Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-21/2020 06.08.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Camalov Murad Yaşar oğlunun, cavabdehin nümayəndəsi Musayev Rüfət Musa oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13980 manat əsas borc, 4360 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 18370 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən tutularaq ona ödənilməsi, 15 noyabr 2012-ci il tarixli, 1193-L/12 №-li, 11 sentyabr 2013-cü il tarixli, 1109-L/13 №-li, 11 noyabr 2014-cü il tarixli, 1691-L/14 №-li, 15 yanvar 2015-ci il tarixli, 139- L/15 №-li, 06 may 2015-ci il tarixli, 865-L/15 №-li lizinq müqavilələrinin ləğv edilərək lizinq obyekti olan 1 ədəd “Belarus-1221” markalı traktorun, 1 ədəd “AGMP-5” markalı kotanın, 1 ədəd “TS-24” markalı taxılsəpənin, 1 ədəd “AGMSSH- 1000” markalı qollu çiləyicinin, 1 ədəd “ALODH-20/51” markalı yumşaldıcı malanın, 1 ədəd “AGGSD-600” markalı gübrəsəpənin və 1 ədəd “Palazoğlu” markalı 6 tonluq traktor qoşqusunun saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Camalov Murad Yaşar oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xxxx” MMC-dən 7668 manat əsas borc, 4360 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 12058 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Camalov Murad Yaşar oğlu iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, AR Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-nə məxsus kənd təsərrüfatı texnikasının və texnoloji avadanlıqların hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq ilə satılması Qaydaları”na müvafiq olaraq İddiaçı ASC ilə “xxxx” MMC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli, 1193-L/12 №-li, 11 sentyabr 2013cü il tarixli, 1109-L/13 №-li, 11 noyabr 2014-cü il tarixli, 1691-L/14 №-li, 15 yanvar 2015-ci il tarixli, 139-L/15 №-li, 06 may 2015-ci il tarixli, 865-L/15 №-li lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş ümumi dəyəri 65350 manat olan kənd təsərrüfatı texnikaları üçün sonuncu cəmiyyətin hesabına 6685 manat məbləğində ilkin ödəniş etmiş, qalan 58665 manat məbləğində hissəsinə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Lakin son zamanlara qədər aparılmış ödənişlər də nəzərə alınmaqla cavabdehin Beləliklə müqavilə üzrə 7668 manat əsas və 4360 manat cərimə borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Musayev Rüfət Musa oğlu iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 7668 manat əsas borcun ödənilməsi ilə razı olsa da, iddianın cərimənin ödənilməsi barədə hissəsini qəbul etmir. Mülki iş materiallarında olan: - 15 noyabr 2012-ci il tarixli, 1193-L/12 №-li kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC 1 ədəd “TS-24” markalı taxılsəpəni qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 11 sentyabr 2013-cü il tarixli, 1109-L/13 №-li kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC 1 ədəd “MTZ-1221” markalı traktorun, 1 ədəd “AGMP-5” markalı kotanın, 1 ədəd “Fort-300” markalı GPS terminalı qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 11 noyabr 2014-ci il tarixli, 1691-L/14 №-li kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC 1 ədəd “Palazoğlu” markalı 6 tonluq traktor qoşqusunu qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 15 yanvar 2015-ci il tarixli, 139-L/15 №-li kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC 1 ədəd “ALODH-20/51” markalı yumşaldıcı malanı və 1 ədəd “AGGSD-600” markalı gübrəsəpəni qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; - 06 may 2015-ci il tarixli, 865-L/15 №-li kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilənin surətindən görünür ki, İddiaçı ASC 1 ədəd “AGMSSH-1000” markalı qollu çiləyicini qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, lizinq alan isə texnikanın qalıq məbləğini ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. - 748-1.12 və 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və buna görə də iddiaçının pul məbləğlərini geri almaq hüququ yaranmışdır. 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsinin 08 iyul 2019-cu il tarixli, 2- 2(81)-959/2019 saylı qərardadına əsasən borc məbləğinin dəqiq müəyyənləşdirilməsi məqsədilə məhkəmə – mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə – mühasibatlıq ekspertizasının 30 dekabr 2019-cu il tarixli, 22835 №-li rəyində qeyd olunmuşdur ki, 29 sentyabr 2017-ci il tarixə 11 sentyabr 2013cü il tarixli, 1109-L/13 №-li lizinq müqaviləsi üzrə əsas borc 7656 manat, 15 noyabr 2012-ci il tarixli, 1193-L/12 №-li lizinq müqaviləsi üzrə əsas borc 2760 manat, 11 noyabr 2014-cü il tarixli, 1691-L/14 №-li lizinq müqaviləsi üzrə əsas borc 1496 manat, 15 yanvar 2015-ci il tarixli, 139-L/15 №-li lizinq müqaviləsi üzrə əsas borc 1348 manat, 06 may 2015-ci il tarixli, 865-L/15 №-li lizinq müqaviləsi üzrə əsas borc 720 manat, lizinq müqavilələri üzrə ödənilməli olan cərimə 4360,02 manat müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 7668 manat əsas borcun ödənilməməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir və yuxarıda göstərilən hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 7668 manat məbləğində əsas borca tənasübsüz olaraq 4360 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 4360 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində isə 21 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, əvvəlki iddia tələbi ilə ekspert rəyi arasında olan fərq, həmçinin, ödənişlərin rəydən sonra aparılması nəzərə alınmaqla məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 83 manat məbləğində hissəsi cavabdehdən, 17 manat məbləğində hissəsi iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. Əsas borc 7668 manat, cərimə 700 manat olmaqla ümumilikdə 8368 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 21 manat məbləğində pul vəsaiti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə - mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 83 manat məbləğində hissəsi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən, 17 manat məbləğində hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2-2(113)-21/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-21/2020
06.08.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver