Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-4609/2024 25.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (12 saylı Bakı şəhəri Dövlət Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, müqavilənin ləğvi, əmlakın qaytarılması, icarə haqqı tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (12 saylı Bakı şəhəri Dövlət Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı Bakı şəhəri Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 mart 2022-ci il tarixdə cavabdeh "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, cavabdehin Səbail rayonu İçərişəhər Hərbiçi küçəsi, 21 B, ev 4 saylı mənzildən çıxarılması və cavabdehdən 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayı da daxil olmaqla ödənilməmiş 10000 manat pul vəsaiti cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-954/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və pul” tələbinə dair 2(009)-954/2024 saylı mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə xitam verilməsi, Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılması və 2023-cü ilin noyabr ayından indiyə qədər ödənilməmiş pul vəsaitindən 13000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi Konyan Alinin 3 mart 2022-ci il tarixli AR-11 seriyalı 594965 saylı etibarnaməyə əsasən təmsilçi X1 ilə 03 mart 2022-ci il tarixdə mülkiyyətində olan, Bakı şəhəri Səbail rayon İçəri şəhər Hərbiçi küçəsi 21B saylı evin 325.5 kv.m. 4 saylı mənzili mehmanxana fəaliyyəti məqsədilə icarəyə vermişdir. İlk aylarda cavabdeh gecikdirmələrlə icarə haqqın ödəmiş, lakin 2023-cü il noyabr ayından icarə haqqı ödəmir, həmçinin cavabdeh obyekti təyinatına uyğun istifadə etmədiyi üçün qonşuların müraciəti əsasında polis orqanları yoxlama aparmışdır. Onun tərəfindən cavabdehə irad bildirilmiş, lakin cavabdeh birgə yaşayış, etik qaydalara əməl etmir, həmçinin icarə haqqını ödəmir və s. Hazırki cavabdehin təmsil etdiyi "xxxx" MMC-lə yox "xxxx" MMC-lə 03 mart 2022-ci il tarixli müqavilə imzalanmışdır. Adı çəkilən müqavilənin 4.2.1 maddəsinə əsasən icarə haqqı hər cari ayın 5-dən gec olmayaraq ödənilməlidir. Həmçinin müqavilənin 4.4. maddəsinə əsasən müqavilə üzrə digər ödənişlər o cümlədən vergi ödənişləri cavabdehə aid edilməlidir. 03 mart 2022-ci il tarixli müqavilənin 10.2.2 maddəsinə əsasən müqavilə şərtlərinin tərəflərin biri tərəfindən pozulması müqavilənin xitamı üçün əsasdır. Cavabdeh onun mülkiyyətində olan əmlakın vəziyyətilə maraqlanmağa şərait yaratmır, bu isə müqavilə şərtlərinə ziddir. Göründüyü kimi cavabdeh tərəfindən 03 mart 2022-ci il tarixli müqavilənin şərtləri mütəmadi olaraq pozulmaqda davam edir, yaşayış sahəsi təyinatı üzrə istifadə olunmur. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 425.1, 442-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən müqavilə bağlandıqdan sonra noyabr ayı daxil olmaqla ödənişlər olunmuş, sonradan ödəniş edilməmişdir. Sonda o, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 12 saylı Bakı şəhəri Dövlət Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəverən özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv.metr olan mənzili icarəçiyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1-ci maddəsinə əsasən aylıq icarə haqqı 2022-ci ilin mart ayı üçün ödənişsiz, aprel, may və iyun ayları 1500 manat, quru yollar açılanadək 2000 manat, quru yollar açılandan sonra 3000 manat təşkil edir. Müqavilənin 4.2-ci bəndə əsasən icarə haqqı hər aya görə cari ayın 5-dən gec olmamaq şərtilə icarəçi tərəfindən İcarəyə verənə ödənilməlidir. Müqavilənin 7.1.7-ci maddəsinə əsasən icarəçi bu müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə icarəyə verənə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 10.1-ci maddəsinə əsasən müqavilənin qüvvədə olduğu müddətin qurtarmasına 1 ay qalmış tərəflərin heç biri müqaviləyə xitam verilməsi barədə niyyətini bildirmədiyi halda müqavilə gələn bir il müddətinə uzadılmış hesab edilməsi şərtləşdirilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş 19 mart 2023-cü il tarixli pretenziya məktubunda bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsini tələb etmək məcburiyyətində olduğunu, obyektin təyinatı üzrə istifadə olunmadığını, 2023-cü ilin icarə haqqının ödənilmədiyini qeyd etmişdir. 10 gün müddətində cavabdehə aid əşyaları götürmək şərti ilə obyekti təhvil verilməsini tələb etmişdir. 1337 nömrəli poçt qaiməsindən görünür ki, pretenziya məktubu xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 101 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, 31 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2-ci maddəsinə əsasən əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqqədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 325.5 kv.metr olan mənzili təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək icarə haqqı məbləğini iki ardıcıl müddətdən çox ödəməmişdir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu təqdim edərək, icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 447.1-ci maddəsinin tətbiqi tərəflər arasında sinallaqmatik öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Belə ki, cavabdeh tərəfindən obyekt icarəyə götürüldükdən sonra icarə haqqı vaxtında və tam ödənilməmiş, həmin vaxtdan uzun müddət keçəməsinə və iddiaçı tərəfindən pretenziya göndərilməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra olunmamışdır. Göründüyü kimi cavabdeh tərəf müqavilədən irəli gələn öhdəliyini icra etməyərək müqaviləni əhəmiyyətli dərəcə pozduğuna görə iddiaçı icarə haqqı borcunun ödənilməsini və obyektin boşaldılaraq təhvil verilməsini tələb etmişdir. İddiaçı müqaviləyə xitam verilməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixində pretenziya göndərməklə müqavilədən imtina barədə iradə ifadəsini açıq şəkildə cavabdehə bildirmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab olunmalıdır. Bundan başqa İddiaçı icarə müqaviləsi üzrə ödənilməmiş 13000 manat icarə haqqının da ödənilməsini tələb etmişdir. Belə ki, tərəflər arasında icarə müqaviləsi 03 fevral 2022-ci il tarixində bağlanmış, müqavilənin bağlandığı tarixdən iddiaçı tərəfindən cavabdehə preteziya məktubunun təqdim edildiyi tarixə qədər 25 aylıq müddət keçmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh tərəfindən icarə haqqı 2023-cü ilin noyabr ayından ödənilməməyə başlanmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən icarə haqqı borcu 2023-cü ilin noyabr ayından müqaviləyə xitam veridiyi tarixədək, yəni xx.xx.2024-cü il tarixinədək aylıq 2000 manat məbləğində hesablanmaqla, beş ay müddət üçün 10000 manat icarə haqqı borcunun ödənilməsi tələbi əsaslıdır. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etməyərək icarə haqqını, yəni 10000 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını, icarə haqqını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 10000 manat icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmiş hesab olunduğundan, həmin müddətdən sonrakı dövrə, cavabdeh tərəfindən əmlakın geri təhvil verilməyərək saxlandığı müddət üçün müəyyənləşdirilmiş icarə haqqının ödənilməsini icarəyə verən MM-in 697.2-ci maddəsinə əsasən kompensasiya olaraq tələb edə bilər. Bu səbəbdən də iddiaçının qalan 3000 manat məbləğin kompensasiya olaraq ona ödənilməsi tələbi əsaslıdır. Həmçinin məhkəmə, tərəflər arasında bağlanmış icarə müqaviləsinin xitam verilmiş sayıldığını və bu zaman Mülki Məcəllənin 697.1-ci maddəsinə əsasən cavabdehin icarəyə götürdüyü obyekti qaytarmağa borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia, cavabdehin Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi hissəsində də təmin olunmalıdır. Bundan başqa məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsi təmin edildiyindən ödənilmiş 129 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilsin. Cavabdeh "xxxx" MMC Bakı şəhəri, Səbail rayonu, İçəri şəhər, Hərbiçi küçəsi 21B saylı 4 saylı mənzildən çıxarılsın və qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin. Cavabdeh "xxxx" MMC-dən 03 mart 2022-ci il tarixli icarə müqaviləsinə əsasən 13000 (on üç min) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş dövlət rüsumunun 129 (bir yüz iyirmi doqquz) manatının əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2-2(113)-4609/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-4609/2024
25.10.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver