Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-1601/2022 25.10.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şahid iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı sənədlərin əslinin ona təqdim edilməsi və dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 220000 manat öhdəlik üzrə borc, 80000 manat əldən çıxmış faydanın əvəzinin, ümumilikdə 300000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı ilə Cavabdeh arasında 16 mart 2016-cı il tarixdə Samux şəhərində 01 saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən podratçı Samux rayonu Qarayeri kəndində yaşayan Cavabdeh məxsus istixanaya metal və poletilen boru ilə 7200 metr yeni xarici və daxili qaz kəmərlərinin çəkilməsini və 30 oktyabr 2019-cu il tarixə kimi təhvil verilməsini öhdəsinə götürmüşdür. Eyni zamanda müqaviləyə əsasən işin görülməsini, lazım olan materialların daşınmasını quraşdırılmış xarici və daxili qaz kəmərləri vasitəsilə sifarişçinin qazla təchiz olunmasını təmin etməlidir. Podratçı kimi müqavilə öhdəliyinin şərtlərinə əməl edərək müqavilədə göstərilən müddətdə üzərinə götürdüyü vəzifələri keyfiyyətlə icra etmişdir. Cavabdeh isə müqavilənin şərtlərini pozmuşdur. Belə ki, açıq müqavilə qiyməti ƏDV daxil olmamaqla 249000 manatdır, podratçı tərəfindən faktiki yerinə yetirilmiş iş həcimi sifarişçi tərəfindən podratçıya ödəniləcəkdir. Müqavilənin 4-cü bəndinə əsasən isə müqavilə qiymətinin 220000 manat 100% məbləği podratçı tərəfindən işin 70%-i görülüb hazır olduğu gündən 30 bank günü müddətində podratçıya tam ödəniləcək. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh müxtəlif bəhanələr gətirərək öhdəliklərini yerinə yetirməmiş, onun özünün də mal-materialların pulunu ödəyə bilmədiyini, kəmərin çəkilişində iştirak edən işçilərin maaşlarının verilməsində çətinlik çəkdiyini bildirməsinə baxmayaraq, cavabdeh ona narahat olmamağını, yaxın vaxtlarda pulu bank hesabına köçürəcəyini bildirmişdir. Hal-hazırda cavabdehin ona 220000 manat borcu qalmışdır. Cavabdeh öhdəliyini vaxtında icra etməməsi, ona gələcəkdə xeyli miqdarda faydadan məhrum olmasına səbəb olmuşdur. Ona görə də hesab edir ki, mülki dövriyyə şəraitində hər il üçün 20000 manat olmaqla, ümumilikdə 80000 manat gəlirdən məhrum olmuşdur. Eyni zamanda Cavabdeh "xxxx" MMC-nə qarşı istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlərin ona təqdim edilməsi və ona vurulmuş 131000 manat ziyanın ödənilməsi tələbinə dair məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə ona məxsus Samux rayonu Qarayeri qəsəbəsində yerləşən torpaq sahəsində istixana qurmaq qərarına gəlmiş, istixana üçün yanar qazın əhəmiyyətini nəzərə alaraq qaz çəkilişinin həyata keçirilməsi məqsədilə Samux rayon Qaz İdarəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar Samux rayon Qaz İdarəsinin sabiq rəisi Xəqani müəllim ona bildirmişdir ki, qaz xətlərinin çəkilişi İdarənin səlahiyyətlərindən kənardır, onun yaxını olan İddiaçı istixanalara qazın çəkilişi ilə bağlı xidmətləri peşəkarcasına həyata keçirən "xxxx" MMC-nin direktorudur. Bu müəssisə həm qazın çəkilişi ilə əlaqədar sənədləşmə işlərinin aparılması və qaz kəmərlərinin çəkilişi fəaliyyəti üzrə lisenziyaya malikdir, həm də bu fəaliyyət üzrə ixtisaslaşmışdır və Gəncə- Qazax zonasında olan bir çox istixanalara qaz kəmərinin çəkilişi ilə bağlı xidmətlər müəssisə tərəfindən həyata keçirilmişdir. Eldar öz yaxınıdır və etibarlı adamdır. Bu məsələ ilə bağlı bütün zəruri işlər Eldarın müəssisəsi tərəfindən həyata keçiriləcək və qazpaylayıcı stansiyadan onun istixanasının qazanxanasına qədər qaz kəmərlərinin çəkilişi və bununla bağlı zəruri sənədləşmə işlərinin aparılması da daxil olmaqla bütün işlərə görə o Eldara zamindir. Xəqani müəlimin yüksək işgüzar nüfuzuna arxayın olaraq onun Eldarla bağlı onlara dediyi fikirlərə inanıb, Xəqani müəlimin iştirakı ilə Eldara qeyd olunan işi sifariş veriblər. Hesablamaya əsasən istixanaya qədər 6 km uzunluğunda qaz kəməri çəkilməli və müvafiq sənədləşmə işləri aparmalı idi. İddiaçı onlara qeyd edilən işlərin dəyərininin 170000 manat təşkil etdiyini bildirmişdir. 2014-cü ilin sonlarından etibarən razılaşmaya uyğun olaraq ödənişlər edilməyə başlanılmışdır. İddiaçı isə işləri razılaşmaya əsasən müəyyən olunmuş vaxtda yekunlaşdırmamışdır. İşlərin görülməsi zamanı müəyyən olunmuşdur ki, qaz kəmərinin uzunluğu 7,4 km-dir. Əlavə işlərində görülməsi və aralarında şifahi razılığın olmasına baxmayaraq, yazılı müqavilənin olmaması halı nəzərə alınaraq "xxxx" MMC ilə 19 mart 2016-cı il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin dəyəri 220000 manat təşkil edib. Müqavilə dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh işləri yekunlaşdırmamış və ona böyük ölçüdə ziyan vurmuşdur. Razılaşdırılmış işlərin görülməsi məqsədilə ümumilikdə cavabdehin rəhbəri İddiaçı 251000 manat pul verilmişdir. Qeyd olunan pulun 135000 manatının alındığı cavabdehin rəhbəri İddiaçı Bakı şəhəri BPİ-nin İstintaq və Təhqiqat idarəsində onun şikayəti əsasında verdiyi izahatında da təsdiq edilmişdir. Həmçinin cavabdeh tərəfindən cəmi 120000 manat civarında işlər görülmüşdür. İşlərin tamamlanmamasını görüb qalan işlərin görülməsi məqsədilə digər şirkətlə "xxxx" MMC ilə 30 avqust 2019-cu il tarixli müqavilə imzalayıb və qalıq işlərin görülməsi həmin şirkətə həvalə edilmişdir. Bundan sonra istixanaya qazın çəkilişi ilə bağlı işlər yekunlaşmışdır. Lakin istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlər müvafiq rəsmiləşdirmə işlərinin aparılması məqsədilə İddiaçı verildiyindən işlərin tam yekunlaşdırılması və istixanaya qazın verilməsinin təşkili mümkün olmamışdır. Qeyd olunan sənədlərin və ondan əlavə olaraq alınmış 131000 manat pulun geri qaytarılması məqsədilə dəfələrlə İddiaçı müraciət edilsə də, o müxtəlif bəhanələr gətirərək pulun və sənədlərin verilməsindən imtina etmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, müqavilə dəyərinin tam ödənilməsinə baxmayaraq, işləri yarımçıq saxlamış və ona 131000 manat məbləğində ziyan vurmuşdur. Samux Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli 2(058)-29/2021 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia təmin edilməmiş və iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh qarşı cavabdehdən 220000 manat öhdəlik üzrə borcun, 80000 manat əldən çıxmış faydanın, ümumilikdə 300000 manat pulun alınaraq ona qaytarılması dair iddiası və Cavabdeh isə "xxxx" MMC-nə qarşı istixanaya qazın çəkilişi barədə texniki şərt, layihə, müqavilənin əsli və digər sənədlərin ona təqdim edilməsi və ona vurulmuş 131000 manat ziyanın ona ödənilməsi barədə qarşılıqlı iddiası əsassız olduğundan rədd edilmişdir. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(104)-4303/2021 saylı qərardadı ilə ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, xx.xx.2022-ci il tarixli 2(104)-1224/2022 saylı qərardadı ilə Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(058)-29/2021 saylı qətnaməsini ləğv edilmiş və işə baxılması üçün aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı izahatında göstərdi ki, Cavabdehlə 2014-cü ildə tanış olmuşdur. Ondan qaz xəttinin çəkliməsi ilə əlaqədar işlərin görülməsi xahiş olunmuşdur. Müqavilənin əsas tərəfi Cavabdeh olmasına baxmayaraq işin əsas sahibi Şahid olmuşdur. Aralarında olan ilk razılaşma belə olmuşdur ki, əvvəlcədən 170000 manat ödəsinlər, sonra isə digər ödənişləri ödəsinlər. Ona bütün işlərin aparılması üçün etibarnamə verilmiş, o da öz növbəsində layihəni hazırlatdırmışdır. Layihəyə bir neçə dəfə dəyişiklik olunmuşdur. O aralarında bağlanacaq müqaviləni hazırlayıb təqdim etmiş, lakin ona başqa müqavilə təqdim olunmuşdur. Müqavilə ilə tanış olmuş, müqavilədə mütləq əlavə dəyər vergisinin gösrərilməli olmasını qeyd etmişdir. Müqaviləni Cavabdeh və o imzalamışdır. Müqaviləyə əsasən 249000 manat əlavə dəyər vergisi göstərilmədən ödənilməsi barədə razılığa gəlmişlər. Aralarında müqavilə öhdəliyi olmuş, lakin o işləri başa çatdırıb qarşı tərəfə təhvil versə də, qarşı tərəf öz öhdəliyini yerinə yetirməmiş, ona ödəyəcəyi məbləğdən cüzi bir ödənişlər etmişdir. İddiaçı əlavə olaraq izahatında göstədi ki, işlər tam görülüb qutarmamış, 90% iş görülmüşdür, qarşı tərəf ödəniş etmədiyindən işləri yekunlaşdıra bilməmişdir. Belə ki, müqaviləyə əsasən işlərin 70% görüləndən sonra 220000 manat ödəniləcəyi barədə razılığa gəlmişlər. 249000 manat ödəniş olunmalı olduğu halda az miqrdarda, yəni 38500 manat pul ödənilmişdir, 220000 manat isə ödənilməmişdir. Belə ki, Şahid istixanada işlərin görüldüyü müddətdə ayrı-ayrı vaxtlarda 10000 manat, 5000, 16000 manat, 2000-3000-2500 manat məbləğlərdə başqa adamların vasitəsilə pul göndərmişdir. Ona görə də işləri tam başa çatdıra bilməmişdir. Məhkəməyə təqdim etdiyi texniki icra sənədində onun tərəfindən işlərin 70%-nin görüldüyü təsdiq edilir. Xarici qaz xəttlərinin hamsını çəkmiş, sadəcə daxili xəttlər qalmışdır. Qaz xəttinin davamanı qanunsuz olaraq cavabdeh özü çəkdirmişdir və hazırda həmin xəttdən istifadə olunur. Müqavilədə ancaq işlərin görülməsi ilə əlaqədar ödəniləcək məbləğ göstərilmişdir. Müvafiq sənədlərin hazırlanması ilə əlaqədar xərclər müqavilədə nəzərdə tutulmamış, müqavilə üzrə ödəniləcək məbləğə aid edilməmişdir. O, qaz xəttinin çəkilişi ilə bağlı bütün sənədləşmə işlərini aparmış, həmin sənədlərin hazırlanmasına çəkilən xərcləri isə qarşı tərəf ödəmişdir. Qaz xəttinin çəkilişi ilə bağlı layihənin əsli, yəni cavabdehin tələb etdiyi sənədlərin əsli ondadır. Həmin sənədlərin əslini ona görə təqdim etmir ki, qarşı tərəf ona olan bütün borclarını ödəsinlər. Qarşı tərəf süründürməçiliyə yol vermişdir. Proses bu qədər uzun çəkdiyi üçün 80000 manat əldən çıxmış fayda tələb edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında göstərdi ki, 2014-cü ildə qaz xəttinin çəkilişi ilə bağlı razılığa gəlmişlər. 7200 metr qaz xəttin çox hissəsi çəkilmiş,1000 metrə yaxın xətt isə çəkilməmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən qaz xəttinin çəkilişi ilə bağlı 170000 manat ödəniləcəkdi. Həmin qiymətə bütün işlərin görülməsi, həm qaz xəttinin çəkilməsi, həm də bütün sənədlərin hazırlanması daxil idi. Bundan sonra aralarında yazılı müqavilə bağlanmış, həmin 170000 manatdan əlavə olaraq 51000-80000 manat arası pul verəcəkləri ilə bağlı razılaşmışlar. Lakin hazırkı vaxtadək İddiaçı 251000 manat pul verilmişdir. Onlar pulun hissə-hissə verilməsi barədə razılaşmışlar, ona görə qarşı tərəfə hər dəfə hissə-hissə pul verilmişdir. Şahid onun şəriki olmuşdur, İddiaçı şəxsən hissə-hissə 90000 manat pul vermiş, pulu bitəndən sonra isə qalan pulu Şahid ödəmişdir. Həmin pulun verilməsini təsdiq edən sənəd olmasa da o İddiaçı həmin məbləği aldığına dair məhkəməyə səs yazısı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar təqdim etmişlər. Əvvəllər İddiaçılə münasibətləri çox yaxşı olmuşdur, ona görədə ona pul verilərkən heç bir sənədləşdirmə aparılmamışdır. Cavabdeh daha sonra izahatında göstərdi ki, qaz xəttin çəkilməsində şəxsən özü də işləmiş, hətta digər şəxsləri işlərin görülməsinə cəlb etmişdir. İddiaçılə aralarında hər hansı təhvil-təslim aktı tərtib edilməmişdir. Qazın çəkilişi ilə bağlı bütün sənədlər İddiaçı qalmış, ona 251000 manat ödəmələrinə baxmayaraq sənədlərin əsillərini ona verməmişdir. Hər hansı sənədə imza etmişdirsə həmin sənədləri latin qrafikasını bilmədiyi üçün oxumadan imzalamışdır. Onlar qalan işlərin görülməsi üçün başqa şirkətlə müqavilə bağlamışdır. Həmçinin iki dəfə ekspertiza keçirilmişdir. Ekspertiza rəyində görülən işlərı çəkilən xərclər göstərilmişdir. Görülən işlərin dəyəri 120000 manata yaxındır. Həmin xərclərdən əlavə ödədiyi xərcləri qarşı tərəfdən tələb edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil1 izahatında göstərdi ki, qaz xəttinin çəkilməsi ilə bağlı müqavilə bağlanmışdır. İlkin iddia üzrə iddiaçı qaz xəttinin çəkilməsini öz öhdəsinə götürmüş, lakin qaz xəttinin çəkilməsi tam həyata keçirməmiş, yalnız müəyyən materialların alınması və müəyyən göstərişlərin verilməsi ilə kifayətlənmişdir. Demək olar ki, müqavilə üzrə 30% iş görülmüşdür. Beləliklə, İddiaçı müqavilədən irəli gələn öhdəlikləri icra etməmişdir. Ona 251000 manat pul ödənilmişdir. İşlərin görülməyən hissəsinin icrası Cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırıma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda İddiaçı 135000 manat pul aldığını bildirmişdir. Bundan başqa İddiaçı Şahidla apardığı telefon danışığı zamanı qarşı tərəfdən 214000 manat pul aldığını etiraf etmişdir. Görülən işlərin dəyəri 120000 manata yaxındır. 251000 manata münasibətdə 131000 manatın onlara geri ödənilməsini tələb edirik. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Şahid ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddialar qismən təmin edilməlidir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında yaşayır. Doğulduğu kənddə iş yeri qurmaq istəmiş, bununla əlaqədar olaraq istixana tikdirmək üçün Cavabdehlə razılaşmışdır. Cavabdeh ona Samux rayonunda qaz idarəsinə müraciət etdiyini və müdiri Xəqani müəllimin İddiaçı şirkətinin bu işi görə biləcəyini bildirdiyi ona demişdir. O da Cavabdeh qaz xəttinin çəkilişi ilə bağlı xərci soruşmuş, Cavabdeh ona 6 km üçün 160000 manat civarında pul lazım olduğunu demişdir. O, Cavabdeh, Xəqani müəllim və İddiaçı ilə Samux rayonunda Heydər Əliyev parkında görüşmüş, məsələni danışmışlar. İddiaçı ona demişdir ki, 170000 manat civarında qaz xəttini çəkə bilər. Xəqani müəllim İddiaçı cavabdeh olduğunu və bu işi görə biləcəyini qeyd etmişdir. Ondan iki gün sonra kənddə görüşüb işə başlanılmışdır. O, Azərbaycan Respublikasında daimi olmadığından gedib-gəlmişdir. İddiaçı ona razılaşdıqları məbləğdən əlavə nə xərc yaranarsa hesablayacağını, daha sonra onların İddiaçı ödəyəcəklərini qeyd etmişdir. Qaz xətti çəkilməyə başlanmış, qaz xəttinin çəkilməsi ilə bağlı Cavabdeh pul ödəmişdir. Cavabdeh ona İddiaçı artıq 90000 manat pul verdiyini bildirmişdir. Bir müddət sonra Cavabdehlə İddiaçı münasibəti pisləşmiş, İddiaçı bundan sonra işlə bağlı onunla danışacağını bildirmişdir. O da İddiaçılə danışmış, Cavabdeh verdiyi 90000 manat puldan əlavə 161000 manat pulu İddiaçı o vermişdir. Həmin pulun 18000 manatını Qəzənfər Qurbanov, 23000 manatını Elşən müəllim, 39800 manatını Rasim müəllim, bir hissəsini İlqar Musayev vermişdir. Digər məbləğləri İddiaçı özü vermişdir. Beləliklə, İddiaçı ümumilikdə 251000 manat pul verilmişdir. İş materiallarına əlavə edilmiş 19 mart 2016-cı il tarixli 01 nömrəli müqavilənin surətindən görünür ki, sifarişçi Samux rayon Qarayeri qəsəbə sakini Cavabdeh və podratçı "xxxx" MMC-nin direktoru İddiaçı arasında Cavabdeh məxsus İstixanaya metal və poletilen boru ilə 7200 metr xarici və daxili qaz kəmərlərinin 30 oktyabr 2016-cı il tarixinə kimi çəkilməsi və Cavabdeh təhvil verilməsi, ƏDV-i daxil olmamaqla 249000 manat olmaqla, müqavilənin qiyməti 220000 manat 100% təşkil etməklə, podratçı tərəfindən işin 70% -i görülüb hazır olduğu gündən 30 bank günü müddətində podratçıya tam ödəniş edilməsi nəzərdə tutulmuşdur. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 22 sentyabr 2006-cı il tarixində təsdiq olunmuş "xxxx" MMC-nin Nizamnaməsinin surətindən görünür ki, İddiaçı və X4 "xxxx" MMCnin təsisçiləri təyin edilməklə, "xxxx" MMC-i müstəqil təsərrüfat subyekti kimi öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına və özünün nizamnaməsi əsasında həyata keçirməsi ümumi müddəalarda müəyyən olunmuşdur. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin № 088872 saylı lisenziya sənədinin surətindən görünür ki, "xxxx" MMC-nin Maye və Təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması fəaliyyət növü ilə məşğul olmasına icazə verilmişdir. İşin materiallarına əlavə edilmiş Samux rayon Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus yaşayış qeyri yaşayış sahəsinin qazlaşdırılması üzrə texniki icra sənədlərinin surətindən görünür ki, X10 İstismarı İdarəsinin baş mühəndisinin iştirakı ilə "xxxx" QSC tərəfindən hazırlanmış T.Ş.24716-2015-02180(D) saylı layihəyə uyğun 7000 metr uzunluğunda mövcud yerüstü qaz kəmərinin pnevmatik üsulla quraşdırılması nəzərdə tutulmuşdur. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrndən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 35 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində xx.xx.2014-cü il tarixində Cavabdeh mülkiyyəti kimi **********33 reyestr nömrəsində ********** sayla qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. İşin materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli AN-İ№0771112 Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Samux rayon Qarayeri qəsəbəsində yerləşən 1.5 hektar torpaq sahəsini 3000 manata X1. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrdən seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Samux rayon Qarayeri qəsəbəsində yerləşən 1.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 adına mülkiyyət kimi qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın Dövlət Reyestrndə 38 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində xx.xx.2019-cu il tarixində qeydə alınmış çıxarışın surətindən görünür ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən 1.5 ha X2 mülkiyyəti kimi **********60 reyestr nömrəsində ********** sayla qeydiyyata alınmışdır. İşin materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********801100 nömrəli 12 saylı Ərazi Vergilər Baş İdarəsinin cavab məktubundan görünür ki. xx.xx.2020-ci il tarixli 2(058)- 747/2020 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, elektron uçot məlumat bazasına əsasən Cavabdeh xx.xx.2015-ci il tarixdə ********** saylı VÖEN-lə vergi uçotuna alınmış və hal-hazırda Vergi ödəyicisinin fəaliyyəti dayandırılmış vəziyyətdədir. İşin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli № 9/5266 saylı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet sayıtı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş materiallar barədə məlumata əsasən istixanaya olan 7200 metr məsafədə çəkilmiş metal və poletilien borularının və görülən işlərin hazırkı bazar qiyməti ümumi dəyəri təxminən 128389 manat müəyyən edilir. İşin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli № 10/1364 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, istixanalara metal və poletilen boruların quraşdırılması üçün görülən işlərin haqqının müəyyən edilməsinə dair mövcud olan qiymət normaları mövcud olmadığına görə, işçilik haqqının müəyyən edilməsi sifarşçi ilə podratçı arasında qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilə ilə tənzimlənir. Odur ki, qərardadın sualı üzrə nəticə verilməsi mümkün olmamışdır. İşin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli № 4/1097 saylı məhkəməxəttşünaslıq ekspertizasının rəyindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 nömrəli xx.xx.2016-cı il tarixli müqavilədə “Sifarişçi” qrafasında “Cavabdeh C.” sözlərinin qarşısındakı imza –Cavabdeh tərəfindən icra olunmuşdur. İşin materiallarına əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC-nin direktoru X6 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus istixanaya 36000 manat muzd məbləğində qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. İşin materiallarına əlavə edilmiş qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən təqdim edilmiş 1 ədəd “CD-R” video-diski tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, İddiaçı ilə Şahid arasında görülən işlər və verilən pullar barədə telefon danışığı gedir. Danışıq zamanı hər iki şəxs bir-birilərini günahlandırırlar. Danışıq zamanı İddiaçı görülən işlərin müqabilində 214000 manat pul aldığını, həmin pulun 41000 və 29000 manatını qaz çəkilişi ilə bağlı sənədləşmə işlərinə sərf etdiyini, bunun görülən işlərin haqqına aidiyyəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında Cavabdeh məxsus istixanaya metal və poletilen boru ilə 7200 metr xarici və daxili qaz kəmərlərinin çəkilməsi ilə bağlı razılaşma olmuş, 19 mart 2016-cı il tarixdə podrat müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən icraçı xarici və daxili qaz kəmərlərinin 30 oktyabr 2016-cı il tarixə kimi çəkilməsi və sifarişçiyə təhvil verilməsini öhdəsinə götürmüş, sifarişçi isə ƏDV-i daxil olmamaqla 249000 manat məbləğində muzd ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müqaviləyə əsasən podratçı tərəfindən işin 70% -i görülüb hazır olduğu gündən 30 bank günü müddətində 220000 manat muzdun ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. İstər tərəflərin izahatları, istərsə də işdə olan texniki icra sənədlərindən görünür ki, müqavilə üzrə icraçı üzərinə götürdüyü öhdəliyi tam icra etməmişdir. İcraçı müqavilə üzrə götürdüyü öhdəliyin 90% hissəsini icra etdiyini, sifarişçi tərəfindən muzd ödənilmədiyi üçün işlərin tam başa çatdırılmamasını, sifarişçi isə işlərin xeyli hissəsinin icra edilmədiyini göstərmişdir. İş materiallarında olan 25 fevral 2019-ci il tarixli aktdan görünür ki, 7000 metr qaz xətti pnevmatik üsulla (hava ilə) möhkəmliyə və kipliyə sınaqdan keçirilməsi barədə akt tərtib edilmişdir. Bundan başqa Cavabdehlə icraçı "xxxx" MMC-nin direktoru X6 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh məxsus istixanaya 36000 manat muzd məbləğində qaz xəttinin çəkilməsi nəzərdə tutulmuşdur. Göstərilənlər onu təsdiq edir ki, icraçı müqavilə üzrə üzərinə götürdüyü 7200 metrlik xarici və daxili qaz kəmərlərinin çəkilişini tam başa çatdırmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı podrat müqaviləsi üzrə ona müxtəlif vaxtlarda 38500 manat ödənildiyini, müqavilə üzrə 249000 manat məbləğində muzdun həmin hissəsi çıxılmaqla sifarişçinin ona 220000 manat ödəməli olduğunu göstərmişdir. Yuxarıda da qeyd edildiyi kimi icraçı işləri tam yerinə yetirmədiyinə görə müqavilə şərtlərinə əsasən onun sifarişçidən 100% görülən işlərin haqqını deyil, 70% görülən işlərin haqqının ödənilməsi hüququ yaranmışdır. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur, hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. İlkin İddiaçı qarşı tərəfdən yalnız müxtəlif vaxtlarda 38500 manat pul aldığını iddia etmiş, qarşılıqlı iddiaçı isə hissə-hissə ödənilməklə İddiaçı 251000 manat pul ödədiyini qeyd etmişdir. İşin materiallarına əlavə edilmiş 1 ədəd “CD-R” video-diski tərəflərin iştirakı ilə qapalı məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, İddiaçı ilə Şahid arasında görülən işlər və verilən pullar barədə telefon danışığı gedir. Danışıq zamanı hər iki şəxs birbirilərini günahlandırırlar. Danışıq zamanı İddiaçı görülən işlərin müqabilində 214000 manat pul aldığını, həmin pulun 41000 və 29000 manatını qaz çəkilişi ilə bağlı sənədləşmə işlərinə sərf etdiyini, bunun görülən işlərin haqqına aidiyyəti olmadığını bildirmişdir. İddiaçı səsləndirilən telefon danışığının onunla Şahid arasında aparıldığını, həmçinin onun icazəsi olmadan qeydə alındığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə əsasən şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Əgər belə razılıq olmazsa həmin sübutların elan və tədqiq edildiyi məhkəmə iclasları qapalı keçirilir. Həmin Məcəllənin 203.1 və 203.2-ci maddələrinə əsasən şəxsi məlumat xarakterli səsyazma və videoyazının səslənməsi, habelə onların tədqiqinə bu Məcəllənin 200-cü maddəsində təsbit olunan qaydalar tətbiq olunur. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş telefon danışıqları birbaşa əlaqədar tərəflər arasında olan danışıqlardır. Həmin danışıqlar əqdin tərəfləri üçün sirr deyildir. Belə ki, podrat müqaviləsi icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlansa da Şahid Cavabdehlə istixananın fəaliyyəti ilə bağlı razılığa gəlmiş və qaz xəttinin çəkilişinə dair ödənişlərdə iştiark etmişdir. Qeyd edilənlər ilkin İddiaçı də izahatları ilə öz təsdiqni tapmışdır. Ona görə də məhkəmə İddiaçı və Şahid arasında aparılan telefon danışığının sübut sayılması qənaətinə gəlir. Qeyd edilən danışıq zamanı isə İddiaçı Şahid qaz xəttinin çəkilişi ilə bağlı 251000 manat deyil, 214000 manat pul alğıdını və həmin pul məbləğindən isə 70000 manatını qaz xəttinin çəkilişi ilə bağlı xərclədiyini bildirmişdir. O da qeyd edilməlidir ki, İddiaçı qaz xəttinin çəkilməsi ilə bağlı sənədləşmə işlərinə xərc çəkdiyi, çəkilən xərclərin müqavilədə nəzərdə tutulan ödənişə aidiyyəti olmaması ilə bağlı tələbinin dəllərini əsassız sayır. Çünki İddiaçılə Cavabdeh arasında belə bir razılaşmanın olması, sənədləşmə işlərinə müqavilədə nəzərdə tutulandan əlavə haqq ödənilməsi ilə bağlı iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də məhkəmə ilkin İddiaçı sifarişçidən 220000 manat pul məbləğini tələb etdiyini və 214000 manat pul aldığını etiraf etdiyini nəzərə alaraq Cavabdeh 6000 manat pulun alınaraq İddiaçı ödənilməsini qanuni və əsaslı hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddaçı İddiaçı iddia tələbində qarşı tərəfdən 80000 manat məbləğində əldən çıxmış faydanı tələb etsə bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa qarşılıqlı İddiaçı qaz xəttinin çəkilməsi müqabilində 251000 manat ödədiyini qeyd etmişdir. Lakin 214000 manat ödənilməsi öz təsdiqini tapsa da 37000 manatın ödənilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri) Qeyd edilənlərlə yanaşı məhkəmə keçirilmiş ekspertizalar nəticəsində alınmış ekspert rəylərinə də qiymət verərək qeyd edir ki, xx.xx.2021-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet sayıtı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş materiallar barədə məlumata əsasən istixanaya olan 7200 metr məsafədə çəkilmiş metal və poletilien borularının və görülən işlərin hazırkı bazar qiyməti ümumi dəyəri təxminən 128389 manat müəyyən edilir. xx.xx.2021-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, istixanalara metal və poletilen boruların quraşdırılması üçün görülən işlərin haqqının müəyyən edilməsinə dair mövcud olan qiymət normaları mövcud olmadığına görə, işçilik haqqının müəyyən edilməsi sifarşçi ilə podratçı arasında qarşılıqlı razılaşma əsasında bağlanmış müqavilə ilə tənzimlənir. Odur ki, qərardadın sualı üzrə nəticə verilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, ekspertiza rəylərində 7200 metr məsafədə çəkilmiş metal və poletilien borularının və görülən işlərin hazırkı bazar qiymətinin ümumi dəyəri təxminən 128389 manat müəyyən edilsə də tərəflər arasında bağlanmış müqavilədə 7200 metr qaz kəmərlərinin çəkilməsi üçün ƏDV-i daxil olmamaqla 249000 manat muzd ödənilməsi, işin 70% hissəsi görülüb hazır olduğu gündən 30 bank günü müddətində 220000 manat məbləğində ödəniş edilməsi nəzərdə tutulmuşdur ki, həmin məbləğə tək boruların dəyəri deyil, qaz xəttinin çəkilişi ilə bağlı bütün xərclər daxil edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, qarşılıqlı iddianın qaz xəttinin çəkilişi ilə bağlı sənədlərin əsillərinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi ilə bağlı qarşılıqlı iddiaçı Cavabdeh tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, xx.xx.2015-ci il tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716- 2015-02180-QX cizgilərin əsillərinin İddiaçı olması iş materialları, tərəflərin izahatları ilə öz təsdiqini tapır. Ona görə də qeyd edilən sənədlər cavabdehdən qalınaraq iddiaçı Cavabdeh verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə Cavabdeh 19 mart 2016-cı il tarixli 01 nömrəli müqaviləyə əsasən 6000 manat pul alınaraq ilkin iddia üzrə İddiaçı verilməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19 mart 2016-cı il tarixli 01 nömrəli müqaviləyə əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, xx.xx.2015-ci il tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716- 2015-02180-QX cizgilərin əsillərinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilməli, ilkin və qarşılıqlı iddialar qalan hisssədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh 19 mart 2016-cı il tarixli 01 nömrəli müqaviləyə əsasən 6000 manat pul alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşlıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 19 mart 2016cı il tarixli 01 nömrəli müqaviləyə əsasən Samux rayonu Qarayeri qəsəbəsində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin (istixananın) qazlaşdırılması üçün 2015-ci il tarixli TŞ24716-2015-02180 nömrəli işçi layihəsinin, xx.xx.2015-ci il tarixli 24116 nömrəli texniki şərtin və ona əlavə edilmiş TŞ24716-2015-02180-QX cizgilərin əsillərinin alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verilsin. İlkin və qarşılıqlı iddialar qalan hisssədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-1601/2022
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-1601/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver