətnamədən kasasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. Cavabdeh1 həmin qətnamədən kasasiya şikayəti verərək, qətnamənin qismən təmin edilmiş hissəsində tam ləğv edilərək, yeni qətnamə qəbul edilməklə iddianın tam təmin edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 1 mart tarixli, 2-2(102)-139/2022 saylı qərarı ilə Cavabdeh1 və MMC-nin kasasiya şikayətləri qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2021-ci il 24 iyun tarixli 2-2(106)- 109/2021 saylı qətnaməsi MMC-nin iddianın təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmış, qətnamə qalan hissədə ləğv edilmiş, ləğv edildiyi hissələrdə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim – B.Məmmədli, hakimlər – B. Qəribov və İ. Dadaşov). Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, MMC-nin öz iddia ərizəsini əsaslandırdığı hallardan birini məhz Cavabdeh1 müqavilədə nəzərdə tutulan miqdardan az - 6.654,70 manat məbləğində 13.785,61 kq xam pambıq təhvil verməsi təşkil etmişdir. Apellyasiya instansiya məhkəməsi Cavabdeh1 tərəfindən MMC-yə ümumilikdə 6.654,70 manat məbləğində 13.785,61 kq xam pambığın təhvil verilməsi barədə nəticəyə gələrkən yalnız Cavabdeh1 şifahi mülahizələrinə deyil, iş materiallarına, o cümlədən hazırkı iş üzrə MMC-nin iddia ərizəsinə, eləcə də MMC-nin nümayəndəsinin məhkəməyə verdiyi izahatlara əsaslanmış, bununla bağlı hər hansı hüquq pozuntusuna yol verməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 MMC-yə təhvil verdiyi 13.785,61 kq xam pambığın qiyməti olan 6.654,70 manatdan onun aldığı çiyidin dəyəri olan 1.250 manat çıxılmaqla alınan məbləğin - 5.404 manatın alınaraq Cavabdeh1 ödənilməsini qət etmişdir. Halbuki, sözügedən iddiada Cavabdeh1 dəymiş ziyanın həcmi müəyyən olunarkən qət olunmuş 5.404 manat nəzərə alınmamış, başqa sözlə, Cavabdeh1 təhvil verdiyi 13.785,61 kq xam pambığın dəyərini cavabdehlərdən tələb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Cavabdeh1 MMC-dən yalnız 1.250 manat dəyərində keyfiyyətsiz çiyid almış olduğunu Cavabdeh1 etirafı ilə əsaslandırmışdır. Halbuki, MMC-nin belə faktın mövcudluğunu iddia etməsi qətnamədən görünmür. MMC özünün kasasiya şikayətində ekspertizasının rəyi ilə avans vəsaitlərin verilməsi ilə bağlı bütün aktlarda və qaimələrdə Cavabdeh1 imzasının mövcud olmamasının sübuta yetirilməsinə istinad edilərək Cavabdeh1 MMC-dən 1.250 manat dəyərində çiyid alması faktı təkzib olunur. Cavabdeh1 iddiasına görə, ona keyfiyyətsiz toxum verildiyindən ilkin səpin və əkin üzrə məhsuldarlıq aşağı olmuş, o, MMC qarşısındakı öhdəliyinin icra olunması üçün məcburiyyət qarşısında təkrar səpin və əkin aparmalı olmuş, bu zaman yaranmış əlavə xərcləri öz hesabına ödəməli olmuş, nəticədə ona 22.646 manat məbləğində pul vəsaiti dəymişdir. MMC-nin filialı isə MMC-nin təqsirinə görə məcburiyyət qarşısında ikinci səpin və əkin aparılmasına baxmayaraq Cavabdeh1 hər hektar üçün ondan 20 sentner pambıq məhsulu və ya onun dəyərini verməyi tələb etmişdir. İstənilən halda, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından məlum olur ki, MMC tərəfindən Cavabdeh1 hər hansı xidmət göstərilməmiş və ya avans verilməmiş, buna baxmayaraq Cavabdeh1 məxsus 25 ha sahədə pambıq əkilmişdir. Aydındır ki, bununla bağlı xərclər MMC tərəfindən ödənilmədiyindən Cavabdeh1 tərəfindən çəkilməli idi. Odur ki, məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə qətnamə qətnamə qəbul edərkən, verilmiş pambıq toxumunun, məhsuldarlığın 70%-ə qədər azalmasına səbəb ola biləcək dərəcədə keyfiyyətsiz olubolmasına deyil, Cavabdeh1, MMC-nin qanunsuz hesab etdiyi sözügedən bütün hərəkətləri nəticəsində ona iddia edilən 22.646 manat məbləğində zərər vurulubvurulmamasına hüquqi qiymət verilməli, o cümlədən 25 ha sahədə pambıq əkilməsinə çəkilmiş xərcin həcmi müəyyən edilməli idi. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, Cavabdeh1 iddia tələbindən kənara çıxmamalı, Cavabdeh1, MMC-nin qanunsuz hesab etdiyi bütün hərəkətləri nəticəsində ona iddia edilən 22.646 manat məbləğində zərər vurulub-vurulmamasına əsaslandırılmış şəkildə hüquqi qiymət verməli, bu zaman Cavabdeh1 tərəfindən 25 ha sahədə səpin və əkin işlərinin aparılması üçün çəkilmiş xərcin həcmini düzgün müəyyən etməli, həmçinin Cavabdeh1 MMC-dən 1.250 manat dəyərində keyfiyyətsiz çiyid alıb-almaması məsələsinə toplanmış materiallar əsasında aydınlıq gətirməli, iş üzrə qanuni və əsaslı qətnamə çıxarmalıdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MPM-nin 88, 217.1, 217.3, 218.3, maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Şirvan Apellyasiya Məhkəməsinin 2022-ci il 17 may tarixli, 2-2(106)-72/2022 saylı qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 3 fevral tarixli 2-2(121)- 64/2021 saylı qətnaməsi Cavabdeh1 MMC-yə (tədarükçüyə) qarşı “zərərin əvəzinin ödənilməsi” barədə iddiasının rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – İ. Əsədov, hakimlər – S. Mayılov və Z. Allahyarov). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan MMC tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, MMC-nin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə qüvvədə olan məhkəmə aktları ilə də sözügedən müqavilənin Cavabdeh1 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Həmin məhkəmə aktları preyudisial qüvvədə olmuşdur. Cavabdeh1 tərəflər arasında öhdəlik yaradan müqaviləni imzalamadığını, nəticə etibarı ilə belə müqavilənin olmadığını iddia etdiyi, müqavilənin mövcudluğunu inkar etdiyi halda həmin müqavilə əsasında öhdəliyin yaranması mümkün olmamışdır. Beləliklə, Cavabdeh1 tələbinin təmin edilməsi üçün, istinad etdiyi faktlarla və hallarla əlaqəli sübut, eləcə də müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan sübut təqdim etməmiş və Cavabdeh1 tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir. Məhkəmə öz qətnaməsini MM-in 21.1, 21.2, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə 2007-ci il 26 iyul tarixli Qərarı, Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” işi üzrə 2008-ci il 06 mart tarixli Qərarı, MPMnin 77.1, 81, 82.3, 88, 372.1, 372.6-cı maddəsinə istinad edərək əsaslandırılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsi 2022-ci il 25 may tarixində tərəflərə göndərilmişdir. Cavabdeh1 2022-ci il 8 iyul tarixində kasasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli 2-2(102)-590/22 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 17 may tarixli 2-2(106)-72/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. (sədrlik edən İ.Şəfiyev, hakimlər Ə.Əhmədov və V.Həsənov). Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 özünün tələb etdiyi məbləğin: birinci səpin üçün çəkilən 796 manat xərcdən; suvarmaya çəkilən 200 manat xərcdən; sahənin dərmanlanmasına sərf olunan 1250 manatdan: 34 hektar sahədən gözlənilən pambığı yığa bilmədiyi üçün əldən çıxmış faydadan ibarət olduğunu bildirir. Buna görə də məhkəmə bu məbləğlərin hər biri üzrə araşdırma aparmalı, bu xərclərin çəkildiyinə dair mötəbər sübutların təqdim olunmasdını tələb etməlidir. Cavabdeh1 MMC tərəfindən ziyan vurulması və həmin ziyanın vurulması ilə MMC-nin təqsirli hərəkərləri arasında səbəbli əlaqənin sübut olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 ona ziyan vurulmasını MMC-nin birinci dəfə verdiyi toxumun keyfiyyətsiz olması səbəbindən bitişin olmaması, məcburiyyət qarşısında qalıb ikinci dəfə səpin aparması, lakin vegetasiya dövrü payızın havalar soyuyan (bitkinin inkişafının dayandığı) dövrünə düşdüyünə görə məhsul ala bilməməsi ilə izah edir. Bu dəlil üzrə Mülki Məcəllənin 21-ci maddəsi baxımından təhlil aparılması üçün ilk addım həqiqətən də toxumun yararsız olub-olmamasının araşdırılmasıdır. Çünki toxumun yararsız olması, özlüyündə müqavilə üzrə Cavabdeh1 mövsüm dövrü baxımından malik ola biləcəyi adi məhsuldarlıqdan (tam və ya qismən) məhrum olmasına səbəb ola bilən haldır. İşdən görünür ki, MMC-nin nümayəndəsi təkrar səpin aparıldığını, Cavabdeh1 borcu tələb edərkən birinci səpinə çəkilən xərclərin nəzərə alındığını bildirmişdir (2-ci cild, səh.12). MMC-nin təqdim etdiyi Cavabdeh1 aid xərclər cədvəlindən də görünür ki, xx.xx.2017-ci il tarixdə toxumluq çiyid məxaric edilmişdir (2-ci cild, səh.31). Lakin apellyasiya instansiyası məhkəməsi bu sübutlara qiymət verməmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci iş üzrə cavabdehin apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edir. O, əlavə olaraq apellyasiya şikayətində bildirmişdir ki, Şirvan Kommersiya Məhkəməsi tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. Məhz bu səbəbdən də, qətnamə apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. İddiaçı1 MMC ilə bağlanan müqaviləni imzalamamış, müqavilə birtərəfli olmuşdur. Məhkəməyə təqdim edilmiş qəbz və qaimələrdəki imzaların heç biri ona məxsus deyil. İddiaçı1 MMC ona 8891,82 manat məbləğində heç bir avans vəsait verməmişdir. İddiaçı1 MMC ona yalnız çiyid vermiş və bu çiyid keyfiyyətsiz olmuşdur. Pambıq əkini ilə bağlı bütün xərcləri özü çəkmişdir. Odur ki, Şirvan Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(121)-64/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində birinci iş üzrə cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-64/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iş üzrə İddiaçı1 MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, verilmiş apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 329. Əqdlərin formaları Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 355. Əqdlərdə razılıq anlayışı Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 356. İcazə (qabaqcadan verilmiş razılıq) Əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Maddə 357. Bəyənmə (sonradan verilən razılıq) Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.” Maddə 358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 58.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” Maddə 385. Öhdəlik anlayışı Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390. Müqavilə azadlığı Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 404. Müqavilənin təfsiri Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Maddə 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 407. Müqavilənin bağlanması anı Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 409. Aksept . Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 1091. Əsassız varlanma anlayışı Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 56. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin olunmamalıdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya Kollegiyasının 09 sentyabr 2022-ci il tarixli 2-2(102)-590/22 saylı qərarındakı göstərişlərlə bağlı, eyni zamanda apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə tərkibi ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, tərəflərin arasında pambıq əkilməsi ilə bağlı razılaşma olmuşdur. Nəzərə alınmalıdır ki, müqavilə dedikdə, Mülki Məcəllənin 389.1-ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilənin konkret şərtlərinin nədən ibarət olması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, MMC yazılı müqavilənin şərtlərini qəbul edir. Cavabdeh1 isə müqavilənin imzalanmamasına istinad etsə də ümumi şəkildə «MMCnin 2016-cı il 19 dekabr tarixli, 17279541 saylı müqaviləsi əsasında əkmişəm» deməklə əslində yazılı müqavilənin şərtləri əsasında hərəkət etdiyini qismən də olsa etiraf etmiş olur. Ali Məhkəmənin Kommerisya Kollegiyasının bəhs olunan qərarındakı birinci göstəriş ondan ibarətdir ki, ...“müqavilə şərtlərin dəqiq nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə əlavə araşdırma aparmalı idi... Bu zaman diqqət çəkən hallardan biri, tərəflərin arasında bundan əvvəl də pambıq əkilməsi ilə bağlı müqavilələrin olmasıdır.” Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflər məhkəmə iclasında verdikləri izahatlarında əvvəllər belə müqavilə bağlamadıqlarını, eyni zamanda hazırkı müqavilədə nəzərdə tutulmuş şərtlərdən əlavə pambıq əkilməsi ilə bağlı tərəflər arasında hər hansı əlavə şərtin olmadığını bildirmişlər. Ali Məhkəmənin qərarındakı ikinci göstəriş ondan ibarətdir ki, ... “Cavabdeh1 özünün tələb etdiyi məbləğin: birinci səpin üçün çəkilən 796 manat xərcdən; suvarmaya çəkilən 200 manat xərcdən; sahənin dərmanlanmasına sərf olunan 1250 manatdan: 34 hektar sahədən gözlənilən pambığı yığa bilmədiyi üçün əldən çıxmış faydadan ibarət olduğunu bildirir. Buna görə də məhkəmə bu məbləğlərin hər biri üzrə araşdırma aparmalı, bu xərclərin çəkildiyinə dair mötəbər sübutların təqdim olunmasını tələb etməlidir.” İş materiallarında olan Sabirabad rayonlararası Bioloji laboratoriyanın müdiri işləyən Elçin Əhmədov tərəfindən verilmiş 14 fevral 2018-ci il tarixli rəydən görünür ki, Cavabdeh1 22.646 manat miqdarında dəymiş ziyan hesablanmışdır. Tərtib edilmiş rəy əsasında ona dəymiş ziyan bu qaydada hesablanmışdır: Birinci səpinə çəkilən xərc - 796 manat; Suvarma üçün hesablanmış borc - 200 manat; 25 ha x 13,6 ha = 340 sentner= 34 ton x 0,60 manat =20.400 manat; 25 ha x 50 manat = 1.250 manat; cəmi – 22.646 manat. Həmin rəydə qeyd olunmuş 22.646 manat zərərin necə və hansı sənədlər əsasında hesablandığını müəyyənləşdirmək üçün rəyi tərtib etmiş E.Əhmədov məhkəmənin 16 yanvar 2023-cü il tarixli iclasına dəvət olunmuşdur. Həmin məhkəmə iclasında izahat verən E.Əhmədov bildirmişdir ki,... “pambıq toxumunun keyfiyyətli olmasını toxuma vizual baxış zamanı bilərdim. ...İddiaçının 2017-ci ilin aprel ayında əkdiyi pambıq toxumunu görməmişəm. Rəydə qeyd olunmuş zərərin həcmini (hesablanmış məbləği) iddiaçının deməsinə görə yazmışdır”. Göründüyü kimi, E.Əhmədov zəruri texniki, digər bilik və düşüncəyə əsaslanmadan 14 fevral 2018-ci il tarixli rəyi tərtib etmişdir. Bu baxımdan, məhkəmə tərkibi qeyd olunan rəyi mötəbər sübut kimi qəbul etmir. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Cavabdeh1 ona 22.646 manat zərərin dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ali Məhkəmənin qərarındakı digər göstəriş ondan ibarətdir ki, ... “Mülki Məcəllənin 21-ci maddəsi baxımından təhlil aparılması üçün ilk addım həqiqətən də toxumun yararsız olubolmamasının araşdırılmasıdır.” Bununla bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 məhkəməyə birinci səpin zamanı toxumun keyfiyyətsiz və yararsız olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, 14 fevral 2018-ci il tarixli rəyi tərtib edən E.Əhmədov izahatında pambıq toxumunun keyfiyyətli olub-olmasını toxuma vizual baxış zamanı müəyyənləşdirə biləcəyini və 2017-ci ilin aprel ayında səpilmiş pambıq toxumunu görmədiyini bildirmişdir. Məhkəmə tərkibi qeyd edir ki, istər Cavabdeh1 iddia ərizəsindən, istər hazırkı icraat çərçivəsindəki izahatlarından, eyni zamanda iş materiallarından (1-ci cild, iş vərəqi 54-57) müəyyən olunur ki, o, 2017-ci ilin may ayının ortalarında (təxminən 14 mayda) təkrar səpin aparmışdır. Belə ki, o, Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortu əkmişdir. Məhkəmə tərkibi qeyd edir ki, 2017-ci ilin may ayının ortalarında əkilmiş Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortundan 2016-cı il 19 dekabr tarixli, ********* saylı müqavilədə “Tərəflərin öhdəlikləri”ndə nəzərdə tutulmuş 20 sentner məhsul alınmasının mümkünlüyünü müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müvafiq sorğu ünvanlanmışdır. Həmin sorğu əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli rəydə aşağıdakılar qeyd olunmuşdur: “- Sabirabad rayonu ərazisində Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortu optimal səpin müddətinin sonuncu günündən 10-15 gün sora əkilərsə, aqrotexniki qulluq işlərinin səviyyəsindən, qeyri-əlverişli hava şəraitinin (havanın temperaturunun orta illik normadan xeyli aşağı və ya yuxarı olması) və digər amillərin (suvarma suyu ilə təminat, zərərli orqanizmlərin inkişafı və s.) təsirindən bitkilərin məhsuldarlığı müəyyən edilmiş normadan aşağı düşə bilər. - Sabirabad rayonu (Qalaqayın kəndində) ərazisində may ayının 14-də Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortu əkilərsə və düzgün aqrotexniki qulluq işləri yerinə yetirilərsə, hər hektardan 20 sentner və daha çox məhsul alınması mümkündür”. Göründüyü kimi, Cavabdeh1 2017-ci ilin may ayının ortalarında əkilmiş Türkiyə istehsalı olan “Beyaz altın” pambıq sortundan müqavilədə nəzərdə tutulduğundan daha artıq məhsul almaq imkanı olmuşdur. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, Cavabdeh1 müxtəlif səbəblərdən (aqrotexniki qulluq işlərinin səviyyəsindən, qeyri-əlverişli hava şəraitindən və s.) asılı olaraq müqavilədə nəzərdə tutulduğundan az məhsul əldə etməsi İddiaçı1 MMC-nin müqavilə üzrə öhdəliklirini icra etməməsi (və ya lazımınca icra etməməsi) kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından Cavabdeh1 dəymiş maddi zərərin MKT İstehsalat Kommersiya” MMC tərəfindən ödənilməli olması ilə bağlı sübutetmə yükü onun üzərinə düşür, lakin o, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmir. Belə olan halda isə məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi ilə əlaqədar Cavabdeh1 tərəfindən kifayət qədər mötəbər və zəruri sübutlar təqdim edilmədiyindən, mülki qanunvericiliyin müddəalarına əsasən onun iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasının rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-ci il tarixli qərarı). Beləliklə, məhkəmən kollegiyası hesab edir ki, birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2- 2(121)-64/2021 saylı qətnaməsi-birinci iş üzrə Cavabdeh1 birinci iş üzrə İddiaçı1 MMC-nin Sabirabad filialına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Birinci iş üzrə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 fevral 2021-ci il tarixli, 2-2(121)-64/2021 saylı qətnaməsi-birinci iş üzrə Cavabdeh1 birinci iş üzrə İddiaçı1 MMC-nin Sabirabad filialına qarşı zərərin əvəzinin ödənilməsi barədə iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kasasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-8/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-8/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver