Məhkəmə qərarları › İş №2-2(113)-2908/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-2908/2021

07.09.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-2908/2021 07.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və ödənilmiş pulun geri qaytarılması tələbi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, müqavilə üzrə avadanlıqların geri qaytarılması və pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.2020ci tarixli alqı-satqı müqaviləsi üzrə fors-major halı ilə bağlı öhdəliklərinin icrasından azad edilməyi və ödədiyi 15000 avro məbləğində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə cavabdehdən alınıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 01.06.2020-ci il tarixdə “X3” avadanlığının alqı-satqısına dair müqavilə bağlanmışdır. Müqavilənin tərkib hissəsi olan “Əlavə-A” adlı sənədə görə əşyanın qiyməti 38000 avro qiymətləndirilmiş, 15000 avro məbləğində pul tərəfindən nağd qaydada ilkin olaraq ödənilmişdir. Müqaviləyə görə qalan məbləğin ödənişi hər ay 1917 avro olmaqla, 14 ay müddətində həyata keçirilməli idi. Lakin müqavilə bağlandıqdan sonra AR Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq edilən məlum məhdudiyyətlər iddiaçının fəaliyyət göstərdiyi sahəni, yəni gözəllik salonlarının fəaliyyətini də məhdudlaşdırmışdı. Sərtləşdirilmiş karantin dövründə, eləcə də sonradan onların fəaliyyəti tam olaraq məhdudlaşdırılmışdır. Bundan başqa, 27.09.2020-ci il tarixdə başlanmış Vətən müharibəsi də bütün sahələrdə olduğu kimi, iddiaçının fəaliyyətinə də təsirsiz ötmədi. Bakı şəhərində müharibə vəziyyəti rejimi tətbiq edildi. Qeyd etdiyi hər iki hal aralarında bağlanmış müqaviləyə və mülki qanunvericiliyə görə fors-major halı hesab edildiyindən, bu halın hər hansı bir arayışla, yaxud sənədlə təsdiq edilməsinə ehtiyac yoxdur. Bu səbəblər hər kəsə məlum olan, inkar edilməyən hadisələrdir. Müqaviləyə görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməyəcəyi (fors-major halı ilə əlaqədar olduğundan) barədə müqavilə tərəfinə yazılı müraciət etmiş və müqaviləni qarşılıqlı razılıqla pozmağı təklif etmişdir. Lakin satıcı cavab məktubunda qeyd edilən halların fors-major halı olması ilə razılaşmamışdır. Aralarındakı müqavilənin 10.3.1-ci bəndinə görə tərəflərin qarşılıqlı razılığı və yazılı surətdə müraciət etməklə müqavilə ləğv edilə bilər. Müqavilənin 6.1-ci bəndinə görə tərəflərin müqavilə üzrə öhdəliklərinin icrası qabaqcadan görünən və qarşısı alına bilməyən halların təsiri altına birbaşa düşməsinə görə tam və ya qismən mümkün deyilsə, tərəflər birbaşa təsir altına düşən öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyət daşımır, o şərtlə ki, müqavilə tərəfi fors-major halında və onun təsirindən boyun qaçırmaq üçün lazımi tədbirləri görmüş olsun. Müqavilənin 6.4-cü bəndinə görə əgər bu cür hallar 30 gündən çox davam edərsə, tərəflərdən hər hansı biri bütövlüklə müqaviləyə və ya onun hər hansı bir hissəsinə xitam verə bilər. Bu halda tərəflər hər hansı bir zərərə görə əvəzin ödənilməsi barədə tələbi bir-birinə qarşı irəli sürə bilməz. Daha sonra ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləgv edilməsi, müqavilə bağlandıqdan sonra şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və fors-major halını (sərtləşdırılmiş karantin dövrü və Vətən müharibəsi ilə bağlı fövqəladə vəziyyət) nəzərə alıb, alqı-satqı müqaviləsi üzrə alıcı İddiaçı həmin müqavilə üzrə satıcı "xxxx" MMC-yə pul ödəmək öhdəliyinə xitam verilməsi və 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş kimi satıcı "xxxx" MMC-yə alıcı tərəfindən ödənilmiş 15000 avro məbləgində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən ilk İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İlkin iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə onunla əsaslandırılmışdır ki, tərəflərin arasındakı 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi iddia ərizəsinin başlığında və əsaslandırma hissəsində göstərilsə də, ərizənin “xahiş” hissəsində göstərilməmişdir. Həmçinin iddiaçı tərəfin hazıkı müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına sübuta ehtiyacı olmayan fors-major halının mövcudluğu ilə yanaşı, həm də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halının olması səbəbilə də xitam verilməlidir. AR MM-nin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əgər müqavilədə ayrı qayda nəzərlə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni aglabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Eyni zamanda Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Adventa Medıcal" MMC ilə İddiaçı arasında 01.06.2020-cı il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, 01.06.2020-cı ıl tarixli nisyə alqısalqı müqaviləsinin obyekti olmuş “X3” aparatı və müqavilə üzrə verilmiş avadanlıqların (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdeh MMC-yə (mülkiyyətçiyə) təhvil-təslim aktı üzrə təhvil verilməsi, 01.06.2020-ci il tarixli müqaviləni qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı 43200 (qırx üç min iki yüz) manat məbləğində dəbbə pulu və müqaviləni qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı vurduğu zərərə görə (əldən çıxmış fayda) 11000 (on bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh İddiaçı arasında 01 06.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X3” aparatı MMC tərəfindən nisyə alqı-satqı formasnda cavabdehə satılmışdır. Əlavə olaraq aparatla əlaqədar və onun tərkib hissəsi olmayan bır neçə avadanlıq müqavilə obyekti üzərində cavabdehə təhvil verilmişdir. Müqavilə imzalandığı gündən cavabdeh müqavilə öhdəliklərini icra etmir və məlum pandemiya ilə əlaqədar fəaliyyətsizliyi bəhanə gətirir. MMC rəhbərliyi ölkə üzrə cari vəziyyəti, müştəri məmnuniyyətini nəzərə alaraq və humanizm prinsipinə əsaslanaraq bir neçə ay müqavilənin icrasına güzəşt etsə də, cavabdeh müqavilənin realizəsi ilə bağlı tədbirlər görməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticə verməmişdir. MMC-nin son olaraq cavabdehə göndərdiyi xəbərdarlıq (pretenziya) məktubundan (19.01.2021-ci il tarixli) sonra müəyyən danışıqlara gəlinsə də, sonradan müqavilənin nə ıcrası, nə dəyişdirilməsi, nə də ləğvi ilə bağlı razılığa gəlmədilər. Belə ki, alqı-satqı müqaviləsinin 10-cu maddəsinə uyğun olaraq tərəflər öz öhdəliklərini kobud şəkildə pozduqda, hüquqlarından sui-istifadə etdikdə, öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görmədikdə və öhdəliklərini qarşı tərəfin bu barədə edilmiş yazılı xəbərdarlığından sonra da 3 (üç) gün müddətində icra etmədikdə, hüquqları əhəmiyyətli dərəcədə pozulan tərəf tərəfindən birtərəfli qaydada ləğv edilə bilər. Müqaviləyə əsasən alıcı müqavilə üzrə öhdəliklərini (hissə-hissə ödəniş zamanı) 2 ay ardıcıl olaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə Alıcıya verilmiş “Alqı-satqı” obyekti Satıcıya geri qaytarılır. Cavabdehdən müqavilənin şərtlərinə əməl edilməsi tələb olunsa da, o, MMC-nin mülkiyyətində olan müqavilə predmetini gizlədərək, qaytarmaq niyyətində deyil. Razılığa əsasən tərəflər müqavilə üzrə ohdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar və bununla qarşı tərəfə vurduqları zərərin əvəzini ödəməyə borcludurlar. Müqavilənin 5.5-ci bəndinə əsasən Alıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə Satıcı qarşısında məsuliyyət daşıyır. Alıcı bu müqavilədə və ya qanunvericilikdə nəzərdə tutulan əsas öhdəliyini və ya digər öhdəliklərini icra etməməsinə və ya lazımınca icra etməməsinə görə Satıcıya dəyən bütün zərəri, o cümlədən icra etmədiyi öhdəliyin dəyərini, Alıcının işgüzar nüfuzuna dəyən zərəri, hüquqi xidmət göstərilməsi üçün çəkilmiş xərcləri və həmçinin Alıcının öz hüquqlarını qorumaq üçün çəkdiyi, çəkəcəyi və çəkməli olduğu bütün digər xərcləri ödəməlidir. Belə ki, müqavilənin 1.2-ci maddəsinə əsasən Alıcı məhsulların faktura dəyərinin bu müqavilənin 4-cü maddəsində nəzərdə tutulmuş müddətdə ödənilməsini gecikdirdikdə, hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1 % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən gec olduqda isə (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 % miqdarında dəbbə pulu ödəməlidir, 2020-ci il iyun ayından bağlanan müqavilə bugünədək icra edilmədiyinə görə cavabdeh tərəfindən 43200 (qırx üç min iki yüz) manat məbləğində dəbbə pulu ödənilməlidir. Eyni zamanda 11 ay ərzində MMC gəlirlərindən və mülkiyyətindəki əmlakından məhrum edilərək, ona əldə oluna biləcək 11000 (on bir min) manat məbləğində zərər (əldən çıxmış fayda) vurulmuşdur. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qanuni nümayəndəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, İddiaçı iddiasının rədd edilməsi, Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış 01.06.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, nisyə alqı-satqı müqaviləsinin obyekti olmuş “X3” aparatı və müqavilə üzrə verilmiş avadanlıqların (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdeh MMC-yə (mülkiyyətçiyə) təhvil-təslim aktı üzrə təhvil verilməsi, alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı 1000 (bir min) manat məbləğində dəbbə pulu, alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı vurduğu zərərə görə (əldən çıxmış fayda) 11000 (on bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun İddiaçı Cavabdeh MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin, qaşılıqlı iddianın isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X2 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qaşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Satıcı - Cavabdeh MMC ilə alıcı - İddiaçı arasında 01-06/20 saylı, 01 iyun 2020-ci il tarixli “X3” avadanlığının alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə istehsal və ya idxal etdiyi və ya digər hüquqi formada ticarət predmeti olan məhsulu alıcıya satır, alıcı isə məhsulu satıcıdan qəbul edir və müqabilində satıcıya məhsulun qiymət təklifində nəzərdə tutulmuş dəyərini ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satıcı tərəfindan məhsulun satışının artırılması ya tanınması istiqamətində aparılacaq ticarətmarketinq tədbirləri əlavə razılaşmalar ilə tənzimlənəcəkdir. - Satıcı - Cavabdeh MMC ilə alıcı - İddiaçı arasında bağlanmış 01-06/20 saylı, 01 iyun 2020-ci il tarixli müqaviləyə 01 iyun 2020-ci il tarixli “Əlavə-A”-dan görünür ki, müqavilənin ümumi qiyməti 38000 euro təşkil edir. İlkin ödəniş 15000 euro olmaqla, 01 Avqust 2020 — 01 iyuİ 2021 aralığında hər ay 1917 euro ödəniş eilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanan pretenziya məktubundan görünür ki, 15 gün ərzində müqavilə üzrə öhdəliklərin icra edilməsi xahiş edilmiş, əks təqdirdə mübahisənin həll olunması üçün məhkəməyə müraciət ediləcəyi bildirmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubuna cavab məktubundan görünür ki, İddiaçı AR MM-nin 432.2-ci maddəsinə əsasən Cavabdeh MMC ilə aralarındakı 01.06.2020-ci il tarixli müqaviləni pozmağı və fors-major halı ilə bağlı öhdəliklərinin yerinə yetirə bilməyəcəyini nəzərə alaraq, ödədiyi 30000 manat pulun özünə qaytarılması və Cavabdeh MMC-dən aldığı “X3” avadanlığını təhvil almağı Cavabdeh MMC-yə təklif etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən “X3” avadanlığı İddiaçı satılmışdır. Tərəflərin razılığına əsasən avadanlığın qiyməti 38000 avro müəyyən edilmiş, həmin məbləğdən alıcı tərəfindən ilkin olaraq 15000 avro ödənilmiş, qalan məbləğin 14 ay ərzində hissə-hissə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, avadadanlığı alıcıya təhvil versə də, alıcı qalan məbləğin aylar üzrə hissə-hissə ödənilməsi barədə öhdəliyini yerinə yetirməmiş, ilkin olaraq ödənilən 15000 avro məbləğdən başqa satıcıya hər hansı ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin: 2.2.4-cü bəndinə əsasən alıcı məhsulun dəyərini müqavilə ilə nəzərdə tutulmuş müddətdə ödəmək, ödənişin gecikdirildiyi təqdirdə gecıkdirilən günlərə görə Satıcıya hər gecikdirilən gün üçün qanunvericiliklə müəyyən edilmiş qaydada faiz və müqavilə ilə nəzərdə tutulmuş qaydada ödənişin l%~i məbləğində cərimə ödəmək vəzifəsi daşıyır. 5.2-ci bəndinə əsasən alıcı məhsulların faktura dəyərini bu müqavilənin 4.-cu maddəsində nəzərdə tutulmuş müddətdə ödənilməsi gecikdirildikdə hər gecikdirilən gün üçün ödəmə müddəti başa çatmış məbləğin 0,1 (sıfır tam onda bir) % miqdarında, gecikdirilən günlərin sayı 30 gündən gec olduqda isə (31-ci) gündən başlayaraq hər gecikdirilən gün üçün 0,2 (sıfır tam onda iki)% miqdarında dəbbə pulu ödəməlidir. 5.3-cü bəndinə əsasən alıcı Müqavilə üzrə öhdəliklərini (hissə hissə ödəniş zamanı) 2 ay ardıcıl olaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə Alıcıya verilmiş "Alqı satqı" obyekti Satıcıya geri qaytarılır. 5.4-cü bəndinə əsasən Alıcı bu Müqavilənin 5,3-cü maddəsinə göstərilmiş pozuntuya yol verərsə ilkin ödəniş daxil olmaqla Alıcının ödədiyi heç bir məbləğ geri qaytarılmır. 10.3.4-cü bəndinə əsasən müqavilə tərəflər öz öhdəliklərini kobud şəkildə pozduqda, hüquqlarından sui-istifadə etdikdə, öhdəliklərini yerinə yetirmək üçün heç bir tədbir görmədikdə və öhdəliklərini qarşı tərəfin bu barədə edilmiş yazılı xəbərdarlığından sonra da 3 (üç) gün müddətində icra etmədikdə, hüquqları əhəmiyyətli dərəcədə pozulan Tərəf tərəfindən birtərəfli qaydada ləğv oluna bilər. 10.6-cı bəndinə əsasən müqaviləyə alıcın kobud səhvi və ya müqavilə üzrə öhdəliklərini (hissə hissə ödəniş zamanı) 2 ay ardıcıl olaraq icra etmədikdə və ya lazımınca icra etmədikdə müqaviləyə xitam verilərsə, Alıcının xitam verilmə anına qədər ödədiyi məbləğlər geri qaytarılmır. Hər iki iddia üzrə tələblərdən biri alqı-satqı müqaviləsinin ləgv edilməsindən ibarətdir. İlk iddia üzrə iddiaçı iddia etmişdir ki, fors-major və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarının olması səbəbindən müqavilə ləğv edilməlidir. Məhkəmə hazırkı halda ilk iddia üzrə iddiaçının müqavilənin fors-major halı və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə ləğv edilməli olması dəlilləri ilə razılaşmır. Məhkəmə hesab edir ki, həmin əsaslarla müqavilə ləğv edilə bilməz. Belə ki, hazırkı halda iddiaçının ərizəsində göstərilən hallar fors-major halı hesab edilə bilməz. Tərəflər arasında müqavilə pandemiya zamanı bağlanmışdır. 422-ci maddəsinin mənasına görə tərəflərin müqavilə bağlayan zaman əsas götürdükləri şəraitin dəyişməsi onu nəzərdə tutur ki, müqavilə bağlandıqdan sonra tərəflərdən asılı olmayaraq şəraitin dəyişməsi nəticəsində müqavilənin şərtlərinin və yaxud mühüm sayılan hər hansı şərtinin layiqincə yerinə yetirilməsi və yaxud ümumiyyətlə yerinə yetirilməsi qeyri-mümkün olur və bu müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsini zəruri edir. Məhkəmənin gəldiyi qənaətə əsasən alqı-satqı müqaviləsinin ləgv edilməsi hissəsində iddia təmin olunmalıdır. İlk iddia üzrə iddiaçının iddia tələbinin bir hissəsini alqı-satqı müqaviləsi üzrə alıcı İddiaçı həmin müqavilə üzrə satıcı "xxxx" MMC-yə pul ödəmək öhdəliyinə xitam verilməsi və 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ilkin ödəniş kimi satıcı "xxxx" MMC-yə alıcı tərəfindən ödənilmiş 15000 avro məbləgində pul vəsaitinin ödəniş gününə Azərbaycan manatına uyğun məzənnə ilə ilk iddia üzrə cavabdeh "xxxx" MMC-dən ilk İddiaçı xeyrinə tutulması təşkil edir. Məhkəmə hər iki tərəfin mənafelərini nəzərə belə nəticəyə gəlir ki, iddia tələbi alqısatqı müqaviləsi üzrə alıcı İddiaçı həmin müqavilə üzrə satıcı "xxxx" MMC-yə müqavilə predmetinin qalıq məbləğini ödəmək öhdəliyinə xitam verilməsi hissəsində təmin edilməli, tərəflər arasında bağlanmış müqavilənin 10.6-cı bəndinin tələblərini nəzərə alaraq, iddia ilkin ödəniş kimi satıcı "xxxx" MMC-yə alıcı tərəfindən ödənilmiş 15000 avro məbləgində pulun ilk iddia üzrə iddiaçıya qaytarılması hissəsində isə rədd olunmalıdır. Qarşılıqlı iddianın digər hissəsi alqı-salqı müqaviləsinin obyekti olmuş “X3” aparatı və müqavilə üzrə verilmiş avadanlıqların (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdeh MMC-yə (mülkiyyətçiyə) təhvil-təslim aktı üzrə təhvil verilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, müqavilə şərtləri nəzərə alınaraq (5.3-cü bənd) göstərilən iddia həmin hissədə təmin olunmalı, aparat və avadanlıqlar qarşılıqlı iddia üzrə iddiaçıya geri qaytarılmalıdır. Qarşılıqlı iddia tələbinin bir hissəsini də alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı 1000 (bir min) manat məbləğində dəbbə pulu, alqı-satqı müqaviləsini qəsdən və kobudcasına icra etməməsinə görə cavabdeh İddiaçı vurduğu zərərə görə (əldən çıxmış fayda) 11000 (on bir min) manat məbləğində pulun tutulmasından ibarətdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 100 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmənin qənaətinə əsasən qarşılıqlı iddia üzrə iddiaçı əldən çıxmış faydanın nədən ibarət olması, onun 11000 manat təşkil etməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Belə ki, müəyyən olunur ki, onun tərəfindən 30 manat dövlət rüsumu ödənilməli olduğu halda, 10 manat ödənilmişdir rüsumun qarşı tərəfdən tutulması barədə tələb isə yoxdur. Həmçinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi İddiaçı tutularaq Cavabdehnə ödənilməli, 20 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında baglanmış 01.06.2020-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı həmin müqavilə üzrə Cavabdehnə müqavilə predmetinin qalıq məbləğini ödəmək öhdəliyinə xitam verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. İddiaçı 20 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh MMC ilə cavabdeh İddiaçı arasında 01.06.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi ləğv edilsin. 01.06.2020-ci il tarixdə nisyə alqı-satqı müqaviləsinin obyekti olmuş “X3” aparatı və müqavilə üzrə verilmiş avadanlıqlar (kuşetka, lazeroloq eynəyi – 2 ədəd, lampa-lupa, etajerka) Cavabdehnə (mülkiyyətçiyə) təhvil verilsin. Cavabdeh İddiaçı 100 (yüz) manat məbləğində pul və dövlət rüsumuna görə 10 manat tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar