Məhkəmə qərarları › İş №2-2(106)-80/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-80/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-80/2023 29.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2-2(121)-28/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 29 yanvar 2020-ci il tarixli Podrat müqaviləsi üzrə 35.000 (otuz beş min) manat, 35.000 (otuz beş min) manat Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5 faiz olmaqla iki il üçün 3500 (üç min beş yüz) MANAT, 200 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 38.700 (otuz səkkiz min yeddi yüz) manat pulun tutularaq İddiaçı MMC verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə 29 yanvar 2020-ci il tarixdə Podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə qüvvədə olduğu müddət ərzində “Podratçı” “Sifarişçi”yə məxsus ünvanda bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “ƏLAVƏ 1”də göstərilən işlərin görülməsini öhdəsinə götürür, “Sifarişçi” isə “Podratçı”ya müqavilə ilə müəyyən olunmuş haqqını ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə ƏLAVƏ-də göstərilmiş qaydada hesablanmaqla əlavə dəyər vergisi daxil olmaqla 25.000 (iyirmi beş min) MANAT təşkil etməli idi. Müqavilənin 3.2-ci bəndinə əsasən 10000 (on min) MANAT qabaqcadan ödəniş şəkilində verilməli idi. Həmin müqavilənin 3.2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyərindən 10000 (on min) MANAT hissəsi bu müqaviləyə ƏLAVƏ-də göstərilmiş işlərin gedişatı prosesində Forma 1-ə əsasən; 3.2.2-ci bəndinə əsasən müqavilənin ümumi dəyərinin qalan 5000 (beş) min MANAT bərabər hissəsi isə işlər tam bitirildikdən və təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra ödənilməli idi. Sözügedən müqavilə üzrə ödənişlər köçürmə yolu ilə həyata keçirilir. Ödəmə günü müvafiq məbləğin “Sifarişçi”nin hesabından çıxdığı gün hesab edilir. Lakin Cavabdeh MMC bu günə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi və İddiaçı MMC işi ödəniş edilmədən təhvil verilməsi (sonradan görülən işlərlə bərabər) şirkətlər arasında olan etibardan, yəni kecmişdə görülən iş birliyindən asılı olmuşdur. Bundan əlavə, 27 mart 2020-ci il tarixdə Əlavədə görülən işlərə FORMA-2 tərtib edərək indiyə qədər görülən işlərin siyahısı (yəni sonradan görülən işlərlə bərabər) 35.000 (otuz beş min) MANAT təşkil edir. Cavabdeh, yəni Cavabdeh MMC razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda iddiaçıya qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Cavabdeh MMC iddiaya etiraz edərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə əvvəllər "xxxx" MMC-də işçi olmuş X2 vasitəsilə formal olaraq imzalanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər yerinə yetirilməyərək cavabdehə təhvil verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə tanış olan zaman müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş “Forma-2” adlı sənəd yalnız iddiaçı tərəfin nümayəndəsi tərəfindən imzalanmış, iddiaçının iddia etdiyi güya görülmüş işlərin cavabdehə təhvil verilməsinə dair sənəd, təhvil-təslim aktı iddia ərizəsinə əlavə olunmamış, həmçinin də iddiaçı iddia etdiyi məbləğlə bağlı cavabdehə elektron qaimə faktura göndərməmiş ve göndərməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehin razılaşmanın şərtlərini pozaraq üzərinə götürdüyü öhdəlikləri tam ve vaxtında icra etməməsini bildirsə də, cavabdehin hüquqa zidd hərəkətlərinin nədən ibarət olması və tələb olunan maddi vəsaitin tələb olunmasının hüquqi əsasını teşkil edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(121)-28/2023 saylı qətnaməsi (hakim Elşən Abdullayev) ilə iddia təmin edilmiş, Cavabdehndən 29 yanvar 2020-ci il tarixli Podrat müqaviləsi üzrə 35.000 manat məbləğində əsas borc, illik 5 faiz olmaqla hesablanmış 3.500 manat faiz borcu, 200 manat mediasiya xərci olmaqla, ümumilikdə 38.700 (otuz səkkiz min yeddi yüz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, 205,50 (iki yüz beş manat, əlli qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1 saylı tam orta məktəb üzrə işlərin görülməsi ilə bağlı 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi bağlanılmış, qiymətlərin razılaşma protokolu imzalanmış, həmin müqaviləyə və 27 mart 2020-ci il tarixli 2 saylı Formaya əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 35.000,05 manat məbləğində işlər görülmüşdür. Lakin iddiaçı tərəflər arasında olan müqaviləyə əsasən öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək şərtləşdirilmiş muzd ödənilməmişdir. Tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən də, podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/8134 nömrəli ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, tələb olunan pul məbləği üzrə ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sənədlərə və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi dəlilləri əsassız hesab etmişdir. Belə ki, 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi Cavabdeh MMC-nin işçisi X2 ilə deyil, MMC-nin rəhbəri Rəşad Məmmədov ilə bağlanmış, həmin müqavilə Rəşad Məmmədov tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Etirazda qeyd edilən digər dəlillə bağlı məhkəmə qeyd etmişdir ki, 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli 2 saylı Forma cavabdeh tərəfindən imzalanmasa da, ekspert rəyi ilə qiymətlərin razılaşma protokolunda və 2 saylı Formada nəzərdə tutulmuş işlərin iddiaçı tərəfindən yerinə yetirildiyi müəyyən olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfindən iddia tələbini təkzib edə biləcək heç bir tutarlı sübut və dəlil məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək, razılaşdırılmış işi icra etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də, 35.000,05 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “illik 5 faiz olmaqla iki il üçün 3.500 manat məbləğində faiz borcunun ödənilməsi” hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh üzərinə düşən pul öhdəliyini 2 il müddətində icra etməməsi nəticəsində bank faizinin uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlər 3.500 manat məbləğində təşkil edir. Belə ki, 35.000,05 manat məbləğində əsas borcun bir illik faiz məbləği 1.750 manat (35.005,05/100x5=1.750) məbləğində, 1.750 manat məbləğin 2 il üçün faiz məbləği isə 3.500 manat (1.750/12x24=3.500) təşkil edir. Cavabdeh MMC Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2- 2(121)-28/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv olunaraq yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/8134 nömrəli ekspert rəyini əsas götürərək 27 mart 2020-ci il tarixli Forma 2-də göstərilmiş işlərin həcminin, avadanlıqların və materialların miqdarının faktiki olaraq mövcud olduğu qənaətinə gəlmişdir. Hazırkı qətnamə qanuni deyildir. Məhkəmə mötəbər sübut kimi ekspert rəyinə əsaslanmaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə formal olaraq imzalanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlər yerinə yetirilməyərək cavabdehə təhvil verilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Forma-2” adlı sənəd yalnız iddiaçı tərəfin nümayəndəsi tərəfindən imzalanmış, iddiaçının iddia etdiyi guya görülmüş işlərin cavabdehə təhvil verilməsinə dair sənəd, təhvil-təslim aktı məhkəməyə təqdim olunmamış, həmçinin də iddiaçı iddia etdiyi məbləğlə bağlı cavabdehə elektron qaimə faktura göndərməmiş və göndərməsi ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə qeyd olunan halları nəzərə almadan qətnamə qəbul etmişdir. Məhkəmə gəldiyi nəticə üçün bütün əhəmiyyətli faktiki halları aydınlaşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan elə bir hal yoxdur ki, cavabdeh tərəfindən sübut edilməsin. İddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Apellyasiya instansiyası məhkəməsində tərəflərindən təqdim ediləcək yeni sübut hələki yoxdur. Belə bir zərurət yaranacağı təqdirdə, həmin sübutun birinci instansiya məhkəməsində təqdim etməməklərinin səbəbi izah olunacaqdır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmədə izahat verərək apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, Cavabdeh MMC ilə 29 yanvar 2020-ci il tarixdə Podrat müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı Beyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında təmir işlərinin aparılması işlərini öz üzərinə götürmüşdür. Hazırda iddiaçı üzərinə götürdüyü işləri tam yerinə yetirmiş, lakin Cavabdeh görülən işləri qəbul etmədiyini bildirir və buna görə heç bir pul ödənişi etməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin şifahi göstərişi ilə müqavilədənkənar 10.000 manatlıq əlavə işlər görülmüş, görülən əlavə işlərlə bağlı Cavabdehnə məlumat verilərək “Forma 2”də görülən işlər qeyd edilmişdir. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli 2 saylı Formada qeyd olunmuş işlər - Beyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında yerinə yetirilmiş, həmin məktəb binasında aparılan ventilyasiya işlərinin orta bazar qiyməti (avadanlıqlar və material daxil olmaqla) 35.000,05 manat təşkil etmişdir. Adıçəkilən məktəb artıq istismara qəbul edilərək normal şəkildə fəaliyyətini davam etdirir. Lakin cavabdeh qurumun rəhbərliyi həmin sənədə - 2 saylı Formaya imza etməkdən imtina etmişdir. Buna baxmayaraq, iş üzrə ekspertiza zamanı “Forma 2”də əksini tapmış işlərin görülməsi və dəyərini təsdiq etmişdir. Müqavilədə ödənişin müxtəlif zamanlarda aparılması nəzərdə tutulsa da, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tərəflər arasında əvvəllər də etibarlı işgüzar münasibətlər olmuşdur ki, bunun əsasında da iddiaçı öz öhdəliyini icra etməsinə rəğmən cavabdeh öhdəliyi pozaraq ödəniş etməmiş və bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh iş üzrə apellyasiya şikayəti verməklə yekun məhkəmə qərarının yubadılmasına və nəticədə ödənişin gecikdirilməsinə nail olmaq məqsədini güdür. Qeyd edilməlidir ki, Cavabdeh tərəfindən təkcə onlara qarşı deyil, digər fiziki və ya hüquqi şəxslərə qarşı da eyni hərəkətləri etmişdir ki, bununla bağlı müxtəlif dövlət qurumlarına və vəzifəli şəxslərə müraciətlər edilmişdir. Həmin müraciətlər iş materiallarına əalvə edilmişdir. İş üzrə Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2-2(121)-28/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı Podrat müqaviləsindən görünür ki, İddiaçı MMC (“Podratçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində “Podratçı” “Sifarişçi”yə məxsus ünvanda bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə 1-də göstərilən işlərin görülməsini öhdəsinə götürür, “Sifarişçi” isə “Podratçı”ya müqavilə ilə müəyyən olunmuş haqqını, ödəmə sənədləri qarşılığında köçürmə yolu ilə ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri müqaviləyə Əlavədə göstərilmiş qaydada hesablanmaqla əlavə dəyər vergisi daxil olmaqla 25.000 (iyirmi beş min) manat təşkil edir. Müqavilənin ümumi dəyərinin 10.000 (on min) manatı qabaqcadan ödəniş şəkilində, müqavilənin ümumi dəyərindən 10.000 (on min) manatı bu müqaviləyə Əlavə 1-də göstərilmiş işlərin gedişatı prosesində Forma 1-ə əsasən, müqavilənin dəyərinin qalan 5.000 (beş min) manat bərabər hissəsi isə işlər tam bitirildikdən və təhvil-təslim aktı əsasında təhvil verildikdən sonra həyata keçirilir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC göstəriləcək işlərin qiymətini 25.000 manat olaraq müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Forma 2-dən görünür ki, İddiaçı MMC tərəfindən 35.000,05 manat məbləğində işlər görülmüşdür. Sözügedən akt İddiaçı MMCnin nümayəndəsi tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh MMC-yə cəmi 38.700 manat borcu yarandığını və həmin borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli 10/8134 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqat Beyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbi üzrə aparılmışdır. Tədqiqat obyektinə tərəflərin iştirakı ilə baxış keçirilmiş və müvafiq ölçü işləri aparılmışdır. Baxış zamanı, tədqiq olunan məktəb binası üzrə ventilyasiya işlərinin görüldüyü müşahidə edilmişdir. Baxış keçirilərkən, aparılmış müqayisə və dəqiqləşmə işləri zamanı İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli Forma 2də göstərilmiş işlərin həcminin, avadanlıqların və materialların miqdarının faktiki olaraq mövcud olduğu müşahidə edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 29 yanvar 2020-ci il tarixli qiymətlərin razılaşma protokolunda nəzərdə tutulmuş işlərin Beyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında yerinə yetirildiyi müəyyən edilir. İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi əsasında tərtib edilmiş 27 mart 2020-ci il tarixli 2 saylı Formada qeyd olunmuş işlərin Beyləqan rayonu Dünyamalılar kənd 1 saylı tam orta məktəbin binasında yerinə yetirildiyi müəyyən edilir. Tədqiq olunan məktəb binasında aparılan ventilyasiya işlərinin orta bazar qiymətinin (avadanlıqlar və material daxil olmaqla) 35.000,05 manat təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 448-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan başqa, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 770-ci maddəsinə görə əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin iddiaçı ilə cavabdeh arasında müqavilənin formal imzalanması, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin yerinə yetirilməyərək cavabdehə təhvil verilməməsi, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş “Forma-2” adlı sənədinin yalnız iddiaçı tərəfindən imzalanması, iddiaçının görülmüş işlərin cavabdehə təhvil verilməsinə dair sənəd və yaxud təhvil-təslim aktının məhkəməyə təqdim olunmaması, iddiaçı iddia etdiyi məbləğlə bağlı cavabdehə elektron qaimə-faktura göndərməsi ilə bağlı hər hansı bir sübutunu məhkəməyə təqdim etməməsi və iddia tələbinin tam həcmdə təmin olunması üçün əsasların olmaması barədə dəlillərinə uyğun olaraq hazırkı mülki işin faktiki hallarına hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, məhkəmə mötəbər sübut kimi tərəflər arasında müqaviləyə və ona Əlavəyə, ekspert rəyinə, habelə tərəflər arasında mövcud etibarlı işgüzar münasibətlərə əsaslanmaqla düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri işdə olan sübutlarla, xüsusilə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin 08 sentyabr 2023-cü iul tarixli məktubuna əlavə edilmiş sənədlərlə tamamilə təkzib edilir. Belə ki, 29 yanvar 2020-ci il tarixli 29/01/20 saylı podrat müqaviləsi üzrə Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən 1 saylı tam orta məktəb üzrə ümumilikdə 35.000,05 manat məbləğində işlər görülsə də, cavabdeh tərəfindən götürülmüş öhdəlik tam yerinə yetirilməyərək ödənilməli olan muzd ödənilməmişdir. Habelə, həmin sənədlərdən müqavilə əsasında nəzərdə tutulmuş zəruri işlər görüldükdən sonra məktəbin təhvil alınaraq normal fəaliyyət göstərir və adıçəkilən işlərin görülməsi üçün nəzərdə tutulmuş vəsaitlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Ödəniş tapşırıqları əsasında Cavabdehnə köçürülmüşdür. Görülmüş işlərin qəbulu və bunun müqabilində vəsaitin cavabdehə ödənilməsi faktı birbaşa olaraq müqavilənin formal bağlanması, “Forma-2”nin yalnız iddiaçı tərəfindən imzalanması və digər dəlillərin tamamilə əsassız olmasını təsdiqləyir. Qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya nəzərə çatdırır ki, MM-in 10-cu maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır; Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. Ancaq hazırkı halda iş materiallarında olan müxtəlif sənədlərdən və ya müraciətlərdən (səh. 76-83) aşkar olur ki, tərəflər, eləcə də iqtisadi münasibətlər sahəsində aktiv fəaliyyət göstərən digər hüquqi və ya fiziki şəxslərlə Cavabdeh arasında işgüzar adətlər təşəkkül tapmışdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan, məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Habelə MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Kollegiya əlavə olaraq qeyd edir ki, işdən görünür ki, cavabdehə 04 iyul 2022-ci il tarixdə Pretenziya göndərilməsinə və orada 38700 manat məbləğdə borc məbləğinin öz əksini tapmasına baxmayaraq buna onun tərəfindən 13 oktyabr 2022-ci il tarixədək ötən 3 aydan artıq müddət ərzində heç bir etirazın bildirilməməsi (səh. 15-16, 63-65), tədqiqat obyektinə tərəflərin və ekspertin iştirakı ilə baxış keçirilməsi barədə rəsmi ünvanına 30 dekabr 2022-ci il tarixli bildiriş göndərilməsinə rəğmən cavabdehin tədqiqat obyektinə baxışda iştirakdan hər hansı əsas göstərmədən yayınması (səh. 94-95), habelə podrat müqaviləsi üzrə görülən işlərin adı və dəyərinin ehtiva olunduğu “Forma-2”nin daha sonrakı tarixdə aparılan ekspertizanın rəyi ilə tam üst-üstə düşməsi və digər hallar cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olaraq yalnız ödənişin vaxtında və lazımi qaydada həyata keçirilməsindən yayınmaq məqsədi güddüynü təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, Cavabdeh apellyasiya şikayətinin yuxarıda sadalanan bütün dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir sübutla təsdiq edilmir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlilləri hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(121)-28/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 aprel 2023-cü il tarixli e-2-2(121)-28/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar