Məhkəmə qərarları › İş №2-2(113)-426/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-426/2021

27.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-426/2021 27.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi ilə, Xəlil Ülkər Abdurahman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Dəniz Cavabdeh2 qarşı icarə müqaviləsinin ləğvi, icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Dəniz Cavabdeh2 qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adından İddiaçı2 ilə Cavabdeh2 adından Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 arasında notarial qaydada 12.06.2019-cu il tarixdə 3M-854 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş 5 (beş) aylıq icarə haqqının Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 alınaraq iddiaçılara verilməsi və Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 və onun işçilərinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 17.05.2019-cu il tarixdə 3M-717 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsinə əsasən icarəyə verən, yəni iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni icarəçi, yəni Cavabdeh1 icarəyə vermişdir. 17.05.2019-cu il tarixli, 3M-717 reyestr nömrəli icarə müqaviləsinin ləğvinə dair 12.06.2019-cu il tarixli sazişlə yuxarıda qeyd olunan icarə müqaviləsi ləğv edilmişdir. 12.06.2019-cu il tarixdə 3M-854 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsinə əsasən icarəyə verən, yəni iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni icarəçi, yəni Cavabdeh2 adından Cavabdeh1 icarəyə vermişdir. Cari ilin fevral ayında cavabdeh vəziyyətin ağır olduğunu bildirmiş və icarə haqqının alınmasının bir qədər gecikdirilməsini xahiş etmişdir. Daha sonra cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq, cari ilin fevral ayından etibarən iyul ayına qədər icarə haqqını ödəməmişdir. Halbuki əhalinin sıxlığı olduqca yuxarı olan Bakı şəhərinini 28 may küçəsində (S. Vurğunun heykəlinin ətrafı) yerləşən cavabdehin işlətdiyi dönərxana bütün bu dövr ərzində və hazırkı vaxta qədər fəaliyyətini dayandırmamışdır. Cavabdehə 05.07.2020-ci il tarixdə telefon zəngi edildikdən sonra növbəti gün, o, cari ilin yalnız fevral ayının icarı haqqını ödəmişdir. Lakin cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəliklərini gecikdirməsi nəticəsində onunla əməkdaşlıqlarını artıq davam etdirmək marağında deyildir. Bu səbəbdən icarə obyektini başqa formatda istifadə etmək məqsədi ilə başqa bir şəxslə iş birliyi qurmuş və onunla birlikdə 20.07.2020-ci il tarixdə icarə obyektində cavabdehlə yenidən görüşmüş və o, söz vermişdir ki, 01.08.2020-ci il tarixinə qədər yerdə qalan borcunu ödəyərək icarə obyektini tərk edəcək. Lakin növbəti gün cavabdeh iddiaçının mobil telefonuna zəng edərək, olduqca emosional və aqressiv şəkildə bildirmişdir ki, o, icarə obyektini boşaltmayacaq. Hesab edir ki, cavabdehin iddiaçıya qarşı olan belə davranışı yolverilməzdir və bundan sonra onların cavabdehlə hər-hansı bir münasibətlərdə olması heç bir müsbət nəticə verməyəcək. Artıq cavabdehlə onların arasında xüsusi xoşagəlməz və olduqca gərgin münasibətlər yaranmış, mənafeləri toqquşmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehlə aralarında bağlanmış müqavilə dərhal ləğv olunmalıdır. Qeyd olunanlarla bağlı cavabdehə rəsmi olaraq pretenziya məktubu göndərmiş, lakin cavabdeh məktubun məzmununun müqavilənin ləğv olunması barədə olmasını öyrəndikdən sonra məktubu qəbul etməkdən imtina etmişdir. Cavabdeh belə hərəkətləri etməklə iddiaçının qanunla qorunan hüquqlarını kobud şəkildə pozaraq, ona zərər vurmuşdur. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, İddiaçı1 ilə ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti adından Türkiyə Respublikasının vətəndaşı Cavabdeh1 arasında notarial qaydada 12.06.2019-cu il tarixdə bağlanmış, 3M-854 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 m2 olan qeyri-yaşayış sahəsinin istifadəsinə görə 2020-ci ilin mart ayından başlayaraq, iddia tələbinin ”qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinin cavabdehlər tərəfindən tam icra olunan vaxtına qədər olan müddət ərzində ödənilməmiş aylıq 1200 (bir min iki yüz) manat icarə haqqının ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,1 m2 olan qeyri-yaşayış sahəsinin istifadəsinə görə 2020-ci ilin avqust ayından başlayaraq, iddia tələbinin ”qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinin cavabdehlər tərəfindən tam icra olunan vaxtına qədər olan müddət ərzində ödənilməmiş hər ay 500 (beş yüz) manat aylıq icarə haqqının ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,1 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi və icarə sahəsində cavabdeh tərəfindən tikilən arakəsmələrin, həmin sahəyə zərər vurmadan, cavabdehin öz hesabına sökülüb söküntü tullantılarının ərazidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən çıxmaq niyyətinin olmadığını bildirdiyi üçün və bununla əlaqədar məhkəmə mübahisələrinin uzana biləcəyini nəzərə alaraq, hesab edir ki, cavabdehin onlara bundan sonra da zərər vurmağa davam edəcəyinin müddəti qeyri-müəyyəndir. Eyni zamanda məhkəmənin diqqətini bir məsələyə cəlb etmək istəyir ki, iş materiallarına əlavə olunmuş iş üzrə tərəflər arasında bağlanılan müqavilədə icarə haqqının hər ay üçün 1200 (bir min iki yüz) manat göstərilməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahəsinin icarə haqqı tərəflər arasında 3000 (üç min) manat olaraq müəyyən olunmuş və müqavilənin bağlandığı tarixdən 2020-ci ilin aprel ayına qədər cavabdeh iddiaçıya hər ay 3000 (üç min) manat ödəmişdir. Lakin cavabdehin xahişinə əsasən icarə haqqı müqavilədə formal olaraq 1200 (bir min iki yüz) manat kimi göstərilmişdir. Belə ki, icarə obyekti Bakı şəhərinin 28 may küçəsində, Səməd Vurğunun heykəlinin yanında yerləşir və bu ərazi Bakı şəhərinin mərkəzində yerləşməklə, əhalinin olduqca sıx olduğu yerdir. İcarə obyektinin yanında yerləşən digər icarə obyektlərində icarə haqqı hər ay 3000 (üç min) manatdan da artıq təşkil edir. Yəni göstərilən ərazidə icarə haqqı ayda 1200 (bir min iki yüz) manat olan qeyri-yaşayış sahələri mövcud deyildir. Bununla əlaqədar hesab edir ki, cavabdehlərdən tutulmalı olan aylıq icarə haqqı, həqiqətdə olduğu kimi, hər ay 3000 (üç min) manat təşkil etməlidir. Digər tərəfdən, icarə obyektini digər formatda istifadə etmək məqsədi ilə başqa bir şəxslə iş birliyi qurub, onunla birlikdə 20.07.2020-ci il tarixdə icarə obyektində cavabdehlə görüşdükləri zaman məlum olmuşdur ki, cavabdeh müqavilə şərtlərindən kənara çıxaraq qonşuluqda yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan, sahəsi 27,1 m2 olan digər yaşayış sasəsinə özbaşına girərək, qanunsuz olmaqla həmin sahədən də istifadə edir. Hesab edir ki, cavabdeh bu sahəni qanunsuz olaraq istifadə etdiyi üçün bu qanunsuzluğu aşkar etdikləri 20.07.2020-ci il tarixdən başlayaraq, həmin ərazidə real icarə haqqı məbləğinin aşağı həddi olmaqla, ayda 500 (beş yüz) manat Cavabdeh1 alınaraq iddiaçılara verilməlidir. Eyni zamanda həmin gün icarə obyektində olarkən, cavabdeh tərəfindən iddiaçıya xəbər vermədən və razılıq əldə etmədən, bununla da Müqavilənin 8-ci bəndnin şərti pozulmaqla, qanunsuz olaraq icarə sahəsində arakəsmələrdən ibarət təmir-tikinti işlərinin görüldüyünü müəyyən etmişdir. Müqavilənin 1, 4, 6, və 8-ci bəndlərinin şərtləri cavabdeh tərəfindən kobud şəkildə pozulduğu üçün müqavilənin 7-ci bəndinin şərtlərinə uyğun olaraq, müqavilənin ləğv edilməsi barədə 26.07.2020-ci il tarixdə cavabdehə rəsmi olaraq məktub göndərmişdir. Məktubun məzmununun müqavilənin ləğv olunması barədə olmasını öyrəndikdən sonra cavabdeh muqavilənin ləğv olunmasını istəmədiyini və məktubu qəbul etməkdən imtina etdiyini bildirmişdir. Halbuki müqavilənin 7-ci bəndində qeyd olunur ki, “Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqcadan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir”. Yəni onlar tərəfdən müqavilənin ləğv edilməsi üçün tələb olunan bütün qanuni tədbirlər hələ 26.07.2020-ci il tarixdə görülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - İddiaçı1 (icarəyə verən) ilə Cavabdeh1 (icarəçi) arasında bağlanmış 17 may 2019cu il tarixli 3M-717 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən 1200 manat məbləğində müəyyən olunmuşdur. - “17 may 2019-cu il tarixli 3M-717 reyestr nömrəli icarə müqaviləsinin ləğvinə dair” 12 iyun 2019-cu il tarixli 3M-853 reyestr nömrəli sazişdən görünür ki, İddiaçı1 (icarəyə verən) və Cavabdeh1 (icarəçi) aralarında bağladıqları 17 may 2019-cu il tarixli 3M-717 reyestr nömrəli icarə müqaviləsinə xitam vermişlər. - İddiaçı1 (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanmış 12 iyun 2019cu il tarixli 3M-854 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Aylıq icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən 1200 manat məbləğində müəyyən olunur. Həmin müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. - İddiaçıların nümayəndəsi tərəfindən 27.07.2020-ci il tarixdə HP-108/2020 saylı pretenziya qaydasında xəbərdarlıqla Cavabdeh1 müraciət edilərək, İddiaçı2 (İddiaçı1 əvəzinə) ilə onun arasında notarial qaydada bağlanılmış, mülkiyyət hüququ əsasında İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsinin ləğv edilməsi ilə əlaqədar 2020-ci ilin fevral ayından etibarən ödənilməyən 5 (beş) aylıq icarə haqqının ödənilməsi və qanunla müəyyən edilmiş qaydada, xüsusi mülkiyyətə hər hansı bir zərər yetirmədən, şəxsi əşyaları götürərək qeyri-yaşayış sahəsini tərk etməyinin tələb edildiyi bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri icra edərək icarəyə verilmiş qeyri-yaşayış sahəsini cavabdehin istifadəsinə vermişdir. Lakin sonradan tərəflər arasında müqavilə üzrə mübahisələr yaranmış, iddiaçı cavabdehlə icarə münasibətlərini davam etdirmək istəməyərək, icarə müqaviləsinin ləğv olunması, icarə haqqının ödənilməsi və icarə obyektini boşaltmağı tələb etmiş, lakin cavabdeh müqaviləyə xitam verməyərək icarə obyektindən istifadə etməkdə davam etmişdir. İlk öncə qeyd olunmalıdır ki, hazırkı iddia Cavabdeh2 və Dəniz Cavabdeh2 qarşı irəli sürülmüşdür. Araşdırma zamanı 12.06.2019-cu il tarixli icarə müqaviləsindən irəli gələn münasibətlərin yalnız iddiaçı ilə Cavabdeh2 arasında olması müəyyən edilmişdir. Ona görə də Dəniz Cavabdeh2 münasibətdə iddia tələbi təmin olunmamalı, Cavabdeh2nə münasibətdə isə qismən təmin olunmalıdır. İddia tələbinin bir hissəsini İddiaçı1 ilə ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında notarial qaydada 12.06.2019-cu il tarixdə bağlanmış, 3M-854 reyestr nömrəsi ilə qeydiyyata alınmış icarə müqaviləsinə xitam verilməsi təşkil edir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflər arasında bağlanmış 12.06.2019-cu il tarixli icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Göründüyü kimi, müqavilə tərəflərdən birinin tələbi ilə müqavilənin özündə nəzərdə tutulan hallarda ləğvi edilə bilər. Hazırkı halda tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən müqqaviləyə tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə əsasən xitam verilə bilər. Müəyyən olunur ki, iddiaçı müqavilənin ləğv edilməsi ilə əlaqədar yazılı ərizə ilə müraciət etmiş, kurver göstərilən ünvana getmiş, lakin qeyd olunan ünvanda pretenziyanın qəbulundan imtina edilmişdir. Ona görə də tələbin qeyd olunan hissəsinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı birinci cavabdehə münasibətdə həmin tələbi irəli sürməkdə haqlı olmuşdur və tələb həmin hissədə təmin olunmalı və tərəflər arasında bağlanmış 12.06.2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməlidir. İddia tələbinin bir hissəsini də ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 m2 olan qeyri-yaşayış sahəsinin istifadəsinə görə 2020-ci ilin mart ayından başlayaraq, iddia tələbinin ”qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinin cavabdehlər tərəfindən tam icra olunan vaxtına qədər olan müddət ərzində ödənilməmiş aylıq 1200 (bir min iki yüz) manat icarə haqqının ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməsi təşkil edir. Göründüyü kimi, iddiaçı 2020-ci ilin mart ayından başlayaraq, iddia tələbinin ”qeyriyaşayış sahəsinin boşaldılması” hissəsinin cavabdehlər tərəfindən tam icra olunan vaxtına qədər olan müddət ərzində ödənilməmiş aylıq 1200 (bir min iki yüz) manat icarə haqqının cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Həmin tələbə münasibətdə aşağıdakıları qeyd etmək olar: İddiaçı iddia ərizəsində iddia edir ki, icarə haqqının müqavilədə hər ay üçün 1200 (bir min iki yüz) manat göstərilməsinə baxmayaraq, həmin qeyri-yaşayış sahəsinin icarə haqqı tərəflər arasında 3000 (üç min) manat olaraq müəyyən olunmuş və müqavilənin bağlandığı tarixdən 2020-ci ilin aprel ayına qədər cavabdeh iddiaçıya hər ay 3000 (üç min) manat ödəmişdir. Lakin cavabdehin xahişinə əsasən icarə haqqı müqavilədə formal olaraq 1200 (bir min iki yüz) manat kimi göstərilmişdir. Məhkəmə araşdırması zamanı müqavilə üzrə borcları müəyyən etmək mümkün olmamışdır. Müqavilənin 4-cü bəndinə əsasən icarə haqqı 1200 manat olaraq müəyyən edilir. 9-cu bəndinə əsasən tərəflərin razılığına əsasən icarəçi hər ay aylıq icarə haqqından qanunla müəyyən edilmiş məbləğdə vergi ödəyir. Məhkəməyə ödənişlərlə, borclarla bağlı müvafiq sübutlar (e-qaimə və s.) təqdim olunmamışdır. Hazırkı iş üzrə icarə haqqı üzrə borcları müəyyən etmək mümkün olmadığından məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,1 m2 olan qeyri-yaşayış sahəsinin istifadəsinə görə 2020-ci ilin avqust ayından başlayaraq, iddia tələbinin ”qeyri-yaşayış sahəsinin boşaldılması” hissəsinin cavabdehlər tərəfindən tam icra olunan vaxtına qədər olan müddət ərzində ödənilməmiş hər ay 500 (beş yüz) manat aylıq icarə haqqının ”Cavabdeh2” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı1 verilməsi” hissəsinə münasibətdə belə nəticəyə gəlir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Çünki iddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,1 m2 olan qeyri-yaşayış sahəsinə dair cavabdehlərlə aralarında hər hansı (icarə və s.) münasibətlərin olmasına dair sübutları təqdim etməmişdir. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyriyaşayış sahəsinin və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27,1 m2 olan qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi və icarə sahəsində cavabdeh tərəfindən tikilən arakəsmələrin, həmin sahəyə zərər vurmadan, cavabdehin öz hesabına sökülüb söküntü tullantılarının ərazidən aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd olunmalıdır ki, həmin hissədə iddia qismən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi hissəsində təmin olunmalı, digər hissələrdə isə sübuta yetirilmədiyindən təmin olunmamalıdır. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilən dövlət rüsumunun tutulması barədə tələb olmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı1 ilə Cavabdeh2 arasında 12.06.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə xitam verilsin. ünvan 1 ünvanında yerləşən, Cavabdeh2nə icarəyə verilmiş, ümumi sahəsi 87 kv/m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar