Məhkəmə qərarları › İş №2-2(107)-111/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-111/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-111/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə1 Cavabdeh qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X5 və Sadiqov Zülfüqar Əhməd oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - Nümayəndə1, Cavabdeh - Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Nümayəndə1 Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(117)-302/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 20 may 2024-cü il tarixli müqavilədən görünür ki, həmin müqavilə fərdi sahibkar (VÖEN: **********) Cavabdeh (sifarişçi) və fərdi sahibkar (VÖEN: **********) Nümayəndə1 arasında bağlanmışdır.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı sifarişçinin sifariş verdiyi müqavilə və müqaviləyə əlavələrdə qeyd edilən satış və yaxud xidmətləri həyata keçirəcək.

3. Müqavilənin 4.2-ci bəndinə əsasən, müqavilə üzrə hesablaşmalar nəğd və ya bank hesabına köçürmə yolu ilə həyata keçirilir.

4. Müqavilənin 4.3-cü bəndində göstərilmişdir ki, icraçı Nümayəndə1 sifarişçi Cavabdeh müqavilə əsasında götürdüyü işlərə 31.500 manat nağd olaraq öz hesabından ödədi. (4590 manat plastik qapı və pəncərə, 1500 manat nəğd olaraq, 1500 manat icarə haqqı, 15760 manat X2 şirkətinin pəncərələrinin şüşəsinə, 3250 manat Liman şirkətində çalışan fəhlələrə, 4900 manat Liman şirkətində alınan materiallara xərclənmişdir).

5. Müqavilənin 4.4-cü bəndinə əsasən, iş tamamlandıqdan sonra sifarişçi Cavabdeh Nümayəndə1 31500 manat məbləği ödəməlidir.

6. İş materiallarında olan Cavabdeh imzası və möhürü ilə təsdiq olunan “Razılaşdırma protokolu”nda göstərilmişdir ki, “Mən Cavabdeh oğlu xx.xx.2024 tarixdə Nümayəndə1 ilə bağladığım müqaviləyə əsasən əlavə 2000 (iki min manat) pul vəsaiti götürürəm. Bu vəsait ilə vergi borcları bağlandıqdan sonra, müqavilə əsasında R.Azaddan götürdüyüm vəsaitin 15.000 (on beş min Azn qaytarmağı on gün əərzində öz öhdəliyimə götürürəm. Yerdə qalan vəsait müqavilə üzrə qaytarılacaq. Bu razılaşdırma protkolunu öz imzam və peçatımla təsdiq edirəm.

7. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, iddiaçı Nümayəndə1 şikayət ərizəsi ilə polis idarəsinə müraciət edərək onadan Cavabdeh tərəfindən 33500 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsini bildirmişdir. Həmin ərizəyə istintaq orqanı tərəfindən baxılmış və Cavabdeh barəsində “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir.

8. İş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən iddiaçı Nümayəndə1 tərəfindən verilən izahatda qeyd olunmuşdur ki, o özünə məxsus Binəqədi rayonu Biləcəri Qəsəbəsində qapı-pəncər sexi olduğunu, 2023-cü işləri olmadığı üçün Bəhruz adlı şəxs ona təklif edərək Qurban adlı sahibkar olduğunu, onun əlində xeyli miqdarda işlər olduğunu, lakin makinası xarab olduğu üçün sifariş götürdüyü işləri vaxtında çatdıra bilmədiyi üçün onunla maddi cəhətdən bütün danışıqlara gedəcəyini bildirmişdir. O, Bəhruzla razılaşıb 2023-cü ilin dekabr ayının əvvəllərində Qurban adlı şəxslə görüşməyə gedib. Qurban əlində çoxlu sifarişlər olduğunu, lakin büdcəsi olmadığı üçün işlərinin yarımçıq qaldığını bildirmişdir. Ondan işə başlamaq üçün ilkin olaraq 10000 manat pul istəmiş, o dərhal gedib bankdan 13000 manat kredit pul götürüb 10000 manat pulu Qurbana vermişdir. Həmin pulla sexin icarəsi və Qurbanın ustalara olan borcuna verdiyini, daha sonra onadan əlavə olaraq material almaq üçün pul istədiyini, bundan sonra hissəhissə olmaqla Cavabdeh və nisyə mal götürdüyü mağazalara 31500 manat pul ödədiyini, işlər yekunlaşdıqdan sonra Qurbandan pulunu tələb etdiyini lakin pulu iş sahiblərinədən ala bilmədiyini ona dediyini, buna görə də o, Qurbandan xəbərsiz iş sahibləri ilə görüşdüyünü, iş sahibləri həmin pulları tam Qurbana verdiklərini dediyini, yenidən gəlib pulu Qurbandan pulu tələb etdikdə Qurban verginin onun hesabına sərəncam qoyduğunu dediyini, 2000 manat pul olsa vergiyə ödəyib sərəncamı götürdüb ona 15000 manat pul ödəyəcəyini dediyini, çarəsiz qaldığı üçün qurbana 2000 manat verdiyini, lakin Qurban öz dələduz əməllərindən əl kəçməyərək onu aldadaraq onun 33500 manat pulunu qaytarmadığını bildirmişdir. - Qeyd olunan xx.xx.2024-cü il tarixli qərarda göstərilən Cavabdeh izahatında bildirmişdir ki, o, 2020-ci ilin sentyabr ayından etibarən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışan şəxs, həmin şirkətin bina fasadlarının təmiri və bərpası ilə məşğul olduğunu bildirir. 2023-cü ilin oktyabr-noyabr aylarında Bəhruz Rüstəmovla tanışlığı iş münasibətləri zəmnində olmuşdur. Bəhruz adlı şəxs 2023-cü ilin sonlarında mobil nömrəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq geniş sexdən iş üçün istifadə etmə imkanının soruşmuşdur. Görüş 2023-cü ilin dekabr ayında, Bakı şəhər Binəqədi rayonu Biləcəri Qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexində baş tutmuşdur. Görüş zamanı Nümayəndə1 ortaq iş təklif etmiş və razılıq əldə olunmuşur. Daha sonra tərəflər birlikdə Bakı şəhəri Xəzər rayonunda Mərdəkan qəsəbəsində yerləşən təmir edilən evə baxış keçirmiş və görüləcək işlər barədə razılaşmışlar. İşlərin dəyəri ilkin olaraq 45000 manat alınmış, ümumi dəyərinin isə 89000 manat olduğu bildirilmişdir. Tərəflər arasında iş ortaqlığı razılaşdırılmış və materialların alınması üçün Binəqədi rayonundakı tikinti materialları mağazasına gedilmişdir. 2024-cü ilin yanvar ayında, təmir olunan evin qapı və pəncərələrinin şüşə işləri tamamlanmış və yanvar ayının ortalarında evin sahibi tərəfindən 15000 manat məbləğində ödəniş edilmişdir. Həmin məbləğ Nümayəndə1 təqdim edilmişdir. Daha sonra, təmir olunan evin sahibi, qapı-pəncərə şüşələrinin rəngini bəyənməyərək dəyişdirilməsini tələb etmişdir. Tikintiyə nəzarət edən Tural adlı şəxs, bu məsələdə evin sahibinin köməklik edəcəyini bildirmişdir. Bu barədə Nümayəndə1 xəbər verildikdə o, işdən uzaqlaşmaq və ortaqlığı bitirmək qərarına gəlmişdir. Şüşələrin dəyişdirilməsi üçün X1 məxsus şüşə satışı sexində 16000 manatlıq şüşə nisyə olaraq götürülmüş, ilkin ödəniş olaraq 4200 manat nəğd ödənilmiş, qalan 30000 manat isə Nümayəndə1 borc olaraq qalmışdır. Hazırda həmin borcu ödəmədiyini bildirmişdir. Həmçinin o bildirmişdir ki, Nümayəndə1 30000 manat pul borcu var.

9. İş materiallarında olan Cavabdeh tərəfindən imzalanan və ona məxsus möhürlə təsdiq edilən razılaşdırılma protokolunda qeyd olunmuşdur ki, “mən Cavabdeh xx.xx.2024cü il tarixdə Nümayəndə1 ilə bağladığım müqaviləyə əsasən, əlavə 2000 manat pul vəsaiti götürürəm, bu vəsait ilə vergi borclarımı bağladıqdan sonra müqavilə əsasında Nümayəndə1 götürdüyüm vəsaitin 15000 manat qaytarmağı 10 gün ərzində öz öhdəliyimə götürürəm, yerdə qalan vəsait müqavilə üzrə qaytarılacaq. Bu razılaşdırılma protokolunu öz imzamla və peçatımla təsdiq edirəm.”

10. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin MV 1732 nömrəli, xx.xx.2024-cü il tarixli vəsiqəsinin surətindən görünür ki, Nümayəndə1 müharibə veteranıdır.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktı

11. İddiaçı Nümayəndə1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30500 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki halları ilə əsaslandırılmış, iddia ərizəsində əlavə olaraq göstərilmişdir ki, cavabdeh (sifarişçi) zəruri olan təlimat və göstərişlərini vermiş, o da müvafiq zəruri tapşırıqları yerinə yetirirmişdir. Müqavilə öhdəlikləri, tərəfindən heç bir zaman pozulmamış, keyfiyyətsiz yerinə yetirilməmiş və müddət pozuntusu halları olmamışdır. Qarşılıqlı olaraq hər şey öz qaydasında olmuşdur. Lakin müqavilə öhdəlikləri tərəfindən tam olaraq icra edilməyinə baxmayaraq Cavabdeh müqavilə öhdəlikərini icra etməmiş və 31500 manat məbləğini ödəməmişdir. Bundan sonra məslənin həlli ilə bağlı və ona qarşı dələduzluq cinayəti işlədilməsinə dair Binəqədi rayon Polis İdarəsinə şikayəti əsasında Cavabdeh Polis idarəsinə dəvət edilmiş və ona olan borcunu qəbul edərək 30.000 manat borcunun olmasını etiraf etmişdir. Odur ki, ona vurmuş olduğu 30500 manat ziyanın qaytarılması tələb etsə də borcu qaytarmaqdan bu günə kimi boyun qaçırır. Artıq məhkəməyə müraciət etməli olmuşdur ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunsun. Cavabdehin ona olan borcunu qaytarmaması, razılaşma öhdəliklərinin yerinə yetirilməməsi ilə bərabər həm də onun mülkiyyət hüquqlarının pozulmasına dəlalət edir. Qeyd olunanlara əsasən hesab edir ki, 30500 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

13. Cavabdeh məhkəməyə Elektron Məhkəmə İnformasiyaları Sistemi vasitəsi ilə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı Nümayəndə1 mənə qarşı iddia irəli sürərək 30500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini ümumiyyətlə qəbul etmir. Belə ki, aralarında bağlanmış müqavilə formal xarakter daşıyır. Çünki o, Nümayəndə1la ortaq olmuş, onların gördüyü işlərin hamısında birlikdə iştirak etmişlər. Bundan başqa bildirir ki, iddiaçının iddia etdiyi məbləğlə ümumiyyətlə razı deyil. Çünki tələb etdiyi məbləğ artıq ona ödənilib. O, ümimiyyətlə latın əlifbası ilə oxuyub yaza bilmir. O, Binəqədi RPİ-də olarkən müstəntiqə bildirmiş ki, latın əlifbası ilə oxuyub yaza bilmir. Bunun üçün o, vəkillə təmin edilsin, müstəntiq isə onu vəkillə təmin etməmişdir. Cinayət işinin rədd olunması barədə qərarda borcu olduğunu bildirməmişdir. Əksinə onun qarşı tərəfə cəmi 3000 manat borcunun olduğunu bildirmiş və həmin məbləğdən başqa ümumiyyətlə heç bir borcunun olmadığını qeyd etmişdir. O, iddiaçıya 3000 manatı polis şöbəsində olarkən, görülən işlərin nəticəsi olaraq 1500, 1400, 1600 manatlıq tikinti materialı, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında təmir olunan evin qapı və pəncərələri təmir olunmuşdur və buna görə ev sahibi 15000 manat məbləğində onlara pul vermişdir. O da həmin pulu tam şəkildə iddiaçı Nümayəndə1 vermişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardanda görünür ki, 15000 manat məbləğində pul onun tərəfindən Nümayəndə1 verilmişdir. Göründüyü kimi iddiaçının tələbi tam əsassızdır və ona qarşı irəli sürdüyü iddia tələbi qanunsuzdur. Əgər onun Nümayəndə1 borcu olsa idi, o borcu ona qaytarardı və işin məhkəmə mərhələsinə çatmasına imkan verməzdi. Onun tələb etdiyi məbləğdən dəfələrlə çox pulu ona ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Ödəniş qəbzlərinin surətlərini növbəti məhkəmə iclasınadək elektron kabinet vasitəsilə işə əlavə edəcəkdir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası qanunlarının müvafiq maddələrinin tələblərini rəhbər tutaraq, iddiaçı Nümayəndə1 ona qarşı irəli sürdüyü 30500 manat məbləğində pulun tutularaq ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi və iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Nümayəndə1 izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh etiraz ərizəsində bildirmişdir ki, oxuyub yaza bilmir, özünü savadsız kimi bildirmişdir. Lakin sosial şəbəkələrdə gördüyü işlə bağlı hesabat aparır, reklam edir. Hətta İqtisad Universitetini bitirdiyini də özü qeyd edir. Savadsız olan biri bu çıxışları edə bilməz. Borcundan ona heç bir ödəniş etməyib. Cavabdeh onun adına mağazadan 9800 manatlıq tikinti materialları götürüb. Pulunu da o ödəyib. Tanış sürücünü də işlədib, onunda pulunu da verməyib.

15. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılmışdır.

16. Şəki Kommersiyа Məhkəməsinin (hakim Elnarə Hüseynova) 23 may 2025-ci il tarixli, e-2-2(117)-302/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh xx.xx.2024-cü il tarixli, 20/05/24 nömrəli müqavilə üzrə 30500 manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə1 ödənilməsi, ödənilməmiş 181,5 manat dövlət rüsumuna görə pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

17. Məhkəmə müəyyən etmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən cavabdeh tərəfindən verilən izahatda və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.2, 442, 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə, 448.1, 448.2, 752.1, 752.2, 769, 770-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1, 119.2, 217.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cаvаbdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

20. Cаvаbdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mülki iş üzrə məhkəmə sübut növü olaraq yalnız iddiaçının vermiş olduğu izahata istinad edərək iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi onun izahatını dinlədikdən sonra iddiaçının iddiasının əsassız olduğu qənaətinə gələcəkdir. Qeyd edir ki, aralarında bağlanmış müqavilə formal xarakter daşıyır. Çünki o, Nümayəndə1la ortaq olmuşlar. Onların gördüyükləri işlərin hamısında birlikdə iştirak etmişlər. Bundan başqa bildirir ki, iddiaçının iddia etdiyi məbləğlə ümumiyyətlə razı deyildir. Çünki tələb etdiyi məbləğ artıq ona ödənilib. O, ümimiyyətlə latın əlifbası ilə oxuyub yaza bilmir. O, Binəqədi RPİ-də olarkən müstətiqə bildirmişdir ki, latın əlifbası ilə oxuyub yaza bilmir. Bunun üçün onu vəkillə təmin etsinlər. Müstəntiq isə onu vəkillə təmin etməmişdir. Cinayət işinin rədd olunması barədə qərarda borcu olduğunu bilməmişdir. Əksinə onun qarşı tərəfə cəmi 3000 manat borcunun olduğunu bildirmiş və həmin məbləğdən başqa ümumiyyətlə heç bir borcunun olmadığını qeyd etmişdir. O, iddiaçıya 3000 manatı polis şöbəsində olarkən, görülən işlərin nəticəsi olaraq 1500, 1400, 1600 manatlıq tikinti materialı, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında təmir olunan evin qapı və pəncərələri təmir olunmuşdur və buna görə ev sahibi 15000 manat məbləğində onlara pul vermişdir. O da həmin pulu tam şəkildə iddiaçı Nümayəndə1 vermişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da görünür ki 15000 manat məbləğində pul, onun tərəfindən Nümayəndə1 verilmişdir. Məhkəmə isə iddiaçının mülahizəsini əsas tutaraq qətnamə qəbul etmişdir. Bundan başqa bildirir ki, iddiaçının tələbi tam əsassızdır və ona qarşı irəli sürdüyü iddia tələbi qanunsuzdur. Əgər onun Nümayəndə1 borcu olsa idi o borcu ona qaytarardı və işin məhkəmə mərhələsinə çatmasına imkan verməzdi. O, onun tələb etdiyi məbləğdən dəfələrlə çox pulu ona ödəmişdir. Onun iddiaçıya heç bir borcu qalmamışdır. Göstərilənlərə əsasən Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2- 2(117)-302/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş edir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(117)-302/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376. 2-ci maddəsinə əsasən işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

27. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

28. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasınınn Mülki Məcəlləsi

29. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

32. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

33. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

34. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

35. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

38. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

39. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

40. Maddə 769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

41. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2- 2(117)-302/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

54. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

55. Müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Bundan əlavə cavabdeh iddiaçıdan özünün yaranmış vergi borclarını ödəmək (bağlamaq) məqsədi ilə 2000 (iki min manat) pul vəsaiti götürmü

56. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur. Bu səbəbdən iddia əsaslıdır və 30500 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Nümayəndə1 ödənilməlidir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim etməmişdir.

58. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı podrat müqaviləsindən irəli gələn öhdəliyini icra etmiş, yəni müqavilədə qeyd olunan 31500 manat dəyərində iş və xidmətləri yerinə yetirərək cavabdehə təhvil vermişdir. Bu hal iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsi tərəfindən qəbul edilən xx.xx.2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda göstərilən cavabdeh tərəfindən verilən izahatda və digər sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdeh isə öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və iddiaçıya ödənilməmiş borcu qalmışdır.

59. Mülki Məcəllənin 753.1-ci maddəsində podrat müqaviləsi üzrə ödənilməli olan muzdun miqdarı ilə bağlı iki hal müəyyən edilmişdir. Birinci hal – podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir, ikinci hal – muzdun miqdarı müəyyənləşdirilməmişdir.

60. Muzdun miqdarı şərtləndirildiyi halda sifarişçi podratçıya şərtləndirilmiş muzd ödəməyə borcludur və həmin muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

61. Mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5-ci maddələri). Mülki dövriyyənin iştirakçıları azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə şərtlərini, o cümlədən müqavilənin icrası ilə bağlı qiyməti müəyyənləşdirə bilərlər (Mülki Məcəllənin 390.1, 390.5, 398.1-ci maddələri).

62. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.

63. Yalnız podrat müqaviləsi Mülki Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd kimi mübahisələndirilə bilər. Hazırkı vəziyyətdə bu baş verməmiş, tərəflər sərbəst şəkildə şərtlərini müəyyən etməklə müqavilə bağlamışlar.

64. Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrində təsbit edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

65. Mülki Məcəllənin 753.1-ci maddəsində podrat müqaviləsi üzrə ödənilməli olan muzdun miqdarı ilə bağlı iki hal müəyyən edilmişdir. Birinci hal – podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir, ikinci hal – muzdun miqdarı müəyyənləşdirilməmişdir. Muzdun miqdarı şərtləndirildiyi halda sifarişçi podratçıya şərtləndirilmiş muzd ödəməyə borcludur və həmin muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

66. İndiki halda ilk olaraq müqavilə tərəflərinə aid sübutetmə yükü müəyyən edilməlidir.

67. Podratçı (iddiaçı) üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməsinə baxmayaraq, sifarişçi (cavabdeh) üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmədiyi halda işlər tamamlandıqan sonra iddiaçıya çatmalı vəsaiti ödəməlidir.

68. Kollegiya apellyasiya şikayətinin tərəflər arasında bağlanmış müqavilənin formal xarakter daşıması barədə dəlilini əsasız sayır. Belə ki, cavabdeh iddiaçı ilə ortaq olduğunu etiraf edir və göstərir ki, görülən işlərin nəticəsi olaraq iddiaçıya 1500, 1400, 1600 manatlıq tikinti materialı, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat, dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarmışdır. Cavabdeh 1500, 1400, 1600 manatlıq tikinti materialı qaytardığnı sübut edə bilməsə də, onlar arasında bağlanmış müqavilənin formal xarakterdə olmadığı müəyyən edilir.

69. 3000 manatın qaytarılmasına gəldikdə həmin məbləğin qaytarılması iddiaçının vermiş olduğu 13 dekabr 2024-cü il tarixli qəbzlə də təsdiq olunur. Məhz cavabdeh həmin məbləği qaytardıqdan sonra onun iddiaçıya 30500 manat borcu qalır (31500 manat müqavilədə şərtləşdirilmiş məbləğ+2000 manat vergi borclarını bağlamaq üçün verilən məbləğ=33500 manat-3000 manat=30500 manat)

70. Cavabdehin xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 300 manat qaytarması barədə bəyanına gəldikdə isə, kollegiya qeyd edir ki, tərəflər arasında müqavilə göstərilən tarixlərdən sonra, yəni 20 may 2024-cü ildə bağlanmışdır.

71. Cavabdeh pulu dəfələrlə əlbəəl ***-**** manat olmaqla qaytarması və 2024-cü ilin yanvar ayında təmir olunan evin sahibinin 15000 manat məbləğində onlara vermiş pulu tam şəkildə iddiaçı Nümayəndə1 verməsinə dair sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda cavabdehin qaytamış olduğunu bildirdiyi 15000 manat pulun da qaytarılma tarixi də tərəflərin bağladığları müqavilənin tarixindən əvvələ düşməsi nəzərdən qaçmamalıdır.

72. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.

73. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı, həmin dəlillər və cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı bir-birini təkzib edir.

74. Beləliklə, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur. Apellyasiya şikayətində göstərilən dəlilləri təsdiq edən sübutlar təqdim olunmamışdır.

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

76. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

77. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

78. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

79. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir.

80. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(117)-302/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cаvаbdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiyа Məhkəməsinin 23 may 2025-ci il tarixli, e-2-2(117)- 302/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar