Məhkəmə qərarları › İş №2-2(115)-14/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-14/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-14/2024 16.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönədilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cəmi 15502 manat 87 qəpik təşkil edən, 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu və iş üzrə ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat 80 qəpik rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi və 0.05 ha birgə torpaq sahəsinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015- ci il tarixli 057 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli Arayışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m. ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. Fərdi yaşayış evinin ipoteka qoyulması barədə Bank ilə Cavabdeh2 arasında 19 sentyabr 2012-ci il tarixli 008İ saylı ipoteka müqaviləsinə əlavə olaraq 10 aprel 2015-ci il tarixli Sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə notariat qaydada təsdiq edildikdən sonra yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə Dalınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.5-ci bəndinə, əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək, barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.3.4-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə 977 saylı xx.xx.2017-ci il tarixli, **********158 saylı xx.xx.2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasım təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 15502 manat 87 qəpik təşkil edir. Bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 2194 manat 09 qəpik faiz borcu təşkil edir. Şəmkir Rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli 2(076)-230/2023 saylı qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, məhkəməyə müraciətdən sonra borcdan heç bir ödəniş olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, bankın Şəmkir filialından kredit götürmüşdür. Bankın müdiriyyəti ilə görüşəndə ona 13000 manat kredit verəcəklərini bildirmişlər, ancaq dəfələrlə istəməsinə rəğmən həmin məbləğdə pulu ona verməmişlər. Onu da qeyd edir ki, o, kassadan pul götürməmişdir. Bank bağlanmamışdan əvvəl də müdir müavini Fuad adlı şəxslə bu barədə görüşmüşdür. Ona bu borcu əmisinin adına götürdüyü bundan əvvəlki kredit borcuna yönəldəcəklərini bildirmişlər. Kredit müqaviləsini 10 aprel 2015-ci il tarixində heyvandarlığın inkişafı məqsədi ilə bağlamışlar. 16 aprel 2015ci il tarixli məxaric orderindəki imza ona məxsusdur. O, çekə imzanı pulu kassadan almamışdan əvvəl çəkmişdir. Buna görə də, kassada ona müqavilədə qeyd edildiyindən fərqli məbləğ vermək istəyiblər. O, 13000 manat məbləği almamışdır. Bundan əlavə, borcunu ödəmək üçün banka hər gedişində bankda ya sistem, ya işçi tapa bilməmişdir. Müqavilə üzrə əsas borcunu qəbul edir, faiz borcu ilə razı deyil. Onun bu bankda 2 kredit borcu olmuşdur. Bundan əvvəl əmisinin adına götürdüyü kredit borcu bağlanılmışdır. Evin qiymətləndirilməsi ilə razı deyil. Əsas borc 12000 manatın hamsını bankdan götürməmişdir. Evin girovdan azad edilməsini istəyir, çünki girov üzrə borcunu ödəmişdir. Əsas borcu qəbul edir. Əlavə borcun güzəştini xahiş edir. İdianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, ipoteka müqaviləsini bağlamışdır, imza ona məxsusdur. Banka olan kredit borcunu ödəyəcəklər, tutmanın ipoteka predmetinə yönəlməməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 057 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 heyvandarlığın inkişafı məqsədi ilə 36 ay müddətinə, 18 aylıq güzəştlə, illik 6 faiz dərəcəsi ilə 13000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 16 mart 2021-ci il tarixə cəmi 15502 manat 87 qəpik olmaqla - bundan 12970 manat əsas, 338 manat 78 qəpik faiz, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 2194 manat 09 qəpik faiz borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 0008 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, bank ilə Cavabdeh2 arasında 19 sentyabr 2012-ci il tarixli 008İ saylı ipoteka müqaviləsinə əlavə olaraq bağlanaraq, tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli Arayışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən 513.3 kv.m. ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi, 0.05 ha torpaq sahəsi ilə birgə ipotekaya qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/3320 nömrəli 30 avqust 2023-cü il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh2 məxsus olan Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən ümumi sahəsi 0.05 ha torpaq sahəsində inşa edilmiş 4 saylı fərdi yaşayış evinin likvid dəyəri təqribən 440000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 9/8748 nömrəli 03 aprel 2024-cü il tarixli ekspertiza rəyindən görünür ki, Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən Cavabdeh2 məxsus olan 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinı uyğun ümumi dəyəri təqribən 523000 manat, azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin likvid dəyəri təqribən 470000 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, Ləğv prosesində olan İddiaçı ASC əsas cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan yaşayış evinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona - ipoteka qoyana xəbərdarlıq etmişdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsi gecikdirmiş və ipoteka saxlayan Ləğv prosesində olan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mötəbərliyi şübhə doğurmayan məhkəmə tikinti-texniki ekspertizasının 9/8748 nömrəli 03 aprel 2024-cü il tarixli sonuncu ekspertiza rəyinə əsasən Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində yerləşən Cavabdeh2 məxsus olan 513.3 kv.m ümumi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin 0.05 ha torpaq sahəsi ilə birlikdə hazırkı orta bazar qiymətlərinı uyğun ümumi dəyəri təqribən 523000 manat, azalma əmsalı tətbiq edilməklə həmin fərdi yaşayış evinin likvid dəyəri təqribən 470000 manat məbləğində təşkil etdiyindən iddia tələbi həmin hissədə ekspertiza rəyində göstərilən məbləğ əsas götürülməlidir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 31 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində Şəmkir rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiq edilməsi barədə ərizədə tərəflərin müqavilənin xx.xx.2015-ci il tarixində bağladığı, müqavilə müddətinin xx.xx.2018ci il tarixində bitdiyi, lakin iddiaçının ona qarşı iddia müddətini ötürərək məhkəmədə iddianı xx.xx.2021-ci il tarixində qaldırıldığını bildirsə də, iş materiallarında olan sənədlərdən görünür ki, müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə deyil xx.xx.2018-ci il tarixdə bitmiş və iddia verilən xx.xx.2021-ci il tarixə iddia müddəti ötməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 12970 manat əsas borc, 338 manat 78 qəpik faiz borcu, 2194 manat 09 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 15502 manat 87 qəpik məbləğində borc, 30 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində 0.05 hektar torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılmalı, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 470000 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi boşaldılmalı, Cavabdeh2 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat 80 qəpik məbləğində pul tələb etsə də, iş materiallarında olan qəbzdən görünür ki, sözügedən rüsum 31 manatdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12970 manat əsas borc, 338 manat 78 qəpik faiz borcu, 2194 manat 09 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla, cəmi 15502 manat 87 qəpik məbləğində borc, 30 manat 40 qəpik dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 məxsus Şəmkir şəhəri, Rövşən Qədirov küçəsində 0.05 hektar torpaq sahəsində yerləşən 4 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi açıq hərracdan satılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti 470000 manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Açıq hərrac keçirildikdən bir ay sonra fərdi yaşayış evi boşaldılsın. Cavabdeh2 200 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar