Məhkəmə qərarları › İş №2-2(117)-232/2021

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-232/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-232/2021 16.06.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “13213,59 manat əsas borc, 7277,87 manat məbləğində faiz, 14324,46 manat cərimə məbləğinin, cəmi 34815,92 manat məbləğində kredit borcunun, 1000 manat hüquqi yardıma görə ödənilmiş xərcin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmetinin 21000 manat qiymətləndirilməsi, borcun əvəzinin Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi və tərkibindəki həyətyanı tikili və qurğulara yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borunun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra evin boşaldılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən “İddiaçıbank” ASC tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14700 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci və 2.9-cu bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ondan sonrakı gün öhdəliyin gecikdirilməsi sayılır və gecikdirilən hər gün üçün əsas məbləğin qalığından 0,2 faiz dəbbə pulu, yəni, cərimə ödəməli olur. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 29.12.2014-cü il tarixli 633 nömrəli ipoteka müqaviləsində göstərilmiş Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyinə əsasən 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla, Cavabdeh iddia tələbi tarixinə, yəni 17.01.2018-ci il tarixə iddiaçıya əsas borc 12859,88 manat, faiz borcu isə 664,43 manat, cəmi 13524,31 manat müəyyən edilmişdir. İşin məhkəmə araşdırması zamanı “xxxx” MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin 02.06.2021-ci il tarixə likvid dəyəri 24000 manat müəyyən edilmişdir. İddiaçı BOKT ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi E.Hikmətli məhkəmə iclasında verdiyi izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlə təmsil etdiyi təşkilat arasında 29.12.2014-cü il tarixdə iki kredit müqaviləsi bağlanmış 633 A nömrəli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 22% olamaqla 20000 ABŞ dolları kredit verilmiş, 633 nömrəli kredit müqaviləsi üzrə isə 14700 manat 36 ay müddətinə illik 6 % olmaqla kredit verilmişdir. Hər iki kredit üzrə öhdəliyi təmin etmək üçün cavabdehə məxsus fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. 14700 manatlıq kredit vəsaiti 04.08.2015-ci il tarixdə cavabdehə təqdim edilmiş, 20000 ABŞ dolları məbləğində vəsait isə 30.12.2014-cü il tarixdə cavabdehə təqdim edilmişdir. Sonuncu vəsaitlə bağlı Zərdab Rayon Məhkəməsinin 15.08.2016-cı il tarixli qətnaməsi mövcuddur və həmin hal mübahisələndirilməməlidir. Əlavə olaraq bildirdi ki, köçürülən həmin məbləğin daha əvvəl cavabdeh tərəfindən başqa məqsəd üçün götürülmüş 20000 ABŞ dolları dəyərində olan kreditin ödənilməsinə sərf edildiyini, ona görə həmin borc məbləğinin azaldıldığını, lakin sonradan götürülən 14700 manat borcun qaldığını bildirmiş, cavabdeh də öz növbəsində bu halları öz izahatı ilə məhkəmə iclasında təsdiqləmişdir.Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, “İddiaçıbank” ASC-dən birinin məbləği 20000 ABŞ dolları, digərinin məbləği 14700 manat olmaqla 2 dəfə kredit götürmüş və həmin məbləğlər onun hesabına ödənilmişdir. Lakin valyuta məzənnəsində edilən dəyişiklərə əsasən dolların qiyməti 2015-ci ildə qalxan zaman ona maddi ziyan dəymiş və kredit məbləğini yeni məzənnəyə uyğun olaraq ödəməyə məcbur olmuşdur. 2018-ci ilə qədər ödənişlər etmişdir. Lakin ödənişi faiz və cərimələrə silinmiş əhəmiyyətli maliyyə itkisi ilə üzləşmişdir. Bundan əlavə həmin ünvanda yen tikililər inşa etmiş, ona görə də evin likvid dəyəri ilə razı deyildir. Cavadeh qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, ipoteka müqaviləsi, bildiriş, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ödəniş cədvəli və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 449.1, 470.1, 472.1, 739.2). İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsinə əsasən “İddiaçıbank” ASC tərəfindən Cavabdeh heyvandarlığın inkişafı məqsədilə istifadə müddəti 36 ay olan 14700 manat kredit verilmiş, borcalan Cavabdeh kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6% olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 19.03.2015-ci il tarixli 2324/i nömrəli ipoteka müqaviləsində göstərilmiş Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış ipoteka predmeti kimi qəbul olunmuş, “xxxx” MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən həmin fərdi yaşayış evinin 02.06.2021-ci il tarixə likvid dəyəri 24000 manat müəyyən edilmişdir. Zərdab Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli qərardadı ilə digər məsələlərlə yanaşı, 29.12.2014-cü il tarixli 633 nömrəli müqavilə üzrə əsas və faiz borcunun məbləğinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası müəyyən edilmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyinə əsasən, həmin müqavilə üzrə əsas borc 12859,88 manat, faiz borcu isə 664,43 manat müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasında verdikləri izahatlarında təsdiq edirlər ki, 29.12.2014-cü il tarixli 633 nömrəli kredit müqaviləsi üzrə verilmiş kredit məbləği Cavabdeh hesabına 14700 manat pul köçürülmüşdür. Bu, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 04.08.2015-ci il tarixli məxaric sənədi (memorial order) ilə təsdiqlənir. Həmçinin, iddiaçı köçürülən həmin məbləğin daha əvvəl cavabdeh tərəfindən başqa məqsəd üçün götürülmüş 20000 ABŞ dollarında olan kreditin ödənilməsinə sərf edildiyini, ona görə həmin borc məbləğinin azaldıldığını, lakin sonradan götürülən 14700 manat borcun qaldığını bildirmiş, cavabdeh də öz növbəsində bu halları öz izahatı ilə məhkəmə iclasında təsdiqləmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdehə 14700 manat məbləğində kredit verilmiş və həmin məbləğ 04.08.2015-ci il tarixdə onun hesabına köçürülmüşdür. Lakin iddiaçı tərəfindən əksini sübut edə bilən sənəd təqdim edilmədiyindən, əsas borca münasibətdə məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyini əsas sübut kimi qəbul edərək hesab edir ki, cavabdehin iddiaçıya olan əsas borc məbləği 13213,59 manat deyil, 12859,88 manatdır. Bundan əlavə iddiaçı tərəfindən cavabdehə hesablanmış faiz borcu ekspert rəyi ilə uyğunsuzluq təşkil etdiyinə görə ekspert rəyinə əsasən hesablanmış faiz borcu qəbul edilməlidir. Odur ki, iddia tələbi əsas borca münasibətdə 12859,88 manat hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. İddia tələbinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyində göstərilən 664,43 manat manat məbləğində faiz, 14324,46 manat cərimə məbləğinin ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi qeyd edilən faiz borcu və cərimə borcu hissələrində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Bundan başqa, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-nə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 8.6-cı bəndində qeyd edilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Eyni zamanda, hazırkı iddiada tələb edilən əsas borc məbləği 13213,59 manat olduğundan Fərmanın tələblərinin hazırkı tələbə münasibətdə tətbiq edilməsinə hər hansı bir mane deyildir. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləğinin (AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.06.2019-cu il tarixli 12135 nömrəli ekspert rəyinə əsasən) 12859,88 manat hissəsi həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. İddia tələbinin 1000 manat hüquqi yardıma görə ödənilmiş məbləğə münasibətdə qeyd edir ki, həmin çəkilən xərclərlə bağlı sübut təqdim edilmədiyindən, həmin hissədə də iddia tələbi rədd edilməlidir. Cavabdehin ipoteka predmetinin likvid dəyəri ilə razı olmaması ilə bağlı qeyd edilməlidir ki, məhkəmənin təşəbbüsü ilə ipoteka predmetinin dəyəri müəyyən edilmiş, cavabdeh alternativ qiymətin mövcudluğu ilə bağlı hər hansı bir sübut təqdim etməmiş, məhkəmə yenidən əmlakın qiymətləndirilməsinə lüzum görməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin tutmanın cavabdehə məxsus Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış eviyönəldilməsi, evin açıq hərracda satılması, satışından əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmetinin mülkiyyətçisinin həmin mənzili boşaltması, hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, işin məhkəmə araşdırması zamanı “xxxx” MMC tərəfindən təqdim edilmiş fərdi yaşayış evinin qiymətləndirilməsi barədə hesabata əsasən ipoteka predmeti olan cavabdehə məxsus Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 24000 manat müəyyən edilmişdir. İddia tələbinin cavabdehə məxsus Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətinə olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi və həmin fərdi yaşayış evinin boşaldılması hissəsinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 10,77 manat hissəsi iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Bu səbəbdən də məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı BOKT ASC-dən və 72,5 manatı Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 75 manatı iddiaçı və 75 manatı isə cavabdehdən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh 12859,88 (on iki min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) əsas borc və 10,77 (on manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu, tutularaq İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc məbləği Cavabdeh məxsus Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 24000 manat məbləğində müəyyən edilsin və həmin əmlak açıq hərrac vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait Cavabdeh İddiaçı Bank olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsinə yönəldilsin. Zərdab şəhəri, H.Əliyev prospekti 9, döngə 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,05 ha torpaq sahəsində yerləşən, yaşayış sahəsi 41.1 kv.m, yardımçı sahəsi 71.6 kv.m, ümumi sahəsi 112.7 kv.m olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və satışdan bir ay sonra cavabdeh həmin mənzili tərk etsin. İddia qalan hissələrdə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 19,23 (on doqquz manat iyirmi üç qəpik) manat məbləğində hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun 72,5 manatı İddiaçı BOKT ASC-dən və 72,5 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X1 Agentliyində yerləşən bank hesabına (h/h – AZ34CTRE********************, m/h – AZ41NABZ013601**********3944, kod – 210005, swift – CTREAZ22) ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 150 manat pulun 75 manatı İddiaçı BOKT ASC-dən və 75 manatı Cavabdeh tutularaq “xxxx” MMC-nin “xxxx” ASC-də bank hesabına (h/h – AZ30GUNA********************, m/h – AZ25NABZ********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar