Məhkəmə qərarları › İş №2-2(117)-13/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-13/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-13/2025 05.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi üzrə dəymiş zərər olan 45187 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 226 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı MMC (bundan sonra mətndə eyni zamanda “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra ətndə eyni zamanda “cavabdeh”) qarşı “tərəflər arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi üzrə dəymiş zərər olan 45187 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 226 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 saylı subpodrat müqaviləsinin 1-ci maddəsinə əsasən cavabdeh iddiaçının podratçı olduğu Bakı şəhəri, Ziya Bünyadov PR, 1965. Çinar Park 6 binasının gips astar, üzlük, cilalama və boya təmir işlərini bu Müqavilə ilə razılaşdırılmış qiymətə və müddətə podratçıya göstərməyi, podratçı isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərdə icraçıya ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 2.1.1-ci maddəsinə əsasən cavabdeh müqavilə üzrə üzərinə götürdüyü işləri qüsursuz, peşəkar qaydada, lazımi keyfiyyətdə və hazırkı müqavilə ilə müəyyən olunmuş qaydada, şərtlərlə habelə müəyyən olunmuş müddətdə yerinə yetirərək təhvil vermək və bu işlərin icra olunmasında bütün ağlabatan sənətkarlıq, qayğı və çalışqanlıqdan istifadə etməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə öhdəliklərini vicdanlı şəkildə icra etməyərək gips astar, üzlük, cilalama və boya təmir işlərini lazımi keyfiyyətdə görməmiş, iddiaçı isə işi bəyənməmişdir və beləliklə də müqavilə üzrə öhdəliyini keyfiyyətsiz icra etmişdir. Qeyd olunanlara baxmayaraq iddiaçı müqavilə öhdəliklərini tam və vicdanla icra edərək xx.xx.2022 № OD15 ödəniş tapşırığı ilə 22900 manat, xx.xx.2022 № 441655 ödəniş tapşırığı ilə 10 000 manat, xx.xx.2022 ölkədaxili #001XOH********** üzrə 8000 manat, xx.xx.2022 ölkədaxili #001XOH********** üzrə 8000 manat olmaqla, ƏDV daxil ümumilikdə 56 262 manat ödəniş həyata keçirmişdir. Bundan sonra iddiaçı başqa podratçı şirkətlə müqavilə bağlayaraq cavabdeh şirkətin müqavilə üzrə görəcəyi qalan işləri başqa şirkətə həvalə etmiş və həmin sahəyə 45 187 manat xərc çəkmişdir. Bununla bağlı iş materiallarına əlavə olunan çeklərdən göründüyü kimi cavabdehin qüsurlu işini aradan qaldırmaq üçün Niyaməddin Məmmədova və Rəşad Babayevə ödənişlər edilərək yenidən gips astar, üzlük, cilalama və boya təmir işləri görülmüşdür. Qeyd olunanlara əlavə olaraq bildirilməlidir ki, Niyaməddin Məmmədova (12 490 manat) və Rəşad Babayevə (8000 manat) mal-material da iddiaçı tərəfindən təmin edilmişdir. Avanqard MMC ilə iddiaçı arasında mal-material alışını təsdiqləyən 5 ədəd elektron-qaimə də yuxarıda qeyd olunan faktı bir daha təsdiqləyir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya ilə cavabdehə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə müraciət edilmiş və ümumi ödənilməli olan 45 187 manat dəymiş ziyanın 3 günə kimi iddiaçıya ödənilməsi xahiş edilmişdir, lakin cavabdeh ziyanı geri qaytarmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 5.3-cü, 21.1-ci, 21.2-ci, 385.1-ci, 386.1-ci, 398.1-ci, 425-ci,442-ci, 448-ci, 752.1-ci, 762.1-ci maddələri və AR Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin şikayəti üzrə 11 iyun 2018-ci il tarixli Qərarı göstərilmişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tələbi tamamilə əsassızdır. Cavabdeh MMC yalnız lak-boya məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Müəssisə heç vaxt binaların təmiri fəaliyyəti ilə məşğul olmamışdır. Bunun üçün müəssisənin nə xüsusi icazəsi, nə ixtisaslı kadrları, nə də müvafiq avadanlığı vardır. Aralarında bağladıqları subpodrat müqaviləsi tamamilə saxtadır. Sənəddə Cavabdeh MMC tərəfindən sənədi imzalayan şəxsin kimliyi qeyd edilməmiş, kimə aid olması bilinməyən imza ilə imzalanmış və Cavabdeh MMC-yə məxsus olması şübhəli olan möhürlə təsdiq edilmişdir. İddiaçı ilə aralarında yalnız lak-boya məhsullarının satışı barədə müqavilə bağlanmış və subpodrat müqaviləsi üzrə edilən ödənişlərin təsdiqi kimi təqdim edilmiş sənədlər əslində alqı-satqı müqaviləsinə görə alınmış malların dəyərinin ödənilməsini təsdiq edən sənədlərdir. İddiaçıya cəmi 58394.24 manat məbləğində mal satılmış və onun 56262 manatı iddiaçı tərəfindən ödənilmişdir. Hazırda iddiaçının müəssisəyə 2132.24 manat məbləğində borcu vardır. Qeyd etdiklərinə sübut olaraq Dövlət Vergi Xidmətinin saytında qeydiyyata alınmış elektron qaimə-fakturaları təqdim edir. Bu sənədlərdə satılmış malın adı, sayı, qiyməti, satış tarixi və bu cür əməliyyatlar üçün zəruri olan digər məlumatlar vardır. Əgər iddiaçı doğru deyirsə, nə üçün onların təmir işləri gördüyü barədə elektron fakturanı göndərmələrini tələb etmədən köçürmə etməsinin səbəblərini izah etməlidir. İddiaçının hərəkətlərində dələduzluq cinayətinin tərkibi vardır. Onun tərəfindən ən azı imza və böyük ehtimalla möhür saxtalaşdırılmışdır. Saxta sənədlərdən istifadə etməklə başqa şəxsin əmlakının ələ keçirilməsinə cəhd edilmişdir. Subpodrat müqaviləsindəki imzanın ona məxsus olub-olmamasının və eyni zamanda möhürün Cavabdeh MMC-yə aid olub-olmamasının müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya yalnız məhsul satışı etmişlər, heç bir xidmət və ya işçilik göstərməmişlər. İddiaçı tərəfindən olunan ödənişlərin hər biri onların mal satışı eqaiməsinə və alqı-satqı müqaviləsinə əsasən ödənmişdir. Ödəniş edərkən özləri, yəni iddiaçı “ödəyən müştəri” təyinat yerində mal satışı qaimələrini seriya nömrəsini qeyd etmişdir. Həmin qaimələrin nəzərə alınmasını xahiş etmişdir.

6. 01 aprel 2022-ci il tarixdə İddiaçı MMC (podratçı) və Cavabdeh MMC (subpodratçı) arasında “Bakı şəhəri, Ziya Bünyadov pr, 1965. Çinar Park 6 binanın gips astar, üzlük, cilalama və boya təmir işləri” çərçivəsində bağlanmış MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə bağlandığı andan, Cavabdeh MMC (subpodratçı) İddiaçı MMC-nin podratçı olduğu Bakı şəhəri, Ziya Bünyadov pr, 1965. Çinar Park 6 binanın gips astar, üzlük, cilalama və boya təmir işləri bu müqavilə ilə razılaşdırılmış qiymətə və müddətə podratçıya göstərməyi, podratçı isə həmin işlərin nəticələrini təhvil alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə icraçıya ödəməyi öhdəsinə götürür.

7. 01 aprel 2022-ci il tarixdə İddiaçı MMC (alıcı) və Cavabdeh MMC (satıcı) arasında bağlanmış MC-VMN-22-002 nömrəli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin ayrılmaz hissəsi olacaq qaimə-faktura(lar)da təfərrüatı ilə göstərilmiş malı/malları yaxud əmtəəni (bundan sonra “mallar” adlandırılacaq) alıcıya satır. 1.2-ci bəndinə əsasən alıcı mal müqabilində bu müqavilə əlavəsində nəzərdə tutulmuş ödənişi satıcıya ödəyir.

8. İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il (1000 manat), xx.xx.2021-ci il (1000 manat), xx.xx.2022-ci il (2500 manat), xx.xx.2022-ci il (1000 manat), xx.xx.2022-ci il (1000 manat), xx.xx.2022-ci il (1500 manat) tarixli kassa məxaric orderləri ilə Rəşad Babayevə ümumilikdə 8000 manat, xx.xx.2022-ci il (2500 manat, 800 manat), xx.xx.2022-ci il (2600 manat), xx.xx.2022-ci il (550 manat), xx.xx.2022-ci il (310 manat, 1000 manat), xx.xx.2022-ci il (1000 manat), xx.xx.2022-ci il (1100 manat), xx.xx.2022-ci il (1000 manat), xx.xx.2022-ci il (1630 manat) tarixli kassa məxaric orderləri ilə Niyaməddin Məmmədova ümumilikdə 12490 manat pul vəsaiti “Çinar Park işçilik” qeydi ilə verilmişdir.

9. xx.xx.2022 tarixli EBCİ seriyalı 156573 nömrəli (14 977.38 manat), xx.xx.2022 tarixli EBCK seriyalı 448653 nömrəli (5081.53 manat) və xx.xx.2023 tarixli EBDİ seriyalı 672036 nömrəli (31862.90 manat) Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimələrlə "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə mal təqdim edilmişdir.

10. EBBU seriyalı xx.xx.2022-ci il tarixli 191085 nömrəli (9440 manat), xx.xx.2022-ci il tarixli 857307 nömrəli (11800 manat), 838451 nömrəli (3540 manat), 842249 nömrəli (9204 manat), EBBW seriyalı xx.xx.2022-ci il tarixli 402946 nömrəli (24410.24 manat) elektron qaimə fakturalarla Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə mal təqdim edilmişdir.

11. İddiaçı MMC VMN MMC-yə xx.xx.2022-ci il tarixli 441655 nömrəli ödəniş tapşırığı ilə 10 000 manat (ödənişin təyinatı və əsası: QF EBBW N 402946 16.05.22), xx.xx.2022-ci il tarixli OD15 nömrəli ödəniş tapşırığı ilə 22900 manat (QF EBBU 191085 08.04.22 QF EBBU 838451 20.04.22 QF EBBU 842249 20.04.22 QF EBBU 857307 20.04.22), xx.xx.2022-ci il tarixli #001XOH********** saylı qəbzlə 8000 manat (müqavilə MC VMN 22 002 01 aprel 2022-ci il tarixdə), xx.xx.2022-ci il tarixli #001XOH********** saylı qəbzlə 8000 manat (QF EBBU 857307 20.04.22 QF EBBW N 402946 16.05.22 müqavilə MC VMN 22 002 01 aprel 2022) ödəniş etmişdir. Qeyd edilən ödənişlər VMN MMC-yə məxsus Azərbaycan Beynəlxalq Bankında olan hesabından çıxarış ilə də təsdiq olunur.

12. "xxxx" QSC ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə X4 Mərkəzi Təmir işləri üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında yerinə yetirilmiş işlərin görülməsi barədə 3 №-li akt bağlanmışdır.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4/1408 nömrəli məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 156-164-cü vərəqlərində olan xx.xx.2022-ci il tarixli MC-VMN-22-001 nömrəli Subpodrat müqaviləsinin hər vərəqinin aşağı sağ küncündə “Subpodratçı:” qrafalarındakı imzalar (cəmi – 9 imza) – Cavabdeh MMC-nin direktoru Nümayəndə2 NURƏDDİN oğlu tərəfindən icra olunmuşdur.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5/1029 nömrəli sənədlərin texniki ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1) Tədqiqata təqdim edilmiş İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 01 aprel 2022-ci il tarixli MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsində olan Cavabdeh MMC-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 2) Həmin subpodrat müqaviləsində olan Cavabdeh MMC-nin möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. 3) Həmin subpodrat müqaviləsinin vərəqlərindəki Cavabdeh MMC-nin möhür əksinin və üzərindəki imzanın rəngləyicilərinin eyni intensivliyində olduğu üçün, həmin möhür əkslərinin və imzaların icra ardıcıllığı müəyyən etmək mümkün olmadı.

15. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/4580 nömrəli məhkəmə-mühasibat ekspertizası üzrə ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş materiallarında olan 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi və xx.xx.2022-ci il tarixli MC-VMN-22-002 No-li alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş elektron qaimələr, hesabından çıxarışlar və ödəniş tapşırıqlarından da göründüyü kimi, "xxxx" MMC ilə Alıcı "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 49.486,64 (ƏDV-siz) manat məbləğində əməliyyatlar (boya, kopuk, şkurka, polan poliürütan kaplama, selülozik astar və digər) aparılmışdır. Həmin əməliyyatlar müqabilində "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 48.900,00 (ƏDV-siz) manat məbləğində ödəniş edilmişdir. Belə ki, həmin əməliyyatlar nəticəsində 586,64 manat (49.486,64-48.900,00) məbləğində fərqin yarandığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 01 aprel 2022-ci il tarixli MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi və xx.xx.2022-ci il tarixli MC-VMN-22-002 nömrəli alqı-satqı müqaviləsi üzrə iş materiallarında olan sənədlərə əsasən (elektron qaimələr, bank çıxarışları, ödəniş tapşırıqları) təqdim edilən malların dəyəri 49 486.64 manat (ƏDV-siz), həmin malların dəyəri olaraq ödənilmiş pul vəsaiti isə 48 900 manat (ƏDV-siz) məbləğində müəyyən edilir. Bununla da, müqavilələr üzrə aparılmış əməliyyatlar nəticəsində 586.64 manat məbləğində fərqin yarandığı müəyyən edilir.

16. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli CVN/İ 38-195/25 nömrəli mütəxəssis rəyinə əsasən: 1) Mütəxəssis qarşısında qoyulmuş birinci suala uyğun olaraq xx.xx.2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, müqavilənin 4.1-ci maddəsinə əsasən göstərilən işlərin dəyəri müəyyən edilmiş keyfiyyətdə və standartlarda icrası müqabilində sifarişçi tərəfindən icraçıya müqaviləyə əlavə olunmuş Əlavə razılaşma 1 ilə müəyyən olunmuş məbləğdə ödəniləcəkdir. Eyni zamanda ödənişlər işlərin icrasında istifadə olunmuş və sahəyə gətirilmiş material və avadanlıqları özündə əks etdirən cari işlərə dair təhvil-təslim aktları (Forma 2) əsasında 30 iş günü ərzində həyata keçəcəkdir. Sualın “cavabdeh tərəfindən gips, astar, üzlük, cilalama və boya təmir işləri yerinə yetirilmişdirmi, həmin işlər yerinə yetirilibsə nə qədər hissədə (manatla ifadə olunmaqla) keyfiyyətli görülmüşdür” hissəsinin cavablandırılması məqsədilə tərəflərdən Əlavə razılaşma 1 və Cari işlərə dair təhvil-təslim aktları (Forma 2) sənədlərinin təqdim edilməsi ilə bağlı şifahi müraciət olunmuşdur. Görüləcək və yaxud görülmüş işin həcmini və dəyərini əks etdirən hər 2 sənəd təqdim edilmədiyindən, başqa ifadə ilə xx.xx.2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi əsasında göstərilən xidmətə görə MECC MMC tərəfindən VMN MMC-yə ödənişin olduğunu sübut edən sənədlər mövcud olmadığından sualın cavablandırılması mümkün hesab edilməmişdir. Eyni zamanda iş materiallarında olan MECC MMC tərəfindən VMN MMC-yə ödənişlərin edilməsini əks etdirən 2022-ci il aprel tarixli ödəniş tapşırıqları xx.xx.2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi (tarix və nömrə) və təyinatı ilə uyğunsuzluq təşkil edib. Qeyd edilən hər iki faktor əsas götürülərək mütəxəssis qarşısında qoyulmuş birinci sualın cavablandırılması mümkün olmayıb. 2) Mütəxəssis qarşısında qoyulmuş ikinci sualın həlli ilə bağlı iş materiallarında olan Seriya:EBCİ №: 156573 xx.xx.2022 16:46:55, Seriya:EBCK №: 448653 xx.xx.2022 10:09:44, Seriya:EBDİ №:672036 xx.xx.2023 16:43:29 saylı elektron qaimələr nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, hər üç elektron qaimələrdə əks edilən malmaterialların həcmi və növü Bakı şəhəri, Ziya Bünyadov prospekti, 1965, Çinar Park 6 binasında müqavilə üzrə işin görülməsini və ya alqı-satqı müqaviləsinin predmeti olan boya (tikinti, suvaq və digər) malların dəyərini əks etdirmir, uyğunsuzluq təşkil edir. 3) Tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan və iddiaçıya təhvil verilmiş alqı-satqı müqaviləsinin predmeti olan boya (tikinti, suvaq və digər) malların keyfiyyətini müəyyən etmək mütəxəssis tərəfindən mümkün heab edilməmişdir. 2022-ci ildə divarlara vurulmuş boya, suvaq, tikinti materialları və digər bitirmə işləri ilə bağlı keyfiyyətin hazırki tarixdə müəyyən edilə bilməməsinin səbəbləri aşağıdakı amillərlə izah olunur: 1. Zamanla materialların degradasiyası. Boya, suvaq və digər tikinti materialları zamanla təbii şəraitdən (nəm, temperatur dəyişiklikləri, UV şüaları, kimyəvi təsirlər) təsirlənərək xassələrini itirə bilər. 3 il ərzində materialların keyfiyyətində azalma, çatlar, tökülmələr və rəng dəyişikliyi kimi problemlər yarana bilir ki, bu da ilkin keyfiyyəti qiymətləndirməni çətinləşdirir. 2. İlkin quraşdırma və tətbiq şəraitinin naməlumluğu. Materialların keyfiyyəti yalnız öz xüsusiyyətlərindən deyil, həm də necə tətbiq edildiyindən (məsələn, peşəkarlıqla vurulub-vurulmadığı, əsas səthə uyğunluğu, hazırlıq işləri) asılıdır. 2022-ci ildəki quraşdırma şəraiti (nəm, temperatur, tətbiq texnikası) haqqında dəqiq məlumat olmaması, hazırda keyfiyyətin qiymətləndirilməsini qeyri-mümkün edə bilir. 3. Materialların texniki sənədlərinin olmaması. İstifadə edilən boya, suvaq və digər materialların markası, partiya nömrəsi, texniki xüsusiyyətləri və zəmanət müddəti haqqında məlumat təqdim edilməyib, keyfiyyət uyğunluğunu yoxlamaq mümkün hesab edilmir. 4. Fiziki yoxlamanın məhdudiyyətləri. Əgər materiallar artıq sökülüb və ya üzərində başqa təmir işləri aparılıbsa, bu amil keyfiyyəti müəyyən etməkdə məhdudiyyət yaradır. Beləliklə, aparılan araşdırmalar və təhlillərə əsasən tərəflər arasında alqı-satqı müqaviləsinin predmeti olan və iddiaçıya təhvil verilmiş alqı-satqı müqaviləsinin predmeti olan boya (tikinti, suvaq və digər) malların keyfiyyətini müəyyən etmək zaman, tətbiq edənlərin naməlumluğu, materialların texniki sənədlərin mövcudsuzluğu və mövcud şəraitdən asılı olaraq mümkün hesab edilməmişdir.

17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhərində Çinar Park adlanan sahədə MECC MMC tərəfindən VMN MMC-yə təmir üçün sifariş verilmişdir. Lakin sifarişi qarşı tərəf lazımınca yerinə yetirmədiyinə görə, yəni təmir keyfiyyətsiz olduğuna görə iddiaçı tərəf başqa şirkətlə əməkdaşlıq etmək üçün müqavilə bağlamış və sifariş bundan sonra lazımınca yerinə yetirilmişdir. Tərəflərindən tə qdim edilmiş sübutlardan da aydın olur ki, iddiaçı tərəfindən cavabdehə ödənişlər edilmişdir. Bildirmək istərdi ki, VMN MMC işi lazımınca yerinə yetirmədiyinə görə MECC MMC sonradan digər şirkətlərlə əməkdaşlıq etmiş və təmir işləri aparılmışdır. Hazırda işlər yekunlaşmaq üzrədir. Buna görə də hazırda VMN MMC tərəfindən işlərin hansı dərəcədə görülüb-görülmədiyini müəyyən etmək mümkün deyil. Ekspertiza aparılarkən ekspert təmirin keyfiyyətsiz olduğunu görsə də, bu hallar da ekspert rəyində öz əksini tapmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

18. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdeh ilə subpodrat müqaviləsi bağlanmışdır. Məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və ekspertiza zamanı o və vəkili iştirak etmişdir. Ekspertiza keçirilərkən aydın olmuşdur ki, VMN MMC-nin əməkdaşlarının təmiri çox keyfiyyətsiz olub. Ekspert həmin nöqsanları özü də görmüşdür. Lakin ekspert rəyində bu hallar öz əksini tapmamışdır. Buna görə də yenidən ekspertiza təyin edilməsinə zərurət vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir.

19. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, cavabdeh VMN MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək başqa məhkəmə iclası olduğundan məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikasının Konstitusiyası

M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri

İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

20. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, hərtərəfli araşdırıb, o cümlədən tərəflərin məhkəmə iclasında verdikləri izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

21. Məhkəmə müəyyən etmişdir ki, sifarişçi "xxxx" QSC ilə hazırkı iddiaçı arasında müvafq təmir, bərpa işlərinin görülməsi ilə bağlı podrat müqaviləsi bağlanmışdır. Qeyd edilən müqavilə məhkəmə sorğusu əsasında tələb edilsə də, təqdim edilməmişdir. Buna baxmayaraq iş materiallarında olan işlərin görülməsi ilə bağlı sifarişçi "xxxx" QSC ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli aktdan bu faktlar müəyyən edilir. Hazırkı iş üzrə iddiaçı isə iş üzrə Cavabdeh MMC ilə yuxarıda göstərilən podrat müqaviləsinin icrası ilə bağlı 01 aprel 2022-ci il tarixdə həm subpodrat müqaviləsi, eyni zamanda alqı-satqı müqaviləsi bağlamışdır.

22. İddiaçının təqdim etdiyi sənədlərdən və izahatından müəyyən edilir ki, iş üzrə cavabdeh işləri keyfiyyətsiz gördüyünə görə "xxxx" MMC ilə müvafiq müqavilə bağalayaraq həmin işləri keyfiyyətli formada icra etmişdir.

23. Tərəflər arasında mübahisələndirilən hissə ondan ibarətdir ki, iddiaçı cavabdehə sifariş etdiyi işlərin cavabdeh tərəfindən keyfiyyətsiz görülməsi və bununla bağlı çəkdiyi ziyanın tələbi ilə bağlıdır. Cavabdeh tərəfin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçı ilə aralarında podrat münasibəti yaranmamış, alqı-satqı müqaviləsi ilə bağlı münasibət yaranmış, müvafiq malları iddiaçıya satmış, iddiaçı müəyyən məbləğdə malların dəyərini ödəmiş, qalıq borcu qalmışdır. Məhkəmənin müəyyən etdiyi hal ondan ibarətdir ki, tərəflər arasında həm subpodrat müqaviləsi, həmçinin alqı-satqı müqaviləsi bağlanmış, alqı-satqı müqaviləsi ilə bağlı mallar iddiaçıya təhvil verilmiş, müvafiq məbləğdə dəyəri ödənilmişdir. Lakin subpodrat müqaviləsi ilə bağlı tərəflər arasında müqavilə bağlansa da, həmin müqavilənin hər iki tərəfin həmin müqavilədən yaranmış öhdəliklərinin icrası ilə bağlı hər hansı bir sübut movcud deyilidir.

24. Məhkəmə icraatı zamanı cavabdeh tərəf qeyd edilən subpodrat müqaviləsində olan imza və möhürün cavabdehə məxsus olmadığını bildirsə də, təyin edilmiş müvafiq məhkəmə ekspertizası rəyinə əsasən bu hallar təkzib edilmiş və müqavilənin cavabdeh tərəfindən rəsmiləşdirildiyi öz təsdiqini tapmışdır. Cavabdeh tərəfin ekspert rəyini şübhə altına alan tutarlı arqumenti olmadığından və məhkəmə tərəfindən bu xarakterli digər hallar müəyyən edilmədiyindən həmin rəy qeyd edilən müqavilədə olan imza və möhürün cavabdeh tərəfindən icra edilməsinə münasibətdə təkzib edilməz sübut olaraq qəbul edilmişdir.

25. Məhkəmə tərəfindən əldə edilən ekspert və mütəxəssis rəyləri əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MC-VMN-22-002 №-li alqı-satqı müqaviləsi üzrə tərtib edilmiş elektron qaimələr, hesabdan çıxarışlar və ödəniş tapşırıqları əsasında tərəflər arasında bağlanmış müqavilələr üzrə ümumilikdə 49.486,64 (ƏDV-siz) manat məbləğində əməliyyatlar (boya, kopuk, şkurka, polan poliürütan kaplama, selülozik astar və digər) aparılmışdır. Həmin əməliyyatlar müqabilində "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 48.900,00 (ƏDV-siz) manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi həmin ödəniş tapşırıqlarında olan müqavilə nömrəsi və elektron qaimələrdə qeyd edilən məhsulların adlarından müəyyən edilir ki, qeyd edilən ödənişlər tərəflər arasında bağlanmış yalnız alqı-satqı müqaviləsinin icrası ilə bağlı həyata keçirilmişdir.

26. Bundan əlavə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MC-VMN-22- 001 nömrəli subpodrat müqaviləsinin 4.1-ci maddəsinə əsasən göstərilən işlərin dəyəri müəyyən edilmiş keyfiyyətdə və standartlarda icrası müqabilində sifarişçi tərəfindən icraçıya müqaviləyə əlavə olunmuş Əlavə razılaşma 1 ilə müəyyən olunmuş məbləğdə ödəniləcəkdir. Eyni zamanda ödənişlər işlərin icrasında istifadə olunmuş və sahəyə gətirilmiş material və avadanlıqları özündə əks etdirən cari işlərə dair təhvil-təslim aktları (Forma 2) əsasında 30 iş günü ərzində həyata keçəcəkdir. Məhkəməyə görüləcək və yaxud görülmüş işin həcmini və dəyərini əks etdirən qeyd edilən sənədlər təqdim edilməmişdir.

27. Həmçinin, xx.xx.2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi əsasında göstərilən xidmətə görə İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənişin olduğunu sübut edən sənədlər mövcud deyildir. İddiaçı MMC tərəfindən Cavabdeh MMCyə ödənişlərin edilməsini əks etdirən 2022-ci il aprel tarixli ödəniş tapşırıqları xx.xx.2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi ilə bağlı deyil, alqı-satqı müqaviləsi ilə bağlı olduğu müəyyən edilir.

28. Mülki Məcəllənin: 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

29. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Maddə 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

31. Məhkəmə mübahisə ilə bağlı qeyd edir ki, tərəflər arasında müvafiq podrat müqaviləsi bağlansa da, iddiaçı tərəfindən həmin subpodrat müqaviləsi üzrə cavabdehə müvafiq məbləğin ödənilməsini, həmçinin cavabdeh tərəfindən qeyd edilən işlərin görülməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Belə ki, tərəflərin bağladıqları müqavilənin və qanunvericiliyin tələbinə əsasən müvafiq işlərin görülməsi ilə bağlı razılaşdırılmış muzd, işlərin görülməsi, işlərin təhvil-təslimi və nöqsanla icra edilmiş işlər barədə müvafiq sübutları tərəflər təqdim etməlidir. Belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin vəzifəsi tərəflərin təqdim etdikləri və tərəflərin təqdim edə bilmədiyi vəziyyətdə məhkəmə tərəfindən əldə edilən sübutlar əsasında işin hallarına münasibətdə tərəflərin bağladıqları müqavilə şərtlərinə və qanunvericiliyin tələbinə uyğun qərar qəbul etməkdir.

32. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).

33. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.

34. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.

35. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

36. Yekun olaraq məhkəmə o nəticəyə gəlmişdir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi üzrə dəymiş zərər olan 45187 manat məbləğin və dövlət rüsumu olaraq ödənilmiş 226 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

37. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən çəkilən xərclər özünə aid edilməli, həmçinin aparılmış tədqiqatların dəyəri olan, cəmi 450 manat iddiaçıdan tutularaq ekspertiza və qiymətləndirmə tədqiqatı aparan hüquqi şəxslərin hesbına ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “tərəflər arasında bağlanmış 01 aprel 2022-ci il tarixli, MC-VMN-22-001 nömrəli subpodrat müqaviləsi üzrə dəymiş zərər olan 45187 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi və dövlət rüsumu olaraq ödənilmiş 226 manat xərc cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Aparılmış tədqiqatın dəyəri olan 350 manat pul İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-nin "xxxx" ASC Nərimanov filialında olan bank hesabına (BankVöeni:**********,m/h:AZ03NABZ********************,H/h:AZ47İBAZ********************, kod: 805711, swift: İBAZAZ2X) ödənilsin. Aparılmış tədqiqatın dəyəri olan 100 manat pul İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X2, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, sfift bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, Vöen: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar