Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1096/2025 01.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı firmasının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı firması MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01- 003/24 saylı müqaviləyə əsasən icarə öhdəliklərinin cavabdeh tərəfindən yerinə yetirilmədiyinə görə 1700 manat əsas borc və 37 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq, İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı firması tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə icarəyə verən İddiaçı firması arasında xx.xx.2024-cü il tarixli 0l-03\24 saylı icarə müqaviləsi bağlanılmış və dərhal müqavilənin icrasına başlanılmışdır. İddiaçı firması tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirildiyi halda, icarədar Cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulan xidmətlərə görə vəsaitlər bu günə kimi ödənilməmişdir. Hazırkı tarixə cavabdehin 1700 manat borcu yaranmışdır. Dəfələrlə vəsaitin köçürülməsinin təmin edilməsi ilə bağlı telefon danışıqları aparılmasına baxmayaraq, cavabdeh borcu ödəyəcəyini bildirsə də, bir nəticə əldə olunmamışdır. Cavabdehə 03 iyul 2024-cit il tarixdə rəsmi qaydada pretenziya da göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(042)-1059/2024 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi, ödənilmiş 37 manat dövlət rüsumunun İddiaçı Firmasına aid edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 aprel 2025-ci il tarixli 2(104)-753/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Gədəbəy Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli 2(042)-1059/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və işin baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək bağlansa da, cavabdeh müqavilədə nəzərdə tutulan vaxtdan 15 gün də əlavə olaraq icarə müddətini uzadaraq stadiondan xx.xx.2024-cü il tarixədək istifadə etmişdir. İddianın tam təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: icarə müqaviləsi, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyə verən İddiaçı ilə icarədar Cavabdeh arasında bağlanmış 01 mart 2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri Səbail rayonu Salyan Şossesi, 14/2 ünvanında yerləşən idman meydançasını 1 mart 2024-cü il tarixdən 15 iyun 2024-cü il tarixə qədər aylıq 1000 manata icarədarın istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ilkin ödəniş 500 manat olmaqla, qalan 500 manat məbləğ isə mart ayının 20-nə kimi ödəniləcəkdir. Məşqlər həftədə 3 dəfə, günə 1 saat olmaqla keçiriləcəkdir. İddiaçı müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək icarə obyektini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə müqavilə üzrə öz öhdəliklərini tam şəkildə yerinə yetirməyərək müqavilə müddətinin sonuna ödənilməli olan 3500 manat icarə haqqını tam şəkildə ödəməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş arayışdan da görünür ki, cavabdeh tərəfindən ümumilikdə 2300 manat ödəniş edilmişdir. Cavabdeh tərəfindən ödənişlərin olduğu nəzərə alınarsa onun 1200 manat borcu olduğu sübuta yetirilir. İddiaçının nümayəndəsi öz izahatında cavabdehin müqavilədə nəzərdə tutulan vaxtdan 15 gün də əlavə olaraq icarə müddətini uzadaraq stadiondan xx.xx.2024-cü il tarixədək istifadə etdiyini bildirsə də, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazır ki vəziyyətdə cavabdehin müqavilə müddətindən kənar icarə obyektini istifadə etməsi sübuta yetirilmir. Odur ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin üzərinə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəmək vəzifəsi qoyulduğundan və o, icarə haqqı üzrə ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia tələbi qismən təmin edilməli, 1200 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 32 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 5 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 məbləğində icarə haqqı borcu və 32 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı firmasına ödənilsin. Ödənilmiş 5 manat dövlət rüsumu iddiaçı “İddiaçı firmasına aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №2-2(115)-1096/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1096/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver