Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-3/2024 07.03.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2004-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsinin 30 iyun 2004-cü il tarixli qərarı ilə Cavabdeh bələdiyyənin ehtiyyat fonduna daxil olan tikinti təyinatlı (bələdiyyənin perespektiv torpaq sahəsi) 13 hektar torpaq sahəsi 50 il müddətinə kənd təsərrüfatı və bağçılıq məqsədi ilə istifadə etmək üçün icarəyə verilmişdir. 03 iyul 2004-cü il tarixdə bələdiyyə ilə Cavabdeh arasında müvafiq icarə müqaviləsi bağlanmışdır. Cavabdeh Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsinin sabiq müdiri Rüstəm Rüstəmovla cinayət əlaqəsinə girmişdir və onlar qərarda göstərilən torpaq sahəsinə deyil, bələdiyyənin mülkiyyətində olan, bələdiyyənin ehtiyyat fonduna aid olan 13 hektar torpaq sahəsinə dair sənəd hazırlamışlar. Azərbaycan Respublikası DT və XK-nin Şəmkir rayon şöbəsi tərəfindən Cavabdeh 28 avqust 2004-cü il tarixdə JN-5279 (Ko ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair" şəhadətnamə verilmişdir. Həmin sənəd bir mənalı saxta sənəddir və Cavabdeh halhazırda da həmin sənəddən istifadə edir. Hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan torpaq onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Şəmkir rayonu Sabirkənd kənd bələdiyyəsinin qərarı və ya digər hüquqi əsas olmadan cavabdehin həmin torpaq sahəsindən istifadə etməsi mülkiyyət hüququna müdaxilə təşkil edir. Şəmkir Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(076)-1883/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş adiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh vəkili Vəkil vəsatətinə əsasən Gəncə Kommersiya Məhkəməsinin 2- 2(115)-830/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh Şəmkir rayon Sabirkənd Bələdiyyəsinə qarşı 30 mart 2021-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati mübahisə həll edilənədək iş üzrə icraat dayandırılmışdır. Daha sonra sözügedən inzibati mübahisə üzrə yekun məhkəmə aktı qəbul edildiyindən, Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehin istifadə etdiyi torpaq sahəsi hələ də bələdiyyəyə məxsusdur. Onlara qarşı inzibati məhkəmədə iddia qaldırılmışdır. 2004-cü ildən bu torpaq bələdiyyənin perspektiv torpağı olmuşdur. xx.xx.2004-cü ildən qərar verilmişdir ki, torpaq sahəsinin yeri dəyişdirilsin. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə də bununla bağlı müraciət etmişdir. Həmin ərazi perspektiv torpaqda yerləşir, buna görə də icarə müqaviləsi qısa müddətə bağlanılmalı olduğu halda, 50 il müddətinə bağlanılması düzgün deyil. Ona görə də, bu işdə onlara köməklik edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı xx.xx.2004-cü il tarixli 12 nömrəli protokoldan görünür ki, Cavabdeh 13 ha torpaq sahəsinin verilməsi və icarə yolu ilə götürülmüş torpaq sahəsindən hər il 1 hektardan 50000 manat olmaqla icarə haqqı alınması qərara alınmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2004-cü il tarixli icarə müqaviləsindən görünür ki, 30 iyun 2004-cü il tarixli qərara əsasən 13 hektar torpaq sahəsi 50 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2014-cü il tarixli, 10 nömrəli protokoldan görünür ki, Cavabdeh ilə bağlanılmış xx.xx.2004-cü il tarxili 01 saylı icarə müqaviləsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Şəmki rayon Sabirkənd Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 3 nömrəli protokolundan görünür ki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpağının yerinə kəndin inkişafı üçün ayrılmış perspektiv inkişaf torpağının üzərinə şəhadətnamə işləməyin qanun pozuntusu olduğunu qeyd edərək, İddiaçı xx.xx.2024-cü il tarixli 12 saylı iclasının Cavabdeh 13 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı qərar ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2422/2023 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-74/2022 nömrəli qərarı ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək, İddiaçı 30 mart 2021-ci il tarixli 3 nömrəli qərarını ləğv edilmiş, həmin qərar Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 220/2023 nömrəli qərarı ilə, apellyasiya instansiyası məhkəməsinin qərarı isə Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 706-cı maddəsində göstərilir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibələrinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-cı maddəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Həmin Məcəllənin 75.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarından hər hansı birinin cavabdehə münasibətdə olması hazırkı mübahisə üzrə iş materiallarından görünmür. Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə, həmin müqavilənin ləğv olunmuş sayılması və şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin müvcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqavilənin əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi və ya müqavilənin icrasından birtərəfli qaydada imtina edilməsi halları nəzərdə tutulmamışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Məhkəmə qeyd edir ki, mübahisələndirilən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanaraq, həmin müqavilə üzrə torpaq sahəsinin icarəyə verilməsi müddəti başa çatmamışdır. Belə olan halda, cavabdehin icarə müqaviləsinə əsasən istifadə etdiyi torpaq sahəsindən icarə müqaviləsinə dəyişiklik edilmədən çıxarılması qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Bu halda, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən müqaviləni əhəmiyyətli dərəcədə pozma faktı təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Şəmkir rayon Sabirkənd Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2-2(115)-3/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-3/2024
07.03.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver