Məhkəmə qərarları › İş №2-2(107)-48/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-48/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-48/2022 28.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 və Turizm İdarəsinə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) cavabdeh X1 və Turizm İdarəsinə (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 28 mart 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı ilə cavabdeh arasında 01 yanvar 2018-ci il tarixində “Mühafizə xidmətlərinin göstərilməsi barədə” müqavilə (bundan sonra - Müqavilə) bağlanmış və Müqaviləyə əsasən cavabdeh mülkiyyətçisi olduğu obyekti mühafizə olunması üçün iddiaçıya təhvil verir, iddiaçı isə obyektin mühafizəsini öz üzərinə götürür (Müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə, müqavilə imzalandığı andan qüvvəyə minir və xitam verilməzsə Müqavilə müddətsiz hesab olunur (Müqavilənin 2.1-ci bəndi). Müqavilə üzrə göstərilən xidmətin aylıq haqqı 459,66 manat məbləğində müəyyən edilir (Müqavilənin 3.1-ci bəndi). Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2.819 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış Müqaviləyə əsasən iddiaçı 01 yanvar 2018-ci il tarixdən 01 may 2018-ci il tarixədək cavabdehin tabeliyində olan Ucar rayon Mədəniyyət Mərkəzinin mühafizə xidmətini həyata keçirmişdir. Həyata keçirilən xidmətə görə cavabdeh bir ay üçün nəzərdə tutulmuş 459,66 manatı iddiaçının bank hesabına ödəmişdir. Lakin qalan üç ay üçün ödənilməli olan 1.379 manat əsas borc və hər gecikdirilən gün üçün 5% dərəcəsi ilə hesablanmış 1.440 manat, cəmi 2.819 manat ödənilməmiş borc qalmaqdadır. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-199/2022 nömrəli iş üzrə qəbul etdiyi 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia qismən təmin edilmiş, əsas borc olaraq 1.378,98 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış cərimə borcu olaraq 100 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, ödənilməmiş 25,28 manat dövlət rüsumunun isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh Müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə üç aylıq xidmətin göstərilməsi müqabilində iddiaçıya ödənilməmiş 1378,98 manat əsas borcu yaranmışdır. Bu səbəbdən əsas borc tələbinə münasibətdə iddia qismən əsaslıdır və təmin edilməlidir. Müqaviləyə əsasən hesablanmış cərimə borcuna münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, bununla da cərimə borcunun artmasına şüurlu surətdə şərait yaratmışdır. Cərimə məbləği əsas borca münasibətdə tənasübsüz yüksəkdir. Bu səbəbdən cavabdehdən tutulacaq cərimənin məbləği 100 manat müəyyən edilməli və iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 386.1, 406.1, 442, 445.2, 448.1, 448.2, 462.1, 462.3, 467-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti və iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi bir sıra maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, Müqavilə bağlandıqdan sonra cavabdeh obyekti mühafizə olunması üçün iddiaçıya təhvil vermiş, lakin iddiaçı obyektin mühafizəsini düzgün təşkil etməmişdir. Bu barədə iddiaçıya dəfələrlə xəbərdarlıq edildikdən sonra iddiaçı tərəfindən bir ay müddətinə obyektin mühafizəsi təşkil olunmuşdur. Sonradan iddiaçı tərəfindən müqavilənin şərtləri yenidən pozulmuş və cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməklə ödənişlər dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı heç bir pretenziya irəli sürməmişdir. Bununla da, iddiaçı yaranmış borcla bağlı cavabdehə qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə, yəni 3 il müddətində istifadə etməmişdir. Birinci instansiyası məhkəməsi tərəfindən cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığına görə birinci instansiya məhkəməsinə bütün bunlar barədə məlumat verilməmiş, habelə iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət olunmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, apellyasiya şikayəti iddia müddətinin ötürülməsi ilə əsaslandırılmış və bu barədə ərizə verilmişdir. Halbuki, bu barədə ərizə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və apellyasiya şikayətinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən olunmuş hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında Müqavilə bağlanmış, müqavilə əsasında tərəflər arasında mühafizə xidmətinin göstərilməsi ilə bağlı münasibətlər yaranmışdır. Tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə görə, X1 və Turizm İdarəsinin tabeliyində olan Ucar rayon Mədəniyyət Mərkəzinin mühafizə xidməti "xxxx" MMC-nin Ucar Filialı tərəfindən həyata keçirilməli idi. İddiaçı bildirir ki, o, həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh özünün müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. İddiaçı 4 ay müddətində cavabdehə məxsus obyektin mühafizəsini həyata keçirmiş, lakin bunun müqabilində 1 aylıq müddət üçün haqq almışdır. Qalan 3 aylıq xidmətin haqqı cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin borc və borcun ödənilməsi gecikdirildiyi üçün cərimə borcu cavabdehdən onun xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının dəlillərinə qarşı etirazı ondan ibarətdir ki, iddiaçı Müqavilə şərtlərini pozmuş və ona məxsus obyektin mühafizəsini yalnız 1 ay müddətində həyata keçirmişdir. Bu səbəbdən o, bu barədə iddiaçını xəbərdar etməklə ödənişi dayandırmışdır. Məhkəmə cavabdehin iddiaya və birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsinin əsaslarına qarşı apellyasiya şikayətində ifadə olunmuş dəlilləri ilə razılaşmır və bununla bağlı qeyd edir ki, cavabdeh keçən müddət ərzində iddiaçı tərəfindən Müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini, müqavilə öhdəliklərinin pozulduğunu bildirsə də, bununla bağlı qarşı tərəfi hər hansı formada xəbərdar etməmiş, məlumat verməmiş, pretenziya göndərməmiş, öhdəliklərin icra edilməməsi nəticəsində zərərə uğraması barədə mübahisə açmamışdır. Belə olan halda hesab edilməlidir ki, iddiaçı müqavilə şərtlərinə əməl etmiş, üzərinə düşən bütün öhdəlikləri lazımınca icra etmiş, 01 yanvar 2018-ci il atrixdən 01 may 2018-ci il tarixədək obyektin mühafizəsini həyata keçirmiş, cavabdeh isə icranı mövcud vəziyyətdə qəbul etmişdir. Cavabdeh, onunla iddiaçı arasında bağlanmış Müqavilədən irəli gələn öhdəliklərin sonuncu tərəfindən lazımınca icra edilmədiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı, obyektin mühafizəsindən ibarət Müqavilə öhdəliklərini lazımınca icra etmişdir. Lakin bunun müqabilində cavabdeh 01 fevral 2018-ci il tarixdən 01 may 2018-ci il tarixədək iddiaçıya ödənilməli olan muzdu ödəməmiş, nəticədə onun iddiaçıya 1.378,98 manat məbləğində borcu yaranmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən Müqavilə üzrə yaranmış 1.378,98 manat əsas borcu tələb etməkdə, birinci instansiyası məhkəməsi isə həmin hissədə iddianı təmin etməkdə haqlı olmuşlar. İş üzrə tərəflər arasında bağlanmış Müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və Müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 1.440 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiyası məhkəməsi isə bu tələbi qismən təmin edərək iddiaçının xeyrinə cəmi 100 manat məbləğində cərimənin (dəbbə) tutulması qənaətinə gəlmişdir. Birinci instansiyası məhkəməsi dəbbə pulunun məbləğini azaldarkən iş üzrə tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini, həmçinin iddiaçının ağlabatan müddətdə cavabdehə qarşı müvafiq iddia irəli sürmədiyini nəzərə alaraq dəbbə pulunun məbləğini azaltmışdır. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini azaltmaqda haqlı olmuşdur. Qeyd edilən bu hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğundur. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, iddiaçı yaranmış borcla bağlı cavabdehə qarşı iddia tələbi irəli sürmək hüququndan qanunla müəyyən edilmiş müddətdə istifadə etməmiş, bununla da idia müddətini buraxmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini apellyasiya şikayətinə əlavə etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, Mülki Məcəllənin tələblərinə görə, müqavilə öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. İddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır. Lakin məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqe ondan ibarətdir ki, iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında birinci instansiya məhkəməsinə təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. İş üzrə tərəfin apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli və “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli) irəli sürdüyü mövqeyə görə apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddia qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfi öz mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, birinci instansiyası məhkəməsi 24 fevral 2022-ci il tarixdə iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul etmiş və həmin tarixdə cavabdehə poçt vasitəsi ilə onun hüquqi ünvanına(Ağdaş şəhəri Heydər Əliyev pr.76) məhkəmə bildirişini və prosessual hüquq və vəzifələrin izahı haqqında bildirişi göndərmişdir. Məhkəmə bildirişində cavabdehə iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat şəklində baxılacağı və iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda, həmin etirazı, sübutları bildirişi aldığı tarixdən 10 gün müddətində məhkəməyə təqdim edə bilmək hüququ izah olunmuşdur. Qeyd olunan bildirişlər 01 mart 2022-ci il tarixdə cavabdehin işçisi (kargüzar) Kəmalə Nəbiyeva tərəfindən poçt sənədinə imza edilməklə qəbul edilmişdir (iş v. 31). Lakin cavabdeh iddiaya qarşı etirazı və “iddia müddətinin tətbiqi barədə” ərizəni birinci instansiyası məhkəməsinə təqdim etməmişdir. Bununla da cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizəni vermək imkanını itirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alan Məhkəmə apellyasiya şikayətinin müzakirə olunan dəlilini – birinci instansiyası məhkəməsinin cavabdehə rəsmi qaydada bildiriş göndərməməsi, bu səbəbdən iddia ərizəsinə qarşı etirazı və (və ya) iddia müddətinin tətbiqi barədə ərizəni təqdim edə bilməməsi barədə dəlilini də əsassız hesab edir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh X1 və Turizm İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 28 mart 2022ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar