Məhkəmə qərarları › İş №2-2(107)-150/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-150/2024

25.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-150/2024 25.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “2700 manat pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, X4 iclas katibliyi, İddiaçının nümayəndəsi X6 və şirkətin direktoru X2; Cavabdeh iştirakları ilə, Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-2(117)-1383/2024 nömrəli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Tərəflər arasında xx.xx.2024-cü il tarixdə Y/M-003 nömrəli “elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə təsdiq edirlər ki, bu müqaviləyə əlavələrlə qeyd olunan xidmətlərin göstərilməsi və avadanlıqların təmin edilməsi sifarişçi tərəfindən sifariş olunur və dəyəri müvafiq olaraq ödənilir. İcraçı isə sifariş olunmuş xidmətləri göstərir və avadanlıqlarla təmin edir. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilə 1 il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin 2.1.5.-ci maddəsinə əsasən “Sifarişçi”-nin “İcraçı”, bu müqavilə və əlavələrində müəyyən olunmuş şərtlərlə müqayisədə xidmətləri natamam təqdim etdikdə və (və ya) avadanlıqları az miqdarda təmin etdikdə geri qalan hissənin təqdim olunmasını “İcraçı”dan tələb etmək, çatışmayan hissənin dəyərini ödəməkdən imtina etmək, dəyəri öncədən ödənilmiş isə, ödənişin geri qaytarılmasını “İcraçı”dan tələb etmək hüququ var. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı MMC Cavabdeh qarşı 2700 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh qeyd edilən vaxtda və razılaşdırılmış keyfiyyətdə xidmət göstərməmişdir. Buna baxmayaraq cavabdeh görülmüş işlər üçün avans məbləği tələb etmişdir. Cəmiyyət həmin məbləği cavabdehin təqdim etdiyi və öz adına olan bank kartına köçürmüşdür. Yekun olaraq müqavilənin tərkib hissəsi olan 3 saylı Əlavə ilə həmin müqaviləyə xitam edilmişdir. Nəticədə iddiaçı müəyyən olunmuş xidmətdən yararlana bilmir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-2(117)-1383/2024 nömrəli (hakim: M.Hüseynov) qətnaməsi ilə, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1350 manat borc və 23.50 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəf iddiaçının tələbi ilə bağlı etirazını məhkəməyə təqdim edərək qeyd edilən məbləğin onun tərəfindən göstərilmiş xidmətin əvəzi olaraq verildiyini bildirsə də, məhkəməyə sadəcə 1350 manat dəyərində xidmət göstərdiyini və sifarişçiyə təhvil verdiyini sübut edən xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktını təqdim etmişdir. Cavabdeh iddia tələbinin digər hissəsinə münasibətdə də X5 nəzərdə tutulmuş işləri görmüş olduğunu qeyd etsə də, məhkəməyə bu halı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448, 752 və 770, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı MMC birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq qeyd edilən vaxtda və razılaşdırılmış keyfiyyətdə xidmət göstərməmişdir. Buna baxmayaraq cavabdeh görülmüş işlər üçün avans məbləği tələb etmişdir. Cəmiyyət həmin məbləği Cavabdehin təqdim etdiyi və öz adına olan bank kartına köçürmüşdür. Lakin cavabdehin göstərdiyi xidmət və təqdim etdiyi elektron vasitələr müqavilədə nəzərdə tutulmuş keyfiyyətdə olmamışdır. Dəfələrlə nasazlıqların aradan qaldırılması məqsədiylə əlavə müddət verilmiş olsa da, cavabdeh ona verilən öhdəlikləri tam və qüsursuz olaraq təqdim etməmişdir. Yekun olaraq Müqavilənin tərkib hissəsi olan 3 saylı Əlavə ilə həmin müqaviləyə xitam edilmişdir. Nəticədə Cəmiyyət müəyyən olunmuş xidmətdən yararlana bilmir. Belə ki, X11 mübahisəyə yetərli araşdırma aparmadan baxmış, öz növbəsində heç bir yoxlama aparılmadan və əsl həqiqəti müəyyən etmədən qərar qəbul etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bu layihəyə özləri araşdıraraq onu dəvət etmişdirlər və normal bazar qiymətindən aşağı olmayan qiymətə razılaşmışdılar. Onun ilk təklif etdiyim məbləğ dərhal qəbul edilmişdir. İddiaçı onu icra edərək təvhil verdiyi iş materialları üzərində dəyişikliklər apararaq hansı işi hansı səviyyədə gördüyünü gizlətmişdi. Onun iddiaçınıın məsul şəxsləri ilə yazışmalarından açıq-aşkar görsənir ki, əlavə ödənişlər tələb edir. Belə olan halda iddiaçı ona qarşı çıxmalı və keyfiyyətsiz iş gördüyü üçün öncə əvvəlki səhvlərini düzətlməsini tələb etməli idi. Layihəyə sərf etdiyi vaxta dair sübutlar (Nicat və sifarişçi Teymurov Anar ilə yazışmaların ekran görüntüləri əlavədə pdf faylında təqdim olunmuşdur səh 1- 7) birinci instansiya məhkəməsinə təqdim edilsə də, məhkəmə yekun qərar qəbul edərkən “sübut yoxmuş kimi” hərəkət elədi. Bütün işlər məhkəməyə təqdim edilən yazışmalarda da aydın görünür ki, məhz iddiaçının öz adamı olan Məhəmmmədəli adlı şəxsin qeyri-peşəkar yanaşması ucbatından gecikmişdir. Lakin, iddiaçı ona cavabdehdən dəfələrlə çox pul ödəsə də yalnızca cavabdehi məhkəməyə vermişdi. Qarşı tərəf məhkəməyə yalan və natamam məlumatlar verib (onlar Təhvil təslim aktı barəsində susaraq bu faktı gizlətməyə çalışırlar) onda həqiqətdə olmayan təsəvvürlər yaratmış və bunların bir qismi cavabdehin təqdim etdiyi sənəd əsasında ifşa olmuşdur. Belə ki, X5 qeyd edildiyi kimi birinci həftənin təslim aktlarından birini evdən köçdüyü üçün tapa bilmədiyinə görə təəssüf ki, hörmətli Şəki Kommersiya Məhkəməsinə təqdim edə bilməmişdir. Hazırda həmin sənəd tapılmış və Hörmətli Məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi ona təslim atktında açıq surətdə işin “yüksək keyfiyyətlə icra edildiyini” görsə də, iddiaçının ümumən işin keyfiyyətsiz görülməsi ilə bağlı yanaşmasını doğru kimi qəbul etmişdi. Bundan başqa Şəki Kommersiya Məhkəməsindən xahiş etmişdir ki, iki nüsxədə tərtib edilmiş Təhvil-təslim aktını qarşı tərəfdən istəsin. Lakin, məhkəmə bu müraciətinə sadəcə əhəmiyyət vermədi və nəticə etibarı ilə işi hərtərəfli araşdırmamış oldu. Qarşı tərəf ona məhz cavabdehin səhvindən zərər dəydiyinə dair heç bir sübut irəli sürməmişdir. Əksinə işin təhvil verilən andakı vəziyyətini dəyişdirərək hazırda məhkəmədə mübahisə olunan "işin keyfiyyəti" məsələsini yoxlamaq imkanını aradan qaldırmışlar. Onların sübut kimi təqdim etdiyi sənəd yuxarıda qeyd etdiyi kimi iddiaçının özünün digər sənədi ilə ziddiyyət təşkil edir. Belə olanda halda digər sübutlara da baxılmalı və sübutların məcmusu araşdırılaraq yekun qərar çıxarılmalı idi. Onlara konkret olaraq necə, hansı şəraitdə zərər dəyib məlum deyil. Əsl zərərçəkən cavabdehdir bu işdə. Peşəkar bir şəxs 150 saat işə vaxt sərf edib və əməyinin nəticəsi ört-basdır edilərək ona heç nə ödənilmirsə bu işdə əsl zərərçəkən başqası hesab edilə bilərmi? Təəssüf ki,onlar işin təhvil verilərkən gerçək vəziyyətini göstərə bilmirlər. Yoxsa bu hərəkətlərindən sonra yəqin ki, cavabdeh onları məhkəməyə verər və haqqımız olan 16000 manat civarındakı pullarını alardılar. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəi X6 iddiaçı tərəfin apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh və digər iki şəxslə elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Onlar şirkət üçün üçün Apple və Android əməliyyat sistemlərində istifadə oluna bilən application hazırlamağı öz öhdəliklərinə götürmüşdülər. Lakin iş davam etdikcə, müxtəlif bəhanələr gətirərək müqavilədə qeyd olunan vaxtda və razılaşdığımız keyfiyyətdə xidmət göstərmədilər. Odur ki, aralarında olan müqaviləyə xitam verilmişdir. Bütöv ödəniş etməkdən ehtiyat etdiyimiz üçün müqaviləni hissə-hissə təhvil vermə və xidmət göstərmə formasında bağlamışlar. İcraçı hər xidməti təhvil verdikdə qiymət razılaşdırma protokolunda olan cədvələ uyğun xidmət haqqını ödəməyi öz öhdəmizə götürmüşdük. Lakin cavabdeh bu zaman onların məlumatsız olmağından istifadə edərək, işin asan hissələrini yerinə yetirərək təhvil vermişdir. Tərəflərə qüsurların aradan qaldırılması ilə bağlı şifahi müraciət etsələr də, rəsmi qaydada məlumat verməmişlər. Təqdim edilən ikinci təhvil-təslim aktında olan imza ona məxsus deyildir, lakin möhür İddiaçı MMC-yə məxsusdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı şirkətin direktoru X7 iddiaçı tərəfin apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-nin direktorudur. Təqdim edilən ikinci təhvil-təslim aktında olan möhür İddiaçı MMC-nin möhürünə bənzərdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndələri X8 iddiaçı tərəfin apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh özünün apellyasiya şikayətinin təmin, iddiaçı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının nümayəndəsi X3 da qeyd etdiyi kimi işi üç nəfər birgə yerinə yetirməyi öz öhdəmizə götürmüşdür. O, müqavilədə nəzərdə tutulan birinci həftənin işləri yüksək keyfiyyətlə icra edilib və sifarişçiyə təqdim olunmuşdur. İlk həftə üçün ona 2700 manat ödənilmişdir. Sifarişçi isə təhvil təslim aktları ilə, təqdim olunan işi qəbul etmişdir. Birinci instansiya məhkəməsində iş aparılarkən Bakıda kirayədə yaşadığı evi dəyişdiyi üçün birinci təhvil-təslim aktını məhkəməyə təqdim etsə də, ikincini tapa bilməmişdir. odur ki, ikinci təhvil-təslim aktını hal-hazırda təqdim edir. İkinci təhvil-təslim aktını imzalayan şəxs X6 yox, İddiaçı MMC-nin Camal və ya adını xatırlamadığı başqa bir əməkdaşı olmuşdur. Həmin təhvil-təslim aktı da İddiaçı MMC-nin öz möhürü ilə təsdiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “....Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır....”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə müqavilə üzrə yaranmış öhdəliklərin pozulması, lazımınca icra edilməməsi və öhdəliklərin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Apellyatorlardan iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Apellyatorlardan cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə, iddiaçı tərəf iddia tələbinin tam təmin edilməsini, cavabdeh tərəf isə iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin müqavilənin əsas xüsusiyyətlərindən biri də müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Beləliklə işdən görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Y/M-003 nömrəli “elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə” bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, tərəflər bu müqavilə ilə təsdiq edirlər ki, bu müqaviləyə əlavələrlə qeyd olunan xidmətlərin göstərilməsi və avadanlıqların təmin edilməsi sifarişçi tərəfindən sifariş olunur və dəyəri müvafiq olaraq ödənilir. İcraçı isə sifariş olunmuş xidmətləri göstərir və avadanlıqlarla təmin edir. Müqavilənin 1.3-cü bəndinə əsasən, müqavilə 1 il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Müqavilənin 2.1.5.-ci maddəsinə əsasən “Sifarişçi”-nin “İcraçı”, bu müqavilə və əlavələrində müəyyən olunmuş şərtlərlə müqayisədə xidmətləri natamam təqdim etdikdə və (və ya) avadanlıqları az miqdarda təmin etdikdə geri qalan hissənin təqdim olunmasını “İcraçı”dan tələb etmək, çatışmayan hissənin dəyərini ödəməkdən imtina etmək, dəyəri öncədən ödənilmiş isə, ödənişin geri qaytarılmasını “İcraçı”dan tələb etmək hüququ var. Müqavilənin 2.1.6.-cı maddəsinə əsasən, “Sifarişçi”-nin “İcraçı”, xidmətlərin və avadanlıqların qüsurları barəsində məlumatı, “İcraçı”nın təqsiri olub-olmamasından asılı olmayaraq dərhal “Sifarişçi”yə bildirməlidir. Bu halda “Sifarişçi”nin, avadanlıqların alış qiymətinin mütənasib azaldılması, qüsurların 30 (otuz) təqvim günü müddətdində əvəzsiz aradan qaldırılması və ya qüsurların aradan qaldırılması üçün Sifarişçi”nin çəkdiyi xərclərin əvəzinin ödənilməsini “İcraçı”dan tələb etmək hüququ var. İşdən daha sonra müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli qiymət razılaşdırma protokolunun 1-ci bəndinə görə, icraçı sifarişçinin tələbinə əsasən Apple və Android əməliyyat sistemlərində istifadə oluna bilən, həm driver həm də sifariş üçün ayrıca application və həmçinin WEB sayt üçün interfeys dizaynlar hazırlamağı öhdəsinə götürmüşdür. Həmin razılaşmanın 4-cü bəndinə əsasən, hər xidmətin təhvil verilməsi fərdi şəkildə təhvil-təslim aktına əsasən yerinə yetirilir. Göründüyü kimi, tərəflər arasında elektron xidmətlərin göstərilməsi və ilə bağlı müqavilə bağlanaraq icraçı sifarişçinin tələbinə əsasən Apple və Android əməliyyat sistemlərində istifadə oluna bilən, həm driver həm də sifariş üçün ayrıca application və həmçinin WEB sayt üçün interfeys dizaynlar hazırlamağı öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdırıb və yuxarıda göstərilən qanunvericilik normalarının məna və mahiyyətini nəzərə alıb hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 1350 manat, xx.xx.2024-cü il tarixində 1350 manat olmaqla köçürmə etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktından görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq icraçı tərəfindən 1350 manat məbləğində xidmət göstərilmiş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhviltəslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü və nümayəndəsi Anar Teymurovun imzası ilə təsdiqlənmişdir. Daha sonra, məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktı da məhkəməyə təqdim edilmişdir. Həmin aktdan isə görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq icraçı tərəfindən 1350 manat məbləğində xidmət göstərilmiş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir. Göründüyü kimi, “İcraçı” müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh bildirmişdir ki, iddiaçının nümayəndəsi X3 da qeyd etdiyi kimi işi üç nəfər birgə yerinə yetirməyi öz öhdəmizə götürmüşdür. O, müqavilədə nəzərdə tutulan birinci həftənin işləri yüksək keyfiyyətlə icra edilib və sifarişçiyə təqdim olunmuşdur. İlk həftə üçün ona 2700 manat ödənilmişdir. Sifarişçi isə təhvil təslim aktları ilə, təqdim olunan işi qəbul etmişdir. Birinci instansiya məhkəməsində iş aparılarkən Bakıda kirayədə yaşadığı evi dəyişdiyi üçün birinci təhvil-təslim aktını məhkəməyə təqdim etsə də, ikincini tapa bilməmişdir. İkinci təhvil-təslim aktını imzalayan şəxs X6 yox, İddiaçı MMC-nin Camal və ya adını xatırlamadığı başqa bir əməkdaşı olmuşdur. Həmin təhvil-təslim aktı da İddiaçı MMC-nin öz möhürü ilə təsdiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 isə bildirmişdir ki, Cavabdeh və digər iki şəxslə elektron xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Onlar şirkət üçün üçün Apple və Android əməliyyat sistemlərində istifadə oluna bilən application hazırlamağı öz öhdəliklərinə götürmüşdülər. Lakin iş davam etdikcə, müxtəlif bəhanələr gətirərək müqavilədə qeyd olunan vaxtda və razılaşdığımız keyfiyyətdə xidmət göstərmədilər. Odur ki, aralarında olan müqaviləyə xitam verilmişdir. Bütöv ödəniş etməkdən ehtiyat etdiyimiz üçün müqaviləni hissə-hissə təhvil vermə və xidmət göstərmə formasında bağlamışlar. İcraçı hər xidməti təhvil verdikdə qiymət razılaşdırma protokolunda olan cədvələ uyğun xidmət haqqını ödəməyi öz öhdəmizə götürmüşdük. Lakin cavabdeh bu zaman onların məlumatsız olmağından istifadə edərək, işin asan hissələrini yerinə yetirərək təhvil vermişdir. Tərəflərə qüsurların aradan qaldırılması ilə bağlı şifahi müraciət etsələr də, rəsmi qaydada məlumat verməmişlər. Təqdim edilən ikinci təhvil-təslim aktında olan imza ona məxsus deyldir, lakin möhür İddiaçı MMC-yə məxsusdur. Məhkəmə kollegiyasının iclasında iddiaçı şirkətin direktoru X7 isə bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdən İddiaçı MMC-nin direktorudur. Təqdim edilən ikinci təhvil-təslim aktında möhür İddiaçı MMC-nin möhürünə bənzərdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin aktı imzalamaması ilə bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktı İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir. Bu halı iddiaçının nümayəndəsi X6 da məhkəmə kollegiyasının iclasında verdiyi izahatında təsdiq etmişdir. Doğrudur məhkəmə kollegiyasının iclasında həm cavabdeh tərəf həm də iddiaçı tərəf xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktının X6 imzalamadığını bildirmişdir. Cavabdeh tərəf isə həmin aktın İddiaçı MMC-nin digər bir əməkdaşı imzalayaraq möhürlədiyini qeyd etmişdir. Kollegiya bildirir ki, xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktı X6 tərəfindən imzalanmasa da həmin akt faktiki olaraq İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir və bu halı iddiaçı tərəfin nümayəndəsi özü də məhkəmə kollegiyasının iclasında verdiyi izahatında təsdiq etmişdir. Kollegiya xüsusilə qeyd edir ki, əgər bir şirkətin möhürü onun hansısa əməkdaşına etibar edilib verilmişdirsə qəbul edilir ki, şirkət özü həmin əməkdaşa imzalamaq və möhür vurmaq üçün səlahiyyət vermişdir. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən bu hal üçüncü şəxslərin ziyanına şərh edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2024-cü il tarixli 2 nömrəli akt ilə görülməli işin ikinci hissəsi də iddiaçı şirkət tərəfindən təhvil alınmışdır. Odur ki, birinci instansiya məhkəməsi 1350 manat pulu cavabdeh tərəfdən tutmaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası iddiaçı tərəfin işlərin qüsurlu olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, podratçının gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında ümumiyyətlə defekt (qüsur) aktı tərtib edilməmişdir. Belə ki, bu halı sübutetmə vəzifəsi sifarişçinin üzərinə düşməsinə baxmayaraq “Podratçı”nın gördüyü işlərdə qüsurların aşkar edilməsi ilə bağlı tərəflər arasında “Defekt aktı”nın tərtib edilməsi, imzalanması, qüsurların (əgər var idisə) aradan qaldırılmasının “Podratçı”dan rəsmi qaydada tələb olunması işdə olan sənədlərlə təsdiq olunmur. İşdən görünür ki, iddiaçı tərəf iddia etdiyi qüsurların aradan qaldırılmasını cavabdehdən rəsmi qaydada da tələb etməmişdir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər ( Mülki Məcəllə 763.1 və 764.1). Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında iddiaçının istinad etdiyi qüsurlarla bağlı əlavə icra müddəti də müəyyən edilməmiş və cavabdehə qüsurları aradan qaldırmaq üçün vaxt verilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, yalnız iddiaçı tərəfin şifahi izahatı əsasında cavabdehı işin qüsurları barədə məlumat verilməsi və qüsurların aradan qaldırılması üçün əlavə icra müddətinin müəyyən edilməsi ilə bağlı iddiaçının qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçı tərəf apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iddiaçı tərəf işin görülməsini və ya qüsurların aradan qaldırılmasını tələb etmək əvəzinə tərəflər arasında bağlanmış müqaviləni ləğv etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin apellyasiya şikayətinin iddia tələbinin tam təmin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətlərin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, iddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 2 ədəd qəbzdən görünür ki, cavabdehin bank hesabına xx.xx.2024-cü il tarixində 1350 manat, xx.xx.2024-cü il tarixində 1350 manat olmaqla avans köçürmələri etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 1 nömrəli təhvil-təslim aktından isə görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq icraçı tərəfindən 1350 manat məbləğində xidmət göstərilmiş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü və nümayəndəsi Anar Teymurovun imzası ilə təsdiqlənmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2 nömrəli təhvil-təslim aktından isə görünür ki, tərəflər arasında bağlanmış 30 iyul 2024-cü il tarixli Y/M saylı elektron xidmətlərin göstərilməsi haqqında müqaviləyə uyğun olaraq icraçı tərəfindən 1350 manat məbləğində xidmət göstərilmiş və sifarişçiyə təhvil verilmişdir. Həmin təhvil-təslim aktı Cavabdeh imzası, İddiaçı MMC-nin möhürü ilə təsdiqlənmişdir. Kollegiya hesab edir ki, xidmət göstərildiyi və sifarişçiyə təhvil verildiyi üçün iddia tələbi təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəf olan “Sifarişçi” aktı imzalamaqla həmin işləri qəbul etmişdir. Belə olan halda, görülmüş işlərə və qəbul edilmiş xidmətlərə görə yenidən “İcraçı”-dan ödənilmiş pulun tələb edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edərək cavabdeh tərəfdən pulu tutularaq iddiaçıya verməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, iddiaçı tərəfin apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorların ödədikləri dövlət rüsumu özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2-2(117)-1383/2024 nömrəli qətnaməsi qismən yəni, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh qarşı “2700 manat pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar