Məhkəmə qərarları › İş №2-2(107)-87/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(107)-87/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-87/2024 09.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları Tərəflər arasında xx.xx.2021-ci il tarixdə 21/18 nömrəli “Qoruyucu və yaxşılaşdırıcı Texniki Xidmət Müqaviləsi”(bundan sonra- Müqavilə) bağlanmışdır. Müqavilənin 2-ci bəndinə əsasən iddiaçı 1 ədəd 625 kq, 6 dayanacaqlı, 1.00 m/s sürətli, 2019-cu il istehsalı olan İST********** zavod nömrəli “Schindler 3300EU” markalı cavabdehə məxsus liftin texniki xidməti işlərini bu müqavilə çərçivəsində yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3 və 4-cü bəndlərinə əsasən texniki xidmət müntəzəm olaraq ayda bir dəfə təmin olunur və müqavilənin müddəti xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında olmaqla 24 aydır. Müqavilənin 5.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında müqavilənin 2-ci bəndində qeyd olunmuş liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 296,6 manat, ƏDV daxil olmaqla isə 350 manat təşkil edir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Müqavilə üzrə 22 fevral 2024-cü il tarixə cavabdehin 6525,42 manat əsas məbləğ, 1174,58 manat ƏDV məbləği olmaqla, cəmi 7700 manat məbləğində ödənilməmiş borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qoruyucu və yaxşılaşdırıcı texniki xidmətin göstərilməsinə dair 01 noyabr 2021-ci il tarixli, 21/18 nömrəli müqavilə üzrə 6525,42 manat manat əsas borc, 1174,52 ƏDV olmaqla cəmi 7700 manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və hüquqi müdafiəsi üçün vəkilə ödənilmiş 1500 manat vəsaitin, cəmi 9312 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də cavabdeh öhdəliklərini icra etməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət edilmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. Şəki Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2- 2(117)-489/2024 nömrəli iş üzrə qəbul etdiyi 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 7000 manat əsas borc, 200 manat hüquqi yardımla bağlı çəkilmiş xərc və 101,82 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı tərəf məhkəməyə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixlərinə qədər 20 ay müddətində liftə texniki xidmətin olunması ilə bağlı təhvil-təslim aktlarını təqdim etmişdir. Bundan əlavə olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər olan 22 aylıq elektron qaimələri də məhkəməyə təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən 2021-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər olan elektron qaimələr, həmin aylara uyğun olaraq təqdim edilmiş təhvil-təslim aktları ilə üst-üstə düşür. İddiaçı tərəfindən təqdim olunmuş ən sonuncu xx.xx.2023-cü il tarixli qaimədə son 8 ayın, yəni 2023-cü ilin yanvar və avqust aylarının texniki xidmət məbləği ümumi şəkildə qeyd olunmuşdur. Lakin təqdim olunmuş ən sonuncu təhvil-təslim aktının tarixi xx.xx.2023-cü ildir. 2023-cü ilin iyul və avqust aylarına aid təhvil-təslim aktları isə iş materiallarına əlavə olunmamışdır. Buradan aydın olur ki, təqdim olunmuş 22 aylıq elektron qaimələrin cəmi 20 aylıq hissəsi təhvil-təslim aktları ilə sübut olunaraq təsdiqini tapır. Müqavilənin şərtlərindən də müəyyən edilir ki, xidmətin göstərilməsi faktı tərəflər arasında hər ay imzalanmış təhviltəslim aktları ilə təsdiq olunur. Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı aylıq 350 manat olmaqla 20 aylıq xidmət haqqı olan 7000 manat (350*20=7000) borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, iddiaçı hüquqi xidmətlərə görə 1500 manat məbləğində vəsaitin cavabdehdən tutulmasını tələb edir. MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iş materiallarında hüquqi xidmət üçün 1500 manat məbləğində vəsaitin ödənilməsinə dair qəbzin olmamasını, buna baxmayaraq iş üzrə vəkilin hüquqi xidmət göstərməsi istisna edilə bilmədiyindən, həmçinin vəkilin yalnız hazırkı işlə bağlı müvafiq sənədləri hazırlayıb məhkəməyə təqdim etməsini, iş üzrə məhkəmə iclaslarının keçirilməməsini nəzərə alıb hüquqi xidmətə görə 200 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni, ədalətli və ağlabatan hesab edir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi qismən təmin edildiyindən cavabdehdən 101,82 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli, 10,18 manat hissəsi iddiaçıya aid edilməidir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2, 448.1, 448.2, 752.1, 752.2, 770-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Hazırki vəziyyətdə, iddiaçı qarşısında götürülən öhdəlik Cavabdeh MMC-nin cavabdeh olmadığı haldan irəli gəlmişdir. Belə ki, yaranmış durğunluqla əlaqədar olaraq heç vaxt guman edilməzdi ki, Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi otel (mehmanxana) fəaliyyətini dayandıra və müflis ola bilər. Heç də təsadüfü deyil ki, Cavabdeh MMC fəaliyyətini yaxın bir neçə illərdə bərpa etməyi planlaşdırmadığından fəaliyyətini 100 ildən artıq müddətə dayandırmışdır. İşə baxan birinci instansiya məhkəməsi araşdırma aparmamışdır ki, hansı səbəbdən Cavabdeh MMC iddiaçıya olan borcu ödəyə bilmir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, iddia tələbi qismən təmin edilsə də iddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən cavabdeh şikayət vediyindən və apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə cavabdehə münasibətdə və mübahisələndirilən hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442.1. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 21/18 nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus liftin texniki xidməti işlərini yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin müddəti xx.xx.2021 – xx.xx.2023cü il tarixləri arasında olmaqla 24 ay müəyyən edilmişdir. Liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 296,6 manat, ƏDV daxil olmaqla isə 350 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş təhvil-təslim aktları və elektron qaimələrlə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə məxsus liftə 20 ay müddətinə texniki xidmət göstərilmişdir. Cavabdeh yuxarıda qeyd edilən halları, yəni iddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini, eyni zamanda özünün Müqavilə üzrə hər hansı ödənişlər etdiyini mübahisələndirmir, yalnız müflis olduğunu bildirərək iddia tələbinə etiraz edir. Məhkəmə qeyd edir ki, cavabdeh etirazının əsaslarını təsdiq edən sübutları məhkəmələrə təqdim edə bilməmiş, o cümlədən tərəflər arasında bağlanmış müqavilədə cavabdehin müflis olması halında üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı qeyd-şərt nəzərdə tutulmamış və cavabdeh müqavilə üzrə qəti şəkildə yerinə yetirəcəyi barədə öhdəliyi üzərinə götürmüşdür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tаrixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar