Məhkəmə qərarları › İş №2-2(113)-138/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-138/2020

06.03.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-138/2020 06.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X4, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, X2nun Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ləğv edilməsi tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: X2 cavabdeh “X22” MMC-yə qarşı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MMC-yə müqavilə üzrə öhdəliklərinin icrası üçün borclu olduğu 22.000 manat məbləğində pul borcunun ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-2475/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X2nun xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh “X22” MMC-yə (Cavabdeh1 MMC) 22.000 (iyirmi iki min) manat ödənilməsi öhdəliyinə xitam verilmişdir. Cavabdeh1 MMC xx.xx.2019-cu il tarixdə İmişli Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-2475/2018 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya intansiyası məhkəməsi tərəfindən işə baxılarkən ilkin iddia üzrə Cavabdeh1 MMC (“X22” MMC-nin hüquqi varisi) ilkin iddia üzrə X2na qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2093/2019 saylı qərardadı ilə ilkin iddia üzrə Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-2475/2018 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia üzrə X2nun ilkin iddia üzrə Cavabdeh1 MMC-yə qarşı pul öhdəliyinin icrasına xitam verilməsi barədə iddia tələbinə, həmçinin ilkin iddia üzrə Cavabdeh1 MMC-nin ilkin iddia üzrə X2na qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sonradan Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X7 iddia tələbinin əsassız olduğundan rədd edilməsi və onunla “xxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 saylı alqı-satqı müqaviləsinə əsasən onun sifarişi əsasında 23.070,48 manat məbləğində verilmiş avans, görülmüş iş və xidmətlərdən qalan 22.683,08 manat borc məbləğinin tutulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ilə “xxxx” MMC (Cavabdeh1 MMC-nin hüquqi sələfi) arasında “Pambıq məhsulunun təhvil verilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı İmişli rayonu Qulubəyli kəndi ərazisində 50 ha pambıq sahəsi əkmiş, həmin sahəni aqro-texniki qaydada təlimatda nəzərdə tutulmuş tələbləri yerinə yetirərək becərmişdir. Lakin mərakeş çəyirtkəsinin 50 ha pambıq sahəsinin 40 ha hissəsində pambığı tamamilə yeyib məhv etməsi nəticəsində pambıq bitkisi məhsulu vermək imkanından məhrum olmuşdur. Bu fakt İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH-nin başçısının birinci müavini S.Ağayevin sədrliyi və “xxxx” MMC-nin və digər aidiyyəti qurumların, o cümlədən mütəxəssis aqronomun iştirakı ilə tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktla da təsdiq edilmişdir. İddiaçı ondan asılı olmayan səbəbdən baş vermiş hadisə nəticəsində müqavilə öhdəliyini yerinə yetirmək imkanından məhrum olmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ilə “xxxx” MMC ilə arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 50 ha torpaq sahəsində pambıq becərilməsi ilə əlaqədar onun sifarişi əsasında ona becərmə işləri üçün 15.700 manat, toxumluq-çiyidə görə 6627,6 manat, pambığın əllə yığımına görə 77.48 manat, təhvil verilən xam pambığa görə 387.40 manat və xxxx xidmətinə görə 280, cəmi 23070,48 manatlıq vəsait verilmiş, iş və xidmət göstərilmişdir. Müqaviləyə əsasən göstərilən xidmət müqabilində Qasımov Elxan həmin sahədə yüksək keyfiyyətli pambıq əkib-becərməyi və əldə edilmiş xam-pambığı müqavilə ilə müəyyən şərtlər daxilində "xxxx" MMC-yə təhvil vermək barədə öhdəliyinin olmasına baxmayaraq, üzürsüz səbəblərdən müqavilə üzrə öhdəliyinin icrasından yayınmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X11 ilkin iddia tələbini müdafiə edib ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X3 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: “xxxx” MMC ilə X15 (istehsalçı) arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 10 saylı alqı-satqı müqaviləsinə əsasən istehsalçı mülkiyyət hüququ ilə özünə məxsus olan/icarəyə götürdüyü İmişli rayonu, Qurubəyli kəndində yerləşən 50 hektar torpaq sahəsində yüksək keyfiyyətli pambıq əkib becərməyi və əldə edilmiş məhsulu bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə “xxxx” MMC-yə təhvil verməyi, MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçının borclarını çıxmaq şərti ilə istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 2.2-ci bəndinə əsasən “xxxx” MMC aşağıdakıları öhdəsinə götürmüşdür. a. pambıq istehsalı üçün istehsalçının qanunvericiliyə uyğun olaraq kənd təsərrüfatı texnikaları, mineral gübrə, pestisid və toxumla təmin olunmasına və pambıq sahəsinin su təchizatının yaxşılaşdırılmasına aidiyyəti qurumlarla birlikdə köməklik göstərir; b. pambıq istehsalının genişləndirilməsinə dəstək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında X6 və X10 üzrə Dövlət Xidmətinin ayırdığı vəsait hesabına müvəkkil banklardan və ya bank olmayan kredit təşkilatlarından götürdüyü kreditdən istehsalçının əsaslandırılmış təklifi (təklifdə pambıq əkiləcək sahənin ümumi həcmi, bır hektara tələb olunan toxumun miqdarı, sahənin şumlanması, becərilməsi, o cümlədən suvarılması və digər aqrotexniki tədbirlərin aparılmasına çəkilən xərclər göstərilməlidir) əsasında pambığın əkilib-becərilməsi və itkisiz yığılması üçün sonradan (banklardan və ya bank olmayan kredit təşkilatlarından götürdüyü kreditdən ona ayrılan nəğd vəsaitin götürülməsi üçün 1,5%-i (0,5% bankın komisyon haqqı və 1,0% vergi) və illik 6% əlavə edilməklə) qaytarılmaq şərti ilə istehsalçıya tələb olunan maliyyə vəsaiti ayırır; c. istehsalçıdan yetişdirdiyi xam pambığı qəbul edir və bu müqavilənin 4-cü bəndinə uyğun olaraq növlər üzrə xam pambığın hər kiloqramına görə müəyyən edilmiş qiymətlər əsasında məhsulun dəyərini 5 bank günündən gec olmayaraq ödəyir. 2.4-cü bəndinə əsasən istehsalçı aşağıdakıları öhdəsinə götürür: d. hər hektardan ən azı 20 sentner yüksək keyfiyyətli xam pambıq istehsal edir; e. digər pambıqçılıqla məşğul olan şirkətlərlə pambıq istehsalına dair müqavilə bağlanılmasına yol vermir; f. bu müqavilənin 1-ci bəndində göstərilən sahədə yetişdirdiyi pambığı xx xxxxxx 2018-ci il tarixindən gec olmamaq şərti ilə son məhsuladək yığıb yalnız “X22” MMC-yə təhvil verir; g. “X22” MMC-nin dəstəyi ilə “xxxx” ASC-nin rayon aqroservis bölmələri tərəfindən göstərilən servis xidmətinin dəyərinin, nisyə aldığı mineral gübrənin, pestisidin, həmçinin Dövlət Toxum Fondunun vəsaiti hesabına alınaraq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətlərdə tam şəkildə ödəyir, əks təqdirdə təhvil verdiyi pambığa görə ona ayrılan subsidiyanın həmin borcların ödənilməsinə yönəldilməsini təmin edir; h. “X22” MMC tərəfindən ona borc kimi verilən vəsaitdən yalnız bu müqavilə üzrə nəzərdə tutulan pambığın istehsalı üçün istifadə edir, xərclərin təyinatı barədə MMC-yə mövsüm ərzində mütəmadi olaraq hesabat verir və MMC-dən aldığı borcu tam həcmdə x xxxxxx 2018-ci il tarixədək ödəyir; ə. pambıq əkilən sahədə pambığın itkilərdən qorunması üçün tədbirlər görür; i. pambıq sahələrinin suvarılmasını, eləcə də tələb olunan digər aqrotexniki tədbirləri vaxtında aparır, səpinqabağı və ya səpinlə birlikdə hər hektar pambıq əkiləcək sahəyə 100 (yüz) kq ammofos və ya nitroammofos və vegetasiya dövründə ammonium nitrat mineral gübrəsinin verilməsini təmin edir, istehsal etdiyi xam pambığı laboratoriya tərəfindən müəyyən edilmiş standartlara əsasən nəmlik, zibillik və növünə uyğun kondisiya çəkidə “X22” MMC-yə təhvil verir; j. bu müqavilənin şərtlərinin pozulmasına yönəlmiş hərəkətlərə yol vermir, pambığın becərilməsi, o cümlədən suvarma, kənd təsərrüfatı texnikalarından, mineral gübrədən və toxumdan istifadə, habelə “X22” MMC-dən aldığı borcun qaytarılması ilə bağlı yaranan problemlər barədə dərhal MMC-yə məlumat verir. 3.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri bu müqavilə öhdəliklərini yerinə yetirə bilmədikdə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman məlumat göndərilən tərəf yazılı cavab verənədək məlumat göndərən tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməyə borcludur. 3.2-ci bəndinə əsasən bu müqaviləyə əsasən “X22” MMC-nin müvəkkil bankdan və ya bank olmayan kredit təşkilatından götürdüyü kredit hesabına istehsalçıya verilən borcun (banklardan və ya bank olmayan kredit təşkilatlarından götürdüyü kreditdən ona ayrılan nağd vəsaiti, nağd pulun götürülməsi üçün 1,5%-i (0,5% bankın komisyon haqqı və 1,0% vergi və illik 6% əlavə edilməklə) vaxtında ödənilməməsinə görə bütün məsuliyyət istehsalçının üzərində qalır. 081660 nömrəli qaimə-fakturaya əsasən 3682 manat; 081778 nömrəli qaiməfakturaya əsasən 657,80 manat, 081783 nömrəli qaimə-fakturaya əsasən 1972 manat və 081796 nömrəli qaimə-fakturaya əsasən 315,60 manat dəyərində toxum çiyidi “xxxx” MMC tərəfindən Elxan Qasımova təhvil verilmişdir. “xxxx” MMC-nin işçilərinə 2018-ci ilin may ayı üçün becərmə və su pulu cədvəlindən görünür ki, Elxan Qasımova becərmə və su ilə təminatı üçün 3200, 5000, 4000, 3500 manat məbləğlərində pul verilmişdir. AR Vergilər Nazirliyi Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı ilə təsdiq edilir ki, xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MMC bir neçə hüquqi şəxsin, o cümlədən “xxxx” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və həmin hüquqi şəxslərin hüquqi varisidir. Cavabdeh1 MMC-nin İmişli filialı tərəfindən verilmiş arayışdan görünür ki, X7 hesabına köçürülən məbləğlərə görə 15.700 (3200+5000+4000+3500), 1260 kq toxumçuluq çiyidinə görə 6451,2, çöp doğramaya görə 280 manat, cəmi 22.431,2 manat borcu vardır. xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, İmişli rayon Fövqəladə Hallar Komissiyasının sədri, RİH Başçısının birinci müavini S.Ağayev, İmişli rayon X13 rəisi S.Məhərrəmov, Kənd Təsərrüfatı MMC-nin sədri R.Kazımov, X23 ərazi dairəsi üzrə nümayəndəsi B.Xəlilov, Qulubəyli bələdiyyəsinin sədri Ə.Astanov, mütəxəssis-aqronom Q.Abbasov və fermer başçısı Qulubəyli kənd sakini E.Qasımov tərəfindən Qulubəyli kənd sakini X7 əkmiş olduğu 50 hektar torpaq sahəsinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, pambıq sahəsinin 75-80%-ni 40 hektara yaxın pambıq bitkisini “Mərakeş” çəyirtkəsi yiyərək məhv etmişdir. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X14 AR Vəkillər Kollegiyası 18 saylı Vəkil Bürosunun vəkili Qardaşxan Sadıqova ünvanlanmış xx.xx.2020-ci il tarixli, 15/1-26 saylı məktubundan görünür ki, İmişili rayon X14 2018-ci il may-iyun aylarında verdiyi hesabatlara və aktlara əsasən may ayında Mərakeş çəyirtkəsinə qarşı 7.200, iyun ayında 3.900 hektar ərazidə mübarizə tədbirləri həyata keçirilmişdir. AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X14 x xxxx 2020-ci il tarixli, 15/1-40 saylı məktubu ilə Cavabdeh1 MMC-nin sorğusuna cavab olaraq bildirilmişdir ki, sorğu ilə bağlı İmişli rayon X16 şifahi sorğu göndərilmiş və İmişli rayon X14 baş aqronomu Sabir Muradov tərəfindən Respublika X16 təqdim olunmuş 05 nömrəli, xx.xx.2020-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, 2018-ci ilin may və iyun aylarında İmişli rayonu ərazisində Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirləri aparılan zaman Qulubəyli kəndinin ərazisində X8 məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə təxminən 3-4 hektar sahədə siyarətlənmə müşahidə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nəticəsində çəyirtkələr məhv edilmişdir. Mübarizə tədbirləri vaxtında aparıldığı üçün sahəyə heç bir ziyan dəyməmişdir. Ümumiyyətlə, həmin dövrdə İmişli rayonunun ərazisində heç bir fermerin əkin sahəsinə ziyan dəyməmişdir. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X24 izahatında bildirmişdir ki, ixtisası aqronom, bioloqdur. Hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnovasiya Mərkəzində direktor müavini vəzifəsində işləyir. Cəyirtkələrin qarşısını almaq mümkündür. Əgər ərazi bir dəfə dərmanlanarsa, onlar dayanarlar. X31 Respublikası ilə həmsərhəd olan ərazilərə gedir. Dəstə ilə yaşayırlar, hücum edirlər. 40 hektar ərazini çəyirtkə məhv edə bilməz. İlk növbədə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət hesabına dərmanlama aparılır. 40 hektar ərazini məhv etmək üçün minimum 10 gün lazımdır o şərtlə ki, bir yerdə otursunlar. Çəyirtkə ilə mübarizə daim aparılır, onları yumurtaları qoyub gedir və sonra İranla sərhəddə Nazirliyin əməkdaşları dərmanlama işləri aparır. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Xəlilov Barat Zöhrab oğlu ifadəsində bildirmişdir ki, X23 ərazi Dairəsi üzrə nümayəndəsidir. X15 onlara müraciət etmiş, onlar da bu barədə Kənd Təsərrüfatı Nazirliyinə və Cavabdeh1 MMC-yə məlumat vermişlər. B.Xəlilov pambıq əkilən sahədə olduğunu, çəyirtkələrin sahəyə çox ziyan vurduğunu, rayon idarəsi tərəfindən dərmanlama işlərinin aparıldığını, həmçinin akta imza etdiyini bildirdi. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, X23 ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. Oktyabr ayında ərazidə olmuş, aktı imzalamamışdır. Dərmanlama işləri aparılmış, 2-3 hektar ərazidə ölmüş və ölümə yaxın çəyirtkələr olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, İmişli rayon Qulubəyli kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə sahədə olmuş, ərazidə ölən çəyirtkələr var idi. xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X9 ifadəsində İmişli rayon X19 direktoru vəzifəsində işlədiyini, sahəyə getməmişdən əvvəl dərmanlama işlərinin aparıldığını, çəyirtkələrin 95%-nin öldüyünü, 5%nin isə ölümə yaxın olduğunu, aktı oxumamış imzaladığını, 40-50 hektar sahə ilə bağlı müqavilə bağlandığını, çəyirtkələrin 2-3 hektar sahədə olan pambığı yediklərini, çəyirtkənin dərmanlama tədbirləri ilə X26 məşğul olduğunu bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X15 ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixli, 10 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik münasibətləri yaranmışdır. Hazırda ilkin iddia üzrə X2 ilkin iddia ərizəsində həmin müqavilə üzrə 22.000 manat məbləğində pul öhdəliyinə icrası mümkün olmaması əsası ilə xitam verilməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC isə qarşılıqlı iddia ərizəsində həmin müqavilə əsasında yaranmış 22.683,08 manat məbləğində pul öhdəliyinin X15 tərəfindən icra edilməsini tələb edir. İlkin iddia üzrə iddiaçı Elxan Qasımovun ilkin iddia tələbinə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, göstərilən iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 556.1-ci maddəsi çıxış edir. Həmin maddəyə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi qanunverici icranın mümkün olmaması əsası ilə öhdəliyə xitam verilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Birincisi, öhdəliyin icrası mümkünsüz olmalıdır və ikincisi, icra edilmənin mümkünsüzlüyü tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəlməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş öhdəliyə xitam verilməsi üçün əsas olan icra mümkünsüzlüyü dedikdə, öhdəliyin daimi olaraq (qeyri-müəyyən müddətə) icra edilməsinin ümumiyyətlə mümkün olmaması başa düşülür. Belə mümkünsüzlük, məsələn, müqavilənin predmeti olan fərdi-müəyyən edilmiş əşyanın məhv olması, öhdəliyin predmeti növlü əşya olduqda həmin əşyanın dövriyyədə olmaması (fiziki cəhətdən mümkünsüzlük) və ya normativ hüquqi aktla müəyyən növ öhdəliklərin icrasının qadağan edilməsi (hüquqi cəhətdən mümkünsüzlük) ilə bağlı ola bilər. Bu zaman öhdəliyin icrasında yaranmış çətinliklər, o cümlədən maliyyə çətinlikləri tərəflərin iradəsindən asılı olmayan səbəblərdən yaransa belə, icra mümkünsüzlüyü kimi qəbul edilmir. Buna baxımdan məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının xitam verilməsini tələb etdiyi öhdəlik pul öhdəliyi olduğundan, yəni öhdəliyin predmeti olan pul vəsaiti daimi dövriyyədə olan əşya olduğundan Mülki Məcəllənin 556-cı maddəsi hazırkı mübahisəyə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş mübahisəli müqavilə mahiyyətinə görə müxtəlif müqavilə növlərinin ünsürlərini özündə cəmləşdirən qarışıq müqavilədir. Mülki Məcəllənin 390.4-ci maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında bağlanmış müqavilənin: 3.2-ci bəndinə görə isə bu müqaviləyə əsasən “X22” MMC-nin müvəkkil bankdan və ya bank olmayan kredit təşkilatından götürdüyü kredit hesabına istehsalçıya verilən borcun vaxtında ödənilməməsinə görə məsuliyyət istehsalçının (borc alanın) üzərində qoyulmuşdur. 2.2-ci bəndinin “d” yarımbəndinə görə “X22” MMC-nin dəstəyi ilə “xxxx” ASC-nin rayon aqroservis bölmələri tərəfindən göstərilən servis xidmətinin dəyərinin, nisyə aldığı mineral gübrənin, pestisidin, həmçinin Dövlət Toxum Fondunun vəsaiti hesabına alınaraq ona nisyə verilmiş toxumun dəyərini müəyyən olunmuş müddətlərdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin yuxarıda göstərilən şərtlərindən müəyyən edilir ki, həmin müqavilənin Cavabdeh1 tərəfindən E.Qasımova pambıq becərilməsi üçün toxum, mineral gübrənin, pestisid və s. satılmasına dair hissəsində nisyə alqı-satqı müqaviləsinin, pambıq əkilibbecərilməsi üçün borc pul verilməsi hissəsində borc müqaviləsinin, aqroservis bölmələri tərəfindən xidmət göstərilməsi hissəsində isə xidmət müqaviləsinin, pambıq yetişdirildikdən sonra Cavabdeh1 MMC-yə satılması hissəsində isə ilkin alqı-satqı müqaviləsinin ünsürləri mövcuddur. Göründüyü kimi Mülki Məcəllənin yuxarıda göstərilən 390.4-cü maddəsinin tələblərinə əsasən hazırkı mübahisənin predmetini təşkil edən E.Qasımovun pambığın əkilib-becərilməsi məqsədilə borc aldığı pulun qaytarılması barədə öhdəliyinə borc müqaviləsinin, alınmış toxum və s. dəyərinin ödənilməsi barədə öhdəliyinə nisyə alqı-satqı müqaviləsinin və göstərilmiş xidmətlərin ödənilməsinə dair öhdəliyinə qanunun analogiyası üzrə podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda isə məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçı E.Qasımovun müqavilə əsasında alınmış borc məbləğindən, mallardan və göstərilmiş xidmətlərdən istifadə etməklə başladığı inkişaf etdirdiyi sahibkarlıq fəaliyyətinin uğurlu olmaması, həmin fəaliyyətdən mənfəət əldə edə bilməməsi sonuncunu borcun qaytarılması, alınmış malların və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi öhdəliyinin icrasından azad edən hal kimi qəbul edilə bilməz. Əks yanaşma həm müvafiq olaraq borc, alqı-satqı, podrat müqavilələrinin qanunvericilikdə nəzərdə tutulmuş təməl normalarına, həm də tərəflər arasında bağlanmış müqavilənin yuxarıda göstərilən şərtlərinə ziddir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 566-cı maddəsinin hazırkı mübahisənin predmeti olan pul öhdəliklərinə tətbiq edilə bilməsi və iddiaçının iddia tələblərinin istinad etdiyi halların mübahisəli öhdəliklərə xitam verilməsi üçün əsas ola bilməsi ehtimal olunsa belə ilkin iddia təmin edilə bilməz. Belə ki, ilkin iddia üzrə iddiaçı E.Qasımov iddia tələbini iradəsindən asılı olmayan hallar (pambıq bitkisinin “Mərakeş” çəyirtkəsi tərəfindən yeyilməsi) nəticəsində torpaq sahəsinin pambıq məhsulu verməməsi ilə əsaslandırsa da, nə torpaq sahəsindən məhsul götürə bilməməsini, nə də məhsul götürə bilməməsinin ondan asılı olmayan hallarla bağlı olmasını məhkəmə baxışı zamanı sübuta yetirə bilməmişdir. Məhkəməyə sübut qismində təqdim edilmiş xx.xx.2018-ci il tarixli aktda iddiaçının icarəsində olan 40 hektar torpaq sahəsində pambığın çəyirtkələr tərəfindən yeyilməsi göstərildiyi halda, məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin aktı imzalamış şəxslərdən X20, X9 torpaq sahəsinin pambığın yalnız bir hissəsinin (2-3 hektar ərazidə) çəyirtkə tərəfindən yeyilməsini təsdiq etmiş, digər şahidlər Xəlilov Barat Zöhrab oğlu və X17 isə çəyirtkənin əraziyə ziyan vurduğunu göstərsələr də, sahəyə hansı həcmdə (bütün sahəyə və ya yalnız müəyyən hissəsinə) ziyan vurulduğunu konkretləşdirməmişlər. Bununla yanaşı iş materiallarında əlavə edilmiş AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X14 x xxxx 2020-ci il tarixli, 15/1-40 saylı məktubundan da görünür ki, 2018-ci ilin may və iyun aylarında Elxan Qasımova məxsus pambıq sahəsində çəyirtkələrin yumurtaqoyma dövründə yalnız 3-4 hektar sahədə siyarətlənmə müşahidə edilmiş və həmin sahədə görülmüş mübarizə tədbirləri nəticəsində çəyirtkələr məhv edilmişdir. Məhkəmə tərəfindən işə cəlb edilmiş mütəxəssis F.Kərimov məhkəmə iclasında verdiyi izahatdan isə aydın olur ki, ərazini dərmanlamaqla çəyirtkələrin qarşısını almaq mümkündür. 40 hektar ərazini çəyirtkə məhv edilməsi praktiki olaraq qeyri-mümkündür. Belə sahənin çəyirtkə tərəfindən məhv edilməsi 10 günə yaxın müddət tələb edir. Beləliklə, məhkəmə ilkin iddia üzrə iddiaçının 40 hektara yaxın sahədə pambığın çəyirtkələr tərəfindən yeyilməsini təsdiq etmək üçün təqdim etdiyi akt ilə həmin aktı imzalamış, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında uyğunsuzluqların mövcud olduğunu, ilkin iddia üzrə iddiaçının yuxarıda göstərilən dəlilini təsdiq edən digər mötəbər sübutların isə məhkəməyə təqdim edilmədiyini, eləcə də çəyirtkələrinin qarşısının alınmasının mümkün olmaması barədə ilkin iddia üzrə iddiaçının dəlillərinin mütəxəssisin rəyi ilə təkzib edildiyini hesab edir ki, E.Qasımovun iddia tələbinin əsası kimi istinad etdiyi yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı E.Qasımovun Cavabdeh1 MMC-yə qarşı pul öhdəliyinə xitam verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı pul öhdəliyinin icra edilməsi tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, hər iki tərəf X7 Cavabdeh1 MMC qarşısında mübahisəli müqavilədən irəli gələn pul öhdəliyinin olmasını qəbul etsə də, həmin öhdəliyin məbləği ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. E.Qasımov ilkin iddia ərizəsində həmin öhdəliyin 22.000 manat təşkil etməsini göstərdiyi halda, Cavabdeh1 MMC öhdəliyin 22.683,08 manat olmasını iddia edir. İş materiallarından isə görünür ki, Cavabdeh1 MMC mübahisəli müqaviləyə əsasən E.Qasımovun MMC tərəfindən ona borc verilməsindən irəli gələn 15.700 manat məbləğində və toxum-çiyidin təqdim edilməsindən irəli gələn 6627,6 manat məbləğində, cəmi 22327,6 manat məbləğində pul öhdəliyinin mövcud olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmiş, E.Qasımovun pambığın əllə yığımına görə 77.48 manat və xxxx xidmətinə görə 280 manat məbləğində borcunun olmasını təsdiq edən sübutlar isə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi mübahisəli müqavilə üzrə X7 Cavabdeh1 MMC-yə 22.627,6 manat məbləğində pul öhdəliyinin olması iş materialları ilə öz təsdiqini tapmışdır. Mülki Məcəllənin: 567-ci maddəsinə görə alğı-satqı üqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli müqaviləyə əsasən borc olaraq verilmiş pul vəsaitinə görə 15.700 manat və toxum-çiyid təqdim edilməsinə görə 6627,6 manat məbləğində borc, cəmi 22.327,6 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdeh X5 tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə ödənilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin iddianın rədd edildiyini, eləcə də qarşılıqlı iddianın qiymətinin 90%-inə yaxın məbləğə münasibətdə qarşılıqlı iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilməli, qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə X2nun ilkin iddia üzrə Cavabdeh1 MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun ləğv edilməsi tələbinə dair ilkin iddiası rədd edilsin. İlkin iddia ərizəsi verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh X8 qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh X5 22.327,6 manat (iyirmi iki min üç yüz iyirmi yeddi manat altmış qəpik) məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar