Məhkəmə qərarları › İş №2-2(113)-3678/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-3678/2024

02.07.2024 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-3678/2024 02.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alqısatqı müqaviləsinin ləğvi edilməsi, 9000 manat məbləğində maddi zərərin cavabdehlər tərəfindən ödənilməsi, “Chevrolet Cruze” minik markalı, 2015-ci il buraxılışı, 99GY859 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-789/2024 nömrəli qərardadı ilə işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(113)-3678/2024 saylı qərardadı ilə iş icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəmə bildirişinin kötüyünə imza etdirməklə, cavabdehlərə məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada – poçt rabitəsi və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə bildirişləri göndərilməklə, cavabdehlərin mobil telefon nömrəsinə “SMS” bildiriş çatdırılmaqla məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştirakını təmin etməmişlər, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Həmin Məcəllənin 150.2-ci maddəsində göstərilmişdir ki, kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemi) yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29 avqust 2023-cü il tarixli icarə müqaviləsinin 5.2-ci bəndinə əsasən, bu müqavilədən irəli gələn və ya onunla əlaqədar olan bütün mübahisələr, fikir ayrılıqları və tələblər tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, məhkəmələr vasitəsilə həll edilir. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 05 sentyabr 2023-cü il tarixli nəqliyyat vasitəsinin nisyə alqı-satqısı müqaviləsinin 4.3-cü bəndinə əsasən, əgər öhdəliklərin tam və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı aralarında hər hansı bir mübahisə yaransa Tərəflər onu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələbləri əsasında danışıqlar aparmaq yolu ilə tezliklə həll etməyə çalışacaqlar. Bu nəticə vermədiyi halda isə hər bir Tərəf mübahisənin həll olunması üçün Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər sözügedən müqavilələrdən irəli gələn mübahisələrin əvvəlcə məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə razılığa gəlmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü tarixli pretenziya məktubunun çatdırılmasını təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında qeyd edilən nöqsan iddiaçının diqqətinə çatıdırılmış, göndərilmənin təsdiq edilməsi barədə sənədin təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı növbəti məhkəmə iclasında iştirak etməmiş və “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə də təsdiqedici sənədi göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə görə, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu baxımdan kommersiya mübahisələri üzrə məhkəmə icraatında ərizə, şikayət və digərin sənədin imzalanması dedikdə, yalnız elektron qaydada imzalanma qəbul edilir. Hazırkı iddia ərizəsi iaə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə poçt rabitəsi vasiəsilə əl imzası ilə imza edilməklə daxil olmuşdur. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 6.3-cü bəndinə əsasən, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-in 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. Bu mənada iddiaçıya “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron imza ilə təsdiq edilərək iddia ərizəsini yazılı müdafiə etməsi təklif edilmiş, lakin belə bir müdafiə həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyindən, iddiaçı tərəfindən mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət olunmadığından və iddia ərizəsi yazılı müdafiə olunmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə müəyyən edir ki, hazırkı iş üzrə iddia ərizəsinin verilməsi üçün ********** nömrəli mədaxil qəbzi ilə 85 manat, ********** nömrəli mədaxil qəbzi ilə 25 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 110 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Qanuni nümayəndə qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 110 (bir yüz on) məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar