Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-66/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Eldar oğlunun, Cavabdeh nümayəndələri X1 və X2 iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh)qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 23 iyun 2023-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları "xxxx" MMC(hazırki adı İddiaçı MMC) ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış TXM-00006/16C nömrəli “texniki xidmət müqaviləsinə” əsasən icraçı(iddiaçı) sifarişçi(cavabdeh) tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən sifarişçiyə məxsus olan, müqaviləyə 1 nömrəli Əlavədə göstərilən yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyat hissələri ilə təchiz edilməsini, sifarişçi isə işlərin müqabilində tələb olunan haqqı icarəçiyə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin ümumi həcmi ƏDV daxil olmaqla 20.000 manat təşkil edir. Müqavilənin 3.3-cü bəndinə əsasən icraçı tərəfindən görülmüş xidmətdən sonra sifarişçi tərəfindən 5 bank günü müddətinə 100 faiz ödəniş təmin edilməlidir. Ödəniş köçürmə və ya nağd şəkildə aparıla bilər. Müqavilənin 6.3-cü bəndinə əsasən müqavilə tərəflərin hər ikisi tərəfindən imzalandıqdan sonra qüvvəyə minir və 1 il müddətinə etibarlıdır. Əgər tərəflər arasında müqaviləyə yazılı surətdə xitam verilməzsə müqavilənin müddəti növbəti dövr üçün uzadılır. Tərəflər arasında tərtib və təsdiq edilmiş xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən iddiaçı tərəfindən təqdim edilmiş servis xidməti üzrə cavabdehin borcu 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla, ümumilikdə 7448,99 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli, TXM-00006/16C nömrəli texniki xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən 7448,99 manat borcun və 100 manat mediasiya xərcinin, cəmi 7548,99 manat məbləğin cavabdehdən tutularaq iddiçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq Cavabdehnə ümumi dəyəri 7448,99 manat olan xidmətlər göstərilmişdir. Müqavilə üzrə xidmətlər göstərildikdən sonra sifarişçi tərəfindən 5 bank günü müddətində 100 % ödəniş təmin edilməli idi. Lakin cavabdeh tərəfindən bugünədək hər hansı məbləğ ödənilməmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi tələbi ilə pretenziya məktubu ünvanlanmasına baxmayaraq qeyd olunan borc məbləği ödənilməmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, borc məbləğinin olduğu məlum olduqda mühasibatlıqdan hansı səbəbə görülmüş işlərin dəyərinin ödənilmədiyi barədə məlumat istənilmiş və məlum olmuşdur ki, qarşı tərəf həmin ərəfədə xidmət işlərini yerinə yetirsə də, işlərin təhvil-qəbul aktı və ödəniş üçün elektron vergi hesab faktura təqdim etməmişdir. Bununla əlaqədar olaraq qarşı tərəflə bir neçə dəfə həm telefon əlaqəsi saxlanılıb, həm də qarşılıqlı şəkildə görüş keçirilərək borcla bağlı müzakirələr aparılmışdır. Lakin xidmət göstərilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq qarşı tərəf istər vergi hesab-faktura, istərsə də elektron qaimə fakturanı təqdim etməmişdir. Qarşı tərəflə aparılan əməliyyatlar 2016-ci ilə təsadüf etmişdir. Həmin dövrün Vergi Məcəlləsinin 176.3 maddəsinə əsasən vergi ödəyicisi malın alıcısına (işlərin və xidmətlərin sifarişçisinə) mal göndəriləndən, iş görüləndən, xidmət göstəriləndən) 5 gündən gec olmayaraq elektron-vergi hesab fakturası verməyə borcludur. İddiaçının ƏDV ödəyicisi olduğunu nəzərə alaraq elektron vergi hesab faktura verməyə məcburdur. Cavabdehin büdcə təşkilatı olduğunu nəzərə alaraq ödəmələrin məhz elektron vergi hesab faktura ilə həyata keçirə bildiklərini nəzərə alaraq elektron vergi hesab fakturanın verilməsi vacibdir. Lakin bu günə qədər qarşı tərəf görülmüş xidmətlə bağlı heç bir elektron vergi hesab fakturası təqdim etməmişdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2 bəndinə əsasən iddia müddətinin tətbiqi ilə bağlı hüquqdan istifadə edərək iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e- 2-2(117)-306/2023 nömrəli iş üzrə qəbul etdiyi 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Məcidov) iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, tərəflər arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış və cavabdehin həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixli üzləşmə aktına əsasən 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla ümumilikdə 7448,99 manat borcu yaranmışdır. İddiaçı hazırki tələbi də 7448,99 manat həcmindədir ki, belə olan halda cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdən sonrakı dövrdə ümumiyyətlə ödəniş edilməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, müqavilə üzrə yaranan borcdan sonra iddiaçı cəmiyyət tərəfindən cavabdehə heç bir xidmət göstərilməmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borcun yarandığı, yəni tərəflər arasında tərtib və təsdiq edilmiş üzləşmə aktının tarixi ilə müəyyən edilir ki, üzləşmə aktı xx.xx.2017-ci il tarixdə təsdiq edilmişdir. Cavabdeh tərəfindən həmin tarixdən sonrakı dövrdə (hal-hazırki vaxta qədər) ümumiyyətlə ödəniş olmadığından iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud olmamışdır. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə müraciəti elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.1, 375.2, 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddia müddəti ilə əlaqədar məhkəmənin mövqeyi olduqca formal olmaqla qəbul edilən deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı maddəsinə görə, icraçı tərəfindən sifarişçiyə ödənişin yerinə yetirilməsi üçün 2 (iki) gün möhlət verilə bilər. 3.7-ci maddəyə görə isə icraçı tərəfindən, sifarişçinin öhdəliyinə möhlət verilmədiyi halda, sifarişçi ödənişləri dərhal həyata keçirlməlidir. Əks halda icraçı ona məxsus olan texnikitəmir ərazisində, müvafiq texnikaların ödənişləri baş verənə qədər saxlanılması hüququna malikdir. Müqavilənin məzmunundan da görünür ki, icraçının sifarişçiyə möhlət vermək hüququ mövcuddur. Möhlət verilmədiyi hallarda da sifarişçinin texnikasını saxlamaq hüququ var. Tərəfimizdən sifarişçinin tenikası saxlanılmamış və öz öhdəliklərinin icrası üçün də möhlət verilmişdir. Bu möhlətin verilməsini sifarişçi öz yazdığı etiraz ərizələrində də dəfələrlə vurğulamışdır. Cavabdeh öz etiraz ərizəsində bildirmişdir ki, xidmətlərin göstərilməsinin 7 illinə qədər olan müddətdə tərəfər arasında bir neçə dəfə həm telefon əlaqəsi saxlanılıb, həm də qarşılqlı görüş keçirilərək borcla bağlı müzakirələrimiz olmuşdur. Bütün bu dövrdə borclu borcunu etiraf etmiş sadəcə ödəmə üçün real imkanlarının olmadığını bildirmişdirlər. Tərəfimizdən də, qarşılıqlı işgüzar münasibətlər nəzərə alınaraq, Müqavilənin 3.6-cı maddəsinə istinad edilərək möhlət verilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərarına əsasən Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlə etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına kreditora borcun etirafını nəzərdə tutan məktub göndərilməsi və ya öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər. Məhkəmə tərəfimizdən təqdim edilən müqavilənin məzmununu düzgün dəyərləndirməmiş və cavabdehin etriaz ərizəsində möhlət istənilməsinə borclunun borcunu etiraf etməsi və möhlət istənilməsi kimi qiymətləndirməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Eldar oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borcun yarnmasını etiraf edirlər, lakin qanunvericiliklə müəyyən olunmuş qaydada vergi hesab faktura təqdim edilmədiyi üçün borcu ödəyə bilməmişlər. Dövlət büdcəsindən maliyyələşən müəssisə olduqları üçün hesab faktura olmadan hər hansı ödəniş edə bilmirlər. Tərəflər arasında üzləşmə aktı tərtib edildikdən sonra iddiaçı tərəf təqribən 2020-ci ilin sonları, dekabr ayında mühasibatlıqlarına zəng edərək borclarının olduğunu bildirmişlər. Bundan sonra qarşı tərəflə bir neçə dəfə danışıqları olmuşdur, lakin hər hansı razılıq əldə olunmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam mübahisələndirdiyindən Məhkəmə birinci instansiyası məhkəməsinin aktını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “texniki xidmət müqaviləsinə” əsasən iddiaçı cavabdehə məxsus olan yeni və yaxud işlənmiş texnikalar üzrə servis xidməti göstərilməsini, cavabdeh isə işlərin müqabilində tələb olunan haqqı iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşin hallarından müəyyən edilir və cavabdeh tərəfindən mübahisə edilmir ki, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş və nəticədə onun iddiaçıya 6312,70 manat debet və 1136,29 manat ƏDV olmaqla, ümumilikdə 7448,99 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi mövcuddur. Lakin buna baxmayaraq, həmin öhdəliyin icra edilməsi üçün qanunla müəyyən edilmiş iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməli və bu səbəbdən iddia təmin olunmamalıdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, iddia müddətini ötürməmişdir. Belə ki, cavabdeh borcunun ödənilməsi üçün iddiaçıdan möhlət istəmişdir ki, bu da iddia müddətinin axımının kəsilməsinə səbəb olur. Məhkəmə apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı borcun yarandığı, yəni tərəflər arasında tərtib və təsdiq edilmiş üzləşmə aktının tarixi ilə müəyyən edilir ki, üzləşmə aktı xx.xx.2017-ci il tarixdə təsdiq edilmişdir. Cavabdeh tərəfindən həmin tarixdən sonrakı dövrdə (hal-hazırki vaxta qədər) ümumiyyətlə ödəniş olmadığından iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud olmamışdır. İddia müddəti xx.xx.2017-ci il tarixdə başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların(cavabdehin borcun ödənilməsi üçün möhlət istəməsi) baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. İşə birinci instansiyası məhkəməsində baxıldığı zaman cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizə” ilə birinci instansiyası məhkəməsinə müraciət edərək iddiaçının borc tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiyası məhkəməsi də, iddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380-ci maddələrində göstərilən halların, yəni iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının mövcud olmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq iddianı təmin etməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2023cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(107)-66/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-66/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver