Məhkəmə qərarları › İş №2-2(117)-1465/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(117)-1465/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(117)-1465/2024 14.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-819/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ona qarşı aralarında bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsinə xitam verilməsi, cavabdehin müqavilə şərtlərini pozması nəticəsində mağazada ona məxsus olan müxtəlif adda olan malların dəyəri, yəni 50008,30 manat, kreditə görə banka ödəyəcəyi 25966,50 manat və vergi borcu 742,47 manat olmaqla, cəmi 76716,97 manat məbləğində dəymiş zərərin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 320,15 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş və icarə müqaviləsinə xitam verilmiş, ondan 24971 manat pul, 100 manat mediasiya xərci, 4,21 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Əslində isə vəziyyət tamamilə fərqli olmuşdur. Belə ki, həmin icarə müqaviləsi etibarsızdır. Çünki müqavilədəki imza iddiaçının deyil, saxtadır. Odur ki, guya iddiaçı Cavabdeh ilə onun aramda bağlanmış xx.xx.2019-cu il tarixli 01 nömrəli icarə müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə hazırki iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı qanunvericiliyin tələblərinə riayət etməmiş və iddia ərizəsini elektron formada deyil, kağız daşıyıcı üzərində göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 152.1.10-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, hazırki iş üzrə elektron iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Düzdür, iddiaçı Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə əməl etmədən iddia ərizəsini kağız daşıyıcıda göndərmiş, eyni zamanda elektron iddia ərizəsinin və pretenziya məktubunun cavabdehə çatdırılması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Lakin nəzərdə tutulan əsaslarla yanaşı Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatlardan görünür ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və bu hal əsas götürülməlidir. Belə ki, iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixində də məhkəməyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, e-2-2(117)-595/2023 nömrəli qərardadla iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmişdir. Belə ki, həmin qərardadla məhkəmə hesab etmişdir ki, əqdə əsaslanan iddia üzrə Şəki Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli, e-2-2(117)-819/2022 nömrəli qətnaməsi olduğundan və həmin məhkəmə aktı ilə mübahisə predmeti olan əqdə etibarlı əqd kimi qiymət verilərək xitam verildiyindən cavabdeh tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-cü maddəsinə əsasən imtina olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçının diqqətinə çatdırılır ki, iddiaçı hazırkı tələbi ilə daha əvvəl məhkəməyə müraciət etmiş və iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilmiş, lakin iddiaçı eyni predmet barəsində və eyni əsaslar üzrə təkrarən müraciət etmişdir ki, bu hal məhkəmənin vaxtının əsassız alınmasına səbəb olur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “xx.xx.2019-cu il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar