Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-46/2023 13.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Cavadova Günay İsmayıl qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı MMC-nin cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-yə qarşı “65046,93 manat, 6504 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla ümumilikdə 71950,93 manat pulun cavabdehdən tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnaməsindən cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I.İşin halları
1. X2 adına "xxxx" QSC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinə əsasən icraçı sifarişçinin göstərdiyi yerdə (ünvan 1 ünvanında) sifarişçinin Türkiyənin “X1 ve Ticaret Limited Şirketi”-dən aldığı nar və digər meyvələrin saxlanılması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işlərini həyata keçirməyi, bunun üçün soyuducu anbarının inşasını, anbarın layihələndirilməsini və s. bu müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır şəkildə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda icraçı həmin soyuducu anbarın layihələndirilməsi işlərini həyata keçirməyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq layihələndirmə qurumundan müvafiq razılıq məktubunu almağı öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2-ci bəndinə əsasən podrat işləri icraçı tərəfindən təmin olunacaq və sifarişçiyə işlərin başlanılmasından əvvəl təqdim edilməli və sifarişçi tərəfindən təsdiq edilməli olan iş proqramına uyğun şəkildə yerinə yetiriləcək və tamamlanacaqdır. İşlərin həcmi artarsa və ya azalarsa tərəflərin qarşılıqlı razılığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. 3-cü bəndinə əsasən müqavilənin ümumi məbləği ƏDV xaric 350018,01 manat təşkil edir. Müqavilə imzalandıqdan sonra müqavilənin dəyərinin 30 % hissəsini avans qismində ödəyir, icraçı işləri başlayandan 20 gün sonra 30 % ödəniş edir, icraçı işləri başlayandan 40 gün sonra 30 % ödəniş edir, qalan hissə işləri bitib təhvil-təslim aktı əsasında təhvil verildikdə ödənilir.
3. Müqaviləyə 1 nömrəli əlavə olan xx.xx.2019-cu il tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350018,01 manat, ƏDV 63003,24 manat olmaqla yekun 413021,25 manat müəyyən edilmişdir.
4. xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir.
5. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210010,80 manat pul ödəmişdir. İşlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflərlə razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı xx.xx.2020-ci il tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhviltəslimdən sonra 1 ay ərzində icraçı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat məbləğində müəyyən olunur.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. İcraçı İddiaçı MMC müqavilə ilə razılaşdırılmış işlərin görülməsinə görə qismən ödənişlər edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğin tam ödənilməməsini əsas gətirərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh Теуmur Əhmədov adına "xxxx" QSC-dən 65046,93 manat, 6504 manat faiz borcu, 400 manat mediasiya xərci olmaqla ümumilikdə 71950,93 manat vəsaitin İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Теуmur Əhmədov adına "xxxx" QSC ilə “ТАР Development" MMC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinə və həmin müqaviləyə əlavələrə əsasən onlar tərəfindən nar və digər meyvələrin saxlanması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işləri həyata keçirməyi razılaşdırılmış, bunun üçün soyuducu anbarın inşası, anbarların layihələndirilməsi və s. işlər görülmüşdür. Müqavilədə razlaşdırılmış işlərin görülməsinə görə ödənişlər qismən edilsə də, faktiki görülən işlərə görə razılaşdırılmış məbləğ bu günədək tam ödənilməmişdir. Müqavilə əsasında qalıq borcun ödənilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixli pretenziya ərizəsi göndərilmiş, mediasiyada iştirak barədə təklif edilmiş, lakin nəticə olmamşdır. Tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli podrat müqaviləsinin 16.1-ci maddəsinə əsasən bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər bu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqavilə və həmin müqaviləyə əlavələrə əsasən görülən işlərin həcmi və məbləği hər iki tərəfin imzası ilə təsdiq edilmiş, görülən işlərin ümumi məbləği 413021,25 manat təşkil etmişdir. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər icra edilmiş, bunun qarşılığında cavabdeh tərəfindən xx.xx.2019, xx.xx.2020, xx.xx.2020 və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə hissə-hissə ödənişlər edilmişdir. Tərəflər arasında görülən işlərin həcmi araşdırıldıqdan sonra buna dair xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və buna dair arayış tərtib edilərək təsdiq edilmişdir. Eyni zamanda iddiaçı tərəfdən görülən işlərin pulla ifadəsinə dair qiymət cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən cavabdehin ƏDV daxil xx.xx.2020-ci il tarixədək görülən iş həcminə görə ümumilikdə 364890,56 manat borcu olmuşdur. Tərəflər arasında işlərin həcmi təsdiq edilənədək və edildikdən sonra görülən işlərin həcminə görə pul ödənişləri davam etmişdir. Hətta görülən işlərin həcminin artması ilə əlaqədar əlavə sifarişlər verilmiş, sonradan tərəflər arasında xx.xx.2020-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmanın 2-ci bəndinə əsasən hər iki tərəf razılaşmışlar ki, xx.xx.2020-ci il tarixə görülmüş işlərə görə ƏDV xaric 210010,80 manat pul ödənilib. Eyni zamanda tərəflər razılaşmışılar ki, görülən işlərin həcminin artması səbəbindən yeni smeta təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixli razılşmadan sonra da əvvəlki razılaşma əsasında görülən işlərə görə ödənişlər davam edərək xx.xx.2020-ci il tarixdə 44093,97 manat görülmüş işlərə görə ümumi borcdan qismən ödəniş edilmişdir. Beləliklə xx.xx.2020-ci il tarixədək yerinə yetirilən işlərə görə xx.xx.2020-ci il tarixədək cəmi ƏDV xaric 254104,77 manat ödəniş edilmişdir. Həmin məbləğin ƏDV-si 45738,86 manat edir. Ümumlikdə ƏDV daxil xx.xx.2020-ci il tarixədək 299843,63 manat vəsait ödənilmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş və tərəflər arasında imzalanmış arayışa əsasən görülən işlərin həcminə görə ödənilməli olan qalıq məbləğ ƏDV daxil 65046,93 manat (364890, 56-299843,63 = 65046,93) təşkil edir. Podrat Müqaviləsinin 2.2-ci maddəsinə əsasən işlərin həcmi artarsa və ya azalarsa, tərəflərin qarşılıqlı razlığına əsasən müqavilənin dəyəri dəyişdirilə bilər. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən bu müqavilənin müddətinin başa çatması, tərəfləri məsuliyyətdən azad etmir. İddiaçı hesab edir ki, cavabdeh podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, o, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçının tələbi həcmində gecikdirilmiş vaxt üçün 2 illik beş faizlə hesablanmış 6504 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
9. Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC vəsatətlə məhkəməyə müraciət edərək vəsatətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1ci bəndinə əsasən müqvilənin ümumi məbləği ƏDV xaric 350018,01 manat təşkil edir. Müqaviləyə 1 nömrəli əlavəyə əsasən soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetası müəyyən edilmişdir. Həmin smetada görüləcək işlərin həcmi və dəyəri göstərilmişdir. Daha sonra tərəflər arasında xx.xx.2020ci il tarixdə yerinə yetirilmiş işlər barədə arayış təsdiq edilmişdir. Qeyd olunan arayışda ancaq xx.xx.2020-ci il tarixədək olan görülmüş işlərin həcmi göstərilmişdir. Görüləcək işlərin həcminin artması nəticəsində tərəflər arasında 3 nömrəli əlavə imzalanmışdır. Həmin əlavədə sonradan görüləcək işlərin həcmi və dəyəri qeyd edilmişdir. İddiaçı tərəf görülmüş işlərin dəyərini 3 nömrəli əlavədə göstərilən qiymətlərlə hesablamış və həmin məbləği 364890,56 manat müəyyən etmişdir. Ümumiyyətlə 3 nömrəli əlavədə göstərilən işlərin dəyəri xx.xx.2020-ci il tarixli arayışda qeyd olunan görülmüş işlərin dəyəri ilə qiymətləndirilə bilməz. Belə ki, həmin işlər xx.xx.2020-ci il tarixdə bağlanmış 3 nömrəli əlavədən əvvəl görülmüş və həmin işlərin dəyəri və həcmi müqavilənin 1 nömrəli əlavəsində göstərilmişdir. İddiaçı yalnış olaraq xx.xx.2020-ci il tarixli arayışda göstərilmiş işlərin dəyərini xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablamışdır. xx.xx.2020-ci il tarixli arayışda olan işlərin həcmi xx.xx.2020-ci il tarixli 3 nömrəli əlavədə olan qiymətlərlə hesablansa belə görülmüş işlərin dəyəri 3648902,56 manat təşkil etmir. Arayışda görülmüş işlərin həcmi konkret olaraq göstərilmişdir, lakin iddiaçı bəzi işlərin həcmini yalnış olaraq şişirtmiş və əsassız olaraq 3 nömrəli əlavə olan həcmlə hesablamışdır. Bu səbəbdən iş üzrə ekspertiza təyin edilməlidir.
10. Cavabdeh tərəf elektron kabinet vasitəsilə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək bildirmişdir ki, ekspert rəyinə əsasən müqaviləyə 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 100668 manat, 3 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 303716 manat müəyyən edilmişdir. Onlar tərəfindən iddiaçıya 299843,63 manat vəsait ödənilmişdir və bu fakt iddia ərizəsində qeyd edilməklə mübahisələndirilmir. Ekspert rəyi sübut qismində qəbul edilməlidir. Görülən işləri dəyəri 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən hesablandıqda cavabdehin hər hansı borcu qalmır, 3 nömrəli əlavəyə əsasən hesablandıqda 3872,37 manat borcu qalmış olur. Göründüyü kimi, iddia əsassızdır və rədd edilməlidir.
11. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Bu müqaviləyə bəzi əlavələr olunmuşdur. İlk dəfə tərəflər arasında münasibət 2019-cu ildə yaranmışdır. Tərəflər müəyyən məbləğə razılaşmışlar. Müqavilənin əlavəsi smeta pulu barəsində olmuşdur. Həmin smetada ümumi işin məbləği, işə görə məbləğ, həmin məbləğin əlavə dəyər vergisi və yekun məbləğ müəyyən olunmuşdur. Bundan sonra tərəflər öhdəliklərin icrasına başlamışlar. İşlərin icrası zamanı müəyyən əlavə xərclər artmalar və azalmalar olmuşdur. Bundan sonra sonuncu əlavədə razılaşma əldə olunmuş və işlərin həcmi müəyyən edilmişdir. Onlar əvvəlki görülən işlərin məbləği ilə həmin işlərin məbləğini müəyyən edib məhkəməyə müraciət etmişlər. Mübahisəli məsələ ondan ibrətdir ki, görülən işlərin siyahısı və həcmi göstərilmiş lakin onların dəyəri müəyyən edilməmişdir. Özləri arayış şəklində siyahı tərtib edərək işlərin məbləğini bildirmişlər. Qalıq məbləğ olaraq ümumilikdə 65000 manat hesablamışlar. Lakin məhkəmə ekspertiza təyin etmiş və ekspert onlardan fərqli olaraq aşağı məbləğ təqdim etmişdir. Ekspert əlavə dəyər vergisi daxil olmadan razılaşdırılmış işə görə məbləği müəyyən etmişdir. Onların təyin etdikləri rəqəmlə ekspertin təyin etdiyi rəqəm arasında təxminən 6000 manat fərq vardır. Hesab etmişdir ki, əlavə dəyər vergisi nəzərə alınmalı idi.
12. Birinci instansiya məhkəməsində işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
13. Şəki Kommersiya Məhkəməsinin (hakim Rüfət Məcidov) 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-dən 49611,23 manat əsas və 8930,02 manat ƏDV-si olmaqla ümumilikdə 58541,25 manat pul, 343 manat mediasiya xərci tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilməmiş 305,85 manat dövlət rüsumu cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya 254104,77 manat əsas və 45738,86 manat ƏDV olmaqla ümumilikdə 299843,63 manat pul ödənildiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyəri olan 49611,23 manat (303716-254104,77) məbləğində borc və onun əlavə dəyər vergisi olan 8930,02 manat məbləğində əlavə dəyər vergisi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 752.1, 752.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Mülki Prosessual Məcəllənin) 216-220, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Cavabdeh həmin qətnamədən apellyasiya şikаyəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, podrat müqaviləsi, Müqaviləyə 1 nömrəli və 3 nömrəli əlavələr, görülən işlərin həcmi ilə bağlı arayış, vergi ödəyicisinin qeydiyyat bildirişi, pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Podrat müqaviləsindən irəli gəlmiş mübahisə ilə bağlı mühüm əhəmiyyəti olan bütün faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq, işin faktiki hallarına aydınlıq gətirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh Podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin hesablanmasının düzgün olmaması müəyyən edilmişdir. Halbuki, ekspert rəyinə əsasən müqaviləyə 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 100668 manat, 3 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən görülən işlərin dəyəri 303716 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 299843,63 manat vəsait ödənilmişdir və bu fakt iddia ərizəsində qeyd edilməklə mübahisələndirilmir. Ekspert rəyi sübut qismində qəbul edilməlidir. Görülən işlərin dəyəri 1 nömrəli əlavədə qeyd olunan qiymətlərə əsasən hesablandıqda cavabdehin hər hansı borcu qalmır. Bununla yanaşı, həmin məbləğin artırılmasının səbəbi məhkəmə tərəfindən tam əsaslandrılmamışdır. Göründüyü kimi, Şəki Kommersiya Məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv, hərtərəfli şəkildə və qanunvericiliyin müəyyən etdiyi formada araşdırılmamışdır. Belə olan halda da, birinci instansiya məhkəməsinin, yəni Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnaməsi Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələbi baxımından qanuni və əsaslı sayıla bilməz. Beləliklə də, hesab edirik ki, Şəki Kommersiya Məhkəməsinin həmin qətnaməsi qanunsuz və əsassız olduğundan tamamilə ləğv edilməli və İddiaçı MMC-nin iddia tələbi rədd edilməlidir.
19. Məhkəmə kollegiyasının iclasında əvvəlki iclasında cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxş edərək Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)- 11/2023 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)- 11/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 14.2.1. Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
28. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
30. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, X2 adına "xxxx" QSC ilə icraçı İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinə əsasən icraçı sifarişçinin göstərdiyi yerdə (ünvan 1 ünvanında) sifarişçinin Türkiyənin “X1 ve Ticaret Limited Şirketi”-dən aldığı nar və digər meyvələrin saxlanılması üçün nəzərdə tutulan soyuducu aqreqatların quraşdırılması işlərini həyata keçirməyi, bunun üçün soyuducu anbarının inşasını, anbarın layihələndirilməsini və s. bu müqavilənin 1 saylı əlavəsində göstərilən işləri görməyi, başa çatdırmağı və sifarişçiyə tam hazır şəkildə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda icraçı həmin soyuducu anbarın layihələndirilməsi işlərini həyata keçirməyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq layihələndirmə qurumundan müvafiq razılıq məktubunu almağı öhdəsinə götürmüşdür.
41. Müqaviləyə 1 nömrəli əlavə olan xx.xx.2019-cu il tarixli soyuducu anbarın layihələndirilməsi, inşası, avadanlıqların quraşdırılması işlərinin smetasına əsasən ümumi məbləğ ƏDV xaric 350018,01 manat ƏDV 63003,24 manat olmaqla yekun 413021,25 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə qarşılıqlı olaraq tərəflərin imzası ilə görülən işlərin həcmi müəyyən edilmiş və bu barədə arayış tərtib edilməklə tərəflərin imza, möhürləri ilə təsdiq edilmişdir.
42. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə müəyyən olunmuşdur ki, bu əlavənin imzalanma anına sifarişçi icraçıya ƏDV xaric 210010,80 manat pul ödəmişdir. İşlərin həcmi artdığından müqaviləyə 1 nömrəli əlavədə yer alan smetanın dəyişdirilməsi barədə tərəflər razılaşmışlar. Müqavilənin 5.7-ci bəndi dəyişdirilmiş və müəyyən edilmişdir ki, bütün işləri icraçı xx.xx.2020-ci il tarixinədək başa çatdırmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Soyuducu təhviltəslimdən sonra 1 ay ərzində icraçı tərəfindən test rejimində işlətməli və test uğurla nəticələndikdə tərəflər arasında yekun təhvil-təslim aktı imzalanır.
43. Qeyd edilməlidir ki, görülən işlərin dəyəri olaraq 254104,77 manat əsas və 45738,86 manat ƏDV olmaqla ümumilikdə 299843,63 manat pul vəsaitinin ödənilməsi həm iddiaçı, həm də cavabdeh tərəfindən qəbul edilməklə işin mübahisələndirilməyən halıdır.
44. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat məbləğində müəyyən olunur.
45. Birinci instansiya məhkəməsi həmin ekspert rəyini haqlı olaraq sübut kimi qəbul etmiş və hesab etmişdir ki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 3 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən görülən işlərin dəyəri 303716 manat təşkil etdiyindən və cavabdeh tərəfindən iddiaçıya 254104,77 manat əsas və 45738,86 manat ƏDV olmaqla ümumilikdə 299843,63 manat pul ödənildiyindən iddia tələbi qismən təmin edilməli, yerinə yetirilmiş işlərin dəyəri olan 49611,23 manat (303716-254104,77) məbləğində borc və 8930,02 manat məbləğində əlavə dəyər vergisi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
46. Belə ki, iddiaçı ƏDV ödəyicisi olduğundan cavabdehdən tutulmalı olan 58541,25 manat məbləğin 49611,23 manat hissəsini yerinə yetirilən ilərin dəyəri, 8930,02 manat hissəsini ƏDV məbləğini təşkil edir.
47. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin görülən işlərin dəyərinin müqaviləyə 1 nömrəli əlavəyə əsasən hesablanmalı olması ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, işin məhkəmə araşdırması zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/6679 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunan qiymətlərə əsasən icraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında arayışda qeyd edilən bəzi görülən işləri dəyəri 100668 manat müəyyən olunur. İcraçı və sifarişçi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixə yerinə yetirilən işlər haqqında xx.xx.2020-ci il tarixli arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri podrat müqaviləsinin 1 nömrəli əlavəsində qeyd olunmamışdır. Bu səbəbdən də arayışda qeyd edilən görülən bəzi işlərin dəyəri üzrə tədqiqat aparılmamışdır ki, cavabdeh də şikayətində və məhkəmə kollegiyasının iclasında ekspert rəyi ilə razılaşdığını və rəyin sübut qismində qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
48. Cavabdeh tərəfin borcun 1 nömrəli əlavə əsasında hesablanmalı olmasına dair dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, tərəflər 1 nömrəli əlavə də görüləcək işlərin həcmi və dəyəri ilə bağlı razılaşmışlar. Bundan sonra tərəflər xx.xx.2020-ci il tarixdə görülmüş işlərin həcminə dair arayış tərtib etmişlər.
49. xx.xx.2020-ci il tarixdə tərəflər görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər. 1 və 3 nömrəli əlavələr, habelə xx.xx.2020-ci il tarixli arayışla müəyyən olunur ki, müqaviləyə 1 nömrəli əlavədə tərəflər 10 adda işlərin görülməli olmasını razılaşdırmış və xx.xx.2020-ci il tarixli arayışda 20 adda işlərin görülməsini təsdiq etmişlər ki, görülmüş işlərin həcmi 1 nömrəli əlavədə müəyyən olunmuş işlərin həcmindən artıq olmuşdur.
50. Bundan sonra, xx.xx.2020-ci il tarixdə tərəflər yenidən görülmüş və gələcəkdə görülməli olan işləri həcmi və qiymətləri ilə bağlı razılığa gələrək 3 nömrəli əlavəni təsdiq etmişlər ki, 3 nömrəli əlavəyə görülmüş, lakin 1 nömrəli əlavəyə düşməmiş işlərin həcmi və dəyəri salınmış və 3 nömrəli əlavədə artıq icra olunmuş işlərin dəyəri artırılmışdır. Misal olaraq tərəflər 1 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı işlərin yerinə yetirilməsini 42000 manat razılaşsalar da 3 nömrəli əlavədə “köhnə binanın sökülməsi” ilə bağlı yerinə yetirilmiş işin dəyəri 45000 manat təşkil edir.
51. Göründüyü kimi, mübahisənin həlli üçün görülmüş işlərin dəyəri və həcmi tərəflərin sonuncu iradə ifadəsi olan 3 nömrəli əlavəyə uyğun hesablanmalıdır ki, sonuncu olan 3 nömrəli əlavə tərəflərin yekun iradə ifadəsini əks etdirir. Bunun əksini təsdiq edən sübutları cavabdeh işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.
52. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 241019 nömrəli podrat müqaviləsinin 5.7-ci bəndi ilə müəyyən olunmuşdur ki, tərəflər icraçının işləri xx.xx.2020-ci il tarixə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması ilə bağlı razılaşmışlar.
53. Bundan sonra, tərəflər xx.xx.2020-ci il tarixli müqaviləyə 3 nömrəli əlavə ilə 5.7-ci bəndinə dəyişiklik etmiş və tərəflər icraçının işləri xx.xx.2020-ci il tarixə başa çatdırılmalı olmasını və şifarişçiyə təhvil-təslim aktı əsasında verilməli olması və soyuducunun təhviltəslimindən sonra 1 ay ərzində icrası tərəfindən rejimində işlətməsi olması, testin uğurla nəticələnəcəyi təqdirdə tərəflər arasında yekun təhvil-təslim aktının imzalanması ilə bağlı razılaşmışdır.
54. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
56. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.
57. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
58. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
59. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, e-2-2(117)-11/2023 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.