Məhkəmə qərarları › İş №2-2(107)-62/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-62/2023

15.08.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-62/2023 15.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-421/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22 iyun 2023-cü il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və Ağdaş rayon İH-nin xx.xx.1999-cu il tarixli, 45 saylı sərəncamı ilə Ağsu şəhərinin S.Vurğun küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişdiyi ərazidə ona ayrılmış 110 kv.m torpaq sahəsində inşa etdiyi eyni ölçülü mağaza binası-tikilisindən çıxarılaraq obyektin iddiaçıya təhvil verilməsi, 1.100 manat məbləğində icarə haqqı borcunun və 150 manat vurulmuş zərərin cavabdehdən alınaraq iddiaçıya verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(117)-421/2023 nömrəli qərardadı ilə iş üzrə icraat Ağsu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. İddiaçı nümayəndəsi Vəkil Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(117)-421/2023 nömrəli qərardadından şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, hazırki işin nəticəsi Ağsu Rayon Məhkəməsinin icraatında olan işin nəticəsindən asılı olmadığından icraatın dayandırılması barədə qərardad ləğv edilməli və mübahisəyə baxılması davam etdirilməlidir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi Vəkil şikayəti təmin edilmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(117)-421/2023 nömrəli qərardadı ləğv edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Ağsu Rayon Məhkəməsində iddia qaldırılmış və məhkəmə mübahisəsi mövcuddur. Qeyd edilən iş isə hazırki iş ilə əlaqəlidir. Belə ki, hazırkı iddia üzrə məhkəmə proseslərinin davam etdirilməsi, yekun məhkəmə aktının qəbul edilməsi ilə nəticələnə bilər ki, bu da üçüncü şəxsin maraqlarına toxunur və onun istifadə etdiyi əmlakdan, məhrum edə bilər. Halbuki üçüncü şəxs iddiaçıya inanaraq onun təqdim etdiyi torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi tikdirmiş və xeyli miqdarda xərc çəkmişdir. Ona görə də mülki iş üzrə məhkəmədə yekun məhkəmə aktı qəbul edilənədək icraat dayandırılmalıdır. Şikayətə baxmış birinci instansiya məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4.-cü maddəsində təsbit olunmuşdur ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə həmin maddənin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, hazırki mubahisəyə baxılmasını iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Ağsu Rayon Məhkəməsinin icraatında olan mülki işin baxılmasından asılı edən hər hansı bir hal mövcud deyil. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “iş üzrə icraatın dayandırılmasına dair qərardadın ləğv edilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan üçüncü şəxsin nümayəndəsinin-vəkilinin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar