Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-75/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X1 ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 21/18 nömrəli müqavilə” üzrə 6525,42 manat əsas borc, 1174,52 manat ƏDV olmaqla, cəmi 7700 AZN pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 1500 manat vəsaitin, cəmi 9312 AZN məbləğində pulun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi tələbinə dair” kоmmersiyа mübаhisəsi üzrə Şəki Kоmmersiyа Məhkəməsinin 17 aprel 2024-cü il tаrixli, e-2-2(117)-489/2024 saylı qətnaməsindən Cavabdeh MMC-nin ərizəsi əsasında “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” həmin məhkəmənin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadından iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı “qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 21/18 nömrəli müqavilə” üzrə 6525,42 manat manat əsas borc, 1174,52 ƏDV olmaqla cəmi 7700 AZN pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 1500 manat vəsaitin, cəmi 9312 AZN məbləğində pulun Cavabdeh MMC tutularaq iddiaçı "xxxx" MMCyə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kоmmersiyа Məhkəməsinin 17 aprel 2024-cü il tаrixli, e-2-2(117)-489/2024 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən 7000 manat əsas borc, 200 manat hüquqi yardımla bağlı çəkilmiş xərc və 101,82 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış və tərəflərə bu barədə məlumat çatdırılmışdır. Cavabdeh qeyd edilən qətnamədən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-489/2024 nömrəli qətnaməsindən yalnız Göyçay rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru MMC-nin direktoruna zəng vurduqdan sonra məlumatları olmuşdur. Elektron kabinetə daxil olmaq üçün istifadə olunan asan imza MMC-nin keçmiş mühasibində olmuş və yalnız icra məmurunun zəngindən sonra kabinetə daxil olaraq qətnamə ilə tanış olmuşlar. Sözügenən qətnamədən xx.xx.2024-cü il tarixində məlumatlı olduqları üçün apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddət ötürülmüşdür. Bu səbəbdən də müddətin bərpasi barədə ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi tərəfindən müddətin bərpası ilə bağlı ərizəyə etiraz elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin ərizədə göstərdiyi hallar apellyasiya şikayətinin verilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Hazırki mübahisə elektron qaydada aparılmışdır. Elektron sənəd dövriyyəsinin izlənməməsi cavabdehin öz risk dairəsində olmaqla, iddiaçının hüquqlarını pozamamlıdır. Ərizənin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadı ilə ərizə təmin edilərək Şəki Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh MMC-yə münasibətdə bərpa edilməsi və Şəki Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə Şəki Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin ərizəsində göstərdiyi hallar apellyasiya şikayətinin verilməsi ilə bağlı buraxılmış müddətin bərpası üçün əsas hesab edilə bilməz. Sənəd dövriyyəsi elektron qaydada aparılır və həmin dövriyyənin izlənməsi cavabdehin məsuliyyətidir. Eyni zamanda işin Apellyasiya Məhkəməsinə göndərilməsi əlavə xərc və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də Şəki Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadı ilə şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Göründüyü kimi, məhkəmə işdə iştirak edən şəxsin ərizəsinə əsasən o halda buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbi hər hansı obyektiv səbəbdən baş vermiş olsun, həmin şəxsdən asılı olmayan səbəblərdən atılmalı olan addımın atılması mümkün olmasın. Birinci instansiya məhkəməsi iddiaçının ərizəsinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli e-2-2(117)-489/2024 nömrəli məhkəmə qətnaməsi elektron kabinetə yerləşdirilsə də, qətnamənin elektron kabinetə yerləşdirilməsi barədə çıxarışdan müəyyən edilir ki, həmin qətnamənin yerləşdirilməsinə dair cavabdehə elektron poçt və ya digər məlumatlandırma vasitəsilə məlumat ötürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-608/2023 saylı iş üzrə qeyd edilən halla bağlı sərgilədiyi hüquqi mövqe hazırkı iş üzrə tətbiq edilərək apellyasiya şikayəti vermə müddəti bərpa edilməsi məsələsində nəzərə alınmışdır. Ona görə də birinci instansiya məhkəməsi qeyd edilən halın mövcudluğunu iş üzrə müəyyən etdiyindən və kassasiya instansiyasının nümayiş etdirdiyi hüquqi mövqeyə uyğun olaraq hazırkı iş üzrə tərəflərin məhkəmə aktlarının yenidən yoxlanılmasını tələb etmək hüququnun təminatı baxımından hazırkı apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsini qanuni və ədalətli hesab etmişdir. Qeyd edilməlidir ki, apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 4 nömrəli qərarının 48-ci bəndinə əsasən bütün instansiya məhkəmələrində mülki prosessual qanunvericiliyin mübahisə tərəflərinin məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına dair tələbinə prosessual təminat hüququnun ayrılmaz tərkib hissəsi kimi riayət edilməlidir. Həmçinin məhkəmə sənədlərinin işdə iştirak edən şəxslərə çatdırılması və rəsmi qaydada verilməsinə dair MPM-in 135-138-ci maddələrinin tələbləri, eləcə də, həmin sənədlərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada çatdırılması imkanlarından istifadənin yolverilənliyi də nəzərə alınmalıdır. Bu, proses iştirakçılarının öz hüquqlarının müdafiəsinə imkan verməklə yanaşı, istinad edilən kolliziyaların yaranmasının da qarşısını almış olacaqdır. Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. İş üzrə tərəf məhkəmə iclasında iştirak etmək imkanına malik olduğu tərzdə məlumatlandırılmadığı halda ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur (Qroşev Rusiyaya qarşı iş üzrə 2005-ci il 20 oktyabr tarixli Qərar). Odur ki, məhkəmə qərarlarının apellyasiya və kassasiya instansiyalarında şikayətin dəlilindən asılı olmayaraq, bu kobud prosessual pozuntunun olmasını yoxlayaraq, qətnaməni bu əsasla ləğv etməsi gələcəkdə bu Qərardadın qəbul edilməsi əsasını təşkil edən halların mövcudluğunun da qarşısını almış olacaqdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)-489/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, e-2-2(117)- 489/2024 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-2(107)-75/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-75/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver