Məhkəmə qərarları › İş №2-2(113)-5198/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-5198/2021

01.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-5198/2021 01.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsi, Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair kommersiya işi baxılmamış saxlanılmalıdır. İş materiallarına müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə cavabdehə təklif göndərilməsini və digər tərəfin imtinasını təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki Qanunvericiliyin yuxarıda göstərilən normasında (Mülki Məcəllənin 423-cü maddəsi) imperativ qaydada müəyyən edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Lakin iddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl etmədən həmin normanın (MM-nin 423-cü maddəsinin) qeyd olunan şərtlərinə əməl etmədən də bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı iddia tələbi ilə məhəkəməyə müraciət etməzdən əvvəl Cavabdeh ASCyə qarşı ipoteka müqaviləsinə xitam verilməsi barədə təklif irəli sürməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar