Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2172/2025 17.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: şifahi birgə fəaliyyət haqqında müqavilə) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2023-cü ilin sentyabr ayının əvvəllərində tanımışdır. Belə ki, 2023-cü ildə özünə məxsus mağazanı işlətmək qərarına gəlmiş və icarəyə vermək üçün tanıdığı şəxslərə məlumat vermişdir. Cavabdeh ona Masazır qəsəbəsində üç mağaza işlətdiyini və onun mağazasını da onunla şərikli işlətmək istədiyini bildirmiş, o, cavabdehin danışıqlarına inanaraq razılaşmışdır. Cavabdeh mallara baxaraq istifadə müddəti keçmiş malları çıxarıb atmış və təxminən 1095 (bir min doxsan beş) manat dəyərində mal saxlamışdır və mağazanı açmaq üçün ondan pul istəmiş, o, cavabdehə mağazada 3000 (üç min) manat pul vermişdir. 06 sentyabr 2023-cü il tarixdə özü də orda olmaqla Eldəniz mağazanı açmış, fəaliyyətə başlamışlar. Onların qarşılıqlı razılaşmalarına əsasən, maya pulu çıxıldıqdan sonra qazanc yarı-yarıya bölünməli idi. Mağaza açıldıqdan sonra Eldəniz ona bildirmişdir ki, Rusiya Federasiyasında bir nəfər şəxsdə 120000 (bir yüz iyirmi min) manat pul var, 15 sentyabr 2023-cü il tarixdə o pulu göndərəcək, onun 3000 (üç min) manat pulunu həmin vaxt qaytaracaq və mağazaya satılması üçün 10000 (on min) manat dəyərində mal alacaq. 12 sentyabr 2023-cü il tarixdə isə Eldəniz ona mağazada satmaq üçün kolbasa olmadığını, sexdən kolbasa almaq üçün pul lazım olduğunu bildirmiş, o, yenidən cavabdehə 3000 (üç min) manat pul vermişdir. 17 sentyabr 2023-cü il tarixində mağazaya gedərək Eldənizdən pulun gəlib-gəlməmədiyini soruşmuş və 6000 (altı min) manat məbləğində pulunu istəmişdir. Cavabeh isə ikinci aldığı 3000 (üç min) manata görə 1000 (bir min) manat qazanc olduğunu demiş və 500 (beş yüz) manat pul vermişdir. O isə cavabdehdən 5500 (beş min beş yüz) manatını tələb etmiş, bu zaman Eldəniz ondan aldığı 3000 (üç min) manat pulla kolbasa alaraq satdığını və maya pulla yenidən kolbasa sifariş etdiyini bildirmişdir. O, Eldənizi 2023-cü ilin dekabr ayına qədər gözləmiş, Eldəniz isə kolbasa ala bilmədiyini və onu aldatdıqlarını demişdir. Eyni zamanda bildirmişdir ki, dekabr ayına qədər 4200 (dörd min iki yüz) manat manat qazanc olmuş və həmin pulun 900 (doqquz yüz) manatını ona vermiş, qalan pulla isə mal sifariş etmişdir. Onlar həmin gün orada olan malları yoxlamış və orada 1900 (bir min doqquz yüz) manat dəyərində mal olmasını aşkar etmişlər. Cavabdehdən bu barədə soruşduqda Eldəniz demişdir ki, "sənin nəyinə lazımdır, sənin 8000 (səkkiz min) manatın məndə, onu mən sənə qaytaracam". O, həmin vaxt mağazanı bağlamış və Eldənizi mağazadan çıxarmış, bir daha mağazaya gəlməməsini və onun pulunu qaytarmasını tələb etmişdir. Lakin cavabdeh onun pulunu qaytarmamışdır; hal-hazırda cavabdehin ona 8000 (sakkiz min) manat borcu vardır. Bundan sonra, o, Abşeron Rayon Polis İdarəsinə Cavabdeh tərəfindən pulunun mənimsənilməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru X4 tərəfindən ərizəsi araşdırılmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh ona 8000 (səkkiz min) manat pul borcu olduğunu öz izahatında etiraf etmişdir. Abşeron Rayon Polis İdarəsində 24 yanvar 2025-ci il tarixdə HK-1/403 nömrəli cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
3. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-1067/2025 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadı ilə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Həsən Qəniyev).
II. Tərəflərin mövqeyi
4. Cavabdeh məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmə iclaslasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
5. İddiaçı məhkəməyə teleqram vuraraq səhhəti ilə bağlı məhkəmə iclaslasında iştirak edə bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. II. Sübutların tədqiqi
7. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Polis İdarəsindən göndərilmiş HK-1/403 saylı materialdan görünür ki, Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 13 yanvar 2024-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir.
8. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, ümumilikdə Elmana 8000 manat borcu vardır.
9. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında Elmana 8000 manat borcu olduğunu etiraf etmişdir.
11. Abşeron Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və material əlavə yoxlama üçün qaytarılmışdır.
12. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
13. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, 01 sentyabr 2023-cü il tarixdə tanışı Elşad adlı şəxs Masazır qəsəbəsində ərzaq mağazasını işlədə bilmədiyi üçün Elmanla aralarında mübahisə yaranmışdır və həmin zaman o da onların yanında olmuşdur. O, Elmana 3 ərzaq mağazasının olduğunu, əlində pul olmadığından köməklik edərsə həmin mağazanı da götürüb işlətməyi təklif etmişdir, ilkin olaraq 01 sentyabr 2023-cü il tarixdə Elmandan 3000 manat pul götürmüş və mağazanı 6 sentyabrda işlətməyə başlamışdır. Mağazanı açdıqdan sonra Elman ona bacısı oğlunda ərzaq mallarının olduğunu bildirərək onları 1095 manat müqabilində ona vermişdir və həmin məbləği mallar satıldıqda qaytarmaqa razılaşmışdırlar. O, yenidən təxminən 7 oktyabr 2023-cü il tarixdə Elmandan 3000 mant pul götürmüş və Elmanla aralarındakı danışığa görə ondan götürdüyü 3000 manatı 05 noyabr 2023-cü il tarixdə digər 3000 manatı isə 30 dekabr 2023-cü il tarixdə qaytarmağa razılaşmışdır. Əlavə olaraq bildirmişdir ki, onun Elmanla razlaşmasına görə mağazanın bütün xərcləri çıxıldıqdan sonra qalan məbləğ ikisi arasında yarı-yarıya bölünəcəkmiş. Sentyabr ayından dekabr ayına kımı mağazanın 4200 manat gəlirindən Elmana 2100 manat pul verilməli olmuş, lakin onun digər mağazalarındakı problemlərə görə Elmana çatacaq puldan 900 manat pulu xərcləmişdir və ona 1200 manat pul vermişdir. Bundan əlavə 2023-cu ilin oktyabr ayını əvvələrində Elmanın bacısı oğlu Ağabəydən 2285 manat dəyərində ərzaq malları götürmüş və təxminən 6-7 gün sonra qaytarımdır. Yenidən o, 3916 manat məbləğində "Hell" firmasına aid soyuq kofe içkisi və 958 manat dəyərində isə "Galina Blanca" markalı quru toyuq-bulyonu götürmüşdür. O, həmin malları götürən zaman Ağabəyə 2023-cü ilin dekabr ayında qaytaracağına söz vermişdir. Lakin həmin ödəməli olduğu puldan ümumi olaraq 300 manat ödəyə bilmişdir və satdığı mallardan gələn qazancı digər mağazalarının tələbatına xərcləmişdir. Nəticədə söz verdiyi vaxtda Ağabəydən götürdüyü malların 4574 manat pulunu qaytara bilməmişdir. 2023-cü ilin noyabr ayının ortalarından əvvələr mal götürdüyü "Master food" firmasından 1843 manatlıq çöplü şirələri və şirniyat götürmüş, həmin vaxt həmin'firmanın nümayəndəsi Rəşad adlı şəxsə götürdüyü malların pulunu 2023-cu ilin dekabr ayının-sonu qaytarmağa söz vermişdir. Lakin işlərində ziyan etdiyi üçün həmin puldan 31 manat qaytara bilmiş və hal hazırda həmin firmaya 1812 manat pul borclu qalmışdır. Onun hal hazırda ümumilikdə Elmana 8000 manat, Ağabəyə 4574 manat və "Master food firmasına isə 181,2 manat borcu qalmışdır.
14. Cavabdeh tərəfindən Kəlbəcər Rayon Məhkəməsinə təqdim olunmuş xx.xx.2025ci il tarixli ərizədən görünür ki, o, iddianı qismən qəbul edərək 7450 manat borcunun olduğunu və onu ödəməyə hazır olduğunu bildirmişdir.
15. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh 8000 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir
III. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
IV. Məhkəmənin mövqeyi
a) borcun tutulması tələbi ilə bağlı
18. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
19. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
20. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh 06 sentyabr 2023-cü il tarixdə mağaza açmışlar və birgə fəaliyyət göstərmişlər.
21. Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi qaydada bağlanmış müqavilə birgə fəaliyyət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “birgə fəaliyyət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyildir. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
22. Mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.
24. Məhkəmə qeyd edir ki, tərəflər arasındakı şifahi müqavilə birgə fəaliyyət haqqında müqavilə olduğu üçün mübahisəyə tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
25. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
27. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş 13 yanvar 2024-cü il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş, Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Abşeron Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş 22 yanvar 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və material əlavə yoxlama üçün qaytarılmışdır. Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 tərəfindən qəbul edilmiş 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış və ona mübahisənin həll edilməsinə görə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
28. 24 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür k, cavabdeh iddiaçıya 8000 manat borcu olduğunu etiraf etmiş, lakin sonradan Kəlbəcər Rayon Məhkəməsinə təqdim etdiyi ərizəsində 7450 manat borcunun olduğunu bildirmişdir. Məhkəmə cavabdehin ərizəsinə münasibətdə bildirir ki, cavabdeh polis idarəsində izahat verərkən hər dəfə iddiaçıya 8000 manat borcu olduğunu bildirmişdir. Hazırda cavabdeh iddiaçıya 7450 manat borcu olduğunu bildirsə də, borcundan 550 manat ödəyərək borcunu 7450 manata salmasını təsdiq edəcək heç bir sübutunu məhkəməyə təqdim etməmiş, məhkəməyə isə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasına etiraz etməmiş, həmçinin iddiaçı tərəfindən də sonradan ödəniş edilməsi barədə hər hansı bir münasibət bildirilməmişdir.
29. Beləliklə, iddiaçının irəli sürdüyü cavabdehdən 8000 manat pulun tutulması tələbi üzrə iddianın cavabdeh tərəfindən etiraf edildiyindən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, əksinə iddiaçının maraqlarına uyğundur, cavabdehin iddianı etiraf etməsi qəbul olunmalı və iddia təmin edilməlidir.
30. Bundan əlavə, məhkəmə qeyd edir ki, cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
31. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
32. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
33. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
34. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
b) Məhkəmə xərcləri ilə bağlı
35. İddiaçı eləcə də 100 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
36. 15.07.2025-ci il tarixli mədaxil qəbzi ilə müəyyən olunur ki, 100 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
37. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
38. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 8000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.
41. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli