Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2058/2022 14.06.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8902,4 manat sığorta ödənişinin, ziyanın qiymətləndirilməsi üçün ödənilmiş 300 manat və 30,4 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 9232,8 manat məbləğində pul vəsaitinin və qətnamə çıxanadək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun “Azsığorta" ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Saatlı RKC-nin idarə heyətinin sədri ilə aralarında bağlanmış 24 avqust 2007-ci il tarixli əmlakın alqı-satqısına dair müqaviləyə əsasən Saatlı RKC-yə məxsus Saatlı rayonu H.Əliyev ünvanında yerləşən ümumi sahəsi 79,1 kv.m olan 15 saylı mağazanın iki otaqdan ibarət sahəsi İddiaçı tərəfindən alınmışdır. İddiaçı həmin mağazada elektrik mallarının satışı ilə məşğuldur. 25 oktyabr 2018-ci il tarixdən bir il müddətinə cavabdeh təşkilatda mağazasını icbari sığorta, həmin tarixdən də bir il müddətinə isə mağazadakı əmlakı yanğından və digər əlavə risklərdən sığortalamışdır. X1 29 aprel 2019-cu il tarixdə idarə etdiyi “VAZ-2106” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili Saatlı şəhəri Heydər Əliyev prospektində idarə edərkən idarəetməni itirib iddiaçının mağazasına girərək mağazaya və mağazada olan əmlaka ümumilikdə 13902,4 manat ziyan vurmuşdur. Hadisədən dərhal sonra cavabdeh "xxxx" ASC-nin nümayəndəsi hadisə yerinə gələrək mağaza binasına və mağazada olan əmlaklara baxış keçirib siyahı hazırlamışdır. Bu hadisəyə görə “VAZ 2106” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta olunduğuna görə "xxxx" ASC tərəfindən 30 iyul 2019-cu ildə iddiaçıya 5000 manat ödənilmişdir. Qalan məbləğ, yəni 8902,4 manat pul vəsaiti cavabdeh "xxxx" ASC tərəfindən ödənilməmişdir. Bununla bağlı etmiş olduğu müraciətlərə cavab olaraq cavabdeh ona "Xalq Sığorta” ASC tərəfindən 5000 manat ödənilməsinə görə sığorta ödənişindən tamamilə imtina etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Mülki iş materiallarında olan: - BA seriyalı, 902816 nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən Saatlı rayonu, H.Əliyev prospekti ünvanında yerləşən mağaza "xxxx" ASC tərəfindən sığortalanmışdır. - 056733 nömrəli Əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsinə əsasən Saatlı rayonu, H.Əliyev prospekti ünvanında yerləşən mağaza "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə kimi 100000 manat dəyərində sığortalanmışdır. - "xxxx" MMC tərəfindən QXM/129 nömrəli, 20 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Saatlı rayonu, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasına dəymiş zərərin dəyəri 13902,4 manat təşkil edir. - Əmlak üzrə ekspertin 633 və 632 saylı xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı məxsus daşınmaz əmlaka dəymiş ziyanın məbləği 2078,80 manat, daşınar əmlaka dəymiş ziyanın məbləği isə 2675 manat müəyyən edilmişdir. - “Azersurvey” LLC Azerbaijanın AZSB-071/19 saylı, xx.xx.2019-cu il tarixli dəymiş ziyanın qiymətləndirilməsi hesabatından görünür ki, Saatlı rayonu, H.Əliyev prospekti ünvanında yerləşən 2 otaqdan ibarət 15 saylı mağaza və oradakı əmlaklara dəymiş ziyanın məbləği 12986,40 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış 30 avqust 2019-cu il tarixli bildirişdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 889-cu maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq etməklə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. - 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. - 897.4-cü maddəsinə görə İcbari sığorta qanunlarında fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, icbari sığorta növlərinin həyata keçirilməsindən irəli gələn münasibətlər bu Məcəllə və "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: - 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. - 15.2-ci maddəsinə görə zərər dəymiş əmlakın təmiri və ya bərpası texniki və digər səbəblərdən mümkün olmadıqda, yaxud səmərəsiz olduqda, o, məhv olmuş hesab edilir. - 16.4-cü maddəsinə görə sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. - 20.2-ci maddəsinə görə həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. - 56.1.2-ci maddəsinə görə isə üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri 5000 manat məbləğində müəyyən edilir. İşin faktiki halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağlar massivində yerləşən qeyr-yaşayış sahəsi "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə qədər 100000 manat məbləğində sığortalanmış, bu barədə sığorta şəhadətnaməsi verilmiş, müqavilənin qüvvədə olduğu müddət ərzində (29 aprel 2019-cu il) sığorta hadisəsi baş vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 9/4687 nömrəli, xx.xx.2021ci il və 10/2991 saylı, xx.xx.2021-ci il tarixli rəylərinə əsasən, Saatlı rayonu, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində baş vermiş hadisə nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 2900 manat, həmin qeyri-yaşayış sahəsində yerləşən əşyaların orta bazar qiyməti isə 9852,40 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İddiaçıya məxsus daşınar və daşınmaz əmlaka dəymiş zərərin miqdarı ümumilikdə 12752,4 manat məbləğində müəyyən edilmiş, həmin ziyanın 5000 manat məbləği qəzaya səbəb olmuş minik avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş, hazırda iddiaçıya məxsus əmlaka dəymiş və ödənilməmiş zərərin miqdarı (12752,4 - 5000) 7752,4 manat məbləğindədir. Cavabdeh "xxxx" ASC sığorta ödənişinin verilməsindən imtinanı aşağıdakı qaydada əsaslandırmışdır: ... əmlaka dəymiş zərərin müəyyən edilməsi məqsədi ilə baxş keçirilmiş və ekspert tərəfindən sığorta hadisəsi nəticəsində daşınmaz əmlaka 2078,8 manat, daşınar əmlaka 2675 manat məbləğində dəymiş zərər müəyyən edilmişdir....baş vermiş hadisədə təqsirli bilinən “VAZ 2106” markalı, **-BE-*** nişanlı minik avtomobilinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən tam ödənilmişdir.” Cavabdehin iddiaya etirazının faktiki əsası kimi avtomobilinin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat məbləğində sığorta ödənişi verilməsinə, hüquqi əsas imi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889-cu maddəsinə istinad edilmişdir. Lakin 30 avqust 2019-cu il tarixli imtina məktubunda qeyd olunan əsas Azərbaycan Respublikası Mülki Məcəlləsinin 889-cu maddəsində deyil, həmin Məcəllənin 935.1 və 935.1.7-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması, zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. Lakin hazırkı vəziyyətdə işin halları ilə təsdiq olunur ki, zərərin məbləği 12752,4 manat məbləğində təşkil etsə də, 5000 manat məbləğində hissə avtomobilin mülki məsuliyyətini sığortalayan sığorta şirkəti tərəfindən ödənilmiş və 7752,4 manat məbləğində ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, imtina məktublarında qeyd olunan xüsusatlar sığorta ödənişinin verilməsindən imtina üçün əsas ola bilməz və yuxarıda qeyd olunan normaların məzmununa əsasən həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 903.1 – 903.6-cı maddəsində qeyd olunmuşdur ki, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. - 934.1 və 934.2-ci maddəsində qeyd olunmuşdur ki, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. "xxxx" ASC-nin sığorta ödənişinin verilməsindən imtina edilməsi barədə əsaslandırılmış bildiriş iddiaçıya 30 avqust 2019-cu il tarixdə göndərilmişdir. Məhkəmə araşdırması zamanı ödəniləcək sığorta məbləğinin 7752,4 manat qəbul edilməli olması müəyyən edildiyindən, "xxxx" ASC-nin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli bildiriş məktubu ilə iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsini nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddia tələbinə əsasən həmən tarixdən qətnamənin çıxarıldığı tarixədək hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu hesablanmamaqla cərimənin məbləği 7899,29 (1019 gün*7,752 (sığorta ödənişinin 0.1 faizi)) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 7899,29 manat dəbbə pulunun miqdarı azaldılaraq 1000 manat miqdarında müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin ziyanın qiymətləndirilməsi hissəsində əsassız hesab edir. Belə ki, "xxxx" MMC tərəfindən tərtib olunmuş QXM/129 nömrəli, 20 fevral 2020-ci il tarixli qiymətləndirmə rəyi iddiaçının öz təşəbbüsü ilə məhkəməyə sübut qismində təqdim edilmişdir. Habelə, iş materiallarına əlavə olunmuş 20 fevral 2020-ci il tarixli, 00059 nömrəli kassa mədaxil orderinin qəbzin kserosurəti əlavə olunsa da, MPM-in 89.3-cü maddəsinə əsasən məhkəməyə sübut qismində qəbzin əsli və ya təsdiq edilmiş surəti təqdim edilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 7752,4 manat məbləğində sığorta ödənişi, 1000 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 8752,4 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın qismən təmin olunması nəzərə alınaraq dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 25 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 84 manat məbləğində hissəsi "xxxx" ASC-dən, 16 manat məbləğində hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin ödənilməsi barədə iddiası qismən təmin edilsin. 7752,4 manat məbləğində sığorta ödənişi və 1000 manat məbləğində cərimə olmaqla, ümumilikdə 8752,4 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 25 manat məbləğində pul vəsaiti "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Məhkəmə-əmtəəşünaslıq və məhkəmə mühəndis-texniki ekspertizalarının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 84 manat məbləğində hissəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 16 manat məbləğində hissəsi İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-2058/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2058/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver