Məhkəmə qərarları › İş №2-2(106)-93/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-93/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-93/2025 24.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: pul tələbi, podrat müqaviləsi Şirvan şəhəri, 24 aprel 2025-ci il X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-311/2025 saylı, 12 fevral 2025-ci il tarixli (hakim Zaur Abbasov) qətnaməsindən cavabdeh «Teteka Transport” ASC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X4 Cavabdeh ASC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 ilə Cavabdeh ASC arasında bağlanmış 09/2022-2 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 158 583.91 manat xidmət haqqı borcu, 28545.10 manat ƏDV borcu olmaqla, cəmi 187129.01 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 18712.9 manat pulun, məhkəmədə hüquqi xidmətlərə görə ödənilmiş 520 manat məhkəmə xərcinin, ödənilmiş 497 manat dövlət rüsumunun Cavabdeh ASC-dən tutularaq X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış 9356 manat pulun və iddia tələbinin digər hissələrinin dəyişdirilmədən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar X4 ilə Cavabdeh ASC arasında bağlanmış 09/2022-2 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, X4 torpaq işi (qazma) xidmətləri göstərməyi, Cavabdeh ASC isə həmin xidmətlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Hazırda həmin müqavilə üzrə 2022-2024-cü illərdə göstərilmiş xidmətlərə görə Cavabdeh ASC-nin fərdi sahibkar X2 158 583.91 manat xidmət haqqı borcu, 28 545.10 manat ƏDV borcu olmaqla, cəmi 187 129.01 manat ödənilməmiş borcu vardır. Həmin borcun ödənilməsi ilə bağlı xeyli müddətdir ki, fərdi sahibkar X4 tərəfindən Cavabdeh ASC ilə danışıqlar aparılsa da, Cavabdeh ASC 187129.01 manat borcunu X2 ödəməmişdir. Cavabdeh ASC pretenziyanı aldıqdan sonra da 187129.01 manat borcunu ödəmədiyi üçün Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, həmin borc məbləğinin gecikdirildiyi dövr üçün illik beş faiz ilə hesablanmış olan 18712.9 manat pul vəsaitini də fərdi sahibkar X2 ödəməlidir. Bundan başqa, bu iş üzrə Şirvan Kommersiya Məhkəməsində təmsil edilməsi üçün, iddiaçı X4 Azərbaycan Respublikasının Vəkillər Kolleqiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Vəkil1 ilə 520 manat məbləğində hüquqi xidmət göstərilməsi barədə müqavilə bağlamışdır və xidmət haqqını ödəmişdir. Bu məbləğ də Cavabdeh ASC-dən məhkəmə xərci kimi fərdi sahibkar X1 xeyrinə tutulmalıdır. a) Birinci instansiya məhkəməsində icraat. b) İş üzrə qəbul edilmiş məhkəmə aktları: İddiaçı X1 vəkili və nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdehdən AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik beş faizlə hesablanmış 9356 manat pulun və iddia tələbinin digər hissələrinin dəyişdirilmədən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazda bildirmişdir ki, Cavabdeh ASC ilə fiziki şəxs X4 (VÖEN **********) arasında 3 sentyabr 2022-ci ildə bağlanmış müqaviləyə əsasən 2022-ci ildə dövriyyə 45853.92 (bu dövrdə ƏDV ödəyicisi olmamışdır) manat təşkil etmişdir və bu məbləğlər üzrə 27 oktyabr 2022 - 11076.92, 05 yanvar 2023 - 7000, 08 fevral 2023 - 12000, 22 fevral 2023 - 15777 olmaqla 2022 ilə olan borc bank hesabından ödənilərək tam bağlanmışdır. 2023 il üzrə dövriyyə isə əsas məbləğ 220.719.5 (ƏDV 39729) manat olmuşdur ki, bu dövriyyə üzrə də 20 aprel 2023 – 12641 (ƏDV 2275.38), 07 iyun 2023 – 23077,5 (ƏDV 4153.95), 18 iyul 2023 -13153 (ƏDV 2367,84), 21 iyul 2023 – 11538 (ƏDV 2076,84), 16 avqust 2024 –12830 (ƏDV 2309), 21 sentyabr 2023 - 25780 (ƏDV 4640,4), 29 mart 2024 - 74700 (ƏDV13466), 17 may 2024 tarixində 35000 (ƏDV 6300) bank hesabından və 7 iyul 2023 ildə 12000 nəğd (2160 ƏDV ödənilməmişdir) ödənilmişdir. Göründüyü kimi, 2023-cü il üzrə yalnız ödənilməmiş 2160 manat ƏDV məbləği qalmışdır. 2024-cü il üzrə tərəflər arasında dövriyyə 158583.91 (ƏDV 28545.1) manat olmuşdur. Bundan, 17 may 2024-cü ildə 12000 (ƏDV 2160) ödənilmişdir. 2024-cü ilin iyul ayın 10 dan işlər dayandırılmışdır ki, bunun nəticəsində iddiaçıya cavabdehin 146.583,91 əsas (ƏDV 26385,1) manat ödənilməmiş borcu qalmışdır. 2024-cü il üçün görülmüş işlərə görə aylar üzrə ödənilməmiş borclar aşağıda göstərilənlərdən ibarətdir: Yanvar 2024 - 12000 (ƏDV 2160) Fevral 2024 – 24000 (ƏDV 2205) Mart 2024 - 22788.5 (ƏDV 2250) Aprel 2024 – 23196 (ƏDV 4175) May 2024 - 23250 (ƏDV 4185) İyun 2024 - 23938,41 (ƏDV 4308) İyul 2024 - 17411 (ƏDV 3133.98) Qeyd olunmalıdır ki, cavabdeh iddiaçıya borcunun ödənilməsindən yayınmayıb və boyun da qaçırmayıb. Bildirilir ki, Cavabdeh ASC Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X7 Sahayi ve Ticaret A.Ş.” şrkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. İddiaçının cavabehdən ilik beş faiz hesablanmaqla iki il üzün ümümilikdə 18.712,9 manat məbləğində pul vəsaitinin tələb etməsi tam əsassızdır. Belə ki, öhdəliyin icra edilməməsi cavabdehdən asılı olmayan səbəblərdən baş vermişdir. Yuxarıda göstərildiyi kimi, cavabdeh subpodrat şirkəti olduğundan və podratçı şirkətin onlara borcu yarandığından, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası MM nin 445.5-ci maddəsinə əsasən, əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Göründüyü kimi, öhdəliyin icra edilməməsində onların təqsiri yoxdur və işin bu halı da iddiaçıya məlumdur. Əfsuslar olsun ki, uzun illər birgə fəaliyyət göstərdikləri iddiaçı bunları nəzərə almamışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının iki il üçün illik beş faizlə hesablamış və cavabdehdən tələb etdiyi 18.712,9 manat pul vəsaitinin tutulması hissəsində iddiasının təmin edilməməsi xahiş olunmuşdur. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil3 xx.xx.2025-ci il tarixdə məhkəməyəyə təqdim etdiyi elektron ərizədə iş üzrə məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, təqdim etdiyi sonuncu etiraz ərizəsində göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin qəbul etdikləri hissəsində təmin edilməsini, qəbul etmədikləri hissəsində isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsinin elan edilməsi üçün təyin edilmiş iclasda tərəflər iştirak etməmişlər. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-311/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın ərizəsi qismən təmin edilməsi, Cavabdeh ASC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 187129,01 manat məbləğində borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9356 manat məbləğində gecikdirmə faizi, hüquqi yardımla bağlı ödənilmiş 300 manat və ödənilmiş 486,48 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 197 271,49 manat məbləğində pul tutularaq iddiaçı X2 ödənilməsi, İddia qalan hissədə təmin edilməsi və iddiaçı tərəfindən artıq ödənilmiş 10,52 manat məbləğində dövlət rüsumu məbləği iddiaçıya geri qaytarılmasını qət etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, qətnaməsinin qismən, iddiaçının iddia tələbinin 2023-cü ilin dövriyyəsinə aid borcu 12000 manat əsas məbləğin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9356 manat məbləğində gecikdirmə faizin, hüquqi yardımla bağlı tutulmuş 300 manat hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, öhədliklərinin icra edilməməsi onlardan asılı olmayan səbəblərdən baş vermişdir. Cavabdeh iddiaçıya borcunun ödənilməsindən yayınmayıb və boyun da qaçırmayıb. Onlar subpodrat şirkəti olduqlarından və “X7 Sahayi ve Ticaret A.Ş.” şrkətinin onlara 1.146.734,75 manat məbləğində borcu yarandığından və bu vəsaitlər Cavabdeh ASC-yə ödənilmədiyindən, iddiaçıya pul vəsaitinin ödənilməsi mümkünsüz olmuşdur. Məhz borcun ödənilməsinin gecikdirilməsi də bu üzdən baş vermişdir. Qeyd olunan borcun mövcudluğu tərəflər arasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapır. Məhkəmə etirazlarında göstərilənləri nəzərə almamış və nəticədə hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul etmişdir. Göründüyü kimi, öhdəliyin icra edilməməsində şirkət olaraq təqsirləri yoxdur və işin bu halı da iddiaçıya məlum olmuşdur. Əfsusslar olsun ki, uzun illər birgə fəaliyyət göstərdikləri iddiaçı bunları nəzərə almamışdır. Qeyd etmişlər ki, 2023 il üzrə dövriyyə üzrə əsas məbləğ 220.719.5 (ƏDV 39729) manat olmuşdur ki, bu dövriyyə üzrə də tərəflərindən 20 aprel 2023 – 12641 (ƏDV2275.38), 07 iyun 2023 – 23077,5 (ƏDV 4153.95), 18 iyul 2023 -13153 (ƏDV 2367,84), 21 iyul 2023 – 11538 (ƏDV 2076,84), 16 avqust 2023 –12830 (ƏDV 2309), 21 sentyabr 2023 - 25780 (ƏDV 4640,4), 29 mart 2024 -74700 (ƏDV13466), 17 may 2024 tarixində35000 (ƏDV6300) bank hesabından və 7 iyul 2023 ildə 12000 nağd (2160 ƏDV ödənilməmişdir) ödənilmişdir. Göründüyü kimi, 2023-cü il üzrə yalnız ödənilməmiş 2160 manat ƏDVməbləği qalmışdır. 2024 il üzrə tərəflər arasında dövriyyə 158583.91 (ƏDV 28545.1) manat olmuşdur. Bundan, 17 may 2024 ildə 12000 (ƏDV 2160) ödənilmişdir. 2024 ilin iyulayın 10 dan işlər dayandırılmışdır ki, bunun nəticəsində iddiaçıya cavabdehin 146.583,91 əsas (ƏDV 26385,1) manat ödənilməmiş borcu qalmışdır. İddiaçının 2023-cü ilin dövriyyəsinə aid borcu üzrə 7 iyul 2023-cü il tarixində ona 12000 manat nağd qaydada ödənilmiş əsas məbləğin təkrar olaraq tələb etməsi, həmçinin cavabdehin iddiaçıya 2023-cü il üçün ödənilməmiş borcu qalmadığından, cavabehdən ilik beş faiz hesablanmaqla iki il üçün ümümilikdə 18.712,9 manat məbləğində pul vəsaitinin tələb etməsi də tam əsassızdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmədə iştirak etməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq X3 tərəfindən keçirilən Arbitraj konfransında ölkəmiz adından iştirak etməsi (sənədlər vəsatətə əlavə edilmişdir) səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, buna görə də işin təxirə salınmasını xahiş etmişdir. Həmçinin ərizəsində göstərmişdir ki, iddialarını müdafiə edirlər. Birinci instansiya məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab edirlər. Cavabdehin şikayətinin formal xarakter daşıdığını və öhdəliyin icrası müddətinin uzadılması məqsədilə verildiyini bildirmişdir. Həmçinin cavabdeh də məhkəməyə ərizə ünvanlayaraq “Xudafərin-Qubadlı-Laçın” yolunun yenidən qurulması istiqamətində tikinti işləri aparıldığından və həmin işlərdə problemlər yarandığından məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini, buna görə də işin təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin 12000 manat əsas, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9356 manat gecikdirmə faizinin, hüquqi yardımla bağlı tutulmuş 300 manat hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə qismən – yalnız mübahisələndirilən hissədə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci və 404.2-ci maddələrinin tələblərinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Baxılan işin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi təşkil edir. Buna görə də, həmin hissədə iddianın uğurluluğu onun faktiki hallarının MM-nin 445.7-ci maddəsinin dipozisiya şərtlərini ödəməsindən asılıdır. Məhkəmə, ilk növbədə pul öhdəliyi ilə bağlı icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını nəzərdə tutan MM-nin 445.7-ci maddəsinin tətbiqinin əsası üçün zəruri şərtlərin təhlilini vacib hesab etmişdir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zamankı redaksiyasında MM-nin 445.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın(21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (21.3). 443.1-ci maddəsinə əsasən, Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən, Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7-ci maddəsinə əsasən, Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz 448.4-cü maddəsinə görə, Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında verilmiş şərhə görə, “kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında isə göstərilmişdir ki, “bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, iş materiallarında olan X4 (İcraçı) ilə Cavabdeh ASC (Sifarişçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022-2 nömrəli “Xidmət müqaviləsi”nə əsasən, Sifarişçi torpaq işi (qazma) xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada torpaq işi (qazma) xidmətləri göstərməyi öhdəsinə götürür. İş materiallarında olan tərəflərin imzaları və cavabdehin möhürü ilə təsdiq edilmiş görülmüş işlərin Təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə görülmüş xidmətin ümumi dəyəri 463423,48 manat təşkil etmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarının surətlərindən görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçı X1 bank hesabına ümumilikdə cəmi 266393,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan elektron qaimə-fakturaların surətlərindən görünür ki, həmin qaimələrdə X4 tərəfindən Cavabdeh ASC-nə ümumilkdə cəmi 251297,38 manat məbləğində iş görüldüyü qeyd olunmuşdur. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, X4 tərəfindən hüquqi yardım göstərilməsi üçün vəkil bürosuna 520 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, X4 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 09/2022-2 nömrəli “Xidmət müqaviləsi”nə əsasən yaranmış 187129.01 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə hesablanmış illik beş faiz olan 18712.9 manat pulun 3 iş gün ərzində ödənilmısi xahiş olunmuş, əks təqdiedə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh ASC-nə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən təmin etmişdir. Cavabdeh çıxarılmış qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili qətnamənin 12000 manat əsas, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 9356 manat gecikdirmə faizinin, hüquqi yardımla bağlı tutulmuş 300 manat hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən qazma işlərinin görülməsinə, cavabdehin isə görülən işlərin qarşılığında müvafiq haqqın iddiaçıya ödənilməsinə dair tərəflər arasında razılıq əldə olunmuşdur və həmin razılığı onlar “Xidmət müqaviləsi” adlandırdıqları xx.xx.2022-ci tarixli müqavilə ilə rəsmiləşdirmişlər. İddiaçı qeyd edilən müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək cavabdehin sifarişləri əsasında qazma işlərini apardığını, lakin cavabdehin görülən işlərin qarşılığında 187129.01 manat məbləğində ödənilməmiş borcunun qaldığını iddia edir. Cavabdeh əsas borc məbləğini mübahisələndirməyərək, borcun onların təqsiri olmayan səbəblərdən yarandığını bildirir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağladıqları müqavilənin etibarsızlığına dair, müqavilənin şərtləri və onların təfsiri ilə əlaqədar mübahisə olmadığı kimi, iddia ərizəsində tələb olunan əsas borc məbləğilə bağlı da mübahisə yoxdur. Belə ki, cavabdeh iddia tələbini yalnız iddiaçı tərəfindən iki il üçün illik beş faizlə hesablanmış və cavabdehdən tələb edilən 18712,9 manat pul vəsaitinin tutulması hissəsində qəbul etmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə araşdırma işin mübahisəli halını təşkil edən iddiaçının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 187129.01 manat borc məbləğinə illik beş faizlə hesablanmış pul tələbinə dair hissəsi üzrə aparılmalıdır. Məhkəmə yuxarıda təhlil olunanlarla yanaşı qeyd etməyi vacib sayır ki, yuxarıda adı çəkilən hər iki maddi hüquq normasının (MM-nin 445.7-ci və 449.1-ci maddələrinin) tətbiqinin ortaq cəhəti hər iki halda borclunun təqsirinin müəyyən edilməsinin zəruri olmasıdır. Belə ki, öhdəlik hüququnda borclunun yalnız təqsirli hərəkətlərinə görə məsuliyyət daşıması nəzərdə tutulduğuna görə həm MM-nin 445.7-ci maddəsi, həm də 449.1-ci maddəsinin tətbiqi üçün borclunun hərəkətlərində Mülki Məcəllənin 21, 442, 443 və 448-ci maddələrinə əsasən təqsir müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, baxılan işin mübahisəli halı da məhz iş üzrə cavabdehin borcun ödənilməməsində təqsirli hərəkətlərə yol verməməsini, öhdəliyin icrasının gecikdirilməsinin müqavilə münasibətlərində olduqları digər subyektin onların qarşısında öhdəliklərini yerinə yetirməməsinin səbəb olduğunu iddia etməsi təşkil edir. Belə ki, cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində iddiaçı qarşısında öhdəliklərinin yerinə yetirilməməsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC Xudafərin-Qubadlı-Laçın yolunun yenidən qurulması istiqamətində tikinti işləri apardığından və aparılan işlər üzrə subpodrat şirkəti olduğundan, əsas podratçı “X7 Sahayi ve Ticaret A.Ş.” şrkəti tərəfindən pul vəsaitlərinin ödənilməməsi səbəbindən iddiaçıya olan borc ödənilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin yuxarıda göstərilən dəlilinə tənqidi yanaşaraq qeyd etmişdir ki, üçüncü şəxsin cavabdehə olan öhdəliyini yerinə yetirməməsi faktı heç bir halda cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin icrasından azad edə bilməz. Belə ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış müqavilədə belə bir şərt nəzərdə tutulmamışdır və işin məhkəmə araşdırılması zamanı da tərəflər arasında bu halın nəzərə alınacağına dair razılaşmanın olması müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 9356 manat borc məbləğinə illik beş faizlə hesablanmış pul məbləğini mübahisələndirir. Kollegiya yuxarıda şərh olunanları yekunlaşdıraraq belə nəticəyə gəlir ki, cavabdehin şikayətinin qeyd edilən əsası kimi istinad etdiyi dəlil əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbi cavabdehdən gecikdirmə faizinin tutulması hissəsində də təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin ikinci dəlili iddiaçının 2023-cü ilin dövriyyəsinə aid borcu üzrə 7 iyul 2023-cü il tarixində ona 12000 manat nağd qaydada ödənilmiş əsas məbləğin təkrar olaraq tələb etməsi ilə bağlıdır. Göründüyü kimi cavabdeh iddiaçının 2023-cü ilin dövriyyəsinə aid olan və iddiaçıya nəqd qaydada ödəmiş olduğu 12000 manat əsas məbləğin təkrar olaraq ondan istənilməsini bildirir. Lakin cavabdeh bununla bağlı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. İddiaçı da birinci instansiya məhkəməsinin iclası zamanı cavabdehin ona 7 iyul 2023-cü il tarixində ona 12000 manat nağd qaydada ödəniş etməsini qəbul etməmişdir. Apellyasiya şikayətinin üçüncü dəlili iddianın 520 manat vəkilə ödənilmiş xidmət haqqının 300 manat hissədə təmin olunması ilə bağlıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı vəkilə ödənilmiş xidmət haqqının cavabdehdən tutulması hissəsində haqlı mövqe nümayiş etdirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi cavabdeh tərəfindən qətnamənin mübahisələndirilən hissədə qiyməti 10000 manatdan çoxdur. Buna görə də qətnamədən qanunla müəyyən edilən qaydada kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh «Teteka Transport” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-311/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi cavabdeh «Teteka Transport” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar