Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-154/2025 03.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin pozulması) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Şəki Kommersiya Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-375/2025 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları İddiaçı (subpodratçı) İddiaçı ilə cavabdeh (podratçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli Rİ/SM-03-2021 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən subpodratçı, sifarişçi və podratçının təsdiq etdiyi layihəyə uyğun olaraq Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin görülməsi layihəsi çərçivəsində tikinti işlərinin bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən yekun məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də müəyyən edildiyi kimi ƏDV daxil 1037246,94 manat təşkil edir. Həmin müqavilə subpodratçı İddiaçı və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. xx.xx.2021-ci il tarixli Rİ/SM-03-2021 nömrəli subpodrat müqaviləsinə 1 saylı əlavə olaraq bağlanmış xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, İddiaçı və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aralarında bağlanan müqavilə üzrə ümumi görüləcək işlərin adı, siyahısı və qiymətləri müəyyən edilmiş və həmin işlərin ümumi dəyəri 1037246,94 manat təşkil etmişdir. Həmin əlavə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. 2022-ci ilin fevral ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda ümumi 429257,78 manat məbləğində işin görüldüyü, 2022-ci ilin mart ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda ümumi 283200 manat məbləğində işin görüldüyü, 2021-ci ilin dekabr ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda ümumi 283200 manat məbləğində işin görüldüyü 354000 manat işin görüldüyü öz əksini tapmışdır. Həmin arayışlar tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. 2022-ci ilin fevral ayını, 2022-ci ilin mart ayını və 2021-ci ilin dekabr ayını əks etdirən Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərənin sel sularından mühafizə tədbirləri üzrə subpodratçı tərəfindən görülən işləri əks etdirən cədvəldə işlərin adı, siyahısı və yekun qiymətləri öz əksini tapmışdır. Həmin cədvəllər də tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. Subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan aralarında bağlanan müqavilə üzrə elektron qaimələr təqdim edilmişdir. 976612 nömrəli xx.xx.2022- ci il tarixli elektron qaimədə 35400 manat, 927604 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədə 177000 manat, 024198 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə isə 59000 manat məbləğində borc öz əksini tapmış və həmin qaimələr podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Elektron qaimələr üzrə çıxarışlardan görünür ki, subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan aralarında bağlanmış müqavilə üzrə 024198 nömrəli xx.xx.2022-ci il tarixli elekton qaimə üzrə 59000 manat və 976612 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 35400 manat məbləği əks etdirən qaimə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənmişdir. xx.xx.2022-ci il tarixli 792542 nömrəli 49428,89 manat borcu əks etdirən elektron qaimə isə xx.xx.2022-ci il tarixdə subpodratçı şirkət İddiaçı rəhbəri Faraqat Miriyev tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Faraqat Miriyev tərəfindən elektron qaimənin ləğvi tələb edilmiş və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Emin Nərimanov tərəfindən həmin ləğv qəbul edilərək elektron qaimə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49428.89 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 239 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Real-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə Rİ/SM-03-2021 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC tərəfindən işlər icra edilmişdir. Görülmüş işlərə görə "Real-İnşaat” MMC tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qaimə üzrə 177000 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 35400 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 59000 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 49428.89 manat, cəmi 320828.89 manat ödəniş edilməli olduğu halda Lakin "Real-İnşaat” MMC tərəfindən şirkətin hesablaşma hesabına xx.xx.2022-ci il tarixli qaimə üzrə 177000 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 35400 manat, xx.xx.2022-ci il tarixli qaimə üzrə 59000 manat,cəmi 271400 manat ödəniş edilməklə 49428.89 manat borc qalmışdır. Diqqətinizə çatdırırıq ki, "xxxx" MMC-nin rəhbərliyi tərəfindən belə bir ləğv tələb edilməmişdir. Tərəfimizdən pretenziya qaydasında "Real-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətindən 5 iş günü ərzində "xxxx" MMC-yə olan 49428.89 manat borcun ödənilməsini təmin etmələrini xahiş etmişdik. Lakin cavabdeh tərəfindən pretenziyaya cavab verilməmişdir. Bu səbəbdən də hazırki tələb üzrə məhkəməyə müraciət edilməsi zəruriyyəti yaranmışdır. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddiaçının iddiasını əsasız və əsası olmayan iddia kimi qəbul edir. Həmçinin məhkəmənin vaxtını alan iddia kimi qəbul edir. Bunun da bariz nümunəsi odur ki, bu işlə bağlı bu günə kimi keçirilən prosseslərdə iddiaçı tərəf iştirak etməmiş və iddiasının əsasını təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Sadəcə iddiaçı tərəf yazılı vəsatət vermişdir. Həttda keçən dəfə işin obyektiv araşdırılması üçün ekspertizanın keçirilməsi üçün vəsatətlə məhkəməyə müraciət ediblər. İddiaçı tərəf məhkəməyə müraciət edərək ekspertiza keçirilən zaman onlarında iştirakını təmin etmələrini məhkəmədən xahiş etmişdir. Məhkəmə hər iki tərəfin iştirakını təmin etmək üçün bildiriş göndərmiş, lakin iddiaçı tərəf iştirak etməmişdir. Qarşı tərəfin iş görmədiyini demirlər, lakin qarşı tərəf iddia etdiyi məbləğdə iş görməmişdir. Qarşı tərəflə cavabdeh arasına 2021- ci il tarixində subpodrat müqaviləsi bağlanmış və forma iki təsdiq olunmuşdur.Yəni görülmüş işlərin aktını təsdiq edən forma iki. Qarşı tərəf iddia edir ki, guya 177000 manat məbləğində mürəkkəb iş görmüşdür. Buna görə də məhkəmədən ekspertizanın keçirilməsini istəyiblər ki, həqiqətlər üzə çıxsın. Qarşı tərəf elektron qaimə göndərmiş, sonra isə müraciət edərək elektron qaimənin ləğv edilməsini istəmiş və bunula da sübut etmişdir ki, onların cavabdeh tərəfdən alacağı yoxdur. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis texniki və əmtəəşünaslıq ekspetizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd olunmuşdur ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün təqdiqat obyektinə xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış nəticəsində Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərə ərazisində tikinti-quraşdırma işlərinin aparıldığı, aparılmış tikinti-quraşdırma işlərinin üzərinin torpaq təbəqə ilə örtüldüyü müəyyən edilmişdir. Bu səbəbdən aparılmış tikintiquraşdırma işlərinin layihəyə uyğun aparılıb-aparılmadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizasının aparılmasından imtina edilmişdir. Şəki Kommersiya Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-375/2025 nömrəli qətnaməsi (hakim: E.Hüseynova) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ilk iddiaya münasibətdə ondan ibarət olmuşdur ki, iş materiallarında olan elektron qaimələr üzrə çıxarışlara əsasən subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə üzrə ünvanlanmış 024198 nömrəli xx.xx.2022-ci il tarixli elekton qaimə üzrə 59000 manat və 976612 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 35400 manat məbləği əks etdirən qaimə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənmiş və həmin borclar da cavabdeh tərəfindən ödənilmişdir. Subpodratçı şirkətin rəhbəri Faraqat Miriyev tərəfindən 49428,89 manat borcu əks etdirən xx.xx.2022-ci il tarixli 792542 nömrəli elektron qaimə isə xx.xx.2022-ci il tarixdə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə Faraqat Miriyev tərəfindən ləğvi tələb edilmiş və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Emin Nərimanov tərəfindən həmin ləğv qəbul edilərək elektron qaimə ləğv edilmişdir. Göründüyü kimi hazırki iddia tələbini əks etdirən 49428,89 manat pulun tələb edilməsi ilə bağlı elektron qaimə iddiaçı şirkətin rəhbəri tərəfindən ləğv edilmişdir. Nəticədə İddiaçı ləğv edilmiş elektron qaimə üzrə borcu tələb etməkdə haqlı olmamışdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385, 386, 427, 442, 445, 448, 752, 759, 760, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2 fevral 2021-ci il taixli, 26 nömrəli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Dirçəliş-FM" MMC ilə "Real- İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixdə Rİ/SM-03-2021 nömrəli Subpodrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC tərəfindən işlər icra edilmişdir. Lakin məhkəmə bir əsasla iddianın təmin etməmişdir. Belə ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli 792542 nömrəli, 49428,89 manat borcu əks etdirən elektron qaimə isə xx.xx.2022-ci il tarixdə subpodratçı şirkət İddiaçı rəhbəri Faraqat Miriyev tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Faraqat Miriyev tərəfindən elektron qaimənin ləğvi tələb edilmiş və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Emin Nərimanov tərəfindən həmin ləğv qəbul edilərək elektron qaimə ləğv edilmişdir. Bununla əlaqədar bildirir ki, iddiaçının müqavilə şərtlərinə uyğun icra edilmiş işə görə alacağı vəsaiti cavabdehdən (sifarişçi) tələb etmək onun hüququdur. Bu hüquq iddiaçıdan alına bilməz. Daha sonra qeyd edir ki, Qaimə sifarişçi tərəfdən ləğv edilə bilməz. Bu səlahiyyət yalnız icraçıya (iddiaçıya) məxsusdur. Qaiməni vuran tərəf bu qaiməni ləğv edə bilər. Sifarişçinin təsdiqi deyilən anlayış da yoxdur. Həmçinin “Dirçəliş-FM" MMC hər hansı bir qaiməni ləğv etməmişdir. Elektron sistemdə texniki anlaşılmazlıq olmuşdur. Bununla bağlı vergi orqanı ilə bir sıra yazışmalar etmişdir. Cavabdeh "Real-İnşaat” MMC iddiaçı tərəfindən görülmüş işləri rəsmi imza və möhürü ilə təsdiq etmişdir. Tərəflər arasında iddia tələbindən imtina barəsində hər hansı bir müqavilə və ya bir akt tərtib edilib imzalanmamışdır. Cavabdeh "Real-İnşaat” MMC işi təhvil almış, imza möhürlə təsdiq edib lakin işlərin tam görülmədiyini iddia edərək ekspertiza təyin edilməsini xahiş edir. İş materiallarında işlərin təhvil verilməsini təsdiq edən rəsmi sənədlər olmasına rəğmən məhkəmə ekspertiza təyin edir. Ekspert əlaqə saxlayanda “Dirçəliş-FM" MMC-nin rəhbərini məlumatlandırır. Direktor bildirdi ki, işlər yerin 10 metr dərinliyində görülüb. Ekspert ora necə baxacaq? Ona verdiyi foto şəkilləri sistemə yükləməklə eksperti məlumatlandırıb və ekspert imtina verir. Məhkəmə cavabdehin xeyrinə ekspert rəyi əldə edə bilmədiyindən vergi hesablanmasına əsas olan qaimənin texniki ləğvinə istinad etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, işlərin təhvil alınması ilə əlaqədar sənəd imzalansada faktiki olaraq həmin dəyərdə iş görülməmişdir. 177000 manat pul avans kimi ödənilmişdir. İddiaçı tərəfindən görülmüş işlərin dəyəri ona tam ödənilmişdir. Yalnız, 49428.89 manat pul ödənilməmişdir. Həmin işlər isə görülməmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəf qaimənin ləğvi ilə əlaqədar özü bildiriş göndərmiş, cavabdeh tərəf isə qeyd edilən səbəbdən qaiməni ləğv etmişdir. Qarşı tərəf anladıki borcu yoxdur. Ona görədə qaimənin ləğvini istəmişdir. Yeni qanimə isə sübut kimi qəbul edilə bilməz. Çünki, məhkəmələrin gedişatında verilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin baş mühasibi X2 izahat verərək bildirdi ki, Vergilər Nazirliyinə məxsus elektron sistemdə elektron qaimə-faktura göndərildikdən (və alan tərəfindən qəbul edildikdən sonra) qaimə-fakturanı göndərən tərəf onun ləğv edilməsi barədə alan tərəfə bildiriş göndərə bilər. Qarşı tərəfdə bildirişi aldıqdan sonra qaimə-fakturanı ləğv edə bilər. Elektron sistemdə belə bir imkan vardır. Əlavə olaraq qeyd edir ki, əgər pul avans şəklində verilirsə qaimə-fakturada pulun avans kimi verilməsi qeyd edilməlidir, əgər belə bir qeyd yoxdursa onda hesab edilir ki, həmin pul görülmüş işlərin əvəzi olaraq verilmişdir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2. Əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 754.1. Əgər podratçı təqribi smetadan əhəmiyyətli dərəcədə kənara çıxarsa, yalnız razılaşdırılmış muzdun verilməsini tələb edə bilər, amma artıq xərci qabaqcadan nəzərdə tutmağın mümkün olmadığı hallar istisna təşkil edir. 754.2. Müqavilə bağlanarkən nəzərdə tutulması mümkün olmayan təqribi smetadan bu cür kənaraçıxma barəsində podratçı ləngimədən sifarişçiyə məlumat verməlidir. Əgər sifarişçi smetadan kənaraçıxma nəticəsində müqaviləyə xitam verərsə, icra olunmuş işi təqribi smeta üzrə ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 760.2. Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Vergilər Məcəlləsi 163.1. Bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: 163.1.1. əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; 163.1.2. əməliyyatın xarakteri dəyişdikdə; 163.1.3. qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud 163.1.4. vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.
“Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 2.2. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir: 2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən; 2.11. Malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda vergi ödəyicisi tərəfindən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman malların (işlərin, xidmətlərin) miqdarında dəyişiklik (artım və ya azalma) edilmir, yalnız malların (işlərin, xidmətlərin) qiymətində dəyişiklik (artım və ya azalma) olunur. Təqdim edilmiş elektron qaimə-fakturada göstərilən malların (işlərin, xidmətlərin) qiymətində artım və ya azalma baş verdikdə, bu zaman qiyməti artırılan və ya azaldılan mallara (işlərə, xidmətlərə) münasibətdə ayrıca elektron qaimə-fakturalar tərtib edilir. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.4. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5. Bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.8. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir 3.9. Elektron qaimə-fakturanın (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. 3.10. Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturaya münasibətdə ləğv edilməsi təsdiq edildikdən) sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tam olaraq düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilərək qətnamə qismən ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə podrat müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədardır. Belə ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49428.89 manat müqavilə üzrə ödənişlər, 320 manat vəkilə ödənilən xidmət haqqı, 239 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişlər. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsinin əsaslandırması ondan ibarət olmuşdur ki, “....iş materiallarında olan elektron qaimələr üzrə çıxarışlara əsasən subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müqavilə üzrə ünvanlanmış 024198 nömrəli xx.xx.2022-ci il tarixli elekton qaimə üzrə 59000 manat və 976612 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 35400 manat məbləği əks etdirən qaimə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənmiş və həmin borclar da cavabdeh tərəfindən ödənilmişdir. Subpodratçı şirkətin rəhbəri Faraqat Miriyev tərəfindən 49428,89 manat borcu əks etdirən xx.xx.2022-ci il tarixli 792542 nömrəli elektron qaimə isə xx.xx.2022-ci il tarixdə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə Faraqat Miriyev tərəfindən ləğvi tələb edilmiş və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Emin Nərimanov tərəfindən həmin ləğv qəbul edilərək elektron qaimə ləğv edilmişdir. Göründüyü kimi hazırki iddia tələbini əks etdirən 49428,89 manat pulun tələb edilməsi ilə bağlı elektron qaimə iddiaçı şirkətin rəhbəri tərəfindən ləğv edilmişdir. Nəticədə İddiaçı ləğv edilmiş elektron qaimə üzrə borcu tələb etməkdə haqlı olmamışdır”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Kollegiya şikayətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün mülki qanunvericiliyin podrat müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının əsaslarını müəyyən edən bəzi normalarının nəzərdən keçirilməsini zəruri hesab edir. Belə ki, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun (Mülki Məcəllənin 752.1 və 762.1). Bu müqavilənin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Podrat müqaviləsini xidmətlərin göstərilməsi haqqında müqavilələrdən fərqləndirən başlıca meyar təqdim edilən nəticə ilə bağlıdır və podrat müqaviləsi üzrə sifarişçiyə mütləq qaydada görülən işin nəticəsi təqdim edilməlidir. Bu nəticə adətən maddi xarakterli olur və istənilən əşyanın hazırlanması və ya emalı, yaxud təmir edilməsi və ya əşya üzərində hər hansı digər əməyin görülməsini nəzərdə tutur. Bununla belə podrat müqaviləsinin nəticəsini yalnız maddi obyektlərlə əlaqələndirmək də yanlış olar. Belə ki, bəzən elə hallara rast gəlinir ki, podratın nəticəsi maddi bir obyekt olmasa da, görülən işin maddi şəkildə nəticəsi olur (məsələn, layihələndirmə xidmətləri üzrə layihənin hazırlanması, proqram təminatının yazılması və s.). Bundan başqa, Mülki Məcəllənin 755-ci maddəsində müəyyən edilən istisnalar nəzərə alınmaqla podratçı işlərin görülməsi üçün üçüncü şəxsləri (subpodratçıları) cəlb edə bilər. Bu halda podratçı ilə işlərin görülməsi üçün cəlb edilmiş üçüncü şəxslər arasında subpodrat müqaviləsi bağlanır. Subpodrat müqaviləsi baş podratçının müqavilə ilə öhdəsinə götürdüyü işin müəyyən bir hissəsini başqa bir tərəfə - subpodratçıya yerinə yetirməyi həvalə etdiyi hüquqi razılaşmadır. Subpodratçı yalnız ona həvalə edilən işin yerinə yetirilməsinə cavabdehdir. Subpodratçının gördüyü işlərə görə sifarişçi qarşısında baş podratçı məsuliyyət daşıyır. Hər iki müqavilə (podrat və subpodrat müqaviləsi) əlaqəli olsa da, onlar bir-birindən ayrı və müstəqil müqavilə hesab olunurlar. Bu baxımdan müqavilədə başqa hal nəzərdə tutulmayıbsa əsas sifarişçi və subpodratçı bağladıqları müqavilələr üzrə bir-birinə qarşı tələb irəli sürə bilməzlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (subpodratçı) İddiaçı ilə cavabdeh (podratçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli Rİ/SM-03-2021 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, subpodratçı, sifarişçi və podratçının təsdiq etdiyi layihəyə uyğun olaraq Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərənin sel sularından mühafizə tədbirlərinin görülməsi layihəsi çərçivəsində tikinti işlərinin bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən iş həcmlərinə və vahid qiymətlərə uyğun yerinə yetirməyi, başa çatdırmağı və podratçı ilə birlikdə sifarişçiyə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, yekun məbləği bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də müəyyən edildiyi kimi ƏDV daxil 1037246,94 manat təşkil edir. Həmin müqavilə subpodratçı İddiaçı və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddia tələbini rədd edən zaman birinci instansiya məhkəməsinin yeganə əsaslandırması ondan ibarət olmuşdur ki, subpodratçı İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə Faraqat Miriyev tərəfindən ləğvi tələb edilmiş və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Emin Nərimanov tərəfindən həmin ləğv qəbul edilərək elektron qaimə ləğv edilmişdir. Məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli elektron qaimə-fakturanın ləğv edilməsi ilə bağlı qeyd edir ki, doğrudanda iş materiallarından iddiaçı tərəfindən həmin qaimənin ləğv edilməsi ilə bağlı cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilməsi müəyyən edilmişdir. Apellyasiya şikayətindən müəyyən edilir ki, iddiaçı qəti şəkildə həmin bildirişin onlar tərəfindən göndərilmədiyini, sistemdə yanlışlıq olduğu bildirir. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı məhkəmə kollegiyasının iclasına Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin mütəxəssisi dəvət edilmişdir. Məhkəmə icclasında mütəxəssis qismində dindirilmiş X2 izahat verərək bildirmişdir ki, Vergilər Nazirliyinə məxsus elektron sistemdə elektron qaimə-faktura göndərildikdən (və alan tərəfindən qəbul edildikdən sonra) qaimə-fakturanı göndərən tərəf onun ləğv edilməsi barədə alan tərəfə bildiriş göndərə bilər. Qarşı tərəfdə bildirişi aldıqdan sonra qaimə-fakturanı ləğv edə bilər. Elektron sistemdə belə bir imkan vardır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəf elektron sistemdə elektron qaimə-faktura göndərildikdən sonra, sistemdə göndərən tərəfə onun ləğvi ilə bağlı bildiriş göndərmə imkanının tanınmamasını qeyd etsədə məhkəmə iclasında dindirilmiş mütəxəssis bunun mümkün olmasını bildirmişdir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh tərəf iddiaçının səhvini başa düşdüyünü və bu səbəbdən elektron qaimə fakturanın ləğvini istədiyini bildirsədə tərəf bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Kollegiya hesab edir ki, subpodratçı tərəfindən elektron qaimə-fakturanın verilibverilməməsindən və ya onun ləğv edilib-edilməməsindən asılı olmayaraq, tələb edildiyi halda görülmüş işlərin dəyəri cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Göründüyü kimi elektron qaimə-fakturalar öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmədiyindən digər sübutlarla əlaqəli şəkildə qiymətlənidirilməlidir. Hazırki işdən isə görünür ki, subpodratçı İddiaçı tərəfindən ümumi dəyəri 320828.89 manat olan görülmüş işlər cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, hazırki halda cavabdehin iddiaçı tərəfindən görülmüş işlərin nəticələrindən bəhrələnməsi və onun tərəfindən iddiaçının yerinə yetirdiyi işlərin əvəzinin ödənilməməsi, cavabdehin əsassız olaraq haqsız qazanc əldə etməsinə gətirib çıxara bilər. Belə ki, iddiaçı (subpodratçı) İddiaçı ilə cavabdeh (podratçı) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixli Rİ/SM-03-2021 nömrəli subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, faktiki görülmüş işlərin aktları (Forma-2, Forma-3) və digər sənədlər əsasında ödəniləcəkdir. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən, podratçı bu müqavilə üzrə şərtləşdirilmiş qaydada işləri həhvil alır və dəyərini ödəyir. xx.xx.2021-ci il tarixli Rİ/SM-03-2021 nömrəli subpodrat müqaviləsinə 1 saylı əlavə olaraq bağlanmış xx.xx.2021-ci il tarixli əlavədən görünür ki, İddiaçı və podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aralarında bağlanan müqavilə üzrə ümumi görüləcək işlərin adı, siyahısı və qiymətləri müəyyən edilmiş və həmin işlərin ümumi dəyəri 1037246,94 manat təşkil etmişdir. Həmin əlavə tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. Kollegiya qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Kollegiya daha sonra qeyd edir ki, 2022-ci ilin fevral ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda ümumi 429257,78 manat məbləğində işin görüldüyü, 2022-ci ilin mart ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda ümumi 283200 manat məbləğində işin görüldüyü, 2021-ci ilin dekabr ayını əks etdirən “yerinə yetirilən işlər və xərclər haqqında” arayışda işin görüldüyü öz əksini tapmışdır. Həmin arayışlar tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. 2022-ci ilin fevral ayını, 2022-ci ilin mart ayını və 2021-ci ilin dekabr ayını əks etdirən Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərənin sel sularından mühafizə tədbirləri üzrə subpodratçı tərəfindən görülən işləri əks etdirən cədvəldə işlərin adı, siyahısı və yekun qiymətləri öz əksini tapmışdır. Həmin cədvəllər də tərəflərin imza və möhürləri ilə təsdiq edilməklə imzalanmışdır. Həmin cədvəllərdən görünür ki, subpodratçı İddiaçı tərəfindən görülmüş ümumi dəyəri 320828.89 manat olan işlər podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təhvil alınmışdır (iş v. 17-20). Məhkəmə kollegiyası işlərin qəbul edilməsi ilə bağlı qeyd edir ki, podrat münasibətlərində vacib məsələlərdən birini sifarişçinin yerinə yetirilmiş işin qəbul edilməsi təşkil edir. İşin qəbul edilməsi dedikdə, onun faktiki sahiblik və istifadəyə qəbul edilməsi, bu zaman işlərin müqavilənin şərtlərinə, şərtləndirildiyi halda keyfiyyətə, şərtləndirilmədiyi halda istifadəyə yararlığa uyğun olub-olmamasının yoxlanılması başa düşülür. Tərəflərin razılaşması ilə işlərin qəbulu müəyyən formada (yazılı akt, forma 2 arayışı və s.) və ya faktiki hərəkətlərlə həyata keçirilə bilər. Eyni zamanda, yerinə yetirilmiş işin qəbul edilməsi sifarişçinin hüququ deyil, vəzifəsidir. Belə ki, Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilmədirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Sonuncu ilə bağlı nəzərə alınmalıdır ki, yerinə yetirilmiş, lakin sifarişçi tərəfindən qəbul edilməmiş istənilən iş deyil, yalnız podratçının müəyyənləşdirdiyi müddətdə qəbul edilməyən iş qəbul edilmiş hesab edilə bilər. Ona görə də, mübahisə bu məsələ ilə bağlı olduqda podratçı sübut etməlidir ki, işin qəbul edilməsi ilə bağlı müddət müəyyən edərək bu barədə sifarişçiyə məlumat vermişdir. Podrat münasibətlərində yerinə yetirilmiş işin qəbul edilməsinin və ya qəbul edilmiş hesab edilməsinin vacib əhəmiyyət daşıması ondan irəli gəlir ki, həmin halın baş verməsi bir neçə hüquqi nəticəyə səbəb olur. Belə ki, işi qəbul etdikdə sifarişçi muzd ödəməlidir (müqavilədə hissə-hissə və ya əvvəlcədən ödəmə nəzərdə tutulmamışdırsa). Bundan başqa, hazırki işdən görünür ki, sifarişçi və ya podratçı subpodratçıya qarşı işin qüsurları ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Əksinə iş materiallarına əlavə edilmiş Forma 2-dən görünür ki, podratçı 2022-ci ilin mart ayına ümumilikdə 320828.89 manatlıq görülmüş işi qəbul etmiş və həmin sənədi imza və möhür ilə təsdiq etmişdir (iş v. 17-20). Kollegiya bir məqamıda qeyd edir ki, cavabdeh tərəf işlərin təhvil verilməsi sənədlərində olan imzanın və möhürün ona məxsus olmamasını heç vaxt mübahisələndirməmiş və imza və möhür etibarsız hesab edilməmişdir. Bundan əlavə, kollegiya qeyd edir ki, hüquqi şəxs mülki dövriyyənin daha mütəşəkkil subyektidir. Onun işçi işə qəbul etmək, icra və nəzarət orqanları yaratmaq, hüquq münasibətlərinə rəsmi forma verən möhür və rekvizitlərə malik olmaq imkanları var. Reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək səlahiyyətinə malik olan şəxs olur. Birinci instansiya məhkəməsi isə üzləşmə aktının cavabdehin qanuni təmsilçisi tərəfindən imzalanması və hüquqi şəxsin möhürü ilə təsdiq edilməsi, habelə cavabdeh tərəfindən həmin imza və möhürün mübahisələndirilməməsi ilə bağlı hallar üzrə hüquqi dəyərləndirmə aparmamışdır. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında imzanın və möhürün onlar tərəfindən edildiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırda işlərin təhvil verilməsinə dair aktın həqiqiliyi ilə bağlı hər hansı mübahisə mövcud deyildir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, 2022-ci ilin mart ayıda daxil olmaqla yerinə yetirilmiş işlərin cədvəlindən (sonuncu Forma-2) görünür ki, həmin vaxta qədər yerinə yetirilmiş işlərin ümumi dəyəri 320828.89 manat təşkil etmişdir (iş v. 17-20). Məhkəmə kollegiyası muzdun miqdarı və ödənilməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 753.1-ci maddəsində podrat müqaviləsi üzrə ödənilməli olan muzdun miqdarı ilə bağlı iki hal müəyyən edilmişdir. Birinci hal – podrat müqaviləsində muzdun miqdarı şərtləndirilmişdir, ikinci hal – muzdun miqdarı müəyyənləşdirilməmişdir. Muzdun miqdarı şərtləndirildiyi halda sifarişçi podratçıya şərtləndirilmiş muzd ödəməyə borcludur və həmin muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Bununla bağlı mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5-ci maddələri). Mülki dövriyyənin iştirakçıları azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə şərtlərini, o cümlədən müqavilənin icrası ilə bağlı qiyməti müəyyənləşdirə bilərlər (Mülki Məcəllənin 390.1, 390.5, 398.1-ci maddələri). Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Bu baxımdan, podrat müqaviləsində muzdun miqdarı şərtləndirildiyi hallarda, məhkəmə tərəfindən yerinə yetirilmiş podrat işlərinin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı araşdırmanın aparılması, yəni tərəflərə sübutların təqdim edilməsinin təklif edilməsi, ekspertizanın təyin edilməsi və belə sübutların tədqiq edilməsi tələb olunmur. Kollegiya yerinə yetirilmiş iş üçün muzdun ödənilməsi ilə bağlı qeyd edilir ki, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir (maddə 769). Bununla yanaşı, tərəflərin razılaşması ilə muzdun bir hissəsinin və ya tam şəkildə əvvəlcədən ödənilməsi də razılaşdırıla bilər. Muzd əvvəlcədən ödənildikdən sonra sifarişçinin göstərişlərinə əsasən yerinə yetirilməli olan işlərin həcminin dəyişməsi və ya digər səbəblərə görə muzdun məbləği azaldıqda və yaxud işlər tam yerinə yetirilənədək müqavilə ləğv edildikdə nəzərə alınmalıdır ki, Mülki Məcəllənin podrat müqaviləsinə aid 752-776-ci maddələrində artıq ödənilmiş muzdun geri qaytarılması ilə bağlı məsələlər tənzimlənməmişdir. Lakin, Mülki Məcəllənin 439.4-cü maddəsində müəyyən edilmişdir ki, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. İş materiallarından görünür ki, subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan aralarında bağlanan müqavilə üzrə elektron qaimələr təqdim edilmişdir. 976612 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə 35400 manat, 927604 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaimədə 177000 manat, 024198 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimədə isə 59000 manat məbləğində borc öz əksini tapmış və həmin qaimələr podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmişdir. Elektron qaimələr üzrə çıxarışlardan görünür ki, subpodratçı İddiaçı tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan aralarında bağlanmış müqavilə üzrə 024198 nömrəli xx.xx.2022-ci il tarixli elekton qaimə üzrə 59000 manat və 976612 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə 35400 manat məbləği əks etdirən qaimə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiqlənmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli 792542 nömrəli 49428,89 manat borcu əks etdirən elektron qaimə isə xx.xx.2022-ci il tarixdə subpodratçı şirkət İddiaçı rəhbəri Faraqat Miriyev tərəfindən podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. İşdən eyni zamanda görünür ki, elektron qaimələr üzrə podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya cəmi 271400 manat ödəniş edilmişdir. Beləliklə məhkəmə araşdırmasımüəyyən edilmişdir ki, subpodratçı İddiaçı tərəfindən ümumilikdə görülmüş və cavabdeh tərəfindən qəbul edilmiş işlərin dəyəri 320828.89 manat təşkil etsədə, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti isə görülmüş işlər üzrə iddiaçıya ümumilikdə 271400 manat pul ödəmişdir. Göründüyü kimi, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya görülmüş işlərin dəyəri olan 49428,89 manat pul ödənilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin görülmüş işlərin dəyərinin az olması ilə bağlı dəlillərinə də münasibət bildirərək qeyd edir ki, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin dəlilləri iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya ilkin olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühəndis texniki və əmtəəşünaslıq ekspetizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda qeyd olunmuşdur ki, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün təqdiqat obyektinə xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış nəticəsində Ağstafa rayonu Köçəsgər kəndinində yerləşən “Acı” dərə ərazisində tikinti-quraşdırma işlərinin aparıldığı, aparılmış tikinti-quraşdırma işlərinin üzərinin torpaq təbəqə ilə örtüldüyü müəyyən edilmişdir. Bu səbəbdən aparılmış tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılıbaparılmadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, aparılmış tikinti-quraşdırma işlərinin üzərinin torpaq təbəqə örtüldüyündən və əlavə ekspertizanın keçirilməsi ilə bağlı vəsatət olmadığında məhkəmə iş üzrə ekspertiza təyin etməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Forma 2-dən görünür ki, podratçı 2022-ci ilin mart ayıda daxil olmaqla ümumilikdə 320828.89 manatlıq görülmüş işi qəbul etmiş və həmin sənədi imza və möhür ilə təsdiq etmişdir (iş v. 17-20). Həmçinin, cavabdeh tərəf işlərin təhvil verilməsi sənədlərində olan imzanın və möhürün ona məxsus olmamasını heç vaxt mübahisələndirməmişdir. Belə olan halda kollegiya hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq subpodratçı İddiaçı tərəfindən görülmüş işlər podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Forma- 2 ilə təhvil verildiyindən və cavabdeh həmin işləri imza edərək qəbul etdiyindən kollegiya yenidən ekspertiza təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf görülmüş işlərin az olduğunu bildirsə də, o, iddiaçı tərəfindən yerinə yetirilərək təhvil verilmiş ümumilikdə 320828.89 manatlıq işi təhvil almışdır. Odur ki, kollegiya cavabdeh tərəfin dəlillərini həmin hissədə də əsassız hesab edir. Məhkəmə kollegiyası cavabdeh tərəfin görülmüş işlərin dəyərinin hamısının ödənilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin dəlilləri də iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti görülmüş işlərin dəyərinin ödənildiyini bildirmişdir. Kollegiya yerinə yetirilmiş işlərin hansı dəyərdə ödənilməsi ilə bağlı qeyd edir ki, iş materialları ilə İddiaçı tərəfindən müqavilə üzrə yerinə yetirilmiş işlərin ümumi dəyərinin 320828.89 manat olduğu müəyyən edilmişdir. Həmçinin, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilmiş işlərə görə iddiaçıya ümumilikdə 271400 manat pul ödənildiyi iş materialları və tərəflərin izahatları ilə öz təsdiqini tapmışdır. Kollegiya hesab edir ki, podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yerinə yetirilmiş işin dəyərini iddiaçıya verməsini bildirdiyi halda həmin halın sübut edilməsi vəzifəsi iddiaçı tərəfin üzərinə qoyula bilməz. Belə ki, cavabdeh pulun iddiaçıya verildiyini bildirirsə, pulun verildiyinidə sübut etmə vəzifəsidə onun üzərinə düşür. Cavabdeh tərəf isə görülmüş işin dəyərinin tam olaraq iddiaçıya ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası sübut etmə ilə bağlı bildirir ki, tərəf (və/və ya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Kollegiya bir məqamıda qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəf etirazda qeyd etdiyi mülahizələri əsaslandırmamış və heç bir sübut və ya dəlil təqdim etməmişlər. İş materiallarında da bununla bağlı heç bir sübut və ya dəlilə rast gəlinmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, görülmüş işlərini dəyərinin tam olaraq iddiaçıya ödənilməsi ilə bağlı cavabdeh tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyildir. Məhkəmə kollegiyası cavabdeh tərəfin müqavilə bağlandıqdan qısa müddət sonra 177000 manatın avans olaraq ödənilməsi ilə bağlı dəlillərinə də münasibət bildirərək ilkin qeyd edir ki, “Hüquq ədəbiyyatına görə avans gələcəkdə alınacaq mal və ya göstəriləcək xidmətlərin dəyərinin əvvəlcədən qismən pul şəklində ödənilmiş məbləğidir. Mülki Məcəllənin “Öhdəliklərin icrasının təmin edilməsi” adlanan XXİV fəslində yer alan 491-ci maddəsinə görə müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllə avansla bağlı konkret nizamlama müəyyən etmədiyindən, bu barədə razılaşmanın formasına da məhdudiyyət qoymamışdır. Bununla belə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 491.3-cü maddəsi ümumi normadır və onun tətbiqi zamanı konkret müqavilənin xüsusiyyəti nəzərə alınmalıdır” (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının 2021-ci il 04 iyun tarixli 1/2021 nömrəli Qərardadının 49-51-ci bəndləri) . Müqavilə tərəfləri öz aralarında razılaşa bilərlər ki, öhdəliyin icrasına görə qarşı tərəfin ödəməli olduğu haqq ya tam şəkildə öhdəlik icra olunduqdan sonra ödənilsin, yaxud da ödənişin bir hissəsi avans olaraq öhdəliyin icrasına başlananadək, qalan hissəsi isə icra prosesində və/və ya bilavasitə icranın sonunda ödənilsin. Hüquq nəzəriyyəsində avans və beh bir-birindən fərqləndirilir. Həmin institutların hüquqi təbiətinə xas olan bu xüsusiyyətlər onların törətdiyi hüquqi nəticələri də birbirindən fərqləndirir. Belə ki, Mülki Məcəllənin 491.1-ci maddəsindən də göründüyü kimi, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Mülki Məcəllənin 492-ci maddəsinə görə: 1) Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 2) Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Göründüyü kimi, mülki qanunvericilikdə avansın hüquqi rejimi ilə bağlı hər hansı tənzimləmə müəyyən edilməmişdir. Dispozitivlik prinsipinin tələbləri nəzərə alınaraq qeyd olunmalıdır ki, avansın ödənildiyi öhdəliyin mahiyyətindən və tərəflərin razılaşmasından başqa hal irəli gəlmirsə, mal verilməmişsə və ya iş, xidmət göstərilməmişsə, müvafiq öhdəliyin yerinə yetirilməsi üçün əvvəlcədən ödənilmiş dəyər (avans) geri qaytarılmalıdır. Əks yanaşma, müvafiq öhdəlik üzrə hər hansı işi yerinə yetirməmiş, xidməti göstərməmiş tərəfin əsassız olaraq vəsait əldə etməsinə (varlanmasına) gətirib çıxaracaqdır. Avans və behlə bağlı institutların fərqli səciyyə daşımasını Mülki Məcəllənin 491.3cü maddəsinin məzmunundan da görmək mümkündür. Həmin normaya görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, podratçı işlərin yerinə yetirilməsi üçün subpodratçıya müqavilə dəyərinin 20%-nə qədər məbləğdə avansı, subpodratçının təqdim etdiyi zəmanət əsasında ödəyə bilər. Hazırki iş materiallarından və qaimə fakturalardan isə, həmin məbləğin avans olması müəyyən edilmir. Belə ki, həmin məbləğin avans olması ilə bağlı hər hansı qeyd olmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin baş mühasibi X2 izahat verərək bildirmişdir ki, əgər pul avans şəklində verilirsə qaimə-fakturada pulun avans kimi verilməsi qeyd edilməlidir. Əgər belə bir qeyd yoxdursa onda hesab edilir ki, həmin pul görülmüş işlərin əvəzi olaraq verilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, hətta ödənilmiş 177000 manatın müqavilə şərtlərinə uyğun avans olaraq iddiaçı tərəfə ödənilməsi nəzərə alınsa belə, iş materiallarına əlavə edilmiş Forma 2-dən görünür ki, podratçı 2022-ci ilin mart ayıda daxil olmaqla ümumilikdə 320828.89 manatlıq görülmüş işi qəbul etmişdir. Bunun qarşlığı olaraqda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerinə yetirilmiş işlərə görə iddiaçıya ümumilikdə 271400 manat pul ödənilmişdir. Yəni, 177000 manat avans kimi nəzərə alınsa belə, mart ayıda daxil olmaqla Forma 2 üzrə təhvil verilmiş işlərin ümumi dəyəri 320828.89 manat olmuşdur. Belə olan halda isə, cavabdeh tərəfin yenədə görülmüş işlərin əvəzi olaraq ödənilməmiş 49428.89 manat borcu qalır. Belə ki, təhvil alınmış işlər üzrə ödənilmiş (177000 manatda daxil olmaqla ümumilikdə 271400 manat) və ödənilməmiş məbləğ (49428.89 manat) ümumilikdə götürüləndə, məbləğin 320828.89 manat olması müəyyən edilir. İddiaçı tərəfdə haqlı olaraq təhvil alınmış və ödənilməmiş həmin borcu 49428.89 manatı (177000 manatda nəzərə alındıqdan sonra) tələb etməkdədir. Bundan başqa, Mülki Məcəllənin 759 və 760-cı maddələrinin məzmunundan aydın olur ki, podrat müqaviləsi sifarişçinin və ya podratçının təşəbbüsü ilə ləğv (xitam) edildikdə, sifarişçi podratçıya yalnız yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. İş materiallarına əlavə edilmiş Forma 2-dən isə görünür ki, podratçı 2022-ci ilin mart ayıda daxil olmaqla ümumilikdə 320828.89 manatlıq görülmüş işi qəbul etmişdir. Belə olan halda da cavabdeh tərəfin subpodratçının işləri yerinə yetirməməsinə istinad etməkdə haqlı olmamışdır. Çünki iddiaçı tərəf faktiki olaraq 320828.89 manatlıq iş görmüş və cavabdeh tərəf həmin işləri qəbul etmişdir. 320828.89 manatlıq görülmüş işlərə münasibətdə isə hətta 177000 manatın avans və ya görülmüş işlərin dəyərinin olması nəzərə alınsa belə ümumi ödənilmiş məbləğ 271400 manat olmuşdur. Yəni, cavabdeh tərəfin avans kimi verdiyi 177000 manat məbləğ hesablanmaqla iddiaçıya görülmüş işlərin əvəzi olaraq cəmi 271400 manat ödənilmişdir. iddiaçı isə hal-hazırda görülmüş lakin, cavabdeh tərəfindən ödənilməmiş pulu (49428.89 manatı) tələb etməkdədir. Odur ki, cavabdeh tərəfin dəlilləri həmin hissədə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, yalnız elektron qaimə-fakturanın ləğv edilməsi səbəbindən iddiaçı tərəfindən görülmüş işlərinin dəyərinin ödənilməsindən imtina etmək vicdanlılıq prinsipinə zidd hesab edilə bilər. Belə ki, iş materialları ilə İddiaçı tərəfindən podrat müqaviləsinə əsasən 320828.89 manatlıq işlərin görülməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Podratçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə yerinə yetirilmiş işlərə görə iddiaçıya ümumilikdə 271400 manat pulun ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən yerinə yetirilmiş işlərin dəyəri olan 49428,89 manat pul cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, mülki hüququn istənilən sahəsində, eləcə də öhdəlik münasibətlərində nəzərə alınmalı olan prinsiplərdən biri də vicdanlılıq prinsipidir. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də, Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan suiistifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, Vəkil1nın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçının yerinə yetirdiyi işlərə görə şərtləşdirilmiş muzdun ödənilməməsi dürüstlük qaydasına da zidd hesab edilə bilər. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan suiistifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin dəyəri olan 49428,89 manat pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vəkilə ödənilən 320 manat pul ilə bağlı hissəsinədə münasibət bildirərək qeyd edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf vəkilə 320 manat xidmət haqqı ödədiyi bildirsədə həmin halı sübut edən qəbzi məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsassız hesab edərək qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, 239 manat dövlət rüsumuda cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli, e-2-2(117)-375/2025 nömrəli qətnaməsi qismən yəni, 49428.89 manat pulun və 239 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və ləğv edilmiş hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49428.89 (qırx doqquz min dörd yüz iyirmi səkkiz manat səksən doqquz qəpik) manat məbləğində pul və 239 manat dövlət rüsumu alınaraq İddiaçınə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.